MÜASİR AZƏRBAYCAN DİLİ. MORFOLOGİYA

×

QAYIDIŞ ƏVƏZLİYİ

Azərbaycan dilində yalnız isimləri deyil, isim yerində işlənən şəxs əvəzliklərini də əvəz edən, subyekti dəqiqləşdirən və ya özü subyekt kimi çıxış edən bir əvəzlik də var ki, buna qayıdış əvəzliyi deyilir.

Qayıdış əvəzliyi «öz» sözünə əksərən mənsubiyyət şəkilçilərinin əlavə edilməsi ilə düzəlir. Hansı şəxsdən söhbət gedirsə, öz əvəzliyinin üzərinə həmin şəxsi bildirən mənsubiyyət şəkilçisi artırılır. Daha dəqiq desək, öz sözü:
1-ci şəxsin təkində: -üm (özüm)
Cəmində: -ümüz (özümüz)

2-ci şəxsin təkində: -ün (özün)
Cəmində: -ünüz (özünüz)

3-cü şəxsin təkində: (özü)
Cəmində: -ləri (özləri)

şəkilçilərini qəbul edir.

Məsələn:
Özüm Qarabağlıyam, - deyirdi, Peterburq Universitetində oxuyuram. (M.H.)

Bəzən özümüz qayğanaq da bişirirdik.(İ.Ə.)

İndi özü demişkən, yad bir qız gəlib onun bütün arzularını alt-üst etsin? (İ.Ə.)

Əgər özün üçün yığıbsan, boğazın tikilsin, niyə yemirsən? (Ə.H.)

Hamı deyir: bəsdir, a kişi, özündən başqa da bu kənddə bir adam tanı! Bəsdir, hara baxdın, özünü gördün, hara döndün, öz səsin qulağına gəldi. Qurtar bu azardan özünü. (M.İ.)

Niyə sən özünü bizdə həmişə narahat hiss edirsən? (İ.Ə.)

–Kişisən, -deyə, mən özümü məzəmmət edirdim.(İ.Ə.)

Şah, sən ömründə başqa bir adamın yanında da özünü belə hiss etmisənmi? (İ.Ə.)

Ayı burada pətəyi dağıdır, sən də özünü günə verirsən. (İ.Ə.)

Mən onun başını qucaqlayaraq özümə tərəf əydim.(İ.Ə.)

Vəkilin hörməti qalsın özünə,
Yoxdur etibarım onun sözünə. (S.V.)

Qayıdış əvəzliyi bu misallarda müstəqil söz kimi işlənərək subyekti bildirir. Əvvəlki üç misalda mübtəda, sonrakılarda tamamlıq vəzifəsindədir.

Qayıdış əvəzliyi bu şəkildə müstəqil işlənərək şəxs əvəzliklərini əvəz etdiyindən bəzən bu əvəzliyə qayıdış-şəxs əvəzliyi də deyilir. Hətta bəzən şəxs əvəzliklərinin bir növü kimi verilir. Bu sözün müvəffəqiyyəti orasındadır ki, bütün başqa sözlərdən fərqli olaraq şəxsi, əşyanı hissələrinə parçalamadan, küll halında bildirir. Əgər, məsələn, əl, qol, ayaq, barmaq, baş, göz, sinə, çiyin və s. kimi sözlər küllün cüzünü bildirirsə, öz sözü vahidi tam, bütöv halda ifadə edir və ona görə də mən, sən, o, biz, siz, onlar sözləri ilə düşünülən şəxsləri tam şəkildə ifadə edə bilir, onların mənasına tam bərabər məna ifadə edir. Mənsubiyyət şəkilçiləri isə bu bütövün hansı şəxsə aid olduğunu dəqiqləşdirir. Əlim dedikdə mənim əlim düşünüldüyü kimi, özüm dedikdə də mən özüm düşünülür. Odur ki özüm, özün, özü, özümüz, özünüz, özləri formaları ilə yanaşı, şəxs əvəzlikləri ilə birlikdə analitik-sintetik formadan da geniş istifadə edilir. Bu hal daha çox şəxs əvəzliyi məntiqi vurğulu olduqda özünü göstərir:

Mən özüm
Sən özün
O özü

Biz özümüz
Siz özünüz
Onlar özləri

3-cü şəxsdə əvəzliklə yanaşı, isimlər də işlənə bilir: o özu – Əli özü; onlar özləri – Əligil özləri.

Mənsubiyyət şəkilçili öz sözü əvəzlik və isimlərlə həm qeyri-müəyyənlik bildirən yiyəlik halda, həm də müəyyənlik bildirən yiyəlik halda əlaqələnir. Hər iki halda tərəflər birlikdə bir cümlə üzvü olur; məs.:
Mən özüm istədiyim qızla evləndiyim üçün ürəyim kövrəlib, şairanə olub. (İ.Ə.)

Hətta bu sözə az qala mən özüm də inanmışdım. (İ.Ə.)

Oğulun yaxşısı özü də qazanar, ataya möhtac olmaz. (Ə.H.)

Yaxşısı budur, sən özün də aqronomluğun vacib məsələlərini öyrən. (İ.Ə.)

Mənim özüm bu əhvalatın şahidiyəm

– cümlələrindən əvvəlki dördündə qayıdış əvəzliyi qeyri-müəyyənlik, sonuncusunda müəyyənlik bildirən yiyəlik halda olan sözlərlə əlaqələnmişdir. Birinci misalda tərkib daxilindədir, sonrakı misallarda mübtəda vəzifəsindədir.

Öz sözü mənsubiyyət şəkilçisi olmadan da işlənir. Bu zaman onun hansı şəxsi bildirdiyi mənsubiyyət şəkilçili sonrakı sözdən məlum olur:
Mən öz kitabımı aldım.
Sən öz kitabını aldın.
O öz kitabını aldı.

Bu cür cümlələrdə öz sözü sonrakı sözlə yanaşma-uzlaşma əlaqəli birləşmə yaratdığından həmin sözlə birlikdə cümlə üzvü olur: öz kitabımı, öz kitabını sözləri tamamlıq vəzifəsindədir. Bu məqamda öz sözünü təyini əvəzlik hesab etmək olmaz.

Qeyd. Öz sözünü mənsubiyyət şəkilçisi olmadıqda təyini əvəzlik kimi izah etmişlər. Lakin öz sözü təyin müstəqilliyinə malik deyil, həmişə ya müəyyənlik bildirən, ya da qeyri-müəyyənlik bildirən yiyəlik halda olur və özündən sonrakı sözlə birləşmə yaratdığından müstəqil işlənə bilmir, aid olduğu sözlə birlikdə cümlə üzvü olur:
O da öz aləmində Rüstəm kişi ilə işləməyə şad idi.(M.İ.)

Bura da öz kəndlərinin eyni idi (M.İ.)

- cümlələrində öz sözü qeyri-müəyyənlik bildirən yiyəlik haldadır.

Qayıdış əvəzliyi isimləri və isimləri əvəz edən şəxs əvəzliklərini əvəz etdiyi üçün isimlər kimi hallanır. Hallanarkən 3-cü şəxsin təkində bütün hallarda bərpaedici n samitindən istifadə edilir və 2-ci şəxsin təki ilə 3-cü şəxsin təki oxşar forma alır:

2-ci şəxs tək:
özün
özün-ün
özün-ə
özün-ü
özün-də
özün-dən

3-cü şəxs tək:
özü
özü-n-ün
özü-n-ə
özü-n-ü
özü-n-də
özü-n-dən

Bunları cümlə daxilində sahib şəxsə əsasən müəyyənləşdirmək olur.

Qayıdış əvəzliyi bəzən canlı danışıq dilində təkrarlanaraq işlədilir:
Səlimənin yanında mənim özüm özümə çox pis görünürəm. Özüm öz səsimdən ürkürəm.(İ.Ə.)

Nə üçün Gülnisə xala belədir? – deyə, mən öz-özümə düşünürdüm.(İ.Ə.)

ədatı ilə birgə işlənən qayıdış əvəzliyi özü də bağlayıcısına bənzəyir: O özü də çox narahat idi. O, bərk darıxırdı, özü də (həm də) narahat idi – cümlələrindən birincisində öz qayıdış əvəzliyi, ikincisində özü də bağlayıcıdır.