MÜASİR AZƏRBAYCAN DİLİ. MORFOLOGİYA

×

NİDALARIN QURULUŞU VƏ İMLASI

Nidalar quruluşca sadə və mürəkkəb olur. Ah, ay, ax, oy, oh, ox, uy, of, bıy, bay, pəh və s. sadə nidalardır. Məs.:
Boy, ay Çiyələk, bu qız donu nədir əyninə geymisən? (B.B.)

Ax, Bayram, haradasan? (M.H.)

Eh, ay bala, bizi allah yaradanda dərdnən ekiz yaradıb.(M.H.)

Bıy, başıma xeyir, içəridə nə işin var, əşi? (İ.H.)

Ax, bu uşaqlar necə bədzatdılar! (S.)

Oho! Yoldaş Əmirli, siz bayaq üç il qarantiya vermişdiniz. (İ.H.)

A-maa-n! – Getdikcə zəifləyən bu səs apaydın eşidildi.(S.Q.)

Mürəkkəb nidalar iki yolla əmələ gəlir:
1.Eyni nidaların təkrarı ilə. Belə nidalar defislə yazılır: bəh-bəh, pəh-pəh, vay-vay-vay, ay-ay-ay və s. Defis işarəsi nidaların nitqdəki sürəkliliyi, intensivliyi ilə bağlıdır:
Pəh-pəh, – deyə başımı buladım. (İ.Ə.)

Ay-hay, amma nə aldınızg (M.H.)

Təkrar olunan nidalar aydın fasilə ilə tələffüz edildikdə yazıda tərəflər arasına vergül qoyulur. Bunlar mürəkkəb deyil, nidaların təkrarıdır. Məs.:
Vay, vay! Nə yaman müşkülə düşdü işim, allah! (S.)

Bay, bay, bay! İnsafsız... (İ.H.)

A, a, a, qocalıqda yorğalayan yabının üzünə bax! (B.B.)

Vay, vay, sən nə danışırsan, kişi? (M.H.)

2. Müxtəlif nidaların birləşməsi yolu ilə. Belə nidaların əksəriyyəti ayrı yazılır; məs.: ey vay, ay can, ay aman, ey dad, pah atonnan, ay haray və s. Məs.:
Ay haray! Bir neçə şair, neçə şair kimilər İstəyir döndərələr Gəncəyə Şirvanımızı. (S.)

Ay can, ay can! Xalam gəlib.(M.H.)

Bunların bəziləri bitişik və ya defislə də yazıla bilir; məs.: bahovey, ay-hay və s.

Yüksək tonla tələffüz edildikdə emosional nidalardan sonra yazıda nida işarəsi qoyulur; məs.:
Pah atonnan! Adə, bunun məzmunu elə paltarında imiş! (B.B.)

Nisbətən alçaq tonla tələffüz edildikdə isə yazıda nidalardan sonra vergül qoyulur; məs.:
Ah, nə üçün dostluğa, sədaqətə xain çıxanlara cəza tədbiri yoxdur? (S.Q.)

Aha, dünən gecəki hərifdir.(M.H.)

Eh, Ballı qarı imansız oldu.(İ.Ə.)

Emosional nidalar cümlənin ortasında gəldikdə onun hər iki tərəfində, sonunda gəldikdə ondan əvvəl vergül qoyulur. Cümlənin sonunda isə işarə intonasiyadan asılıdır: nida işarəsi, sual işarəsi, eyni zamanda nida və sual işarəsi, bəzən də nöqtə qoyula bilər.

Çağırış bildirən nidalar xitabla birgə işləndikdə, onlardan sonra fasilə olmadıqda durğu işarəsinə də ehtiyac olmur. Məs.:
Ay nənə, axı sən nə təhər and içəcəksən? (M.H.)

Axı a bəy, bir kəlmə işarə verməyə ağzın ağrıyır? (M.C.)

Ehh, ay Bəbir yüzbaşı, yetimə can-can deyən çox olur.(M.C.)

Nida ilə xitab arasında fasilə edildikdə, tonun yüksəkliyindən asılı olaraq, yazıda vergül və ya nida işarəsi qoyulur; məs.:
Afərin, dost! Mən sənin sözlərinə tamamilə şərikəm. (M.H.)

Eh, Adil, deyirəm biz nə yaxşı eləyib bura gəldik... (İ.Ə.)

Ax! Ax! A beyinsiz... (S.)

Nidadan sonra üç nöqtə də qoyula bilər:
Eh... O zaman bu barədə fikirləşən kim idi ki! (S.Q.)