MÜASİR AZƏRBAYCAN DİLİ. MORFOLOGİYA

×

NİDALARIN TÖRƏMƏ YOLLARI VƏ MƏNACA NÖVLƏRİ

Nidalar etimoloci cəhətinə görə iki qrupa ayrılır:
a) əsli nidalar,
b) törəmə nidalar.

Əsli nidalar başdan-binadan nida kimi formalaşıb, hiss, həyəcan, şadlıq, sevinc, qorxu, təəccüb və s. bildirən sözlərdir. A, ax, eh, əh, oh, of, ay, ba, pa, uf, uy, ux, buy, bay, pah, pəh və s. əsli nidalardır. Məs.:
A kişi, sən çox bilirsən, yoxsa candarm? (M.H.)

Aha, çox gözəl.(İ.Ə.)

Oy, yandım.(F.K.)

Paho! Ədə qrafini mənə ver.(B.B.)

Bay, yoxsa qorxdun? (İ.Ə.)

Eh,-deyə Aslan əlini tovladı.(M.H.)

Oho, deməli, məsələni sənə bu şəkildə çatdırıblar.(S.Q.)

Törəmə nidalar müxtəlif yollara əmələ gəlmişdir.
1. Başqa nitq hissələrinə daxil olan bəzi sözlərin tədricən öz məna və vəzifəsini dəyişərək hiss və həyəcan ifadə etməsi yolu ilə; məs.: əhsən, afərin, dəhşət, heyf, mərhaba, aman, amin və s. belə sözlərdəndir. Məs.:
Afərin, afərin! Bəh, bəh, bəh, halal olsun bu torpağın cəlalına. (B.B.)

Əhsən! – cavan dostunu təriflədi. (M.H.) Afərin! Tormoza söz yoxdur.(İ.Ə.)

Aman! Az qalmışdı maşını aşırsın.

Bəzən belə sözlərin nida olub-olmaması cümlədən asılı olur. Məsələn, A`fərin, qızım, fəxr eləyirəm ki, məktəbimizi sənin kimi qəhrəmanlar qurtarıb (Ə.V.) – cümləsində Afərin sözü xüsusi isim kimi işlənmişdir, vurğu sözün birinci hecası üzərindədir. Vurğu son heca üzərinə düşərsə, həmin söz nida kimi tələffüz edilmiş olar. Afərin`, qızım, fəxr eləyirəm ki, məktəbimizi sənin kimi qəhrəmanlar qurtarıb.

2. Müxtəlif nidaların birləşməsi yolu ilə; məs.: ay hay, ay aman, ay vay, pah atonnan, bahovey, ey vay və s.

Nidaların bir qismi (afərin, aman, əhsən, bərakallah, allo) törəmə olub, başqa dillərdən alınmışdır.

Nidalar yüksək intonasiya ilə tələffüz olunur. Bu cəhət nidalı cümlələri (nida cümlələrini) başqa cümlə növlərindən fərqləndirir.

Nidalar öz məna və vəzifələrinə görə iki qrupa ayrılır:
1. Emosionallıq bildirən nidalar;
2. Çağırış bildirən nidalar.

Emosionallıq bildirənlər. Emosional nidalar şadlıq, sevinc, qorxu, arzu, həzz, tərif, zövq, yalvarış, rəhm, narazılıq, şikayət, təəssüf, heyrət, təəccüb, ağrı, yorğunluq, qəzəb, nifrət, təlaş, iztirab, istehza, kədər və s. kimi mənalar ifadə edir.

Emosionallıq bildirən nidalar çoxdur. Nidaların əksəriyyəti bu qrupa daxildir. Ah, aha, ax, oh, oho, oy, uy, bay, buy, boy, bah, pəh, vah, tfu, xux, ura, baho, paho, ay hay, ey vah, hayhay, paho ey, vaxsey, heyhat, mərhaba, afərin sözlərinin hamısı emosionallıq bildirən nidalardır.

Tələffüz və situasiyadan asılı olaraq, müxtəlif nidalar yaxın mənalar ifadə edə bilir. Məsələn, ah, uf, of, ux, uy, vay və s. kimi nidaların hamısında ağrı-yorğunluq mənası müşahidə etmək mümkündür. Bunun əksinə olaraq, eyni bir nida müxtəlif mənalar ifadə edə bilər. Məsələn, bəh-bəh nidası sevinc-tərif məqamında işləndiyi kimi, kinayə, istehza məqamında da işlənir:
Bəh-bəh, əcəb gözəl havadır!
Bəh-bəh, yaman da vaxtında gəlib çıxıbsan.

Çağırış bildirənlər. Nidaların az bir qismi bəzən emosionallıq bildirsə də, başlıca olaraq, çağırış, müraciət məqamında işlədilir. Bunlar hiss və duyğuları ifadə etdikdə digər nidalar kimi özündən əvvəlki və sonrakı sözlərdən fasilə ilə ayrılır; məs.:
A, a, a! Çəkil! (B.B.)

Kişiyə bax, a, a, a! (B.B.)

Ayy! Dişim... və s.

Çağırış və müraciət məqamlarında bunlardan iki cür istifadə edilir: xitabsız; xitablarla birlikdə. Xitabsız işləndikdə, xitablar kimi, bunlardan sonra fasilə edilir; məs.:
Ey, ağzını farağat saxla! (M.H.)

Haray çəkən adamın fəryadı gecənin ağır sükutunu bir də parçaladı: -Eheyy! (M.H.)

Xitablarla birlikdə işləndikdə bəzən bir növ xitablarla sinonimlik təşkil edir; məs.:
Eyy! Bayram, al bunu, sənə gətiriblər. (M.H.)

Eyy, namərd, neyləyim ki, tapança götürməmişəm. (M.H.)

Əksər hallarda isə xitablarla nidalar arasında belə aydın fasilə olmur; məs.:
Ay qız, ay Pərican, ona bax, ona.(S.V.)

Bir axşam çəpərin dalından səs gəldi: A Qədir, Qədir! (M.C.)

Hətta bəzən a, ay nidaları xitabla qovuşaraq bir söz şəklinə düşmüş olur:
Ağız, axmaq olma, onu qulluqçu alıram.(M.C.)