MÜASİR AZƏRBAYCAN DİLİ. MORFOLOGİYA

×
ƏMR ŞƏKLİ

Felin əmr şəkli əmr, xahiş, təkid, tələb, məsləhət, nəsihət bildirir.

Əmr şəklində olan fellər danışanın iş, hal, hərəkətin icra edilməsi (və ya edilməməsi) haqqında təkid, tələb, məsləhət, nəsihət və çağırışını ifadə edir. Məsələn:
Uşağın üstünə tez-tez qışqırır ana:
-Qaçma! Gülmə! Yüyürmə!
Bir farağat dursana!..
Uşaq çöldə, bayırda gülməsin, yüyürməsin,
Yıxılmağın, durmağın ləzzətini bilməsin,
Bəs neyləsin, ay ana!
Uşağı dinc qoysana! (B.V.)

Bu misralarda işlənmiş qaçma, gülmə, yüyürmə, farağat dursana felləri həqiqi mənada əmr, təkid, tələb bildirir, gülməsin, yüyürməsin, bilməsin, neyləsin, dinc qoysana fellərində isə məsləhət, nəsihət mənası vardır və bunlar hər şeydən əvvəl, danışanların intonasiyası ilə təzahür tapır.

Əmr şəklində olan fellər öz intonasiyası ilə başqa şəkillərdən fərqlənir. Lakin əmr şəklində olan sözlərin də hamısı həmişə yüksək intonasiya ilə tələffüz edilmir və onların da tələffüz fərqləri vardır. Yuxarıdakı misalda ananın intonasiyası öz kəskinliyi ilə şairin məsləhət xarakterli intonasiyasından fərqlənir.

Əmr şəklində olan fellər öz intonasiyasına görə çox zaman nidalarla müqayisə edilir.

Felin əmr şəklinin ikinci şəxs təki felin bütün kateqoriyaları, yəni dəyişmə, təsrif formaları üçün çıxış, başlanğıc formasına uyğun gəlir və bu cəhətdən 2-ci şəxsin təkində olan fellər ismin adlıq halına bənzəyir.

Əmr şəklinin xüsusi morfoloji əlaməti yoxdur. Fel kökü və ya əsasına yalnız şəxs şəkilçilərini artırmaqla düzəlir. Ona görə də felin əmr şəklini belə modelləşdirmək olar:

Felin əmr şəkli = fel kökü və ya əsası + şəxs şəkilçiləri.

Əmr şəklinə məxsus şəxs şəkilçiləri aşağıdakılardır:

I ş. tək: -ım,-im,-um,-üm
II ş. tək: -
III ş. tək: -sın,-sin,-sun, -sün

alım, gəlim
al, gəl
alsın, gəlsin

cəm: aq,-ək
cəm: -ın,-in,-un,-ün
cəm: -sınlar,-sinlər,-sunlar, -sünlər

alaq, gələk
alın, gəlin
alsınlar, gəlsinlər

Fel açıq hecalı olduqda birinci şəxsin təkində və cəmində şəxs şəkilçisindən əvvəl «y» bitişdiricisi işlənir: oxuyum, başlayım; oxuyaq, başlayaq.

Qeyd. Canlı danışıq dilində və bəzi bədii əsərlərdə 2-ci şəxsin təkində -gınan,-ginən,-gunan,-günən, -sana,-sənə şəkilçilərindən istifadə edilir: algınan, gəlginən, durginən, görginən; alsana, gəlsənə.

Yorulmusan, bir dincini alsana!. (Ə.M.)

Yazıq Qurbanini dərdli yazgilən,
Hər cür cəfasına, cəbrə dözgilən,
Öz əlinlə məzarını qazgilən,
Qoy məzara, özün dəfn elə, gəlin! (Qurbani)

2-ci şəxsin cəmini düzəltmək üçün bədii dildə bəzən -ınız, iniz, -unuz,-ünüz şəkilçisi müşahidə olunur: alınız, gəliniz, durunuz, görünüz. Hətta bəzən -sanız,-səniz şəkilçisinə də təsadüf edilir: Vursanız, bunları yıxılalar! (M.F.A.)

Bu şəkilçilər artıq ədəbi norma xüsusiyyətini itirməkdədir. Yalnız -sana, sənə şəkilçisi mövqeyini canlı dildə daha çox mühafizə etməkdədir.

Əmr şəklinin şəxs şəkilçiləri başqa şəkillərin şəxs şəkilçilərindən bir qədər fərqlənir. Başqa şəkillərin ikinci şəxs təkinin şəxs şəkilçisi olduğu halda, əmr şəklinin 2-ci şəxs təkinin şəkilçisi yoxdur. Bunun əksinə olaraq, başqa şəkillərin çox zaman üçüncü şəxs təkinin şəkilçisi olmadığı halda, əmr şəklinin özünə məxsus şəkilçisi var.

Heç şübhəsiz, əmr şəklinə məxsus modeldə təsirlik, növ və inkarlıq şəkilçilərinin yeri daim boş və hazırdır. Bunlar əmr məzmununa mane ola bilmir. Məs.:
Gülmək feli: gülüm – güldürüm – güldür-t-dür-üm – güldür-t-dür-mə-(y)im; yaxşılaşmaq feli: yaxşılaşsın – yaxşılaş-dırıl-sın – yaxşılaş-dır-ıl-ma-sın.

Göründüyü kimi, əmr şəklində təsirlik, növ, inkarlıq və şəxs şəkilçiləri iştirak edir (əvvəlki üçü olmaya da bilər). Zaman anlayışı felin bu şəklində şəklin məzmunu ilə bilinir. Belə ki əmrin icrası yalnız əmrdən sonra yerinə yetirilə bilər (təkcə əmr deyil, xahiş, məsləhət, nəsihət və s. olduqda da). Ona görə də əmr şəklinin ifadə etdiyi iş həmin iş haqqında söhbətdən sonrakı dövrə – gələcək zamana aid olur.

Haqqında danışdığımız şəklin adı «əmr şəkli» olsa da, tərifdən göründüyü kimi, bu şəkil yalnız təkid, tələb, əmr məzmununa malik olmayıb, nəsihət, məsləhət, çağırış, arzu, istək, qəzəb, yalvarış, təskinlik və s. kimi mənalar da ifadə edir. Ona görə də «əmr şəkli» termini şərti bir termin hesab olunur.

Məlumdur ki, şəxs özü özünə əmr edə bilməz. Ona görə də 1-ci şəxsin təki daha çox arzu, istək bildirir; məs.: Gedim su gətirim, gülləri sulayım.(C.C.) Gedim bir də xəstələrə baş çəkim.

Birinci şəxsin cəmində xahiş, istək, çağırış mənaları güclü olur:
Gedək, dostlar, gedək hey axın-axın,
Düşməni Təbrizə qoymayaq yaxın.(S.R.)

Həqiqi mənada təkid, tələb 2-ci şəxsin təkində və cəmində özünü göstərir; məs.:
Sement verin! Beton tökün! Qaçırmayın Kürü gözdən! (S.V.)
İşçilər. Aç! Çəkici verin! Sındırın! Dəmiri gətir! Vur təpiyi! Cəhənnəmə ki... Aç, çıx bayıra! (C.C.)

Baş aparma, dur! (S.V.)

İkinci şəxsdə çağırış, məsləhət, kinayə, rişxənd mənaları da mühümdür:
dilini, yum gözünü, zahida,
Vird elə, heç anlama mənasını! (S.)

Bizə mane olma, qoy işimizi görək. Ayrı vaxt lap ağac götür, bizi döy. Çıxart bunu yadından! «Türmə» sözünü bir də ağzına alma! (İ.M.)

Sallana-sallana gələn Salatın, Gəl belə sallanma, göz dəyər sana. (Qurbani)

Üçüncü şəxsdə məsləhət, nəsihət, arzu, istək mənaları daha çox nəzərə çarpır; məs.: Dağılsın buludlar, açılsın hava. (S.R.)

Gəlsin bahar fəsli, açılsın yazlar,
Göllərə tökülsün ağ quba qazlar. 
Bəyzadə oğlanlar, xanzadə qızlar,
Yar ilə danışan dillər sevinsin! (Qurbani)

Anasan, səndə də bir insaf olsun! (İ.Ə.)

Əmr şəklində olan fellər cümlə daxilində bir sıra ədatlarla birgə işlənir və həmin ədatlar əmr, təkid, tələb, arzu, istək mənalarını gücləndirir. Məs.:
Ha ədatı: Başqalarını öyrət, amma özün də öyrənməyi unutma, ha! (İ.Ə.)

Bir ədatı: Ay camaat, bir sakit olun, bir yol verin! (M.İ.)

Gör, görüm, görək ədatları: Ay qız, bir dilboğaza sal görüm! (M.İ.)

Qoy ədatı: Qoy qızların üzü gün kimi gülsün! (S.V.)

Qoy açılsın min bir çiçək,
Qızıl güldən ətir çəkək.(S.V.)

Di ədatı: Di ver cavabını, nə durmusan, din! (S.V.)

Gəl ədatı: Gəl çıxaq seyrinə uca dağların! (H.A.)

Gəl yazaq şərt üçün öz tərcümeyi-halımızı! (S.)

Bunlardan əlavə, bax, barı, təki, bircə ədatları da əmr məzmununu gücləndirməyə təsir edir.

Əmr şəklində olan fellərdə iş həmişə müasir səviyyədə özünü göstərir, birbaşa keçmişə aparıla bilmir, odur ki başqa şəkillərdən fərqlənərək felin bu şəkli idi, imiş zaman ədatları ilə əlaqələnmir. Lakin başqa fellərin köməyi ilə gələcəyə aid olan əmr, təkid, istək məzmunu bütövlükdə keçmişə aparıla bilər:
Mən buzovu qucaqlardım qaçmasın,
Deyərdi: -Bax, badya dolsun, daşmasın.(Ş)
– misralarından ikincisində əmr şəklində olan bax, dolsun, daşmasın sözləri deyərdi felinin köməyi ilə hekayə məzmunu qazanmışdır. Həmin feli (deyərdi) deyərmiş şəklinə salmaqla rəvayət məzmununu da yaratmaq mümkündür.