MÜASİR AZƏRBAYCAN DİLİ. MORFOLOGİYA

×

FELİN ŞƏXSSİZ FORMALARI.

FELİ SİFƏT

Feli sifət əşyanın hərəkətlə bağlı əlamətini bildirir.

Feli sifət felin atributiv-adyektiv formasıdır. Yəni fellər «feli sifət şəkilçiləri» adlandırdığımız bir sıra şəkilçiləri qəbul edərək, fellik xüsusiyyətlərini saxlamaqla yanaşı, sifətlərə yaxınlaşır, sifət xüsusiyyətləri də qazanır. Məs.:
Min intiqam duyğusuyla alovlanmış ürəklərdə
Dalğalanır nəslimizin and içdiyi qızıl bayraq (S.V.)

– misralarındakı alovlanmış, and içdiyi fellərində həm iş, hərəkət, həm də əlamət bildirmə xüsusiyyəti vardır.

Feli sifət hər şeydən əvvəl feldir və sözlərin kökü hər bir şəraitdə fel olaraq qalır. Ona görə də feli sifətlər fel bəhsində öyrənilir.

Məlumat üçün. Feli sifətlər dərslik və monoqrafiyalarda «təsriflənməyən fellər» adlandırılır. İfadə düz deyil. Dildə təsriflənməyən – şəxsə, kəmiyyətə görə dəyişməyən fel olmaz. Feli sifətlərin özünə məxsus lüğət fondu da yoxdur. Odur ki bəzilərinin etmək istədiyi kimi, feli sifəti ayrıca nitq hissəsi hesab etmək də məntiqsizdir. Hər hansı bir fel feli sifət şəkilçisi qəbul edə bildiyi kimi, asanlıqla təsriflənə də bilir. Bu hal felin kökünə, əsasına aiddir. Feli sifət forması felin aldığı bir formadır. O formada ola-ola, söz təzədən ayrı forma ala bilməz. Zaman, şəkil, şəxs əlamətləri qəbul edərək dəyişmiş, təsriflənmiş felə həmin şəkilçiləri tərpətmədən feli sifət şəkilçisi artırmaq mümkün olmadığı kimi, feli sifət formasına da zaman, şəkil, şəxs şəkilçiləri artırmaq olmaz. Ona görə də feli sifətlərə, feli bağlamalara «təsriflənməyən fellər» yox, felin şəxssiz forması demək daha düzgündür.

«Feli sifət» termini tələffüz baxımından dilə yatımlı olsa da, məntiqi cəhətdən doğru deyil. Belə ki feli sifət terminindən belə çıxır ki, haqqında danışılan dil vahidi sifətdir, lakin onda fellik xüsusiyyəti də vardır. Əslində isə feli sifət deyilən dil vahidləri feldir, lakin atributivləşmiş, sifət xüsusiyyəti də qazanmışdır. Bu baxımdan termini «sifəti fel» adlandırmaq daha düz olardı. Lakin artıq feli sifət termini lazım olan anlayışı kifayət qədər ifadə edir və bir termin kimi də sabitləşmişdir.

Feli sifətlər bir növ felin hibrid formasıdır – fellik xüsusiyyətlərini saxlamaqla, sifət xüsusiyyəti də daşıyır.

Fel haqqında ümumi məlumatdan gördük ki, fellər şəxsli və şəxssiz formalara malik olmaqla fərqlənir. Şəxsli forma o deməkdir ki, fel kökünə və ya əsasına zaman, şəkil, şəxs şəkilçiləri əlavə edilir və fel formaca dəyişir, şəkilləşir, təsrif olunur. Lakin felə məxsus bir sıra şəkilçilər də var ki (bura məsdər, feli sifət, feli bağlama şəkilçiləri daxildir), fel kökü və ya əsası həmin şəkilçiləri qəbul etdikdən sonra başqa nitq hissələrinə yaxınlaşır və, təbii ki, təsrif olunmaq imkanını itirir. Şəxsli və şəxssiz fellər bu cür yaranır. Lakin felə məxsus elə kateqoriyalar, elə xüsusiyyətlər var ki, felin hansı dəyişikliyə uğramasından, hansı şəkilçiləri qəbul etməsindən asılı olmayaraq, həmin kateqoriya əlamətlərini mütləq mühafizə edir, saxlayır. Buraya təsirlik, növ, inkarlıq əlamətləri, fellərin güclü idarəedicilik, ətrafına söz toplayıcılıq xüsusiyyətləri daxildir.

Qeyd etdiyimiz bu xüsusiyyətlər yalnız feli sifətlərə deyil, feli bağlama və məsdərlərə də aiddir.

Qeyd. Əksərən dilçiliyimizdə feli sifət, feli bağlama və məsdərin fellik xüsusiyyətlərini üzə çıxarmaq üçün «feli sifət də fel kimi, feli bağlama da fel kimi təsirli və təsirsiz, təsdiq və inkar olurg» kimi ifadələr işlədilir. Bu cür ifadə tərzi ona görə düz deyil ki, belə çıxır ki, feli sifət, feli bağlama və məsdər fel deyil, lakin felə məxsus bir sıra xüsusiyyətlərə malikdir. Əslində isə, dediyimiz kimi, bunlar feldir və felin əsas xüsusiyyətlərini, bütövlükdə semantikasını tam saxlamaqla yalnız təsrif formalı fellərdən – yəni şəxsli formadan fərqlənir. Odur ki felin əsas xüsusiyyətlərindən – təsirlik, növ və inkarlıqdan danışarkən «feli sifət də fel kimi» yox, «feli sifət də şəxsli fellər kimi» demək məntiqidir. Çünki felin saf, qatışığı olmayan xalis forması təsrif formasıdır.

Fellər feli sifət şəkilçilərini qəbul etdikdən sonra təsrif olunmaq imkanını itirmiş olsa da (kök hər vaxt yenə təsrif oluna bilir, burada feli sifət forması nəzərdə tutulur), təsrif əlamətlərindən başqa, şəxsli fellərdə müşahidə olunan bütün əlamətləri saxlamış olur. Həmin əlamətlər aşağıdakılardır:
1. Şəxsli fellərdə olduğu kimi, feli sifətlər də iş və hərəkət bildirir. Lakin feli sifətdə iş, hərəkət məzmunu hökm şəklində deyil, atributiv şəkildə – əlamətlə qarışıq halda olur. Məsələn, işləyən feli sifətində iş, qaçan feli sifətində hərəkət, yatan feli sifətində hal-vəziyyət mənası vardır. Və ya:
Yeri şumlayan da biz, torpağı əkən də biz,
Məhsulun arxasından göz yaşı tökən də biz (R.R.)

– misralarında şumlayan, əkən, tökən feli sifətlərində şumlamaq, əkmək, tökmək fellərinin ifadə etdiyi iş, hərəkət mənası olduğu kimi qalmaqdadır.

2. Məlumdur ki, fellərə məxsus mühüm qrammatik xüsusiyyətlərdən biri onların təsirli və ya təsirsiz olmasıdır. Bu xüsusiyyət eyni dərəcədə həm şəxsli fellərə, həm də şəxssiz fellərə, o cümlədən feli sifətlərə aiddir. Məs.:
Lalə bitirməyən, bulaq axmayan,
Yaşıl qovaqları göyə qalxmayan
Bu qumsal yerlərdə bilirsən nə var? (M.R.)

Bəzən uşaq dünyasını nə anlayan, nə bilən var,
Ev o qədər səssizdir ki... Nə danışan, nə gülən var. (S.V.)

Bu misallardakı bitirməyən, anlayan, bilən, danışan feli sifətləri təsirli, axmayan, qalxmayan, gülən feli sifətləri təsirsizdir.

Feli sifətin təsirli və ya təsirsiz olması felin lüğəvi mənası, təsirlik və növ şəkilçilərindən asılıdır.

3. Felin mühüm xüsusiyyətləri içərisində, sistem şəklində olmasa da, felin növ kateqoriyası əlamətlərini – növ şəkilçilərini qəbul edərək dəyişməsi, subyekt – obyekt münasibətlərində rəngarənglik yaratması da əsasdır. Bu xüsusiyyət də eyni dərəcədə həm şəxsli, təsrif formalı fellərə, həm də feli sifətlərə aiddir.

Məs.:
qaçan (at) – məlum n.;
görülmüş (iş) – məchul n.;
açılan (gül) – qayıdış n.;
görüşən (adam) – qarşılıq n.;
köçürtdürdüyüm (yazı) – icbar n.

Bir dəfə bağçada tək-tənha dolaşdığı vaxt daxilindəki bu dəhşət və yanğı birdən-birə şüşənin içinə doldurulmuş cin kimi dişarı çıxdı (Elçin)

– cümləsində dolaşdığı feli sifəti məlum, doldurulmuş feli sifəti məchul növdədir.

4. Fellərin mühüm qrammatik xüsusiyyətlərindən biri də təsdiq və inkar olmasıdır. Fellər təsdiq və inkar olur və bu xüsusiyyət eyni dəcədə həm şəxsli fellərdə, həm də feli sifətlərdə özünü göstərir. Məs.:
Rüstəm kişi peşmançılığını bildirəcək adam deyildi, bunu kişi üçün zəiflik sayırdı. (M.İ.)

Kağız-kuğuz içində başını itirmiş, şəraitdən kifayət qədər baş açmayan birisi deyirdi, filan şeyi ək, vəssalam. (M.İ.)

Yol boyu tökülmüş buğlanan peyin Rüstəm kişinin gözünə dəyəndə atı mahmızladı. (M.İ.)

Onun şübhə dolu baxışlarını görməyən Maya kitabın harasında isə əl saxladı. (M.İ.)

Bu misallarda bildirəcək, başını itirmiş, tökülmüş, buğlanan feli sifətləri təsdiq, baş açmayan, görməyən feli sifətləri inkar fellərdir.

5. Başqa nitq hissələrinə nisbətən, fellər idarə və yanaşma yolu ilə öz ətrafına daha çox söz toplamaq imkanına malikdir. Bu cəhət həm şəxsli fellərə, həm də feli sifətlərə aiddir. Feli sifətlər öz ətrafına söz toplamaqla feli sifət tərkibləri əmələ gətirir.

Məs.:
Bayaqdan qonşu otaqda oturub ərinin nə deyəcəyini intizarla gözləyən Mələk dərhal içəri keçdi (İ.Ş.) – cümləsində sözlərin və birləşmələrin əksəriyyəti gözləyən feli sifəti ətrafında toplanaraq feli sifət tərkibi əmələ gətirmişdir:
bayaqdan -----------------> gözləyən
qonşu otaqda oturub ----> gözləyən
ərinin nə deyəcəyini ----> gözləyən
intizarla ------------------> gözləyən

6. Zərflər adətən hal-hərəkət bildirən sözlərlə – fellərlə bağlı olur. Bu cəhət şəxsli fellərlə yanaşı, eyni dərəcədə feli sifətlərə də aiddir; məs.:
Sərin-sərin əsən külək
Nəğmə tutur kamança tək. (S.V.)


Onlar taybatay açılmış qapıya tərəf baxırdılar. (İ.Ş.)

- cümlələrində sərin-sərin zərfi əsən, taybatay zərfi açılılmış feli sifətinə aiddir.

7. Fellər zaman şəkilçiləri qəbul edərək dəyişir, zaman bildirir. Bu xüsusiyət şəxsli fellərə aiddir. Eyni zamanda feli sifət şəkilçiləri də zaman bildirmə baxımından fərqlənir və bu cəhətdən üç qrupa ayrılır:
a) keçmiş zaman feli sifətləri;
b) indiki zaman feli sifətləri;
c) gələcək zaman feli sifətləri.

Məs.:
Aldığım şeyləri yığdığım çamadanı Əzizəyə verdim. (Ə.V.)

Əslində, aranı qarışdıran da, camaatı yoldan çıxaran da beş-üç nəfərdir. (M.İ.)

Mən onun xoşuna gələcək sözlər danışmağa cəhd edirdim. (İ.Ə.)

Bu misallarda aldığım, yığdığım feli sifətləri hərəkətlə bağlı əlamətin keçmiş zamana, aranı qarışdıran, yoldan çıxaran feli sifətləri indiki zamana, xoşuna gələcək feli sifəti gələcək zamana aid olduğunu bildirir.

Qeyd etdiyimiz kimi, fellər feli sifət şəkilçilərini qəbul etdikdən sonra onlarda sifətlərə məxsus xüsusiyyətlər yaranır, yəni fellər şəkilçilər vasitəsilə konversiyaya uğrayır, adyektivləşir. Sifətlər kimi, feli sifətlər də əlamət, keyfiyyət bildirir, lakin feli sifətlərin bildirdiyi əlamət, keyfiyyət hərəkət məzmunu ilə qarışıq olur. Fellərdə sifətə məxsus aşağıdakı xüsusiyyətlər yaranır:
1. Sifətlər əşya bildirən sözlərə – isimlərə aid olduğu, isimlərdən əvvəl işləndiyi kimi, feli sifətlər də saf feli sifət məqamında isimlərdən əvvəl işlənir və isimlərə aid olur. Məs.:
Təzə əkilən tənəklər ikinci il məhsul verərmiş. (M.İ.)

Rüstəm kişiyə elə gəlirdi ki, bu vaxta qədər eşitmədiyi bir nağıla qulaq asır. (M.İ.)

Adi sözlər Mayanın dodaqlarından ruhu oxşayan və ürəyi yumşaldan bir ahəng ilə çıxırdı. (M.İ.)

Misallarda əkilən feli sifəti tənək, eşitmədiyi feli sifəti nağıl, yumşaldan, oxşayan feli sifətləri ahəng isminə aiddir. Hətta feli sifətlər isimləşmiş sözlərə də aid olur:
Başdan-başa silahlanmış bir qəhrəman tək
Yurdumuza ayaq basır 45-ci il (S.V.)

– misralarında silahlanmış feli sifəti substantivləşmiş qəhrəman sifətinə aiddir.

2. Sifət kimi, feli sifətlər də necə? nə cür? hansı? suallarına cavab verir. Məs.:
Elmin gücü yol açmışdır kilidlənmiş dənizlərə.(S.V.)

Külək uğuldayaraq yumrulanmış qar dənələrini oğlanın üzünə çırpırdı. (İ.Ə.)

Tufanın uğultusu tükürpərdən bir vahimə saçırdı. (İ.Ə.)

Bu misallarda tükürpərdən feli sifəti necə? nə cür?, kilidlənmiş, yumrulanmış feli sifətləri bunlarla yanaşı, həm də hansı? sualına cavab verir.

3. Sifətin əsas sintaktik vəzifəsi təyin olduğu kimi, feli sifətin də əsas sintaktik vəzifəsi təyindir. Yəni feli sifətlər heç bir dəyişikliyə uğramadıqda (isimləşmədikdə) cümlədə təyin vəzifəsində işlənir. Məs.:
O, qurban getdi ki, şaxta vurmasın
Çiçəklənən əməl baharımızı. (M.R.)


Sonra qar basmış çardaqların altında sükuta dalan ot tayalarına baxdılar (İ.Ə.)

– cümlələrində çiçəklənən feli sifəti vasitəsiz tamamlığın, sükuta dalan feli sifəti vasitəli tamamlığın təyinidir.

4. Feli sifətlər də sifət kimi substantivləşə bilir və bu zaman mübtəda, tamamlıq, xəbər vəzifələrində işlənir, hal şəkilçiləri qəbul edərək söz birləşmələrinin, qoşmalı birləşmələrin tərəfləri vəzifəsində işlənir; məs.:
Bəli, yoldaşlar, indi bizim ürəklərimizi birləşdirən böyük bir məhəbbətdir. Bizi qardaş edən bu məhəbbətdir. (M.İ.)

Düşməndir arada söz gəzdirənlər,
Bəzən iblis kimi qəlbə girənlər.(S.V.)

Axı təqsiri olmayanı niyə tutsunlar? (M.H.)

Atın bağrı çatlayana qədər bu cür gedəcəyinə şübhə yox idi. (İ.Ə.)

Bu misallardan əvvəlki ikisində feli sifət tərkib şəklində mübtəda (indi bizim ürəklərimizi birləşdirən, bizi qardaş edən, arada söz gəzdirənlər, bəzən iblis kimi qəlbə girənlər), üçüncüsündə tamamlıq (təqsiri olmayanı) vəzifəsindədir. Son misalda feli sifət isimləşərək yönlük halda işlənmiş və qoşma qəbul etmişdir (bağrı çatlayana qədər) – zaman zərfliyidir.

Bu cür oxşarlıqlar feli sifətləri sifətlərə çox yaxınlaşdırır. Lakin yuxarıda qeyd etdiyimiz şəxsli fellərlə ümumi və ortaqlı xüsusiyyətlər, təbii ki, feli sifətlərlə sifətləri eyniləşdirməyə imkan vermir.

Feli sifət şəkilçiləri aşağıdakılardır.

1. Keçmiş zaman feli sifətləri.

a) -mış,-miş,-muş,-müş şəkilçisi. Bu şəkilçi fellərə artırılaraq əşyanın keçmişdə kəsb etmiş olduğu hərəkətlə bağlı əlaməti bildirir; məs.: çürümüş meyvə, kəsilmiş ağac, suvarılmış sahə, əkilmiş yer və s.

Bu şəkilçi omonim səciyyə daşıyan, çoxişlənən bir morfemdir və aşağıdakı vəzifələrdə çıxış edir:

1) qeyri-məhsuldar şəkildə olsa da, fellərdən isim düzəldən şəkilçi kimi işlənir; məs.: bişmiş (xörək mənasında), yemiş (meyvə, tərəvəz mənasında – quru yemişlər), keçmiş (dövr mənasında).
Sən dünən deyilsən, keçmiş deyilsən. (S.V.)

Bağdagül xalanın bişmişini yeyəndə elə bilirəm Bakıda İnturistdə oturmuşam. (Ə.V.)

2) məhsuldar şəkildə nəqli keçmiş zamanın şəkilçisi kimi işlənir; məs.:
Əgər adamlar Sevdimalı kişinin ferma müdiri olmasına razı olmuşlarsa, deməli, ona inanmışlar. Onda nə isə yaxşı bir cəhət görmüşlər. (İ.Ə.)

Yollarg Xeyli zamandır ki, bu yollar mənim taleyim olmuşdur.(İ.Ə.)

Beş-altı nəfər kəndli gurhagur yanan sobanın ətrafında halay vurub oturmuşdular. (İ.Ə.)

Çöl havası Rüstəm kişinin yanaqlarını allaşdırmışdı.(M.İ.)

Bu misallarda razı olmuşlar, inanmışlar, görmüşlər, taleyim olmuşdur, oturmuşdular, allaşdırmışdı sözlərində -mış nəqli keçmişin şəkilçisidir.

3) -imiş zaman ədatının şəkilçiləşmiş forması kimi işlənir və bu zaman felin zaman və şəkil əlamətlərindən sonra özünü göstərir; məs.:
Sən demə, quduz dəymişlər ləzzətli tikə tapmışmışlar. (İ.Ə.)

Muğanda üzüm tənəklərini ancaq beş ildə bir dəfə kəsərmişlər. Təzə əkilən tənəklər ikinci il məhsul verərmiş. Tənəklər yaşa dolanda onların məhsulunu yığıb qurtarmaq olmazmış. (M.İ.)

Misallardakı tapşırmışmışlar (ikinci -mış), kəsərmişlər, verərmiş, yığıb qurtarmaq olmazmış sözlərində zaman şəkilçilərindən sonra işlənmiş -mış şəkilçisi imiş zaman ədatının ixtisar şəklidir. Həmin şəkilçi bu şəkildə hətta adlarla da işlənməkdədir:
Muğanda suvarma işləri Babil və Misir ölkəsindən yaxşıymış. Muğan yamyaşıl olarmış. Çox gözəl otlaqları varmış. (M.İ.)

4) feli bağlama şəkilçisi kimi işlənməkdədir; məs.:
Torpağı yaddan almamış,
Qələbə himni çalmamış,
Yurduma sahib olmamış,
Ölümüm qonaq çağırır. (O.Z.)


Çay içilib qurtarmamış, Səkinə Rüstəm kişini o biri otağa çəkib məsləhətləşdi.(M.İ.)

Bu misallarda almamış, çalmamış, sahib olmamış, içilib qurtarmamış sözlərində -mış şəkilçisi bütün əvvəlki funksiyalarından fərqli bir vəzifədə – zaman bildirən feli bağlama şəkilçisi kimi işlənmişdir.

5) və, nəhayət, bizi burada daha çox maraqlandıran keçmiş zaman feli sifəti düzəldən şəkilçi kimi işlənməkdədir:
Üstünü toz -torpaq almış, Bu pas tutmuş qılınca bax! (S.V.)

Müxtəlif rəngli paltar geyib, yaylıq bağlamış qızlar təzəcə şumlanmış sahənin qırağını belləməyə başladılar.(M.İ.)

Səbri tükənmiş boz ürgə sıldırımlı yoxuşu enməyə başladı. (İ.Ə.)

Kənd, şimaldan və şərqdən uca dağlarla əhatə olunmuş vadidə yerləşirdi. (İ.Ə.)

Onun şaxtadan yanıb-qaralmış çöhrəsində bir qürur var idi. (İ.Ə.)

Şofer Soltan qəddini düzəldib, yanında oturmuş Şahlara baxdı.(İ.Ə.)

Uzunboğaz çəkmə geymiş oğlan cilovdan möhkəm yapışıb, gözlərini yarı yummuşdu.(İ.Ə.)

Şərəfoğlu Rüstəm kişiyə və əllərini yekə enli şalın arxasında çarpazlamış Səkinəyə yaxınlaşdı. (M.İ.)

Hələ də hirsi soyumamış traktorçu əlini havada yellədi. (M.İ.)

Külək vurmuş ağac kimi büküləcək bu qamətin.(S.V.)

Bu misallarda bağlamış, şumlanmış, tükənmiş, əhatə olunmuş, yanıb-qaralmış, oturmuş, geymiş, vurmuş sözləri özlərindən sonra işlənmiş qızlar, sahə, ürgə, vadi, çöhrə, Şahlar, oğlan, Səkinə, traktorçu, ağac isimləri ilə bağlı olub, əşyanın hərəkətlə bağlı əlamətini bildirir.

Qeyd. Burada feli sifət tərkiblərini deyil, feli sifət şəkilçili sözləri nəzərə çarpdırmağa çalışmışıq.

-mış feli sifət şəkilçisi qeyd edilən şəkilçilər içərisində nəqli keçmişin şəkilçisi ilə daha yaxındır. Onları fərqləndirmək üçün nəzərə almaq lazımdur ki, feli sifət isimdən (və isimləşmiş sözdən) əvvəl işlənər, nəcə? nə cür? hansı? suallarına cavab verər, substantivləşər və bu zaman mübtəda, tamamlıq vəzifələrində işlənər, zaman şəkilçisi isə cümlənin sonunda, feli xəbərdə özünü göstərir:

Feli sifət
yazılmış məktub
oxunmuş kitab
açılmış qapı
əkilmiş sahə

Nəqli keçmiş
məktub yazılmışdır
kitab oxunmuşdur
qapı açılmışdır
sahə əkilmişdir

-mış şəkilçisi ilə düzələn feli sifətlər asanlıqla substantivləşə bilir:
-Oxuyurmu qəzetə şəhrinizin əhli tamam?
-Bəzi sarsaq oxumuşlar oxuyur, mən oxumam. (S.)

Qırılmışlar bu gecə də gəliblər. Bunları azar qırsın, salamat olmamışlar haradan daraşdılar bu kəndin canına? (İ.M.)

A görməmiş oğlu görməmiş, burada arvad qəhətliyi idi? (İ.M.)

b) Keçmiş zaman feli sifətləri düzəldən şəkilçilərdən biri də «-dıq + mənsubiyyət şəkilçisi» tərkibindən ibarət olan çoxvariantlı bir şəkilçidir. -dıq şəkilçisi təklikdə işlənmir və heç bir məna ifadə etmir.Yalnız mənsubiyyət şəkilçiləri ilə birlikdə çıxış edir. Bütün şəxslərin təki və cəmi üzrə mənsubiyyət şəkilçilərini qəbul edir və 24 müxtəlif variantda işlənir.
I şəxsin təki ilə: -dığım,-diyim,-duğum, -düyüm;
I şəxsin cəmi ilə: -dığımız,-diyimiz,-duğumuz,-düyümüz;
II şəxsin təki ilə: -dığın,-diyin,-duğun, -düyün;
II şəxsin cəmi ilə: -dığınız,-diyiniz,-duğunuz,-düyünüz;
III şəxsin təki ilə: -dığı,-diyi,-duğu,-düyü;
III şəxsin cəmi ilə: -dıqları,-dikləri,-duqları,-dükləri.

Bu şəkilçi hərəkətlə bağlı əlamətin keçmiş zamana aid olduğunu, iş haqqında məlumat verilən zaman onun icra edilmiş (və ya edilməmiş) olduğunu bildirir, əlaməti danışıq vaxtından əvvələ aid edir. Çoxvariantlı olmaqla yanaşı, həm də çoxişlənən şəkilçidir. Məs.:
Sən, ey başladığım bu uzun şeir, Yadda qalacaqmı barı bir sözün? (S.V.)

Haramı – qışda qoyun saxladığımız yerə deyirdik. (İ.Ə.)

Tərəkəmə olduğumuzu yaddan çıxarmışıq. (İ.M.)

Görmədiyin adamı xatırlamaq çətindir.(İ.M.)

Sizin yazdığınız məktub mənə çox gec çatdı.

Lal Hüseyn yük maşınının gübrə daşıyan yerdə çevrilib böyrü üstdə yolun altına yuvarlandığını xəbər verdi.(M.İ.)

O, Qartallı Dərəyə gələndən bəri birinci dəfə olaraq özünün salamat qaldığına, donub ölmədiyinə sevindi. (İ.Ə.)

Lakin Əbil o qədər də ağılsız deyildi ki, adamın üzünə baxanda onun qəmli, ya şad olduğunu, hirsləndiyini, ya sevindiyini bilməsin. (İ.M.)

Ağızlarının qayaya dirəndiyini görəndə çobanlar neçə il gəzdirdikləri çomaqlarını hara gəldi, qolazladılar.(İ.M.)

Bu şəkilçini onun işlək formalarından biri – -dığı,-diyi, -duğu, -düyü forması ilə adlandırmaq olar.

-dığı şəkilçili feli sifətlərin əsas sintaktik vəzifəsi təyindir; məs.:
Bunlar onun uşaqlıqda eşitdiyi nağıllara bənzəyirdi. (İ.Ə.)

Xankişinin qaldığı pansionat Kislovodskinin lap qurtaracağında idi.(İ.M.)

-dığı şəkilçili feli sifətlər əksərən substantiv vəziyyətdə işlənir, adi halda və ya tərkib şəklində mübtəda və tamamlıq vəzifələrində işlənir; məs.:
İçdiyimiz göz yaşı, yediyimiz dərd, azar. (R.R.)

Neçə gün əvvəl qarmaqarışıq yuxuda ala qarğa ilə döyüşdüyü Ələmin yadına düşdü. (İ.M.)

Əbil mat-mat gah Ələmə baxdı, gah İnnaba, onların nəyə güldüklərini anlaya bilmədi.(İ.M.)

Qız bu çarpayıda onu ölümdən xilas edən oğlanın yatmış olduğunu xəyalından keçirdi. (İ.Ə.)

Mənim gözlərimə dəydiyin anı Yadıma yazmışam ad günü kimi.(Ə.Q.)

Bu misallarda içdiyimiz, yediyimiz, neçə gün əvvəl qarmaqarışıq yuxuda ala qarğa ilə döyüşdüyü sözləri və birləşmələri mübtəda, onların nəyə güldüklərini, bu çarpayıda onu ölümdən xilas edən oğlanın yatmış olduğunu, mənim gözlərimə dəydiyi anı birləşmələri tamamlıq vəzifəsində işlənmişdir.

-dığı şəkilçili feli sifətlər isimləşdiyi, hallana bildiyi üçün qoşmalar qəbul edərək tərz, zaman, səbəb zərfliyi vəzifələrində də işlənir; məs.:
Nağıllarda deyildiyi kimi, gəldi, gördü və onu qaldırdı yuxarı. (İ.M.)

Əhəd o günü görürdü və o günü açıq-aydın gördüyü üçün də daxilində bir rahatlıq duyurdu. (İ.M.)

Ürəyi sıxıldığından Pərşan tez-tez qaşqabaqlı atasına baxırdı. (M.İ.)

-dığı şəkilçili feli sifətlər an, vaxt, zaman sözləri ilə yanaşma əlaqəsi əsasında birləşərək mürəkkəb zaman zərfliyi vəzifəsində də çox işlənir; məs.:
Maral sahilə endiyi zaman Kür suları da sapsarı olmuşdu.(M.H.)

Birinci dəfə rayona getdiyi vaxt anasının ağladığını görüb qızın gözləri doldu. (İ.Ə.) 

Bu cür tərkiblər başqa bir feli sifət mühitinə də düşə bilir: Lakin hissiyyatın coşduğuhansı bir səbəbdənsə ruhun oynadığı zaman içilən andlara hər kəs sadiq qalırmı? (M.İ.)

2. İndiki zaman feli sifətləri -an,-ən şəkilçisi ilə düzəlir.

Bu şəkilçinin dadanmaq, gücənmək, hıqqanmaq, hoppanmaq kimi bir neçə sözdə sözdüzəldici şəkilçi kimi işləndiyini nəzərə almasaq, yeganə oricinal, omonimi olmayan feli sifət şəkilçisidir. Əşyanın hərəkətlə bağlı əlamətinin danışılan vaxta, yəni indiki zamana aid olduğunu bildirir. Məs.:
Yiyəsinin onu nə üçün tutub saxladığını anlaya bilməyən boz ürgə ağzındakı yüyəni hirslə gəmirərək şaqqıldatdı. (İ.Ə.)

O danışdıqca Əbu Səidin gözləri qıyılır, bir-birinə yaxınlaşan göz qapaqları arasında qonur göz bəbəkləri parıldayırdı. (F.K.)

Ocağın səngiyən közünü dağıdan xidmətçi şor motalına oxşayan dərini çıxartdı.(F.K.)

Uzun Həsən ona tərəf gələn ayğırı əldən buraxmadı.(F.K.)

Lakin -an,-ən şəkilçisi ümumi zaman da bildirir, bəzən keçmişə və gələcəyə aid əlamətləri də əhatə edir; məs.:
Öz xalqına gələcəyi bildirən,
Bir kəlməylə yağıları öldürən,
Könülləri sevindirən, güldürən
Baldan şirin dodaq, dil mənimkidir. (S.R.)

Örkən, çatı toxuyan,
Üstü gərmə qoxuyan,
Tarlalarda ot biçən,
Gölmələrdən su içən
Qızlarımız da varmış.(S.V.)

-an,-ən şəkilçili feli sifətlər də tərkib əmələ gətirir. Cümlədə əsas sintaktik vəzifəsi təyindir, lakin asanlıqla substantivləşərək mübtəda, tamamlıq, xəbər vəzifələrində işlənir; məs.:

  • Təyin vəzifəsində: Rüstəm kişi corab toxuyan, tikiş tikən, qab-qacaq silərək heç bir zaman işsiz oturmayan orta boylu, mütənasib bədənli arvadı Səkinə ilə danışırdı. (M.İ.)

    Mübtəda vəzifəsində: Dəllək Məminin dükanına gedən təkcə Əbil deyildi.(İ.M.)

    Nəyə lazımdır o vəzifə ki, ona çatan insanlığını itirəcək? (M.İ.)

    Oğul evləndirənlər qız üçün Tanrıqulunun qapısını açmırdılar. (İ.M.)

    Bizi qardaş edən məhəbbətdir.(M.İ.)

  • Tamamlıq vəzifəsində: Bəzən xırda bir şey üçün qızışıb özündən çıxır, fikrinə qarşı fikir deyənlərə zorla qulaq asırdı. (M.İ.)

    Hər xırda şey üçün özündən yuxarıya ağız açanlardan zəhləsi gedərdi.(M.İ.)

  • Xəbər vəzifəsində: Şahlar iş biləndir, adama qiymət qoyandır.(İ.Ə.)

    Mən iclas-zad çağıran deyiləm! (M.İ.)

  • Zərflik vəzifəsində: Görünür, quşların başçısı bu idi, ağzını açan kimi, o biri qarğalar ona hay verdilər.(İ.M.)

    Səpin başlanana qədər Rüstəm kişi tərəvəz və bağ-bostanın işinin canını almağa qərar vermişdi.(M.İ.)

    Əbil sakitləşmədi, gözləri yaşaranacan, boğulanacan güldü.(İ.M.) 

Substantivləşərək yiyəlik hal şəkilçisi ilə ismi birləşmənin asılı tərəfi kimi işlənir:
Ürəyi bir kəsə vurulmayanın
Sevgisi anadan olmayıb hələ.(Ə.Q.)

3. Gələcək zaman feli sifətləri aşağıdakı şəkilçilərlə düzəlir:
a) -acaq,-əcək şəkilçisi. Feli sifət şəkilçisi kimi nisbətən az işlənən bu şəkilçi qəti gələcək zamanın şəkilçisi ilə bir kökdəndir. Feli sifət şəkilçisi kimi işləndikdə də hərəkətlə bağlı əlamətin gələcək zamana aid olduğunu bildirir, əşya bildirən bir sözü təyin edir; məs.:
Ona elə gəldi ki, müqavilədə ancaq asanlıqla yerinə yetirilə biləcək şeylər nəzərdə tutulmuşdur.(M.İ.)

Özünün yerini və adını gözləyən Rüstəm kişi peşmançılığını bildirəcək adam deyildi. (M.İ.)

Məni azad eləyəcək bir məxluq var, elə bu yaxınlarda gələcək. (F.K.)

Digər feli sifətlər kimi, -acaq şəkilçili feli sifətlər də tərkib yaradır, substantivləşərək hal və mənsubiyyət şəkilçiləri qəbul edir:
Şirzad məsələnin bununla qurtaracağını düşünürdü. (M.İ.)

Elə bil ki, onlar bu nəhəng pələngin duyuq düşüb tərpənəcəyindən qorxurdular. (İ.Ə.)

b) -malı,-məli şəkilçisi. Digər feli sifətlər kimi,-malı, -məli şəkilçili feli sifətlər də əşya bildirən sözdən əvvəl işlənir, necə? nə cür? hansı? suallarına cavab verir. Əsas sintaktik vəzifəsi təyindir, lakin isimləşdikdə mübtəda, tamamlıq vəzifələrində çıxış edər. Məs.:
O bilirdi ki, dünyanın müxtəlif ölkələrində gedilməli, gəzilməli, baxılmalı yerlər çoxdur, amma o yerləri gəzmək üçün imkan da lazımdır.

Bu şəkilçi felin vacib şəklinin morfoloji əlaməti ilə bir kökdəndir.

-malı,-məli şəkilçili fellər tarixən feli sifət kimi yaranmış olsa da (6, 271), indi feli sifət kimi təyin vəzifəsində nisbətən az işlənir. Xəbər vəzifəsində daha çox işlənir; məs.:
Vələd başını aşağı salıb balalarını saxlamalıdır.(İ.M.)

Yüksək məhsul üçün gərgin işləmək lazımdır, aqrotexniki qaydalara ciddi əməl olunmalıdır. (M.İ.)

Mahmud bu yazıq Camaata bildirməliydi, deməliydi ki, mən də siznənəm. (Elçin)

Mən səndən ayrılmalıyam. (Elçin)

Sofi özü özünə kömək etməli idi. (Elçin)

İnsan nə üçün bədbəxt olmalı idi, bu boyda dünyada ac olmalı idi.(Elçin) 

Bu misalların hamısının inkarını deyil ədatı ilə düzəltmək mümkündür:
Sofi özü özünə kömək etməli deyildi. (Elçin)


İnsan bədbəxt olmalı deyildi, bu boyda dünyada ac olmalı deyildi. (Elçin)

Bu hal göstərir ki, -malı,-məli şəkilçisi feli sifətdən şəkil əlamətinə doğru inkişaf prosesi keçirir.

Vacib şəklinin inkar formasının həm -ma,-mə şəkilçisi, həm də deyil ədatı ilə yarandığı qeyd edilir. (1. 205; 3, 353) Həqiqətdə də -malı,-məli şəkilçili sözlər xəbər vəzifəsində işlənərkən inkar forması həm -ma,-mə şəkilçisi, həm də deyil ədatı ilə düzəlir; məs.:
Guya onun mövqeyində olan adam başqa işlərə baş qoşmamalıdır. (İ.M.)

Mən səndən ayrılmamalıyam.(Elçin)

Birinci niyyəti bu idi ki, Şeyx Əli onu qarşılamağa çıxmamalıdır. (F.K.)

Bu misallarda fərqləndirilən sözlərdəki -ma,-mə şəkilçisini atıb, felin inkarını deyil sözü ilə də düzəltmək olar:
Şeyx Əli onu qarşılamağa çıxmalı deyil.

Deyil ədatı adətən ismi xəbərlə işlənər. Əgər -malı,-məli şəkilçili fellə işlənirsə, deməli, həmin sözlər substantivləşmiş feli sifətlərdir. Bunu həmin sözlərdən sonra bir ismin artırıla bilmək imkanı da təsdiq edir:
Şeyx Əli onu qarşılamağa çıxmalı şəxs deyil.

Bu cür hallarda məna dəyişikliyi yaranır, işin vacibliyi zəifləyir, nəzərdə tutulan təyinlənən ismə münasibət güclənir. Bundan əlavə, bu cür sözlər deyil ədatı ilə nisbətən az hallarda işlənir. Bütün bunlar -malı,-məli şəkilçili felin xəbər vəzifəsində sürətlə vacib şəkli kimi formalaşmaqda olduğunu göstərir.

c) -ası,-əsi şəkilçisi. Bu şəkilçi həm feli sifət, həm də lazım şəklinin əlaməti kimi az işlənən şəkilçidir.

Lazım şəkli
Məktub yazılasıdır
İş görüləsidir
Söz deyiləsidir
Kitab oxunasıdır

Feli sifət
yazılası məktub
görüləsi iş
deyiləsi söz
oxunası kitab

Lazım şəklinin inkarının deyil ədatı ilə düzəlməsi (oxuyası deyiləm, gələsi deyilik və s.) göstərir ki, bu şəkilçi ümumən feli sifət şəkilçisidir, lakin tədricən şəkil əlamətinə çevrilməkdədir. Lakin bu cəhətdən inkişaf etibarilə vacib şəklindən də geri qalır.

ç) -ar,-ər və -maz,-məz şəkilçiləri.

Bunlar qeyri-qəti gələcəyin şəkilçiləri ilə bir kökdəndir.

Təsdiq forması az işlənir və feli sifət xüsusiyyətini itirmək, sifətə çevrilmək istiqamətində inkişaf edir; məs.: gülər üz, ağlar uşaq, axar su və s. Lakin zəif şəkildə olsa da, feli sifət xüsusiyyəti var: axar su – axmaz su, gülər üz – gülməz üz. Ovcunu açanda əllərində gümüş tozuna oxşar toz vardı.(F.K.)

Oxşar sözündə idarəetmə xüsusiyyəti də var: gümüş tozuna oxşar. Lakin hiss olunur ki, inkar forması daha artıq sifətə çevrilmə prosesi keçirir; məs.:
Nəcəfin gözəl xasiyyəti vardı, dünyada çıxılmaz və ümidsiz vəziyyət bilməzdi. (M.İ.)

Bəli, həyatımızın gözəlliyi onun daim irəliləməsindədir, dayanmaz yüksəlişindədir. (M.İ.)

Təsəvvürə gəlməz bir qüvvət və zirəkliklə qızı qaldırıb atın üstünə qoydu. (İ.Ə.)

Bu həyəcan onu oturanlara anlaşılmaz görünən gərgin səslə danışmağa məcbur etdi. (M.İ.)

Bu misallarda çıxılmaz (vəziyyət), dayanmaz (yüksəliş), təsəvvürəgəlməz (yüksəliş) sözləri təyin vəzifəsindədir və artıq sifətə çevrilmişdir. Son misalda anlaşılmaz sifəti adverbiallaşmışdır.

Məlumat üçün. Dilimizdə feli bağlamalara çox yaxın olan və demək olar ki, feli bağlamalarla sinonim kimi işlənən bir sıra qrammatik formalar vardır. Bunlar «feli sifət + qoşma» şəklində olan nitq vahidləridir. Həmin nitq vahidlərində keçmiş və indiki zaman feli sifətləri (-dıq,-mış, an şəkilçili) substantivləşərək adlıq, yönlük və çıxışlaq hallarında işlənir və qoşma qəbul edir.

Feli sifət adlıq halda, qoşma ilə birlikdə tərz və ya zaman bildirir; məs.: Ağzını açan kimi o biri qarğalar ona hay verdilər. (İ.M.)

Ayğır nəfəs almağa başlayan kimi ayağa durdu. (F.K.)

Sağsağan ac quşdur, elə ac olduğu üçün də adam səsi eşidən kimi hoppanıb düşür. (İ.M.)

Əhədin könlünü alırmış kimi astadan dilləndi.(İ.M.)

Ələm öz-özünə gileylənirmiş kimi üzünü yana tutdu. (İ.M.)

Möcüzə baş vermiş kimi oğlan bir an quruyub qaldı. (İ.Ə.)

Bütün bunları duyar kimi, fikirlərini eşidər kimi Qaraş titrək səslə dilləndi.(M.İ.)

Səhərisi Rüstəm kişi özünü irini deşilmiş kimi hiss edirdi.(M.İ.)

Feli sifət yönlük halda olub, qədər, kimi qoşmaları ilə əlaqələnir, daha çox zaman bildirir:
Arvadı gələnə qədər fürsətdən istifadə edib bir də düşündü. (M.İ.)

Özünü yığışdırana qədər gec oldu, yəhər çevrildi. (F.K.)

Geyinib çıxana kimi görmüşdü ki, onun Alapaçasını kimsə minib dərəyə endirir.(F.K.)

Feli sifət çıxışlıq halda olub, sonra, bəri və s. qoşmalarla əlaqələnərək zaman bildirir:
Qartallı Dərəyə gələndən bəri birinci dəfə olaraq özünün salamat qaldığına, ölmədiyinə sevindi.(İ.Ə.)

Uzun Həsən suyu da içəndən sonra qalxıb alaçıqdan çıxdı.(F.K.)

Maral təhlükənin sovuşduğunu yəqinləşdirəndən sonra zərif dodaqlarını suya salıb içməyə başladı.(F.K.)

Qapı açılıb-örtüləndən sonra, elə bil, içəri qatı zülmət çökdü. (F.K.)

Faktlar göstərir ki, bunlar tədricən qoşmaları itirərək feli bağlamaya çevrilə bilər. Hazırkı halda bunlar substantivləşərək adlıq, yönlük və çıxışlıq hallarında olan feli sifətdən və qoşmadan ibarətdir və funksiya etibarilə zaman və tərz zərfliyi vəzifəsində işlənirlər.