MÜASİR AZƏRBAYCAN DİLİ. MORFOLOGİYA

×

SİFƏTİN QURULUŞCA NÖVLƏRİ

İsim kimi, sifətlər də quruluşca sadə, düzəltmə və mürəkkəb olur.

Sadə sifətlər. Dilimizin lüğət tərkibinə daxil olan sifətlərin böyük bir qismi sadə sözlərdən ibarətdir. Məs.: ağ, boz, dar, gen, kök, düz, sarı, acı, yaşıl, qısa, alçaq, yoğun, hündür, qırmızı, turş, şirin və s. sözləri müasir dil baxımından kök və şəkilçiyə ayırmaq, belə sözlərin tərkibində ikinci bir morfem göstərmək qeyri-mümkündür. Vahid morfemdən ibarət olan bu cür sifətlər sadə sifətlərdir.

DÜZƏLTMƏ SİFƏTLƏR

Düzəltmə sifətlər sözlərin kökünə və ya əsasına sözdüzəldici şəkilçilər artırmaqla düzəlir.

Düzəltmə sifətlər, başlıca olaraq, isim və fellərdən əmələ gəlir. Sifət düzəldən şəkilçilər əksəriyyət etibarilə Azərbaycantürk dilinin özünə məxsus şəkilçilərdir. Lakin alınma şəkilçilər də var. Azərbaycan dilinin öz şəkilçiləri sözün kökünə və ya əsasına artırılan son şəkilçilərdir. Alınmalar içərisində ön şəkilçilər də var. Şəkilçilərin bir qismi ortaqlıdır – həm isim, həm də sifət düzəldir, bir qismi yalnız sifət düzəldir. Bir qismi məhsuldar, bir qismi qeyri-məhsuldardır. Az bir qismi həm isimdən, həm feldən, əksəriyyəti ya isimdən, ya da feldən sifət düzəldir.

Adlardan sifət düzəldən şəkilçilər.

Bu qrupa daxil olan sözdüzəldici şəkilçilər həm xalis Azərbaycan sözlərindən, həm də alınma sözlərdən sifət düzəldir.

Adlardan sifət düzəldən şəkilçilər aşağıdakılardır:
-lı,-li,-lu,-lü şəkilçisi. Bu şəkilçi «həm isim, həm də sifət əmələ gətirən məhsuldar şəkilçidir. Bu şəkilçi ilə düzəlmiş sifət və isim bir-birindən mənasına görə fərqlənir. Belə ki bu şəkilçi ilə düzəlmiş sözlərin bir hissəsi əşyalıq məzmunu, digər hissəsi isə əlamət və ya keyfiyyət bildirir». (1, 105)

-lı,-li,-lu,-lü şəkilçisi əşyanın başqalarından fərqli bir əlamətə malik olduğunu, əşyada müəyyən bir əlamətin, keyfiyyətin çox olduğunu, əşyanın maddi tərkibini göstərən sifətlər düzəldir.

(1,106) Məs.: ordenli (müəllim), istedadlı (rəssam), bığlı (həkim), ağıllı (uşaq), sinifli (cəmiyyət), spirtli (içki), qazlı (su) və s.

Bu şəkilçi sadə isimlərlə yanaşı, feldən düzələn isimlərdən də sifət düzəldir; məs.: düşüncəli (adam), örtülü (qab), qorxulu (hadisə), dözümlü (adam) və s.

Qeyd. 1.Sadə isimlərdən düzələn sifətlərlə kökü fel olan isimlərdən düzələn sifətlər bəzən mənaca fərqlənir: duzlu xörək – duzu çox olan xörək deməkdir; vurğulu heca – vurğusu çox olan yox, sadəcə vurğusu olan heca deməkdir. (2, 92)

2. Ağıllı (uşaq), düşüncəli (adam), duzlu (xörək), güclü (insan), maraqlı (məsələ), sədaqətli (yoldaş) tipli birləşmələrdəki ağıllı, düşüncəli, duzlu, güclü, maraqlı, sədaqətli sözləri «tək işlənərsə, isim olar» (2, 92) fikri doğru deyil. Doğrudur, -lı,-li,-lu, -lü şəkilçisi mənsubiyyət mənasına malik olduğu üçün familiya, respublika, şəhər, kənd adlarını bildirən düzəltmə isimlər də düzəldir, amma yuxarıdakı sözlər hər bir məqamda sifətdir, «tək işlənərsə,isim olur» fikrində substantivləşmə unudulmuş olur.

-sız,-siz,-suz,-süz şəkilçisi. Bu şəkilçi artırıldığı söz kökünün ifadə etdiyi əşyanın başqa bir əşyada olmaması ilə bağlı yaranan əlaməti bildirən sifətlər düzəldir. Məs.: başsız (bədən), xeyirsiz (iş), dadsız (meyvə), kitabsız (tələbə), odsuz (ocaq), evsiz (ailə), huşsuz (adam), otsuz (sahə) və s. Göründüyü kimi, bu şəkilçi -lı,-li,-lu,-lü şəkilçisi ilə mənaca antonim olan sözlər düzəldir. Həm adi isimlərə, həm də feldən düzələn isimlərə artırılır; məs.: qanacaqsız (adam), qorxusuz (uşaq), gəlirsiz (yer), baxımsız (sahə), vurğusuz (heca) və s.

-sız şəkilçisi mənfi mənalı sözlərə artırıldıqda iki inkar müsbət məna yaradır: acısız (həyat), türməsiz (ölkə), xəstəsiz (xəstəxana), günahsız (adam) və s.

Qeyd. -sız şəkilçili sözlər digər sifətlər kimi, isimlərlə yanaşma əlaqəsində olur. Lakin bəzən belə sözlər xüsusi vurğu ilə tələffüz olunur və onlardan sonra müəyyən dərəcə fasilə edilir. Bu cür hallarda -sız şəkilçili sözlər xüsusiləşir və adverbiallaşır. Məs.: Çiçəksiz, sözsüz, insansız, səadətsiz, bahar olmaz (S.V.) – cümləsində çiçəkçiz, sözsüz, insansız, səadətsiz sözləri «çiçək, söz, insan, səadət olmadan» mənasındadır və feli bağlama məzmununa uyğun məna ifadə edir.

Məlumat üçün. Tədqiqat əsərlərində, dərslik və vəsaitlərdə qeyd olunur ki, -sız-lı şəkilçiləri çox məhsuldar sifət düzəldən şəkilçilərdir. Bizim fikrimizcə, bu şəkilçilər morfologiya kitablarında öz təyinatını düzgün tapmamışdır. Bunllar sözdüzəldici yox, qrammatik şəkilçilərdir. Bu şəkilçilər bir kateqoriyadan olan bir qrup sözə deyil (bu, sözdüzəldicilik əlamətidir), bir kateqoriyadan olan bütün sözlərə, yəni bütün isimlərə artırılır (bu, qrammatiklik əlamətidir). Əlamət bildirən sözlərə artırılan -ca,-cə şəkilçisi də belədir. Feli bağlama, feli sifət, məsdər şəkilçiləri də belədir. Feli sifət, feli bağlama və məsdər şəkilçilərinin təyinatı düzgün müəyyən edilmişdir. Lakin -sız, -lı, -ca şəkilçiləri öz həqiqi təyinatını tapa bilməmişdir. -ca,-cə şəkilçisi sifətin dərəcə əlaməti, zərf düzəldən şəkilçi, qoşma, ədat və s. kimi izah edilir və hansı məqamda həmin vəzifələrdə işləndiyi bilinmir. Əslində, -ca, -cə şəkilçisi vurğulu və vurğusuz olmaqla fərqlənir. Vurğusuz olduqda qoşma kimi çıxış edir, vurğulu olduqda əksəriyyət etibarilə sözdə adverbiallıq yaradır. -sız-lı şəkilçiləri isə sözdüzəldicilikdən çox, aid olduğu sözə təsdiq və inkar məna verən kateqorial şəkilçilərdir. Lakin biz ənənəni pozmayaraq, bunları sifət düzəldən şəkilçilər kimi saxladıq.

-kı,-ki,-ku,-kü şəkilçisi. Bu şəkilçi bir sıra zaman zərflərinə artırılaraq zaman mənalı sifətlər düzəldir; məs.: hazırkı (vəziyyət), indiki (hadisə), dünənki (məsələ), axşamkı (əhvalat), sonrakı (iş), səhərki (söhbət) və s.

Bu şəkilçi yerlik halın şəkilçisi ilə birlikdə -dakı,-dəki şəklində də bir qrup sözdən yer və zaman mənalı sifətlər düzəldir; məs.: yazdakı (hava), qışdakı (qar), payızdakı (məhsul), ondakı (söhbət) və s.

Məlumat üçün. Dilçiliyimizdə bu şəkilçi də düzgün izah edilmir. Başqa sifət düzəldən şəkilçilərdən fərqli olaraq, bu şəkilçinin, leksik şəkilçi olsa da, bir sıra qrammatik şəkilçilərdən sonra da sözə artırıla bildiyi göstərilir və bağdakı (ağaclar), yoldakı (maşın), dağdakı (əkin), evdəki (əşya) tipli misallar verilir. (1, 107) Halbuki sözdüzəldici şəkilçi sözdəyişdirici şəkilçidən onra işlənə bilməz.

-kı,-ki,-ku,-kü şəkilçisinin yiyəlik və yerlik hallarda olan sözlərə artırıldığı və sifət düzəltdiyi göstərilir. Əslində, bu şəkilçi yiyəlik hal ilə işləndikdə mənsubiyyət mənası ifadə edir, mənsub əşyanı ümumi və qeyri-müəyyən şəkildə, sahib şəxsi dəqiq şəkildə bildirir və cümlədə təyin yox, mübtəda vəzifəsində işlənir: Sənin kitabların buradadır – Səninki buradadır. Bizim paltarımız oradadır – Bizimki oradadır. Bunu sifət düzəldən şəkilçi adlandırmaq doğru olmaz. Yiyəlik, mənsubiyyət bilddirir. Yerlik halda olan sözə artırıldıqda isə vəziyyət başqadır. Tək yerlik hal şəkilçisi deyil, bu şəkilçidən əvvəl kəmiyyət və mənsubiyyət şəkilçiləri də işlənə bilir; dağdakı qar – dağlardakı qar – dağlarınızdakı qar; evdəki əşya – evlərdəki əşya – evlərinizdəki əşya və s. Bunlar göstərir ki, bu məqamda -kı,-ki,-ku,-kü şəkilçisi sifət düzəldən şəkilçi deyil, feli sifət, feli bağlama şəkilçisi tipində bir şəkilçidir. Elə söz düzəldir ki, həmin sözdə ismin əsas qrammatik əlamətləri qalır və söz həm də sifət xüsusiyyəti kəsb edir, sifətin suallarına cavab verir və s. Odur ki bu şəkilçini isim xüsusiyyətlərini (kəmiyyət, mənsubiyyət və hal şəkilçiləri) saxladıqda atributiv və ya sifəti isim şəkilçisi adlandırmaq daha doğru olar. Yəni əslində isimdir, lakin sifət xüsusiyyətləri qazanmış, atributivləşmişdir.

-cıl,-cil,-cul,-cül şəkilçisi. Bu şəkilçi isimlərdən əşyanın müəyyən bir əlamətə, keyfiyyətə malik olduğunu bildirən sifətlər düzəldir; məs.: yuxucul (adam), ölümcül (yara), qabaqcıl (dəstə), qonaqcıl (ailə), siyasətcil (adam) və s.

-lıq,-lik,-luq,-lük şəkilçisi. Bu şəkilçi isimlərdən və sifətlərdən isim düzəltdiyi kimi, isimlərdən sifət də düzəldir. Zaman və ölçü bildirən sözlərə qoşularaq zaman, ağırlıq, həcm bildirən sifətlərin yaranmasına səbəb olur; məs.: yazlıq (taxıl), aylıq (plan), donluq (parça), həftəlik (plan), dolmalıq (ət) və s. Bəzən saydan və əvəzliklərdən də sifət düzəldir: onluq (lampa), litrlik (qab), mənlik (iş), bizlik (məsələ) və s.

-ı,-i,-u,-ü şəkilçisi. Bu şəkilçi əksərən isimlərdən, çox az hallarda fellərdən sifət düzəldir. İsimlərdən rəng və geyim adları bildirən sifətlər düzəldir; məs.: gümüşü, narıncı, zoğalı, badımcanı, çərkəzi və s. Saitlə bitən sözlərə şəkilçidən əvvəl «y» samiti artırılır: buğdayı, sürməyi və s. Fellərdən: dolu (qab).

Bu şəkilçi ilə isimlərdən düzələn ceyranı, turacı, maralı tipli sözlər artıq ismə çevrilmişdir.

Aşağıdakı qeyri-məhsuldar şəkilçilərin hər biri bir-iki sifət düzəldə bilir:
-sal şəkilçisi: qumsal (yer);
-sul şəkilçisi: yoxsul (adam);
-c şəkilçisi: anac (toyuq),
-man şəkilçisi: qocaman (kişi);
-lam şəkilçisi: sağlam (adam). (1, 109)
şəkilçisi: geniş (ev), nəmiş (hava).
-ca,-cə şəkilçisi bala sözündən balaca sifəti düzəldir:
Yol balaca bir qarğıdalı tarlasının böyründən keçirdi.(İ.Ə.)
O söyüd ağacının kölgəsində atdan enib balaca bir süfrə saldı. (Elçin)

Qeyd. Bu qrupdan verilən geniş (plan), nəmiş (yer) misallarında sifətlərin -iş şəkilçisi ilə düzəldiyi güman edilir və məntiqsiz olduğu üçün müstəsna sayılır (bax: 1, 104-109) Bunlar gennəm sifətlərinə -iş şəkilçisinin artırılması ilə düzəlməmişdir. Dildə gen, nəm sifətləri ola-ola, yenidən -iş şəkilçisi ilə eyni mənalı söz düzələ bilməzdi. Bu cür sözlərdə -iş bir şəkilçi deyil, iki şəkilçidir: -i sifətdən fel düzəldən, isə feldən sifət düzəldən şəkilçidir. -i şəkilçisi ilə sifətdən məhsuldar şəkildə çoxlu fel düzəlir: təng – təngimək, bayat – bayatımaq, turş – turşumaq və s. Eləcə də bu sözlər genimək, nəmimək şəklində işlənmiş və həmin sözlərdən ş şəkilçisi ilə nəmiş, geniş sifətləri yaranmışdır. Xətaidə: Çeşmim genidi misali-qazğan. Yəni gözlərim qazan ağzı kimi genişləndi, böyüdü.

Fellərdən sifət düzəldən şəkilçilər.

Bu şəkilçilərdən danışarkən ilk növbədə feli sifət şəkilçiləri ilə feldən sifət düzəldən şəkilçilər fərqləndirilməlidir. Feli sifət şəkilçilərindən fərqli olaraq, feldən düzələn sifətlərdə təsirlik, növ, inkarlıq, öz ətrafına söz toplama, idarə etmə xüsusiyyətləri tamamilə itmiş olur və feldən sifət düzəlir. Yalnız -ıcı,-ici,-ucu,-ücü şəkilçisi həmişə təsirli fellərdən sifət düzəltdiyi üçün bu şəkilçi ilə düzələn sifətlərdə təsirlik izləri müşahidə olunur. (1, 111)

Feldən sifət düzəldən şəkilçilər aşağıdakılardır:
-ıcı,-ici,-ucu,-ücü şəkilçisi. Bu şəkilçi fellərə artırılaraq, qoşulduğu sözün mənasına müvafiq peşə, sənət bildirən, əşyanın mühüm keyfiyyətlərindən birini üzə çıxaran sifətlər düzəldir; məs.: qırıcı (təyyarə), qaldırıcı (kran), keçici (bayraq), alıcı (quş), zəhərləyici (maddə), boğucu (qaz), çürüdücü (bakteriya), yandırıcı (maye) və s. Sürücü, bağlayıcı tipli bir sıra sözlər artıq ismə çevrilmişdir.

-qın,-kin,-qun,-kün; -ğın,-gin,-ğun,-gün şəkilçilərindən birincisi kar, ikincisi cingiltili samitlə bitən fellərə artırılaraq halvəziyyət, keyfiyyət bildirən sifətlər düzəldir; məs.: tutqun (hava), kəskin (söz), coşqun (çay); azğın (adam), solğun (çiçək), əzgin (adam), gərgin (iş) və s.

-ıq,-ik,-uq,-ük; -q,-k şəkilçisi fellərdən əlamət, bəzən də keyfiyyət bildirən sifətlər düzəldir; məs.: açıq (qapı), yanıq (çörək), əzik (parça), uçuq (divar), sönük (ocaq); soyumaq, böyümək, çürümək tipli sözlərdən: soyuq (su), böyük (adam), çürük (meyvə) və s.

-aq,-ək şəkilçisi. Bu şəkilçi -ıq şəkilçisinin açıq saitli variantı olub, fellərdən eyni keyfiyyətə, xüsusiyyətə malik sifətlər düzəldir; məs.: ürkək (heyvan), qorxaq (adam), çökək (yer) və s.

-ağan,-əyən şəkilçisi. Bu şəkilçi fel köklərindən xasiyyət, vərdiş bildirən sifətlər düzəldir; məs.: ağlağan (uşaq), qaçağan (at), hürəyən (it) və s. -ağan şəkilçisi -an feli sifət şəkilçisinin ifadə etdiyi mənaya yaxın məna ifadə etsə də, fərqləri də var: küsən uşaq birləşməsində küsən sözü birdəfəlik işi, küsəyən uşaq birləşməsində küsəyən sözü vərdiş halını almış əlaməti bildirir. Saitlə bitən fellərdə şəkilçinin ilk saiti düşür: ağla–ğan (uşaq).

-ınc,-inc,-unc,-ünc şəkilçisi. Bu şəkilçi də fel köklərindən əlamət bildirən sifətlər düzəldir: qorxunc (hadisə), gülünc (iş, hərəkət). Qısqanmaq, iyrənmək fellərindən qısqanc, iyrənc sözlərindəki -c şəkilçisi -ınc şəkilçisinin qalığıdır.

-caq,-cək şəkilçisi ilə fellərdən xasiyyət, keyfiyyət bildirən sifətlər düzəlir: utancaq (adam), ərincək (uşaq).

-ar,-ər şəkilçisi. Bu şəkilçi fellərdən daimi keyfiyyət bildirən sifətlər düzəldir: axar (su), yanar (dağ), gülər (üz).

-maz,-məz şəkilçisi. Fellərdən daimi keyfiyyət bildirən sifətlər düzəldir: axmaz (su), sönsməz (vulkan), qorxmaz (uşaq).

-ma,-mə şəkilçisi. Əlamət bildirən sifətlər düzəldir: gəlmə (adam), çatma (qaş), burma (saç), eşmə (bığ), uydurma (söz).

Daha az məhsuldar olan şəkilçilər (1, 112) :
-əri şəkilçisi: gedəri (qonaq), köçəri (xalq);

-qan şəkilçisi: çalışqan (adam).

-ri şəkilçisi: əyri (ağac).

-ım şəkilçisi: qıvrım (saç).

Qeyd. Bu sırada verilən -ülü şəkilçisi (1, 112) iki şəkilçidir: – feldən isim; -lü – isimdən sifət düzəldir: ört-ü-lü. Yığcam sözü isə yığmaqcəm etmək sözlərindən mürəkkəbdir.

Bunlardan əlavə, Azərbaycan dilində ərəb və fars dillərindən alınmış bir sıra ön və son şəkilçilər vasitəsilə həmin dillərdən alınmış sözlərdən düzələn sifətlər də vardır.(2, 95-97)

Ön şəkilçilər bunlardır: bi, na, ba, la. Bunlardan bi, la, na şəkilçiləri bizim -sız,-siz,-suz,-süz şəkilçisinin mənasına müvafiq inkar məna ifadə edir; məs.: biqəm, biinsaf, bikef; namünasib, nalayiq, nahamvar; laməzhəb, laməkan və s. Hətta bəzən eyni söz həm na və ya la, həm də –sız ilə düzələ bilir: nainsaf – insafsız; laməkan – məkansız, laməzhəb – məzhəbsiz.

Ba şəkilçisi isə bizim –lı şəkilçisinə müvafiq məna ifadə edir: basəfa – səfalı, baməzə – məzəli və s.

Qeyd etməliyik ki, bu şəkilçilər və onların aid olduğu sözlər klassik ədəbiyyatda çox işlənsə də, tədricən işləkliiyini məhdudlaşdırmaqda olan sözlərdir.

Alınma -i şəkilçisi məhsuldar olub, sözlərin sonuna artırılmaqla, bir şəxsə, əşyaya, hadisəyə mənsubluq bildirən sifətlər düzəldir: inqilabi, tibbi, elmi, mülki, zahiri, şərti, daxili və s. 
Sonu saitlə bitən alınma sözlərə artırılarkən v bitişdiricisi işlənir və kökün son qalın saiti incə saitə çevrilir: dünya – dünyəvi, məna – mənəvi, nümunə – nümunəvi, kütlə – kütləvi və s.

Qeyd. 1. Həqiqət, təbiət sözlərində -i şəkilçisindən əvvəl söz sonundakı -ət hissəsi düşür: təbiət – təbii, həqiqət – həqiqi. 
2. Fizika, mexanika sözləri son saitini itirməklə bu şəkilçini qəbul edir: fiziki (tərbiyə), mexaniki (hərəkət).

Ərəb dilindən alınmış dar (evdar, əməkdar), fars dilindən alınmış kar (tələbkar, davakar), baz (kələkbaz, quşbaz), pərvər (vətənpərvər, insanpərvər), pəsənd (xudpəsənd) və s. kimi mənbə dildə müstəqil söz, bizim dildə şəkilçi kimi işlənən bir sıra vahidlər də düzəltmə sifətlər əmələ gətirir.

Rus və Avropa xalqlarının dillərindən alınmış sifət düzəldən şəkilçilər də vardır. Bunlardan bir neçəsi ön şəkilçidir:
-anti şəkilçisi: antifaşist, antiimperialist və s.

-a şəkilçisi: normal – anormal;

Son şəkilçilər:
-iv şəkilçisi: obyektiv (aləm), subyektiv (münasibət) və s.;

-loci şəkilçisi: bioloci (hadisə), psixoloci (təsir) və s.;

-tik şəkilçisi: problematik (məsələ), sistematik (nəzarət);

-ist şəkilçisi: materialist (baxış), Marksist (təlim), idealist (nəzəriyyə) və s.