MÜASİR AZƏRBAYCAN DİLİ. MORFOLOGİYA

×
KEÇMİŞ ZAMAN

Felin keçmiş zamanı iş, hal, hərəkətin həmin iş, hal, hərəkət haqqında məlumat verilən vaxtdan əvvəl icra olunub bitdiyini bildirir.

Keçmiş zaman əsasında müəyyənləşdirmək olur ki, haqqında məlumat verilən iş, harəkət, hadisə məlumat verilən vaxta qədərki müddətdə ya icra olunub, ya da icra olunmayıb.

Keçmiş zaman iki cür olur:
1. Şühudi keçmiş.
2. Nəqli keçmiş.

Şühudi keçmiş zaman işin keçmişdə icra olunub-olunmaması haqqında şahidliklə xəbər verilən zaman formasıdır (şühudi – ərəb sözü olub, gözlə görmə, müşahidə mənasında şühud, şahid sözlərindəndir).

Başqa sözlə, danışan şəxs xəbər verdiyi hadisəni gözü ilə görmüş olduqda və ya onun icrasının obyektivliyi heç bir şübhə doğurmadıqda şühudi keçmiş zaman formasından istifadə edir.

Şühudi keçmiş fellərə -dı,-di,-du,dü şəkilçisinin artırılması ilə düzəlir. Məsələn:
Güldün, gülüşünü gözümə təpdim,
Dedim cahanımız bir can-ciyərdi. 
Sevgi toxumunu sinəmə səpdin,
Vüsal cücərmədi, həsrət göyərdi.(Ə.Q.)

Oyun bir neçə dəqiqə sürdü. Amma heç kəs gözünü atdan çəkmədi. (M.H.)

Misallarda güldün, təpdim, dedim, səpdin, cücərmədi, göyərdi, sürdü, gözünü çəkmədi felləri şühudi keçmişdədir.

Şühudi keçmişin şəkilçisi felin kökünə və ya əsasına artırılır; məs.: yaz-dı-m, oxu-du-m, öyrən-di-m, topla-dı-m, yaxşılaşdı-m və s. Felin kökü, əsası ilə zaman şəkilçiləri arasında daim təsirlik, növ və inkarlıq şəkilçisi üçün boş yer olur və həmin şəkilçilər danışanın fikrinin ifadəsindən asılı olaraq işlənə də bilir, işlənməyə də bilir. Məs.:
Qaç-dı-m - qaç-ır-dı-m - qaç-ır-t-dır-dı-m - qaç-ır-t-dırma-dı-m; yan-dı-m- yan-dır-dı-m- yan-dır-t-dı-m- yan-dır-t-dırma-dı-m.

Şühudi keçmiş zamanın şəkilçisindən sonra işlənən şəxs şəkilçiləri aşağıdakılardır:

I ş.tək: . - m
II ş.tək: -n
III ş.tək: -

yaz-dı-m, gəl-di-m
yaz-dı-n, gəl-di-n
yaz-dı, gəl-di

cəm: . -q,-k
cəm: -nız,-niz,-nuz,-nüz
cəm: -lar,-lər

yaz-dı-q, gəl-di-k
yaz-dı-nız, gəl-di-niz
yaz-dı-lar, gəl-di-lər

Şühudi keçmişin inkarı -ma,-mə şəkilçisi ilə düzəlir. İnkar şəkilçisi təsirlik və növ şəkilçilərindən sonra işlənir. Təsirlik və növ şəkilçiləri olmadıqda sözün kökünə və ya əsasına artırılır; məs.:
Uymadı bir anlıq kefə dünyada,
Otuz il nəşəni vermədi bada.(N.) 

Həyatda sənin də baxtın olmadı,
Bir tikan itirib, bir iynə tapdın. 
Ürəyim sancanda vaxtın olmadı,
Başım ağrıyanda bəhanə tapdın.(Ə.Q.)

Şühudi keçmiş zamanın aşağıdakı məna xüsusiyyətləri var:
1. Şühudi keçmiş işin, hərəkətin həmin iş haqqında məlumat verilən zaman qəti bitdiyini bildirir; məs.:
Bir vaxt Napolyona sən zərbə çaldın,
Onun bayrağını sən yerə saldın.(S.V.)

Kəsilmiş ağac iri qol-budaqları ilə ətrafdakı ağacları basıbsıyıraraq şartıltı ilə yerə gəldi, topa-topa qar yerə ələndi, ətraf dümağ ağardı. (E.M.)

Birdən-birə Ziyad xanın ürəyində bir ümid yarandı və bunun səbəbini özü də bilmədi. Bu ulduzlarmı yaratdı o ümidi, aymı yaratdı, bu açıq havanın saflığı, təmizliyimi yaratdı. (Elçin)

2. Şühudi keçmiş zaman əksərən işin icrasında danışanın bilavasitə şahidliyini bildirir; məs.:
Azacıq keçmədən tərpəndi xəstə,
Yenə də dünyaya baxdı gözləri. (S.V.) 

Ay gözəllik çadırını çəkib durdu buludlarda,
Yenə bizim Ay başına dolanırkən buludlar da
Gözlərimə göz tikərək gəlib baxdı pəncərəmdən. (S.V.)

3. Şühudi keçmiş zaman işin, hərəkətin icrasının birdəfəliliyini bildirir; məs.:
Bu anda ikinci atəş gurladı. Heyvan tir-tap yerə yıxıldı. (E.M.)

Mən Ayın sözünü kəsdim biranlıq, Dedim, çirkinlərdən danışma artıq.(S.V.)

4. Böyük ümumiləşdirmələr prosesində danışan şəxs də bilavasitə şahid-icraçılardan biri kimi çıxış edir; məs.:
Qartal olub qanad açdım,
Zamanları keçib aşdım,
İnsanlardan uzaqlaşdım.
Səda gəldi yerlə göydən:
Şair, nə tez qocaldın sən?! (S.V.)

Qeyrət edib çalışdın, düşdün qabağa, millət!
İndi bir az da dincəl, baş qoy yatağa, millət! (S.)

Şühudi keçmiş üçün işin bilavasitə şahidliklə icrası mənası onun ən ibtidai, ilkin təsəvvür yaradan ifadə tərzidir. Şühudi keçmişlə bir saniyə əvvəlki hadisələri qeyd etməklə yanaşı, min illər əvvəl baş vermiş hadisələri də qeyd etmək olar.

Şühudi keçmişin üslubi işlənmə imkanları da var. Fel zamanının keçmişə aid olduğunu bildirən bu şəkilçi gələcək zamanı da ifadə edə bilir; məs.: Ana, getdim, salamat qal,-deyib öpdü qarını (S.V.) - misrasında əsgər hələ yerindən tərpənməmiş, getdim deyir. Bu hal işin qəti şəkildə icra olunacağını bildirir.

Dilimizdə şühudi keçmişin şəkilçisi daha çox işlədilir. Bu şəkilçidən sonra 3-cü şəxsin təkində -dır şəxs şəkilçisi işlənməz.

Şühudi keçmişin mənasında qətilik, şahidlik olduğu üçün bu zamandan sonra hekayə və rəvayət əlamətləri də işlənmir.

Nəqli keçmiş zaman iş haqqında bilavasitə müşahidəçilik, şahidlik olmadan xəbər verilən zaman formasıdır.

Felin bu zaman forması ilə işin icra vəziyyəti haqqında nəql yolu ilə məlumat verilir (nəqli – sözü ərəb mənşəli olub, keçirən, ötürən, paylayan mənasında naqil sözü ilə bir kökdəndir).

Əksərən işin icra vəziyyəti haqqında xəbər verənin özünün də müşahidəçiliyi, iştirakı olmur. Çox zaman iş ikinci, üçüncü şəxslər tərəfindən icra edilmiş olur, lakin birinci şəxs məlumat verməli olur. Hətta ola bilər ki, işin icrasını nə danışan, nə də dinləyən müşahidə etmişdir. Danışan şəxs başqasından eşitdiyi, oxuduğu barədə məlumat verir.

Bəzən də ola bilər ki, bilavasitə danışan şəxsin özü işin icraçısıdır. Bu cür hallarda danışan şəxs işin icra vəziyyəti haqqında iki şəkildə – həm şühudi, həm də nəqli keçmişlə məlumat verə bilir: Mən yazdım. Mən yazmışam. Mən həmin kitabı oxudumMən həmin kitabı oxumuşam.

Göründüyü kimi, hər iki halda işin icraçısı danışan şəxs özü olur.

İşin icrasının iki müxtəlif zaman forması ilə ifadəsinin nə əhəmiyyəti var?

Burada da müəyyən çalar var. Şühudi keçmişlə ifadə olunan formadan məlum olur ki, işin danışan şəxs tərəfindən icra olunduğunu dinləyən şəxs də müşahidə etmişdir. İkinci hal göstərir ki, dinləyənin müşahidəçiliyi olmadan iş icra olunmuşdur.

Burada ikinci bir çalar da vardır: yazdımyazmışam sözlərində işin yaxın vaxtda və uzaq vaxtda icrası mənası da var. Odur ki bəzən şühudi keçmiş əvəzinə, «yaxın keçmiş», nəqli keçmiş əvəzinə «uzaq keçmiş» terminləri də işlədilmişdir. Lakin bir saniyə əvvəl icra olunmuş işi nəqli keçmişlə ifadə etmək mümkün olduğu kimi, min il əvvəlki işi də şühudi keçmişlə ifadə etmək olur.

Nəqli keçmiş zaman fel kökü və ya əsası üzərinə -mış, -miş,-muş,-müş şəkilçisinin artırılması ilə düzəlir; məs.:
Gördüyüm yuxunu özüm yozmuşam,
Eşqim bir qucaqdır, qəmim bir qucaq. 
Arxanca gələndə nəğmə yazmışam,
Arxanca baxanda susmuşam ancaq.(Ə.Q.)

Ona don biçmişəm, dən üyütmüşəm,
Yolumdan dönmərəm aləm yığılsa.
Sənin həsrətini mən böyütmüşəm,
Sənə qaytarmaram dünya dağılsa.(Ə.Q.)

Nəqli keçmiş zamandan sonra işlənən şəxs şəkilçiləri aşağıdakılardır:

I ş. tək: -am,-əm
II ş. tək: -san,-sən
III ş.tək: -dır,-dir,-dur,-dür

yaz-mış-am, gəl-miş-əm
yaz-mı(ş)-san, gəl-mi(ş)-sən
yaz-mış-dır, gəl-miş-dir

cəm: -ıq,-ik,-uq,-ük
cəm:-sınız,-siniz,-sunuz, -sünüz
cəm: -lar,-lər

yaz-mış-ıq, gəl-miş-ik
yaz-mı(ş)-sınız, gəl-mi(ş)-siniz
yaz-mış-lar, gəl-miş-lər

Qeyd. İkinci şəxsin təkində və cəmində -mış şəkilçisinin son samiti canlı danışıq dilində çox zaman buraxılır. Bu hal artıq ədəbi norma hesab olunur, yəni hər iki halın işlənməsi orfoqrafik cəhətdən düzgün hesab olunur.

Ş samitinin düşdüyü hallara misal:
Sən özün özündən qisas almısan,
Yaşından neçə il dalda qalmısan.
Hələ dörd divara mehir salmısan,
Sevməyi nə təhər öyrədim sənə? (Ə.Q.)

Bəs pəncərələri niyə açıq qoymamısınız? – deyə oradakı qadınlardan soruşdum.(İ.Ə.)

Nəqli keçmiş zaman şəkilçisindən əvvəl - fel kökü və ya əsası ilə şəkilçinin arasında daim təsirlik, növ, inkarlıq şəkilçiləri üçün lazım olan pozisiya boş olur və lazım gəldikdə həmin şəkilçilər işlədilir:
Gül-müş-dür - gül-dür-müş-dür – gül-dür-t-müş-dür – gül-dür-t-dür-ül-müş-dür – gül-dür-t-dür-ül-mə-miş-dir.

-mış şəkilçisi nəqli keçmişin əsas normativ şəkilçisidir. Dilimizdə nəqli keçmişin ifadəsi üçün bu şəkilçi ilə yanaşı, -ıb,-ib, -ub,-üb şəkilçisindən də istifadə olunur. Bu şəkilçi canlı danışıq dili üçün daha səciyyəvidir, sadə danışıq dilində daha çox işlənir.

Məs.:
Neçə il yüzbaşılıq edib, axırda bir nəfər onun üstünə şər atıb ki, guya Qasım yüzbaşı rüşvətxordur. O səbəbə möhürünü və zəncirini alıblar.(Ə.H.)

Bu eşqin tumundan kol da bitməyib,
Yetimin əlləri yara yetməyib.
Gedən qayıtmayıb, gələn getməyib,
Belə qayıtmağın nəyimə gərək.(Ə.Q.)

Şeyx Heydər qocaya tərəf döndü: -Mən atamı görməmişəm, o da məni görməyib.(F.K.)

-ıb şəkilçisi müasir dilimizdə xəbər şəklinin sadəsində 1-ci şəxsin təkində və cəmində işlənə bilmir, yalnız ikinci və üçüncü şəxslər üzrə təsriflənir:

Sən alıbsan
O (Sərvər) alıb

Siz alıbsınız
Onlar (Sərvərgil) alıblar

Lakin tarixi abidələrimizin dilində 1-ci şəxsdə də işlənib:
Mən yox olubam, sən indi var ol,
Özgə xələfə ümidvar ol.(F.)

Xəbər şəklinin rəvayətində müasir dilimizdə -ıb şəkilçisi 1-ci şəxsdə də işlənə bilir:

Mən yazıbmışam
Sən yazıbmışsan
O (Ənvər) yazıbmış

Biz yazıbmışıq
Siz yazıbmışsınız
Onlar (Ənvərgil) yazıbmışlar

Qeyd. -ıb şəkilçisi omonimdir – həm zaman şəkilçisi, həm də feli bağlama şəkilçisi kimi işlənir. Zaman şəkilçisi kimi işləndikdə şəxs şəkilçisi qəbul edə bilir, feli bağlama şəkilçisi kimi işləndikdə şəxs şəkilçisi qəbul etməz: alıbsan, alıbsınız, alıbdır, alıblar. Məs.: Evə gəlib qapıdan asılmış qıfılı görəndə əvvəl özündən sual edirdi ki, bu qapını kim bağlayıb? (Ə.H.)

Bu misaldakı gəlib sözü feli bağlamadır, şəxs şəkilçisi qəbul edə bilmir. Cümlənin sonundakı bağlayıb sözündə -ıb zaman şəkilçisidir. Sözü cümlədə bağlayıbdır şəklində də işlətmək olar.