MÜASİR AZƏRBAYCAN DİLİ. MORFOLOGİYA

×

İSMİN QURULUŞCA NÖVLƏRİ

Dilimizin lüğət tərkibində olan isimlər sadə, düzəltmə və mürəkkəb olmaqla üç qrupa ayrılır.

SADƏ İSİMLƏR

Sadə isimlər yalnız söz kökündən ibarət olur və ikinci bir morfemə ayrılmır. Dağ, ata, su, çöl, daş, ay, ağac, gül, yel, göz, əl sözləri morfoloji tərkibinə görə sadədir. Bu cür sözlər əksəriyyət etibarilə çox qədim tarixə malikdir və çox qədim dövrlərdən ünsiyyətə xidmət edir. Dilimizdə elə isimlər də var ki, zahirən asanlıqla kök və şəkilçiyə ayrıla bilir. Məs.: otaq, ocaq, külək, çiçək, kürək, dırnaq, yarpaq, kəpənək, çörək, burun və s. Lakin belə sözləri kök və şəkilçiyə ayırmaq olmaz. Bunları kök və şəkilçiyə ayırdıqda ya kök məna vermir (çiç-ək, dır-naq, cöngə), yaxud da sözün bütövlükdə mənası ilə kök kimi ayırdığımız hissənin mənası arasında əlaqə olmur (ot-aq, kül-ək, bur-un). Odur ki bu cür sözlər də sadə isim hesab olunur.

DÜZƏLTMƏ İSİMLƏR

Düzəltmə isimlər sözlərin kök və əsaslarından sözdüzəldici şəkilçilər vasitəsilə düzələn isimlərdir. Azərbaycan dilinin sözdüzəldicilik vasitələri, o cümlədən isim düzəldən şəkilçilər zəngindir.

İsim düzəldən şəkilçiləri bir neçə cəhətdən qruplaşdırmaq olar. Şəkilçilər həm adlardan (isim, sifət, say və əvəzlikdən) isim düzəldir, həm də fellərdən. Bir qismi yalnız söz köklərinə artırılır, bir qismi həm söz köklərinə, həm də söz əsasına. Böyük bir qismi milli tarixi şəkilçilərdir, bir qismi alınmadır. Bir qismi neytral yeni sözlər düzəldir, bir qismində emosionallıq olur.

Hər şeydən əvvəl, isimdüzəldən şəkilçilər məhsuldarqeyri-məhsuldar olmaqla fərqlənir. Qeyri-məhsuldar şəkilçilər cəmi bir neçə söz düzəldə bildiyi halda, məhsuldar şəkilçilər daha çox söz düzəldir və lüğət tərkibinin zənginləşməsində mühüm rol oynayır.

Adlardan isimdüzəldən məhsuldar şəkilçilər aşağıdakılardır:

-çı,-çi,-çu,-çü şəkilçisi. Bu şəkilçi ən məhsuldar isimdüzəldən şəkilçidir. Əksərən isimlərdən, bəzən də sifət və saylardan şəxs anlayışı ifadə edən isimlər düzəldir; məs.: balıq-çı, traktor-çu, tarix-çi, güləş-çi, işğal-çı, şikayət-çi (isimlərdən), əla-çı (sifətlərdən), milyon-çu (saylardan) və s. Ək-in-çi, biç-in-çi, çağır-ış-çı sözlərindən göründüyü kimi, bu şəkilçi düzəltmə sözlərdən də yeni sözlər düzəldir.

-ıcı,-ici,-ucu,-ücü şəkilçisi. Bu şəkilçi məna və vəzifəcə -çı şəkilçisinə yaxın olsa da, şəxs bildirən isimlərlə yanaşı, əşya bildirən isimlər də düzəldir. Məs.: sürücü, satıcı, oxucu, sağıcı, bağlayıcı, keçirici, yükləyici, kəsici və s. Bu şəkilçi tarixən -ıq-çı şəkilçilərinin birləşməsindən əmələ gəlmiş, -ıq şəkilçisi samitini itirdikcə bu şəkilçi də -ıcı şəklinə düşmüşdür. Bit-ik-çi sözündə olduğu kimi. -ıcı şəkilçisi təbiət etibarilə sifət düzəldən şəkilçidir. İsim kimi verdiyimiz yuxarıdakı sözlər isə, əslində, bu şəkilçi ilə düzələn sifətlərin sübstantivləşmə yolu ilə tədricən ismə çevrilməsi nəticəsində yaranmışdır.

-lıq,-lik,-luq,-lük şəkilçisi. Əvvəlki şəkilçilər kimi, bu şəkilçi də tarixən çox məhsuldar olmuşdur. Adlardan isim düzəldir; məs.: daşlıq, üzümlük, çöllük, adamlıq, odunluq, qohumluq (isimlərdən), təmizlik, saflıq, yaxşılıq, gözəllik (sifətlərdən), beşlik, üçlük (saylardan), mənlik, bizlik (əvəzliklərdən) və s.

-lıq şəkilçisi müxtəlif mənalı isimlər düzəldir.

a) əksərən mücərrəd mənalı isimlər düzəldir: dostluq, yoldaşlıq, qardaşlıq, yaxşılıq, pislik;

b) qoşulduğu sözün mənası ilə bağlı çoxluq bildirir: meşəlik, odunluq, dağlıq, güllük, qumluq, daşlıq, çəmənlik, otluq;

c) qoşulduğu sözün mənası ilə bağlı konkret əşya bildirir: dizlik, başlıq, gözlük;

ç) peşə, sənət bildirir: dərzilik, mühəndislik, müəllimlik, həkimlik və s. (1, 73)

İsimdüzəldən şəkilçilər əksəriyyət etibarilə söz köklərinə artırıldığı halda, bir sıra şəkilçilər, o cümlədən -lıq şəkilçisi söz kökü ilə yanaşı, sözlərin əsasına, yəni başqa bir sözdüzəldici şəkilçidən sonra da artırıla bilir. -lıq, -lik,-luq,-lük şəkilçisi -çı, -lı, -keş, -ist, -ıcı, -daş, -siz, -ca və s. şəkilçilərlə düzələn isimlərdən yeni isim düzəltmə imkanına malikdir: pambıqçılıq, qoyunçuluq; yoldaşlıq, vətəndaşlıq; könüllülük, savadlılıq; malakeşlik; maşinistlik; sürücülük, atıcılıq, quruculuq; akademiklik; ümidsizlik; balacalıq, utancaqlıq və s. (1, 74-75)

Qeyd. -çı-lıq şəkilçiləri peşmançılıq, düşmənçilik, çobançılıq sözlərində ayrılmır və birlikdə götürülür. -çı hissəsi asemantik olduğundan son vaxtlar peşmançılıq sözü peşmanlıq şəklində işlənir.

-laq,-lək şəkilçisi. Bu şəkilçi əslində -lıq şəkilçisinin açıq saitli variantıdır. Lakin -lıq şəkilçisi qədər məhsuldar olmayıb, hazırda çox az işlənir və mənaca ondan fərqlənir; məs.: çaylaq, yat-a-laq, şap-a-laq və s.
Bu şəkilçi həm də sifət düzəldən şəkilçi kimi işlənir.

Qeyd. -laq şəkilçisi ilə düzəldiyi güman edilən otlaq, yaylaq, qışlaq, ovlaq sözlərində -laq yox, iki şəkilçi var: fel düzəldən -la,-lə və feldən isim düzəldən -q,-k şəkilçisi: ot – otla(maq) – otlaq, yay – yayla(maq) – yaylaq, qış – qış-la(maq) – qışlaq, ov – ovla(maq) – ovlaq.

-lı,-li,-lu,-lü şəkilçisi. Bu şəkilçi çox məhsuldar bir şəkilçi kimi, həm sifət, həm də isim düzəldir. Toponim və antroponimlərə qoşularaq familiya, təxəllüs bildirən isimlər düzəldir; məs.: Sultanlı (Əli), Tahirli (Məmmədsəlim), Qafqazlı (Hacıməmməd), Dağıstanlı (İsmayıl) və s. Müəyyən əraziyə və ya əşyaya mənsubluq ifadə edən ümumi isimlər də düzəldir: bakılı, muğanlı, kəndli, türkiyəli və s.

-daş şəkilçisi. Birvariantlı bu şəkilçi qədim dövrlərdən bəri dilimizdə işlənməkdə olub, isimlərdən şəxs bildirən isimlər düzəldir; məs.: yoldaş, vətəndaş, sirdaş, əməkdaş, məsləkdaş, silahdaş, cəbhədaş, cığırdaş və s.

-ıltı,-ilti,-ultu,-ültü şəkilçisi. Bu şəkilçi çox məhsuldar olub, hər cür təqlidi sözdən isimlər düzəldir: gurultu, nərilti, xorultu, ufultu, danqıltı, cingilti, şaqqıltı, hıqqıltı və s.

Fellərdən isim düzəldən məhsuldar şəkilçilər:

-ış,-iş,-uş,-üş şəkilçisi. Bu şəkilçi fellərin kök və ya əsaslarına artırılaraq hərəkətin adını bildirən isimlər düzəldir; məs.: gülüş, yeriş, uçuş, gediş, titrəyiş, baxış, qaçış və s. Məhsuldar şəkilçi kimi, neologizmlərin də yaranmasına səbəb olur: arayış, bildiriş, toplanış, yüksəliş və s.

Qeyd. Əslində, bu şəkilçinin funksiyası məsdərin vəzifəsinə çox yaxındır. Məsdər şəkilçisi təsirlik, növ və inkarlıq şəkilçilərindən sonra işlənə bildiyi halda, isimdüzəldən -ış şəkilçisi bəzən yalnız məchul növün -ıl şəkilçisindən sonra gələ bilsə də, digər növlərdən və inkarlıq şəkilçisindən sonra işlənə bilmir. Bu cür hallarda həmin şəkilçi isim düzəldən şəkilçi kimi çıxış edir.

Növ və xüsusən inkar şəkilçisindən sonra işlənən -ış şəkilçisi isə artıq isimdüzəldən şəkilçi olmayıb, növ şəkilçisi kimi çıxış edir. Məs.: bildiriş, buraxılış, deyiliş, açılış, çağırış sözlərinə inkar şəkilçisi artırmaq olmaz, bunlar isimdir. Sevişmək, yazışmaq kimi sözlərə asanlıqla -ma, -mə artırmaq olur, bunlar feldir. Ümumən omonim olan -ış şəkilçisini cümlədə daha asan fərqləndirmək olur: Qonaqlarla görüş keçirdik. Qonaqlarla görüşdük – cümlələrindən birincisində -ış isimdüzəldən şəkilçi, ikincisində növ şəkilçisidir.

-maq,-mək şəkilçisi. Məsdər şəkilçisi kimi dilimizdə geniş fəaliyyətdə olan bu şəkilçi substantivlik keyfiyyətinə görə tarixən fellərdən əşya, alət, vasitə bildirən isimlər də düzəltmişdir; məs.: qazmaq (aşın qazmağı), çaxmaq (tüfəngin çaxmağı), cırmaq (əldə cırmaq yeri), yemək (xörək mənasında) və s. Şəkilçinin -mıq, -mik variantı daha qədimlərə aiddir – dırmıq, kəsmik sözlərində olduğu kimi. Bir sıra sözlərdə kökdən ayrılmır: qarmaq, qaymaq, toxmaq və s.

-ma,-mə şəkilçisi. Bu şəkilçi məhsuldar bir şəkilçi kimi, məsdərin son samitini itirməsi ilə əmələ gəlib, əşya bildirən isimlər düzəldir: qazma, tikmə, hörmə, yazma, düymə, dolama, qatlama, bulama, doğrama və s.

Qeyd. -ma,-mə omonim şəkilçidir. İnkarlıq bildirən -ma,-mə şəkilçisi ilə vurğuya görə fərqlənir. İsimdüzəldən -ma,-mə vurğulu, inkar şəkilçisi vurğusuzdur; məs.; yazma` – yaz`ma, hörmə` – hör`mə, qatlama` – qatla`ma, gəlmə` – gəl`mə, vurma` – vur`ma, çıxma` – çıx`ma və s.

Bu şəkilçi fellərdən isim düzəltdiyi kimi, feli isimlər də düzəldir. Feli isim kimi çıxış etdikdə feli bağlama, feli sifət və məsdərlərdə olduğu kimi, -ma,-mə şəkilçisindən əvvəl növ və inkarlıq əlamətləri işlənə bilir; məs.: doydurma – doydurmama, anlama – anlamama, yığma - yığdırma – yığışma - yığışmama, becərmə – becərtdirmə – becərtdirməmə, dəymə – dəydirmə – dəydirməmə və s.

İnkar şəkilçisindən fərqli olaraq, isim və feli isim düzəldən -ma,-mə şəkilçisi şəxssiz fel formasından isimdüzəltməyə doğru inkişaf yolu keçir. Mahiyyət etibarilə -ış şəkilçisi ilə sinonimdir.

-ım,-im,-um,-üm şəkilçisi. Bu şəkilçi -ma,-mə şəkilçisi ilə bir mənşədən olub, onun daha qədim formasıdır. Şəkilçinin samitində metateza olmuş, saiti açıq saitlə əvəz olunmuşdur. Obyekt, vasitə, proses adı, yer bildirən isimlər düzəldir; məs.: geyim, aşırım, ölüm, biçim, baxım, qırpım, uçurum və s. Bu şəkilçinin numerativ söz düzəltdiyi hallar da var: bir içim su, bir udum xörək, bir atım çay və s.

-ın,-in,-un,-ün,-n şəkilçisi. Bu şəkilçi məna və vəzifəsinə görə -ım şəkilçisinə çox yaxındır. Eyni anlayışı bu şəkilçilərin hər ikisinin köməyi ilə ifadə etmək olur: sağım – sağın, qırxım – qırxın. Əslində, bunlar m~n keçidi ilə bir mənşədəndir. -ım şəkilçisi kimi, -ın da əşya və proses adı bildirən isimlər düzəldir; məs.: düyün, əkin, biçin, səpin, talan, axın və s.

-ıq,-ik,-uq,-ük şəkilçisi. Əşya, obyekt, proses adı bildirən isimlər düzəldir; məs.: deşik, əmzik, hörük, çapıq, buruq, sarmaşıq, tapşırıq, barışıq, danışıq, yırtıq və s.

-aq,-ək,-q,-k şəkilçisi. Çox qədim şəkilçi olub, -ıq şəkilçisinin açıq saitli variantıdır. Proses, obyekt, əşya adı bildirən isimlər düzəldir; məs.: öskürək, əsnək, sınaq, qoruq, sancaq, daraq, döşək, qalaq, dil-ə-k və s.

-anaq,-ənək şəkilçisi. Bu şəkilçi mənaca -aq,-ək şəkilçisinə yaxın olub, tarixən -an,-ən şəkilçili feli sifətlərə -aq,-ək şəkilçisinin artırılması ilə isim düzəltmişdir; məs.: döyənək, boğanaq, biçənək, tozanaq, sağanaq, sızanaq və s. Tədricən işləkliyini məhdudlaşdırmışdır.

-qı,-ki,-qu,-kü//-ğı,-gi,-ğu,-gü şəkilçisi. Bu şəkilçi fellərdən alət, vasitə, obyekt bildirən konkret və proses bildirən mücərrəd isimlər düzəldir; məs.: seçki, içki, itki, pusqu, səpki, asqı, bölgü, sevgi, duyğu, vergi, çalğı, sarğı, burğu, qurğu, hörgü, bölgü, yanğı və s.

-qın,-kin,-qun,-kün//-ğın,-gin,-ğun,-gün şəkilçisi. Bu şəkilçi mənaca yuxarıdakı -qı şəkilçisinə yaxın olub, daha çox sifət əmələ gətirən şəkilçi kimi işlənsə də, əşya və proses adı bildirən isimlər də düzəldir; məs.: qaçqın, daşqın, çiskin, uçqun, köçkün, yanğın, qırğın, basqın və s.

-ı,-i,-u,-ü şəkilçisi. Bu şəkilçi də məhsuldar olub, həm xüsusi, həm də ümumi isimlər düzəldir, həm adlardan, həm də fellərdən isim düzəldir; məs.: «Çobanı»,«Vağzalı», «Qazağı» (isimlərdən), çəki, ölçü, qorxu, ölü, sancı, sürü, örtü, yazı, ütü (fellərdən), turşu, şirni (sifətlərdən) və s. Bu şəkilçi -ıq şəkilçisi ilə eyni vəzifəli olub, tarixən onun son samitini itirməsi ilə yaranmışdır.

Qeyd. Bu şəkilçini birvariantlı alınma -i,-vi şəkilçisi ilə eyniləşdirmək olmaz. Gəncəvi, Süruri, Şahi kimi sözlərdəki -i, -vi alınmadır və təxəllüslə yanaşı, bir sıra sifətlər də düzəldir: inqilabi, həyati, mənəvi və s.

-tı,-ti,-tu,-tü şəkilçisi. Sifətlərdən və təqlidi sözlərdən yaranmış fellərdən əşya və proses adı bildirən isimlər düzəldir; məs.; ağartı, göyərti, cücərti, qaraltı, qızartı, hönkürtü, çığırtı, böyürtü və s.

-ıntı,-inti,-untu,-üntü şəkilçisi. Məhsuldar olub, fellərdən əşya, obyekt, proses bildirən isimlər düzəldir; məs.: sıxıntı, tikinti, gəzinti, çöküntü, çürüntü, ovuntu, qırıntı, deyinti, görüntü, yeyinti, yığıntı, qazıntı və s. Bu şəkilçi, əslində, -tı şəkilçisi ilə ın növ şəkilçisinin daşlaşmış birliyindən ibarətdir.

-acaq,-əcək şəkilçisi. Əşya, alət, proses, yer adları bildirən isimlər düzəldir; məs.: oturacaq, yanacaq, çapacaq, duracaq, qanacaq, geyinəcək, döşənəcək, alacaq, sığınacaq, söykənəcək, tutacaq, gələcək, verəcək və s.

-caq,-cək şəkilçisi. Əşya adı bildirən isimlər düzəldir; məs.: bürüncək, əmcək, tüpürcək və s.

Dilimizdə bir sıra qeyri–məhsuldar isimdüzəldən şəkilçilər var. Onları aşağıdakı kimi qruplaşdırmaq olar.

Adlardan isim düzəldənlər:

-kən şəkilçisi. Birvariantlı bu şəkilçi yel sözündən həm isim, həm də sifət düzəldir:

Məni qərq etsə də yelkən kimi dəryada zaman,
Vurğun öldü deməyin, bir əbədi sənəti var.(S.V.)

Burada əyləş, bura yelkəndir – cümlələrindən birincisində yelkən sözü (qayıq forması) isim, ikincisində sifətdir.

  • -tuq şəkilçisi. Qol ismindən qoltuq;

  • -ey şəkilçisi: güney, quzey;

  • -gər şəkilçisi: peşə, sənət bildirən isimlər düzəldir: zərgər, misgər.

Fellərdən isim düzəldənlər:

  • -c şəkilçisi. Bu şəkilçi sözə təklikdə artırıldığı kimi (tıxac, qazanc), qayıdış növün şəkilçisi ilə birgə də artırılır. Bəzən növ şəkilçisindən ayrılır: sev-in-c, bəzən ayrılmır: qax-ınc. Bu şəkilçi isimdüzəldən -ma-mə şəkilçisindən sonra da işlənir: qır-ma-c, döy-mə-c (xörək adı);

  • -ar,-ər şəkilçisi: açar, çıxar, kəsər, çapar;

  • -qac, -gəc, ğıc şəkilçisi: tutqac, süzgəc, üzgəc, dalğıc;

  • -caq,-cək şəkilçisi. Bu şəkilçi qayıdış növ şəkilçisindən sonra işlənir: yığ-ın-caq, bürü-n-cək;

  • -gə şəkilçisi: süpürgə, döngə;

  • -ır,-ir şəkilçisi: gəlir, yatır;

  • -qan şəkilçisi: yapışqan;

  • -an, -n şəkilçisi: qalxan, talan;

  • -zik şəkilçisi: əmzik;

  • -mur şəkilçisi: yağmur;

  • -a,-ə şəkilçisi: yara, çevrə;

  • -ca,-cə şəkilçisi: əyləncə, düşüncə;

  • -mış,-miş,-muş,-müş şəkilçisi: bişmiş, yemiş, keçmiş.

Aşağıdakı şəkilçilər həm fellərdən, həm də adlardan isim düzəldir:

  • -ıd, üd şəkilçisi; keçmək felindən keçid, öymək felindən öyüd, yaş ismindən yaşıd isimlərini düzəldir.

  • -qar şəkilçisi: yonqar, ucqar.

Sözdüzəldici (isimdüzəldən) şəkilçilər mənşəyinə görə də fərqlənir. Azərbaycan dilində isimdüzəldən şəkilçilər əksəriyyət etibarilə türk mənşəli olub, Azərbaycan dilinin özünə məxsusdur. Bunlar qədim dövrlərdən Azərbaycan dilində söz yaradıcılığına xidmət edən şəkilçilərdir. Lakin şəkilçilər içərisində az bir qrup alınma şəkilçilər də var. Bunlar aid olduğu sözlə birlikdə alınmışdır və əksəriyyət etibarilə qeyri-məhsuldardır.

Alınma şəkilçilər adətən yad dillərin elementi kimi, həmin dillərin sözləri ilə birgə alınmışdır və əksərən alınma sözlərlə işlənir.

Ərəb, fars dillərindən aşağıdakı şəkilçilər alınmışdır:

  • -dar şəkilçisi: anbardar;

  • -keş şəkilçisi: zəhmətkeş;

  • -kar şəkilçisi: sənətkar, nəğməkar;

  • -stan şəkilçisi: Dağıstan, Gürcüstan, Əfqanıstan;

  • -i,-vi şəkilçisi: Həbibi, Dəhləvi, Nəsimi; hərbi, mülki, inqilabi, tarixi;

  • -dan şəkilçisi: qənddan, güldan, ovdan;

  • -xana şəkilçisi: toyxana, kitabxana, yasxana, camaşırxana, mehmanxana, həbsxana;

  • -şünas şəkilçisi: ədəbiyyatşünas, sənətşünas, məktəbşünas, şərqşünas;

  • -ban şəkilçisi: bağban;

  • -baz şəkilçisi: işbaz, kəndirbaz.

Bu şəkilçilərin bir qismi, xana, keş, kar və s. kimi, suffiksoidlərdən - mənşə dildə müstəqil sözlərdən ibarət olub şəkilçi yerinə keçmişdir. Alınma şəkilçilər içərisində -i,-vi nisbi məhsuldarlığı ilə seçilir.

Rus və Avropa xalqlarının dillərindən alınmalar:

  • -izm şəkilçisi: sosializm, Marksizm, Leninizm;

  • -ist şəkilçisi: curnalist, Marksist;

  • -oloq şəkilçisi: geoloq, arxeoloq, psixoloq, bioloq;

  • -er şəkilçisi: milyoner;

Şəkilçiləri emosionallıq etibarilə də fərqləndirmək olar.

Əksər isimdüzəldən şəkilçilər yeni məna ifadə edən söz yaradır və həmin sözlər lüğət tərkibini zənginləşdirir. Lakin bir sıra şəkilçilər var ki, onlar daha çox əzizləmə, kiçiltmə çalarına malikdir və sözə elə bir yeni məna vermir. -cıq,-cik,-cuq,-cük;-ça, -çə; -cığaz,-ciyəz,-cuğaz,-cüyəz belə şəkilçilərdəndir.

-cıq,-cik,-cuq,-cük şəkilçisi. İsimlərdən kiçiltmə, əzizləmə mənalı isimlər düzəldir; məs.: komacıq, parçacıq, bağçacıq və s.

-cığaz,-ciyəz,-cuğaz,-cüyəz şəkilçisi müxtəlif nitq hissələrindən ayırma, seçmə, əzizləmə, kinayə, istisna və kiçiltmə çalarlı isimlər düzəldir: Mənciyəz qarışan deyiləm. (R.S.) Yazıq Əhmədciyəz çox çalışdı.

-ça,-çə şəkilçisi isimlərdən kiçiltmə mənası ifadə edən isimlər düzəldir: bağça, döşəkçə, meydança.

-gil şəkilçisi; birvariantlı bu şəkilçi xüsusi isimlərə və qohumluq bildirən sözlərə artırılır, topluluq, ailəvilik, cəmlik bildirən sözlər düzəldir: xalamgil, əmimgil, dayımgil.

MÜRƏKKƏB İSİMLƏR

Mürəkkəb isimlər sintaktik yolla yaranan, əksərən iki, bəzən üç müstəqil sözün birləşməsindən ibarət olub, bir məna, bir məfhum ifadə edən isimlərdir.

Mürəkkəb isimlər əksəriyyət etibarilə yanaşma əlaqəli (1ci növ) və qarşılıqlı tabelilik əlaqəsində olan (2-ci növ) ismi birləşmə sxemi əsasında yaranmışdır. Birləşmələrin tərəfləri öz məna müstəqilliyini tədricən itirərək qaynayıb-qarışmış, sintaktik əlaqələr mahiyyətini itirmiş, bir vurğu altına düşərək mürəkkəb sözə çevrilmişdir. Odur ki mürəkkəb sözləri quruluşuna və ifadə vasitələrinə görə aşağıdakı qruplara ayırmaq olar:

I. Yanaşma əlaqəli (birinci növ) birləşmə şəklində formalaşanlar. Bu cür mürəkkəb isimlərin tərəfləri tarixən müxtəlif nitq hissələrindən düzəlmiş olur.

a) hər iki tərəfi isimdən ibarət olanlar; məs: qayınata, hacıleylək, dəmirağac və s.

b) birinci tərəfi sifətdən, ikinci tərəfi isimdən ibarət olanlar; məs.: sarıköynək, qaratoyuq, ağcaqanad, ağcaqovaq və s.

Hər iki üsulla xüsusi isimlər də düzəlir.

1) hər iki tərəfi isimdən ibarət olanlar: Şahsənəm, Dəmirgüc, Ağabacı, Hacıbala, Arpaçay, Gülbahar, Əliqulu, Güloğlan, Qonaqkənd, Daşburun, Ağabəy və s.

2) birinci tərəfi sifət, ikinci tərəfi isimdən ibarət olanlar: Böyükkişi, Ağdam, Ağdaş, Göyçay və s.

c) birinci tərəfi say, ikinci tərəfi isimdən ibarət olanlar; məs.: beşbucaq, qırxayaq, qırxbuğum və s.

ç) birinci tərəfi müxtəlif nitq hissələrindən, ikinci tərəfi -lıq şəkilçili isimlərdən ibarət olanlar: tərəfkeşlik, qohumbazlıq, qaraxəbərlik, dəymədüşərlik, özbaşınalıq, beşqəpiklik və s.

Bu cür mürəkkəb isimlərin birinci tərəfi mənsubiyyət şəkilçili də ola bilir: ağzıbütövlük, günüqaralıq, başıpozuqluq və s.

Bu qeyd etdiyimiz mürəkkəb isimlər etimoloci cəhətdən uzlaşma yolu ilə yaranmışdır. Tarixən ikinci tərəfin xüsusiləşməyən əlavə şəklində birinci tərəfə qoşulması şəklində yaranan mürəkkəb isimlər də vardır; məs.: Hüseynağa, Balaxanım, Qızxanım, Qarakişi və s.

II. Qarşılıqlı tabelilik əlaqəsində olan ismi birləşmələr əsasında (2-ci növ) düzələnlər. Belə birləşmələr də əvvəlki birləşmələr kimi, mürəkkəb isim yaradıcılığında çox məhsuldar olmuşdur. Belə mürəkkəb isimlərin birinci tərəfi etimoloci cəhətdən qeyri-müəyyənlik bildirən yiyəlik halda, ikinci tərəfi üçüncü şəxs mənsubiyyət şəkilçili olur; məs.: kəklikotu, dəvədabanı, quşüzümü, ayaqqabı, əlyazması, dayınəvəsi, qardaşoğlu, əmiqızı, itburnu, quşəppəyi, gəlinyasdığı və s.

Zadə, oğlu sözlərinin xüsusi adlarala birləşməsi də əsasən ikinci növ ismi birləşmə sxeminə əsaslanır; məs.: Həsənoğlu, Canızadə, Qurbanzadə, Şirinoğlu və s.

III. Təkrar olunan ismin tərəfləri ha, a, ə bitişdiricisi ilə birləşərək mürəkkəb isimlər düzəldir. Söz kar samitlə qurtardıqda a, ə, cingiltili samitlə və saitlə qurtardıqda ha bitişdiricisindən istifadə olunur: basabas (çoxaldı), qaçaqaç (düşdü), kəsəkəs (başladı), yehaye (başlandı), vurhavur (başladı), və s.

IV. İsimlərin təkrarı ilə: top-top (oyunu), aşıq-aşıq (oyunu) və s.

V. Yaxın və ya əks mənalı sözlərin birləşməsi ilə; məs.: qol-budaq, künc-bucaq, dost-aşna, bacı-qardaş, ana-bala, gedişgəliş, qohum-qardaş, dərə-təpə, qoyun-quzu və s.

VI. İsimlərlə feli sifətin birləşməsindən düzələn mürəkkəb isimlər. Belə isimlərin:

a) birinci tərəfi etimoloci cəhətdən adlıq halda olur: günbatan, gündoğan;

b) birinci tərəfi yönlük halda olur: günəbaxan, buzovabaxan;

c) birinci tərəfi qeyri-müəyyənlik bildirən təsirlik halda olur: otbiçən, taxıldöyən, aşsüzən, toxumsəpən, ağacdələn, əlüzyuyan, taxıldöyən və s.

Bu cür mürəkkəb isimlərdə birinci tərəf ikinci tərəf üçün əksərən üzərində iş icra olunan əşya, obyekt bildirən söz səciyyəsi daşıyır, lakin göründüyü kimi, subyekt xarakterli də ola bilir: günbatan.

VII. Qoşa sözlər də, adətən, mürəkkəb isimlərin bir növü kimi nəzərdən keçirilir; məs.; dava-dərman, yan-yörə, ət-mət, uşaq-muşaq, kağız-kuğuz və s.

VIII. Az hallarda dilimizdə topaldıqaç, əlüzyuyan, qaraçörəkotu kimi üçsözlü mürəkkəb isimlərə də təsadüf edilir. Bunlardan əlavə, dilimizdə cümlə şəklində formalaşmış dabanvurdu (oyun), qaloğluqal, vurçatlasın, alışdımyandım, qaçatbasdı və s. kimi mürəkkəb isimlər də işlənməkdədir. (1,90)