MÜASİR AZƏRBAYCAN DİLİ. MORFOLOGİYA

×

KƏSR SAYLARI

Miqdar sayının bu növü tamın, ədədin hissəsini bildirir.

Müəyyənlik, konkretlik bildirən miqdar saylarından düzəlir. Kəsr sayları çoxluq bildirən hər hansı bir sayın -da,-də yerlik hal şəkilçisini (canlı danışıqda bəzən -dan,-dən şəkilçisini) qəbul edərək, azlıq bildirən və heç bir dəyişikliyə uğramayan bir sayla birgə işlənməsi yolu ilə yaranır; məs.: altıda beş, beşdə bir = 5/6, 1/5 və s.

Çoxluq bildirən say əvvəl işlənir: dörddə(n) bir, üçdə(n) iki və s. Əslində, tarixən -dan,-dən şəkilçili forma daha düzgündür: beşdən bir dedikdə beş hissədən birinin götürüldüyü nəzərdə tutulur. Lakin -da,-də şəkilçili forma ədəbi dilimizdə sabitləşmişdir.

Kəsr sayları mürəkkəb quruluşa malikdir və substantiv saydır. Odur ki daha çox başqa sözlərlə birləşərək mübtəda, tamamlıq və xəbər vəzifələrində işlənir: Məhsulun üçdə-biri bizimdir. Biz məhsulun üçdə-birini sata bildik.