MÜASİR AZƏRBAYCAN DİLİ. MORFOLOGİYA

×

Adi dərəcə.

Sifətin adi dərəcəsi qeyri-müəyyən, dərəcə ölçüsü olmayan bir dərəcədir. Yəni adi dərəcədə olan sifətlər əlaməti, keyfiyyəti normal səviyyədə, olduğundan, gözlə görüldüyündən, duyğu orqanları ilə dərk olunduğundan az və çox əks etdirməyən dərəcədir. Bu dərəcənin ifadə etdiyi əlamət, keyfiyyət nisbi və şərtidir. Məsələn, biz qara, şirin, qırmızı sifətlərini adi dərəcədə olan sifətlər hesab edirik. Əslində isə, qara, qırmızı, şirin sözlərinin ifadə etdiyi əlamətin, keyfiyyətin dəqiq və mütləq ölçüsü yoxdur. Təbiətdə iki bir-birinin tam eynini təşkil edən cismin olmadığını bilirik. Bu cəhət eyni dərəcədə əşyaya məxsus əlamətə, keyfiyyətə də aiddir. Belə ki iki ağ kağız, iki qırmızı parça, iki şirin meyvə bir-birindən mütləq az-çox fərqlənməlidir və fərqlənir də. Lakin qeyd etdiyimiz əlamət və keyfiyyət fərqi nəzərə çarpacaq dərəcədə olmadığı, biz adi baxışla onları fərqləndirə bilmədiyimiz üçün hər iki kağıza ağ kağız, hər iki parçaya ümumi şəkildə qırmızı parça, hər iki meyvəyə şirin meyvə deyirik. (3, 70) Bunlar göstərir ki, adi dərəcənin mütləq hüdudu yoxdur. Bu dərəcənin şəkli əlaməti də yoxdur. Odur ki dəracə əlaməti olmayan bütün sifətlər adi dərəcədə hesab olunur. Bəzən bu dərəcəyə sıfır dərəcə də deyilir. Adi dərəcə azaltma və çoxaltma dərəcələri üçün çıxış nöqtəsi hesab olunur.