MÜASİR AZƏRBAYCAN DİLİ. MORFOLOGİYA

×
LAZIM ŞƏKLİ

Felin lazım şəkli işin icrasının lazım olduğunu bildirir.

Morfoloji əlaməti -ası,-əsi şəkilçisidir. Fel kökü və ya əsasına -ası,-əsi şəkilçisini və şəxs şəkilçilərini artırmaqla düzəlir. Məs.:
Bu zavallılar da öləsidirlər. (C.C.)

Bitişir, sağalır sinəmin dağı,
Bu axşam durnalar lələk salası.(Ə.Q.) 

İndi əgər o və onun dostu bunu başa düşmürlərsə, nə edə bilərsən? Özünü öldürəsi ki deyilsən.(İ.Ə.)

Lazım şəklində işlənən şəxs şəkilçiləri aşağıdakılardır:

I ş. tək: -am, -əm
II ş. tək:-san,-sən
III ş. tək: -dır,-dir

cəm: -ıq,-ik
cəm: -sınız,-siniz
cəm: -dırlar,-dirlər

Birinci şəxsin təkində və cəmində şəxs şəkilçisindən əvvəl «y» bitişdiricisi işlənir. Məs.:

Mən yazasıyam
Sən yazasısan
O yazasıdır
Biz yazasıyıq
Biz gələsiyik
Onlar yazasıdırlar

Mən gələsiyəm
Sən gələsisən
O gələsidir
Siz yazasısınız
Siz gələsisiniz
Onlar gələsidirlər

Lazım şəklində fel kökü (və ya əsası) ilə -ası,-əsi şəkilçisi arasında daim təsirlik, növ və inkar şəkilçiləri üçün boş pozisiya olur və həmin şəkilçilər lazım olduqda işlənə bilir; məs.:

Mən qop-ar-ası-(y)am
Sən qop-ar-ası-san
O qop-ar-ası-dır
Biz qop-ar-ası-yıq
Siz qop-ar-ası-sınız
Onlar qop-ar-ası-dırlar

Mən ucal-t-dır-ası-(y)am
Sən ucal-t-dır-ası-san
O ucal-t-dır-ası-dır
Biz ucal-t-dır-ası-(y)ıq
Siz ucal-t-dır-ası-sınız
Onlar ucal-t-dır-ası-dırlar

Lazım şəklinin inkarı az işlənir. -ma,-mə şəkilçili inkar daha az işlənir, lakin ümumən dil bu formaya imkan verir; məs.:
Mən get-mə-(y)əsi-(y)əm
Sən get-mə-(y)əsi-sən
O get-mə-(y)əsi-dir
Biz get-mə-(y)əsi-(y)ik
Siz get-mə-(y)əsi-siniz
Onlar get-mə-(y)əsi-dirlər

Qeyd. Belə bir fikir var ki, lazım şəklinin inkarı -ma, -mə şəkilçisi ilə düzəlmir, yəni fellər lazım şəklində inkar şəkilçisini qəbul etmir və bu şəklin inkarı «deyil» ədatı ilə düzəlir. Bu fikir doğru deyil, əgər doğru olsa, bu o deməkdir ki, dildə felin lazım şəkli yoxdur, yalnız -ası,-əsi şəkilçili feli sifət var. Çünki feli sifət isimləşərək «deyil» ədatı ilə işlənə bilir: Mən göndəriləsi adam deyiləm – Mən göndəriləsi deyiləm. Eyni ilə vacib şəklində olduğu kimi: Bu yer qazılmalı yer deyil – Bu yer qazılmalı deyil. Bu şəkil arzu şəklinə də yaxındır. Arzu şəkilçisi ilə 3-cü şəxsin mənsubiyyət şəkilçisinin birləşməsindən düzəlmişdir (a-sı şəklində).

Ümumən -ası,-əsi şəkilçisi ədəbi dilimizdə az işlənir, inkar forması isə (-ma,-mə şəkilçisi ilə) bundan da az işlənir. Lazım şəkli dildə fəal bir fel şəkli kimi işlənmir, yalnız bəzi dialekt və şivələrimizdə (Şəki dialektində) fəal işlənməkdədir.

Lazım şəklinin sadəsi işin icrasının gələcək zamana aid olduğunu bildirir; məs.:
- Kimə danışsam, deyəcəklər bəs tanrı səni imtahana çəkir, sınayır, görsün sən onun yolundan dönməyəcəksən?
-Dönüb neyləyəsiyəm, dönməyib neyləyəsiyəm? (F.K.)

Lakin o biri şəkillər kimi, lazım şəkli də bəzən keçmişə, indiyə və gələcəyə aid olan işi bildirir, yəni modallıqla yanaşı, ümumi zaman məzmununa da malik olur; məs.:
– Şirvanşah Fərrux Yasar durur?
– Ona nə olasıdır ki? (F.K.)

Lazım şəklinin mürəkkəbi idi, imiş zaman ədatları və onların şəkilçiləşmiş forması ilə yaranır. İdi köməkçi sözü və onun şəkilçiləşmiş forması (-dı,-di,-du,-dü) lazım şəklinin hekayəsini, imiş köməkçi sözü və onun şəkilçiləşmiş forması (-mış,-miş, muş,-müş) lazım şəklinin rəvayətini yaradır.

İdi, imiş köməkçi sözləri adətən feldən ayrı yazılır:

alası idim
alası idin
alası idi
alası imiş
alası idiniz
alası idilər

alası imişəm
alası imişsən
alası idik
alası imişik
alası imişsiniz
alası imişlər

Felə bitişik yazıldıqda həm hekayə, həm də rəvayət formasında idiimiş-in ixtisar şəklindən əvvəl hər üç şəxsdə «y» bitişdiricisi işlənir.

Mən alasıydım
Sən alasıydın
O alasıydı
Biz alasıydıq
Siz alasıydınız
Onlar alasıydılar

Mən alasıymışam
Sən alasıymışsan
O alasıymış
Biz alasıymışıq
Siz alasıymışsınız
Onlar alasıymışlar

Lazım şəklinin sadəsində işin icrası gələcək zamana aid olduğundan onun nəticəsi maraqlı deyil. Lakin idi, imiş ədatları hadisələri keçmiş zamana aparmış olduğundan nəticə oxucu üçün maraqlıdır. Hekayə və rəvayət formalarında işin nəticəsi müxtəlif ola bilir: iş icra olunmuş da ola bilir, icra olunmamış da olur. Bu cəhət mətnlə, lazım şəklində olan felin digər cümlələrdə mənaca əlaqələndiyi sözlərlə bağlı aydınlaşır. Məs.:
Mən o zaman sizdən məktub alası idim, lakin almadım. Mən o zaman sizdən məktub alası idim, aldım da. Mən idarəyə gedəsi idim, lakin daha getmək istəmədim.(İ.Ə.)

Bəzən qəti gələcəyə aid olan hadisə lazım şəklinin hekayəsi ilə verilə bilir. Məs.:
Yaş odun qışacan gün altında qalıb quruyası idi (Elçin)

– cümləsində quruyası idi sözünü asanlıqla quruyacaq (və ya quruyacaqdı) sözü ilə əvəz etmək olar.