MÜASİR AZƏRBAYCAN DİLİ. MORFOLOGİYA

×

TƏRZ KATEQORİYASI

Fel tərzləri geniş mənada fellə ifadə olunan işin icra vəziyyətinin xarakterini, işin icra kəmiyyətini bildirir.(5, 286) Tərz anlayışı altında işin, hərəkətin icra olunub qurtarması (yazdım, oxudum, yazmışam, oxumuşam), işin davamlılığı (oxuyuram, yazıram, yazmaqdayam), işin icrasına başlanmadığı (yazaram, oxuyaram), işin icrasının birdəfəliliyi (səpdim, diddim), təkrarən icrası (səpələdim, didələdim), işin hala çevrildiyi (dondu – donub qaldı) və s. mənalar ifadə olunur.

Ümumiləşmiş şəkildə desək, tərz kateqoriyası hərəkətin kəmiyyət şəklinin dəyişməsini göstərən bir kateqoriyadır. Halhərəkətin icra olunub (və ya olunmayıb) qurtarması, bitib-bitməməsi, başlanıb-başlanmaması tərz kateqoriyasının əsasını təşkil edir. Tərz mənası cümlənin sonunda – şəxsli feldə ortaqlı şəkilçi və köməkçi sözlərlə ifadə olunur. Məsələn:
Dedim, susma, gözəlim Ay, deyiləm ki, mən özgəsi,
Mənə tanış yaranmışdır şadlıq neyi, hicran səsi. (S.V.)

Mən buzovu qucaqlardım, qaçmasın,
Deyərdi, bax, badya dolsun, daşmasın. (Ş.)

O elə hər şeydən ötrü deyinib-dururdu.

Bu misallardan birincisində, dedim, yaranmışdır – sözlərində felin tərz kateqoriyasına məxsus mühüm bir məna – işin icra olunub bitməsi mənası vardır; ikinci misaldakı qucaqlardım, deyərdi - fellərində işin icrasının davamlılığı, təkrarı, susma, qaçmasın, dolsun, daşmasın, bax fellərində işin icrasına başlanmadığı ifadə olunmuşdur. Son misaldakı deyinib-dururdu tərz birləşməsinin birinci tərəfi əsas işi, ikinci tərəfi həmin işin hala çevrildiyini bildirir.

Fellərdə tərz mənası iki üsulla əmələ gəlir:
1. Morfoloji üsulla;
2. Sintaktik üsulla.

Morfoloji üsulla tərz mənasının yaranması üçün həm tərz şəkilçiləri adlandırıla bilən xüsusi şəkilçilərdən, həm də ortaqlı şəkilçilərdən – zaman şəkilçilərindən istifadə olunur.

Ortaqlı şəkilçilərlə fel tərzlərinin ifadəsi. Zaman və tərz kateqoriyaları mahiyyət etibarilə yaxın olduğundan Azərbaycan dilində zaman şəkilçiləri fellərdə tərz mənasının yaranmasına da xidmət edir.

Zaman şəkilçiləri işin icra olunub qurtarmasına, bitib-bitməməsinə görə üç qrupa ayrılır:
İşin icra olunub bitdiyini göstərən zamanlar;
İşin bitmədiyini – davam etməkdə olduğunu göstərən zamanlar; 

İşin icrasına başlanmadığını göstərən zamanlar.

1. İşin icra olunub qurtardığını, tamamlandığını, bitdiyini göstərən zamanlar aşağıdakılardır:
a) şühudi keçmiş: yazdım, yazdın, yazdı; yazdıq, yazdınız, yazdılar;

b) nəqli keçmiş: yazmışam, yazmışsan, yazmışdır; yazmışıq, yazmışsınız, yazmışlar; yazıbsan, yazıbdır, yazıbsınız, yazıblar;

c) nəqli keçmişin mürəkkəbi:
hekayəsi: yazmışdım, yazmışdın, yazmışdı; yazmışdıq, yazmışdınız, yazmışdılar;
rəvayəti: yazmışmışam, yazmışmışsan, yazmışmış; yazmışmışıq, yazmışmışsınız, yazmışmışlar;

İşin icra olunub bitdiyini göstərən tərz bitmiş tərz adlanır.

2. İşin icrasına başlandığını, lakin onun bitmədiyini, davam etməkdə olduğunu göstərən zamanlar aşağıdakılardır:
a) indiki zaman: yazıram, yazırsan, yazır; yazırıq, yazırsınız, yazırlar;
b) indiki zamanın mürəkkəbi;
hekayəsi: yazırdım, yazırdın, yazırdı; yazırdıq, yazırdınız, yazırdılar;
rəvayəti: yazırmışam, yazırmışsan, yazırmış; yazırmışıq, yazırmışsınız, yazırmışlar.

c) qeyri-qəti gələcək zamanın mürəkkəbi:
hekayəsi: yazardım, yazardın, yazardı; yazardıq, yazardınız, yazardılar;
rəvayəti: yazarmışam, yazarmışsan, yazarmış; yazarmışıq, yazarmışsınız, yazarmışlar.

İndiki və qeyri-qəti gələcək zamanların hekayəsində işin icra vəziyyəti adətən işin keçmişdəki icra vəziyyəti barədə məlumat verən bir sözlə - zaman zərfi və ya feli bağlama ilə müəyyənləşir. Məsələn: Mən tələbə olanda sən tez-tez mənə məktub yazırdın. Sən Bakıda olanda mən səni görməyə gələrdim və s. Bu cür hallarda işin davamlı şəkildə, təkrarən icrası mənası da ifadə olunur.

İndiki və qeyri-qəti gələcək zamanların rəvayətində bu mənadan (işin davamlı, təkrarlı icrası mənasından) əlavə, danışanın unutqanlığı, işin icrası barədə başqasından məlumat alması kimi çalarlar da ifadə olunur. Məsələn: Sən institutda oxuyanda mən tez-tez sənin yanına gələrmişəm. Camaatın bayrama hazırlaşdığı vaxt mən kəndə gedirmişəm. Bayram günü sən evdə yatırmışsan.

İşin icrasına başlandığını, lakin bitmədiyini, davam etməkdə olduğunu göstərən tərz bitməmiş tərz adlanır.

3. Felin zaman və şəkillərinin bir qismi işin icrasına başlanmadığını, işin həmin iş haqqında məlumat verilən vaxtdan sonra icrasının nəzərdə tutulduğunu göstərir.

Bu qrupa aşağıdakılar daxildir:
a) qəti gələcək zaman: yazacağam, yazacaqsan, yazacaqdır; yazacağıq, yazacaqsınız, yazacaqlar;
b) qeyri-qəti gələcək zaman: yazaram, yazarsan, yazar; yazarıq, yazarsınız, yazarlar;
c) əmr şəkli: yazım, yaz, yazsın; yazaq, yazın, yazsınlar
ç) vacib şəkli: yazmalıyam, yazmalısan, yazmalıdır; yazmalıyıq, yazmalısınız, yazmalıdırlar
d) lazım şəkli: yazasıyam, yazasısan, yazasıdır; yazasıyıq, yazasısınız, yazasıdırlar; 
e) arzu şəkli: (gərək) yazam, yazasan, yaza; yazaq, yazasınız, yazalar
ə) şərt şəkli: (əgər) yazsam, yazsan, yazsa; yazsaq, yazsanız, yazsalar.

Bunlar işin icrasına başlanmadığını bildirən tərz mənası əmələ gətirir. Bunları da bitməmiş tərzə dazxil etmək olar.

Tərz şəkilçiləri ilə fel tərzlərinin ifadəsi. Bir sıra şəkilçilər var ki, onlar fellərədə hərəkətin kəmiyyət şəklinin dəyişməsinə səbəb olur. Bu şəkilçilər, zaman şəkilçilərindən fərqli olaraq, hərəkətin sürəkliliyini, təkrar-təkrar, davamlı şəkildə icrasını bildirir. Zaman şəkilçilərinin ifadə etdiyi davamlılıqla bunların ifadə etdiyi davamlılıq fərqlənir. Zaman şəkilçiləri işin zaman etibarilə davam etdiyini bildirir, bu şəkilçilər isə eyni bir işin təkrartəkrar icrasını göstərir.

Zaman şəkilçiləri hər cür felə artırıldığı halda, bu şəkilçilər az bir qrup sözlə, bəzən bir-iki fellə işlənir. Bunlar mahiyyət etibarilə sözdüzəldici şəkilçilərdir.

Tərz şəkilçiləri aşağıdakılardır:
-ala,-ələ şəkilçisi: səpmək – səpələmək, didmək – didələmək, qovmaq – qovalamaq, çözmək – çözələmək, oymaq – oyalamaq, sürtmək – sürtələmək, ovmaq – ovalamaq;

-ın,-in,-un,-ün şəkilçisi; bu şəkilçi qayıdış növ mənası yaratmaqla yanaşı, bəzi sözlərdə tərz mənası da yaradır: qaşımaq – qaşınmaq, döymək – döyünmək, çırpmaq – çırpınmaq, demək – deyinmək;

-ıx,-ik,-ux,-ük şəkilçisi: döymək – döyükmək, keyimək – keyikmək, solmaq – soluxmaq, bezmək – bezikmək;

-la,-lə şəkilçisi: arıtmaq – arıtlamaq, tapdamaq – tapdalamaq, sürütmək – sürütləmək, ovxamaq – ovxalamaq, çalxamaq – çalxalamaq, oynaq – oynaqlamaq, sıxcamaq – sıxcalamaq, dürtmə – dürtmələmək;

-na,-nə şəkilçisi: qısmaq – qısnamaq, kişnəmək, göynəmək, çeynəmək;

-ış,-iş şəkilçisi: çapmaq – çapışmaq, dartmaq – dartışmaq, tutmaq – tutuşmaq, qızmaq – qızışmaq, əzmək – əzişmək;

-şa,-şə şəkilçisi: dinmək – dinşəmək, göyşəmək, töyşəmək (son ikisi kökdən ayrılmır);

-ı, -ü şəkilçisi: qazmaq – qazımaq, sürmək – sürümək;

-əclə şəkilçisi: döymək – döyəcləmək.

Belə şəkilçilər azdır və bu şəkilçiləri qəbul edən sözlərdə də işin icra olunub qurtarması, bitib-bitməməsi zaman şəkilçilərinin iştirakı ilə müəyyənləşir; məs.: qovaladı, döyündü, döyükdü – bitmiş tərz; qovalayır, döyünür, döyükür – bitməmiş tərz.

Sintaktik üsulla fel tərzlərinin ifadəsi. Sintaktik üsullatərz mənasının yaranması üçün analitik fellərdən istifadə edilir.

-ıb,-ib,-ub,-üb, -araq,-ərək, -a-a,-ə-ə şəkilçili feli bağlama şəxsli fellə birləşərək analitik forma əmələ gətirir. Birinci tərəfi feli bağlama, ikinci tərəfi şəxsli feldən ibarət olan belə birləşmələr xarakter etibarilə müxtəlif olur. (3, 285-293) Belə birləşmələri üç qrupa ayırmaq olar:
1. Sintaktik birləşmələr;
2. Lüğəvi birləşmələr;
3. Tərz birləşmələri.

1. «Feli bağlama + şəxsli fel» quruluşlu birləşmələrin bir qismində hər iki tərəf müstəqil sözdən ibarət olur, tərəflər ayrıayrı cümlə üzvü vəzifəsində işlənir. Məsələn: Atlı çaparaq yaxınlaşırdı – cümləsində çaparaq – sözü tərz zərfliyi, yaxınlaşırdı – xəbərdir. Belə birləşmələrin tərəfləri arasına müxtəlif sözlər də daxil etmək mümkündür: Atlı çaparaq sürətlə kəndə yaxınlaşırdı. Odur ki belə birləşmələr tərz birləşməsi hesab olunmur. Bu cür birləşmələrdə tərz mənası şəxsli feldəki zaman şəkilçisi ilə yaranır; məs.: çaparaq yaxınlaşdı – bitmiş tərz, çaparaq yaxınlaşırdı – bitməmiş tərz. Bu cür birləşmələr adi sintaktik birləşmələr – feli birləşmələrdir.

2. Bəzən feli bağlama ilə şəxsli fel birləşərək mürəkkəb fellər – lüğəvi vahidlər əmələ gətirir; məsələn: qışqırıb-bağırır, yanıb-yaxılır, qızarıb-bozarır, əsib-coşur, ölçüb-biçir, qaynayıb-qarışır və s. Mürəkkəb fellərin tərəfləri sərbəst deyil; tərəflər arasına söz daxil olmur, tərəflər birlikdə bir məna, bir məfhum ifadə edir, birlikdə bir üzv olur. Bu cür dil vahidlərində də tərz mənası zaman şəkilçilərinin köməyi ilə yaranır; məsələn: yanıb-yaxıldı, əsib-coşdu – bitmiş tərz, yanıb-yaxılırdı, əsib-coşurdu – bitməmiş, davamlı tərz.

3. «Feli bağlama + şəxsli fel» tipli birləşmələrin bir qismi tərz birləşmələri yaradır. Bunlar lüğəvi birləşmələrə çox yaxındır:
Bayaqdan gözlənilən adam gəlib çıxdı. Əsgər yerindəcə donub qaldı. O, elə bil, öz yerində quruyub qalmışdı – cümlələrində gəlib çıxdı, donub qaldı, quruyub qalmışdı – sözləri tərz birləşmələridir. Bunların sintaktik və lüğəvi birləşmələrdən fərqi odur ki, əsas məna belə sözlərin birinci tərəfində olur, ikinci tərəf (şəxsli fel) isə köməkçi söz xarakteri daşıyır, yeni bir məna ifadə etmir, tərz mənası yaradır, sadəcə olaraq işin hala çevrildiyini bildirir: gəlmək – elə çatmaqdır, donmaq, qurumaq qalmaqdır və s. Tərz birləşmələri mürəkkəb fel sayılır.

Tərz birləşmələrinin aşağıdakı mənaları vardır:
1. İşin tam icra olunduğunu bildirir: Məktub təzəcə gəlib çatmışdı.

2. İşin davam etməkdə olduğunu bildirir: Gözlərini bir nöqtəyə dikib dururdu. Həyət dibi yamyaşıl sarmaşıq kolu uzanıb gedirdi.(İ.M.)

3. İşin hala çevrildiyini bildirir: O, yerindəcə quruyub qalmışdı. Mən onun bu sözlərindən donub qaldım. O bu sözdən sonra duruxub qaldı. O baxa-baxa qaldı. Möcüzə baş vermiş kimi oğlan bir an quruyub qaldı.(İ.Ə.)

Beləliklə, fellərdə morfoloji və sintaktik yolla aşağıdakı tərz mənaları ifadə olunur:
Fellər işin, hərəkətin icra olunub bitdiyini bildirir: yazdı, gəldi, oxuyub qurtardı;

İşin, hərəkətin davam etməkdə olduğunu bildirir: yazırdı, gəlirdi,yanıb-yaxılırdı;

İşin icrasına başlanmadığını bildirir: yazar, yazacaq, gəlməlidir;

İşin, hərəkətin təkrar-təkrar icrasını bildirir: döyəclədi, səpələdi, qaraladı; Sahibə danışdıqca kövrəlirdi, dəsmalının uclarını, qıraqlarını didişdirirdi.(T.K.)

İşin hala çevrildiyini bildirir: yerində donub qaldı, quruyub qaldı və s.: Niyə donub qalmısan? Tərpənsənə! (İ.Ə.)