MÜASİR AZƏRBAYCAN DİLİ. MORFOLOGİYA

×
İNDİKİ ZAMAN

Felin indiki zamanı işin, hal və hərəkətin icrasına başlandığını, lakin məlumat verilən zaman onun bitmədiyini, davam etməkdə olduğunu bildirir.

Deməli, indiki zaman felləri ilə müəyyən bir işin icrasına başlanmış olduğu bildirilir. Eyni zamanda həmin iş başa çatmamış onun haqqında məlumat verilir. Məsələn:
Günəş batır...
O taydakı meşəliklər qaralır,
Başı çənli sıra dağlar qərib bir görkəm alır.(Ə.C.)

Alaylar cərgələnmişdir, uçur təyyarələr, tanklar,
Əsir çovğun, qopur tufan, yerin qəlbində yanğın var.(S.V.)

Misallarda batır, qaralır, görkəm alır, uçur, qopur sözləri işin icrasının danışılan vaxtda davam etməkdə olduğunu bildirir.

Felin indiki zamanı fel kökü və ya əsasına -ır,-ir,-ur,-ür şəkilçisini artırmaqla düzəlir. Söz saitlə bitdikdə zaman şəkilçisindən əvvəl «y» bitişdiricisi işlənir; məs.: alıram, gəlirəm, soruşuram, görürəm; başlayıram, işləyirəm, oxuyuram, üşüyürəm.

Felin indiki zamanında işlənən şəxs şəkilçiləri aşağıdakılardır:

I ş. tək: -am,-əm
II ş. tək: -san,-sən
III ş. tək: -

Məsələn:
al-ır-am, gəl-ir-əm
al-ır-san, gəl-ir-sən
al-ır-sınız, gəl-ir-siniz

cəm: -ıq,-ik,-uq,-ük
cəm:-sınız,-siniz,-sunuz,-sünüz
cəm: -lar,-lər


al-ır-ıq, gəl-ir-ik
al-ır, gəl-ir
al-ır-lar, gəl-ir-lər

İndiki zaman şəkilçisindən əvvəl təsirlik, növ və inkarlıq şəkilçiləri işlənə bilir:
qopmaq – qop-ar- maq – qop-ar-ır-am – qop-ar-m-ır-am
yanmaq – yan-dır- maq – yan-dır-ır-am – yan-dır-m-ır-am
vurmaq – vur-uş-maq – vur-uş-ur-am – vur-uş-m-ur-am
görmək – gör-üş-mək – gör-üş-ür-əm – gör-üş-m-ür-əm

İndiki zamanın şəkilçisi saitlə başladığı, inkar şəkilçisi saitlə qurtardığı üçün indiki zamanın inkarında inkar şəkilçisinin saiti düşür: al-ır – al -m –ır; qop-ur – qop-m-ur; yaz-ır – yaz-m-ır; gəl-ir – gəl-m-ir. Məs.:
Qətl elədiz Ətabəki, mən ki bu əmri danmıram,
Var yenə min Ətabəkiz, yoxsa əməlli qanmıram?
Köhnə qapı bu tezliyə tazələnə, inanmıram. (S.)

Mən səninçün, vətənimçün bu yerdə
Döyüşürəm, gecə-gündüz yatmıram
Oğlun salıb yağıları min dərdə,
Snayperəm, bir boş güllə atmıram. (S.R.)

Məni elə dərdə, oda salmısan,
Sənin cazibəndən çıxa bilmirəm
Ağlımı başımdan elə almısan,
Ağlımı başıma yığa bilmirəm.(Ə.Q.)

Qeyd. Bəzən şeirdə -ma,-mə şəkilçisi bütöv saxlanılır. Bu cür hallarda zaman şəkilçisindən əvvəl «y» bitişdiricisi işlənməli olur.

Məs.:
Bizə ehtiram olmayır, olmayır,
Qarın dolmayır, dolmayır, dolmayır. (S.)

Təbrizdə heykəlin yoxdur bəs nədən?
Sənsiz Təbrizin də üzü gülməyir.
Sən elə böyüksən, elə böyüksən,
Zaman heykəlini tökə bilməyir. (S.T.)

İndiki zaman şəkilçisinin aşağıdakı məna xüsusiyyətləri var: 1.İşin, hərəkətin icrasının danışıq vaxtı ilə uyğun olduğunu göstərir. Yəni iş, hal, hərəkət yalnız danışıq müddətinə aid olur, danışıq müddətində davam edir; məs.:
Sənin dediklərindən ağlım bir şey kəsmir, oğul. (İ.Ş.)

Bu zaman salonu bürüyür heyrət,
Qəribə insanlar gəlir səhnəyə.(S.V.)

Rüstəm kişiyə elə gəldi ki, ağır təzyiq altında sıxılır, əzilir, büzüşür, balacalanır, Şirzad isə böyüyür, boy atır, ucalır.(M.İ.)

Uzun Həsən gecənin bu vaxtı elə bildi, günəş doğur, onun düşdüyü zirzəmilər işıqlanır, qapılar, pəncərələr taybatay açılır. (F.K.)

Bu misallardan göründüyü kimi, danışan şəxsin dediyi ağlım bir şey kəsmir, yaxud salondakıları heyrətin bürüməsi, qonaqların səhnəyə gəlməsi davamedici proses olmayıb, danışıq vaxtı ərzində baş verir.

2. İş, hal, hərəkət danışıq vaxtı ilə uyğun gəlməklə bərabər, keçmiişə və gələcəyə də aid olur, haqqında danışılan obyektin ümumi uzunömürlülüyünü ifadə edir; məs.:
Bu torpağın altında müqəddəs adamlar yatır, sənin bu torpağı tapdamağa ixtiyarın yoxdur, əmi. (İ.H.)

Qonaqlı ilə rayon mərkəzi arasındakı kiçik meşəliyin ətəyində böyük yol iki yerə ayrılır. (İ.H.)

«Torpaq altında müqəddəs adamlar yatır» - bütün keçmişi, indini və gələcəyi əhatə edir. Meşəliyin ətəyində böyük yolun iki yerə ayrılması da uzun tarixi olan davamedici prosesi əks etdirir. Aşağıdakı cümlələrdə də vəziyyət bu cürdür:
Dəlilər də bizim kimi isti-soyuğu bilirlər, qorxurlar, sevinirlər, acanda yemək istəyirlər, vaxtlı-vaxtında yatırlar... Bəs nə üçün sirr-xudadır ki, hərdən cızıqdan, çərçivədən çıxırlar, bizim kimi olmurlar? (İ.M.)