MÜASİR AZƏRBAYCAN DİLİ. MORFOLOGİYA

×

XƏBƏRLİK KATEQORİYASI

Azərbaycan dilində ayrı-ayrı nitq hissələrinə daxil olan sözlər xəbərlik şəkilçiləri adlanan şəkilçilər qəbul edərək xəbərlik kateqoriyasının yaranmasına səbəb olur. Geniş mənada şəxs kateqoriyası adlandırıla bilən bu kateqoriyanın vasitəsilə nitq prosesində iş, hal, hərəkət, hadisə, hökm bildirilir, subyektin əməli fəaliyyəti ifadə olunur. Adından göründüyü kimi, «xəbərlik» morfoloji deyil, sintaktik kateqoriyadır. Ona görə də bu kateqoriyadan morfologiyada deyil, sintaksisdə bəhs etmək lazım gələrdi. Lakin məsələ burasındadır ki, bir çox dillərdən fərqli olaraq, bu kateqoriya dilimizdə morfoloji yolla, yəni xüsusi şəkilçilər vasitəsilə formalaşır. Məsələn, əgər rus dilində Я учитель predikativ birləşməsində я sözü olmasa, учитель sözünün hansı şəxsə aid olduğu bilinmirsə, bizim dilimizdə Mən müəlliməm əvəzinə, sadəcə Müəlliməm də deyilir və bu sözün sonundakı şəkilçidən onun hansı şəxsə aid olduğu aydın olur. (2, 85) Deməli, Azərbaycan dilində xəbərlik kateqoriyası ad etibarilə sintaktik, xarakter etibarilə morfoloji kateqoriyadır, şəkilçilərin köməyi ilə yaranır. Ona görə də bu kateqoriyadan morfologiyada bəhs etmək lazım gəlir.

Xəbərlik kateqoriyasının mühüm bir cəhəti ondan ibarətdir ki, bu kateqoriya əksər nitq hissələrini əhatə edir və ümumi xarakter daşıyır. Yəni isim, sifət, say, əvəzlik, fel, zərf və bəzi köməkçi nitq hissələri də xəbərlik (şəxs) şəkilçiləri qəbul edərək cümlədə xəbər vəzifəsində işlənir.

Xəbərlik şəkilçiləri aşağıdakılardır:

I şəxsin təkində: -am,-əm; cəmində:-ıq,-ik,-uq,-ük;

Hər ki halda saitlə bitən isimlərdə bitişdirici y samitindən istifadə olunur.

II şəxsin təkində: -san,-sən; cəmində: -sınız,-siniz, -sunuz, -sünüz;

III şəxsin təkində: -dır,-dir,-dur,-dür; cəmində: -dırlar, -dirlər,-durlar,-dürlər.

Müxtəlif nitq hissələrinin xəbərlik şəkilçiləri qəbul edərək dəyişməsi:

müəlliməm
müəllimsən
müəllimdir
müəllimik
müəllimsiniz
müəllimdirlər

yaxşıyam
yaxşısan
yaxşıdır
yaxşıyıq
yaxşısınız
yaxşıdırlar

birinciyəm
birincisən
birincidir
birinciyik
birincisiniz
birincidirlər

mənəm
sənsən
odur
bizik
sizsiniz
onlardır

Qeyd. 3-cü şəxsin cəmini bildirən şəkilçi onlar əvəzliyinə artırıldıqda əvəzlikdə -lar olduğu üçün şəkilçidə təkrar olunmur: söz onlardırlar yox, onlardır şəklində işlənir.

Bütün əsas nitq hissələrinə artırılaraq onların xəbər vəzifəsində işlənməsinə səbəb olan bu şəkilçilər artırıldığı sözlərlə əlaqədar iki qrupa ayrılır: fellərə birləşərək iş, hal, hərəkətin hansı şəxsə aid olduğunu bildirən şəkilçilər şəxs şəkilçiləri və ya şəxs sonluqları adlandırılır; feldən başqa, digər əsas nitq hissələrinə birləşərək onların xəbər vəzifəsində işlənməsinə səbəb olan şəkilçilər xəbərlik şəkilçiləri hesab olunur. Məs.:

bilmiş-əm
bilmiş-sən
bilmiş-dir

bilmiş-ik
bilmiş-siniz
bilmiş-lər

həkim-əm
həkim-sən
həkim-dir

həkim-ik
həkim-siniz
həkim-dirlər

Paralel şəkildə verilmiş bir felin və bir ismin təsrifi göstərir ki, mahiyyət etibarilə xəbərlik və şəxs şəkilçilərinin heç bir fərqi yoxdur. Bunlar eyni funksiyanı yerinə yetirir, yalnız birləşdikləri nitq hissələrinə görə fərqlənirlər.

Eləcə də:
Başın bəlalarla çox döyüşübdür,
Göstər ki, inanım qızıl tacın var.
Sənə gözəllikdən düşən düşübdür,
Sənin məhəbbətə ehtiyacın var (Ə.Q.)

Sabirmi? O mənim əziz canımdır,
Dilimin andıdır, mehribanımdır.
O, yer şairidir, yerin oğludur!
Üzdən gülürsə də, qəlbi odludur (M.M.)

– bəndlərindən birincisindəki döyüşübdür, düşübdür sözləri ilə ikinci bənddəki mənim canımdır, dilimin andıdır, mehribanımdır, yer şairidir, yerin oğludur, odludur sözlərindəki -dır şəkilçisi mahiyyət etibarilə eynidir, fellərlə və adlarla işlənmişdir. Məntiqsiz olsa da, ənənəvi bölgü qalmaqdadır.

Qeyd. Göründüyü kimi, xəbərlik şəkilçiləri isimlərlə yanaşı, digər nitq hissələrinə də artırılır və onların xəbər vəzifəsində işlənməsinə səbəb olur. Qeyd edilən şəkilçilər digər nitq hissələrinə də artırıla bildiyi üçün xəbərlik kateqoriyası ümumi qrammatik kateqoriya hesab olunur. Əslində, bu məqamda onu şəxs kateqoriyası adlandırmaq daha doğru olardı.

Xəbərlik şəkilçiləri isimlərlə işlənərkən isimdə elə bir dəyişiklik olmur, lakin isim mənaca bir qədər yayğınlaşır, ümumiləşir. Məsələn, Həkim müayinəyə başladı – Gələn həkimdirMüəllim danışır – Danışan müəllimdir – cümlələrindən birincilərdə həkim, müəllim sözləri konkret məna ifadə edir, ikincilərdə sənət, peşə anlayışı ifadə olunur. Xüsusi adlarda bu hal müşahidə olunmur: Səlim gəldi – Gələn Səlimdir.

Adlar qrupuna daxil olan başqa nitq hissələrinin xəbər vəzifəsində işlənməsində gizli substantivləşmə var. Misallara diqqət yetirək: Bu kitab maraqlıdır. Bu adam birincidir. Əhməd oxuyandır. Sənin dediyin kitab budur.

Sifət, say, feli sifət və işarə əvəzlikləri yaranış etibarilə bir isimlə bağlı olmalı, ismi təyin etməlidir. Xəbər vəzifəsində işləndikdə həmin sözlərdən sonra ismin işlənməsinə əksərən ehtiyac olmur. Amma işlənə də bilər: Bu kitab maraqlı kitabdır. Bu adam birinci adamdır. Əhməd oxuyan şagirddir. Sənin dediyin kitab bu kitabdır.

Bunlar göstərir ki, sifət, say, işarə əvəzliyi və feli sifətlərdən sonra isim işlənmədikdə, həmin isim cümlənin əvvəlində xatırladılmış olsa da, qeyd edilən nitq hissələrində müəyyən dərəcə substantivləşmə baş verir.

Bu hal çox mühüm bir cəhətə işarə edir: deməli, şəxs və ya xəbərlik kateqoriyası yaranış etibarilə isim və fellərlə bağlıdır.

Və həm də bu kateqoriya çox qədimdir – əşya sükunətdə olduqda da, hərəkətdə olduqda da əşya bildirən söz predikativlik qazanmış, cümlə formalaşmışdır. Digər nitq hissələrinin predikativlik qazanması nisbətən sonrakı hadisədir.

Əvvəl qeyd etdiyimz kimi, xəbərlik şəkilçiləri tarixən şəxs əvəzlikləri ilə bağlı olduğundan cümlənin subyektini də ifadə edə bilir, ona görə də türk dillərində cümlədə subyekt bildirən sözün – mübtədanın işlənməsinə o qədər də ehtiyac olmur:
Mən müəlliməm – Müəlliməm.
Sən tələbəsən – Tələbəsən.
Biz mühəndisik – Mühəndisik.
Siz həkimsiniz – Həkimsiniz.

Subyektlər müqayisə olunduqda və ya məntiqi vurğu altına düşdükdə mütləq işlənməli olur: Mən yox, siz xeyirxah iş görmüsünüz.

3-cü şəxs bütün canlı və cansız varlıqları ifadə edə bildiyindən əksərən subyektin işlənməsinə ehtiyac olur. Əks təqdirdə subyekt situasiya və mətnə əsasən bilinməlidir.

Subyekt şəxs əvəzliklərinin cəmi ilə ifadə olunduqda xəbər xəbərlik şəkilçisindən əvvəl -lar,-lər şəkilçisini də qəbul edə bilir:

Biz işçiyik – Biz işçilərik.
Siz işçisiniz – Siz işçilərsiniz.
Onlar işçidir – Onlar işçilərdir.

Bu cür hallarda cəm şəkilçisi məna fərqlənməsinə səbəb olur. Biz işçiyik dedikdə əsasən eyni işlə məşğul olanlar nəzərdə tutulursa, Biz işçilərik dedikdə müxtəlif sahələrdə çalışanlar nəzərdə tutulur.

Xəbərlik kateqoriyasının inkarı deyil ədatı, nə – nə bağlayıcısı ilə düzəlir; məs.:
Baxırdı və elə bil, indicə görürdü ki, oğlu o qədər də yaraşıqlı deyil. (İ.M.)
Mahmud başa düşdü ki, yalnız Məryəm həsrətində deyilmiş. (Elçin)
Məryəmi axtarmamaq, tapmamaq mümkün deyildi. (Elçin)
Onda camaat bir ovuc işıq tapacaq, çünki bu işıq divlərin, əcdahaların qoruduğu qapılar arxasında deyil və onu oralarda axtarmaq da lazım deyil. (Elçin)
Tələbə deyilik. Biz nə tələbəyik, nə də şagird.

Mənfi mənalı sözlə deyil sözü sual cümlələrində təsdiq bildirir:
Gecə gedib gördülər ki, canavar inəyi parçalayıb. Bu, zülm deyildi? İsrafilin yadına düşdü ki, keçən il toyuqlarının çıxardığı on səkkiz cücədən cəmi yeddisi salamat qaldı, bu, zülm deyildi? (Elçin)

Xəbərlik anlayışı zaman etibarilə iki müstəvidə ifadə olunur: indiki zamanda və keçmiş zamanda. İdiimiş zaman ədatları olmadan bütün xəbərlik şəkilçiləri indiki zaman məzmununa malikdir. məs.:
Mirzə, məsləhətin nədir? (Elçin)
Şikayətin nədir, kimdəndir? (T.K.)
Səhv etmirəmsə, adınız Teyyubədir? (T.K.)
Prokuror sizsiniz? (T.K.)
Yaxşı adamlara pislik etmək günahdır. (M.İ.)

İdi, imiş zaman ədatları zaman anlayışını keçmişə bağlayır – biri hekayə, o biri rəvayət şəklində; məs.:
Bu gömgöy göyün altında onlar tamam tək idi. (Elçin).
Bütün bunlar hamısı təzə idi. (Elçin)
Ölməmişəm, diriymişəm, ilahi. (V.B.)
Bu fikirlərin gətirdiyi ağrılar Mirzə üçün xoş idi. (İ.M.)
Elə bil, hamı indi gördü ki, bu sinifdə Həsən adlı oğlan varmış. (İ.M.)
Qədir necə qayğıkeş, necə istiqanlı adam imiş. (İ.M.)
Mənə köhnə dost kimi müraciət etdi: -Siz hələ də buradaymışsınız ki... (İ.Ə.)
Görəsən, Məhəmmədəlinin günahı necə günah imiş? (Elçin)

Doğrudur, idi, imiş zaman ədatları hərəkət və əlaməti keçmişlə bağlayır, lakin üslubi məqamla əlaqədar bəzən onların işləndiyi xəbərlər də indiki zaman məzmununa malik olur. Məs.:
Sən demə, onun gözəl səsi varmış. (İ.Ə.)
Süleyman hiss edirdi ki, bu oğlan oxumuş oğlandı, ağıllıdı, amma burası da tamam aşkar idi ki, zavalı idi, aciz idi, yazıq idi. (Elçin)

Hadisənin gedişini, xarakterini nəzərə almaqla bu misallardakı -mış şəkilçisini, idi zaman ədatını -dır şəkilçisi ilə əvəz etmək olar.

Qeyd. 3-cü şəxsin təkində və cəmində -dır şəkilçisinin r samiti canlı danışıq dilində əksərən işlənmir, Müəllimdir əvəzinə Müəllimdi; Tələbədir əvəzinə Tələbədi kimi. Yuxarıdakı misalda da oğlandı, ağıllıdı sözlərində -dır şəkilçisinin son samiti düşmüşdür.

Məlumat üçün. Hər bir cümləni iki cür təhlil etmək olar: a) mətndən kənar, mətni nəzərə almadan; b) mətnə əsasən, mətni nəzərə almaqla. Mətni nəzərə almadıqda bir çox hallarda təhlil yanlış nəticələrə səbəb ola bilər. Məsələn, Bəli, bu kişnəyən Alapaça idi (F.K.) – cümləsini iki cür yozmaq olar: bu kişnəyən Alapaçadır, yəni həmişə kişnəyən atdır, - bu zaman kişnəyən sözü təyindir. Bir də: bu kişnəyən - Alapaçadır. Bu halda kişnəyən sözü isimləşmiş feli sifətdir və mübtəda vəzifəsindədir. Mətnə baxdıqda müəllifin sözü ikinci mənada işlətmiş olduğu müəyyənləşir. Bu xüsusiyyət eynilə: Çünki Şeyx Səfinin qurduğu binanı uçurmaq fikrinə düşən ağılsız adamdır (F.K.) – cümləsinə də aiddir. Bəzən yazıçının durğu işarəsindən düzgün istifadə etmədiyinə diqqət yetirmək lazımdır. Mən babam Uzun Həsən kimi at seçmək istəyirəm (F.K.) – cümləsində xüsusiləşdirici kimi qoşmasından sonra vergül qoyulmadığı üçün cümlədə ikimənalılıq var. Yazıçı belə bir cümlə işlədib: Ağır kötüklər onluq deyildi. (E.M.) Onluq sözünü mətnə əsasən müəyyənləşdirmək olar: kəmiyyət bildirmir, müəllif demək istəyir ki, onun işi deyildir. Qəmərbanu özünü dünyanın ən ləyaqətsiz anası hesab etdi (Elçin) – cümləsində mətnə əsasən Qəmərbanunun dünyanın anası olduğu yox, dünyada ən ləyaqətsiz ana olduğu başa düşülür. O, arxadan gələn maşında oturmuş Şahlar və onun anası Gülnisə xala haqqında düşünürdü (İ,Ə.) - cümləsindən belə çıxır ki, maşında həm Şahlar, həm də anası oturmuşdur. Halbuki maşında yalnız Şahlar oturmuşdur. Məryəmə elə gəldi ki, yenə o saman sarısı düzənlikdə gəzişirlər (Elçin) – cümləsində «saman sarısı» sözləri mübtədaya oxşayır, halbuki feli sifət ixtisar olunmuşdur – təyindir: saman sarısı kimi olan düzənlikdə. Onun özü kimi gödək arvadı Sərvinaz da ardınca yüyürdü (İ.Ə.) – cümləsində onun özü birləşmə deyil, aralarında fasilə var, onun sözü arvadı sözü ilə əlaqəlidir, özü sözü kimi qoşması ilə birlikdə feli sifət mühitindədir: özü kimi gödək olan. Əşi, yüz dəfə demişəm ki, bu Çırağın qızından az danış! – deyə Şahlar acıqlı anasına baxdı (İ.Ə.) – cümləsində elə görünə bilər ki, acıqlı sözü düz işlənməyib, acıqla olmalı idi. Halbuki yazıçı düz işlədib, anasının acıqlı olduğunu qeyd edir. Dedim ki, qızın haqqında heylə danışma (İ.Ə.) – cümləsində qızın sözünü mətnsiz iki cür təhlil etmək olar: öz qızın haqqında belə danışma, - bu zaman -ın mənsubiyyət şəkilçisidir; ümumiyyətlə (qohum olmayan) qızın haqqında danışma mənasında - -ın yiyəlik halın şəkilçisidir.