MÜASİR AZƏRBAYCAN DİLİ. MORFOLOGİYA

×
QEYRİ-QƏTİ GƏLƏCƏYİN MÜRƏKKƏBİ

Hekayə və rəvayət fərqi qeyri-qəti gələcəyin hekayə və rəvayətində də var. Hekayə formasında danışanın, məlumat verənin işin icrasına şəxsi qəti inamı, rəvayətində isə başqasının mülahizəsinə əsasən fikir söyləmə və ya xatırlama mənası üstünlük təşkil edir. Məs.:

yazardım
yazardın
yazardı
yazardıq
yazardınız
yazardılar

gələr idim
gələr idin
gələr idi
gələr idik
gələr idiniz
gələr idilər

yazarmışam
yazarmışsan
yazarmış
yazarmışıq
yazarmışsınız
yazarmışlar

gələr imişəm
gələr imişsən
gələr imiş
gələr imişik
gələr imişsiniz
gələr imişlər

İdi, imiş ədatları şühudi və nəqli keçmişin şəkilçilərinin imək kökünə artırılması ilə düzəldiyindən hansı sözlə bağlanırsı, onu keçmiş zamana aid edir: yazmış idi, yazmış imiş; müəllim idi, müəllim imiş; yaxşı idi, yaxşı imiş; o idi, o imiş; tez idi, tez imiş və s. Xəbər şəklinin hekayəsi idi zaman ədatı ilə qətilik, şahidlik çalarını da saxlayır. İmiş köməkçi sözü isə nəqli keçmişin -mış şəkilçisi ilə düzəldiyindən rəvayət məzmunu yaradır və şahidlik çalarının olmaması ilə fərqlənir. Məsələn, yazmışdım, yazmışmışam sözlərinin hər ikisində işin icra olunub bitdiyi ifadə olunur və birinci sözdə şahidlik, ikincidə rəvayət mənası vardır. Bu hal yazırdı, yazırmış, oxuyurdu, oxuyurmuş, gəlirdi, gəlirmiş... sözlərinə də aiddir. Danışan şəxs yazırdı dedikdə əsasən şəxsi müşahidəçi olduğunu, yazırmış dedikdə isə hadisəni başqasından eşitdiyini bildirir. Digər tərəfdən, indiki zamanın hekayə və rəvayətində işin müşahidə və rəvayət olunan zaman davam etməkdə olduğu da bildirilir: gəlirdi, oxuyurdu, gəlirmiş, oxuyurmuş. Bu cəhətdən qəti və qeyri-qəti gələcək zamanların hekayə və rəvayəti fərqlənir. Qəti gələcəyin hekayə və rəvayətində (yazacaqdı, yazacaqmış) işin qəti şəkildə icra olunacağı qarşıya qoyulmuş olsa da, istər hekayə, istərsə də rəvayət formasında danışan şəxs işin nəticəsindən xəbərdar deyildir: ola bilər ki, iş icra olunmuş, ola bilər ki, icra olunmamışdır. Çox vaxt da iş icra olunmamış qalır. Qeyri-qəti gələcək zamanın hekayə və rəvayətində isə bunun əksinə olaraq, işin sadəcə icrası yox, davamlı şəkildə, dəfələrlə, təkrarən icrası mənası vardır:
Yumurtanı göyçək, güllü boyardıq,
Sınanların çoqquşdurub soyardıq,
Oynamaqdan məgər bircə doyardıq!? (Ş.)

Toxuyardı özünə yaşıl otlardan köynək,
O, ruzi qazanardı hər gün kərpic kəsərək.(N.)

Ölülər məskəni – məzarlıqda da
Zaman qədəm-qədəm addımlayarmış! (B.V.)

Allah... Allah! Şeytan əməli nə yaman olarmış! (İ.Ə.)

Telefon nömrəsi də, Vəzifə dəyişəndə, Sən demə, dəyişərmiş! (B.V.)

Eşqə düşən gözləri şölə çəkib yanarmış.(M.R.)

Sadə qeyri-qəti gələcək zamanın 1-ci şəxs tək və cəminin inkarında -ar,-ər şəkilçisi sabit qaldığı, ikinci və üçüncü şəxslərdə r>z keçidi baş verdiyi halda, hekayə və rəvayətində birinci şəxsin tək və cəminin inkarında da r>z keçidi baş verir. Bunu aşağıdakı nümunələrdən də görmək olar:

Mən bilməzdim
Sən bilməzdin
O bilməzdi
Biz bilməzdik
Siz bilməzdiniz
Onlar bilməzdilər

Mən bilməzmişəm
Sən bilməzmişsən
O bilməzmiş
Biz bilməzmişik
Siz bilməzmişsiniz
Onlar bilməzmişlər

Beləliklə, aydın olur ki, xəbər şəklinin mürəkkəbində bir morfem də sadəsindən artıq işlənir. Yəni fel kökü və ya əsasına təsirlik, növ, inkarlıq şəkilçilərindən sonra zaman, şəxs şəkilçiləri ilə yanaşı, idi, imiş və ya onların ixtisar şəkli də artırılır.

İdi, imiş zaman ədatları felə bitişik yazıldıqda onların ilk saiti düşür və ədatlar şəkilçiləşərək formaca şühudi və nəqli keçmişin şəkilçiləri ilə omonimləşir.

İdi, imiş ədatlarının ixtisar şəklini şühudi və nəqli keçmişin şəkilçilərindən aşağıdakı kimi fərqləndirmək olar:
1. Şühudi və nəqli keçmişin şəkilçiləri felin kökünə və ya əsasına artırılır. Bunlardan əvvəl yalnız təsirlik, növ, inkarlıq şəkilçiləri işlənə bilər; məs.:

güldüm – güldürdüm
sərdim – sərildim
baxdım - baxmadım

gülmüşəm - güldürmüşəm
sərmişəm - sərilmişəm
baxmışam - baxmamışam

İdi, imiş ədatlarının ixtisar şəkli fel kökünə, əsasına artırıla bilməz. Bunlar zaman şəkilçisindən sonra işlənə bilir:
Gül-ür-dü-m, yaz-ır-dı-m
Sər-il-ir-di-m, yaz-ıl-ır-dı-m
Bax-m-ır-dı-m, yaz-m-ır-dı-m


Gül-ür-müş-əm, yaz-ır-mış-am
Gül-dür-ül-ür-müş-əm, yaz-dır-ıl-ır-mış-am
Bax-m-ır-mış-am, yaz-m-ır-mış-am

2. Zaman şəkilçiləri feldən ayrı yazıla bilməz. İdi, imiş ədatları xəbər şəklində həm feldən ayrı yazılır, həm də şəkilçiləşərək felə bitişik yazılır.

3. Bir feldə birdən artıq zaman şəkilçisi işlənməz. Odur ki feldə zaman şəkilçisinə oxşar bir neçə şəkilçi olduqda hər birinin öz vəzifəsi olur. Əgər belə üç şəkilçi varsa, birincisi təsirlik, ikincisi zaman, üçüncüsü idi və ya imiş-in şəkilçiləşmiş formasıdır; məs.: qop-ar-ar-dı-m, çıx-ar-ar-mış-am - sözlərində birinci -ar təsirlik, ikincisi zaman, -dı,-mış isə hekayə və rəvayət şəkilçisidir. Zaman şəkilçisinə oxşar iki şəkilçi olarsa və onların arasına məsdər və ya inkar şəkilçisi artırmaq mümkündürsə, birincisi təsirlik, ikincisi zaman şəkilçisidir: qop-ar-ır-am – qop-ar-m-ıram; iki şəkilçinin arasına məsdər və ya inkarlıq şəkilçisi artırmaq olmursa, birincisi zaman, ikincisi hekayə və ya rəvayət şəkilçisidir; məs.: Nə bilirdim nə zəhrimardı kitab (S.) – cümləsindəki bilirdim felinin yalnız kökündən sonra məsdər və inkarlıq işlənə bilər, odur ki –ir zaman şəkilçisi, di – hekayə ədatıdır.