MÜASİR AZƏRBAYCAN DİLİ. MORFOLOGİYA

×

FELİ BAĞLAMA

Bir işi, hərəkəti başqa bir işlə, hərəkətlə əlaqələndirən şəkilçilərə feli bağlama şəkilçiləri, onların artırıldığı sözlərə feli bağlama deyilir.

Dilimizdə bir sıra şəkilçilər var ki, fellərə artırılaraq həmin feli başqa bir fellə əlaqələndirir və bu yolla bir işi, hərəkəti başqa bir işlə bağlayır. Məs.:
Bu sözləri deyəndə Əbilin gözlərindən sevinc yağırdı. (İ.M.)

Arvad işığı keçirərək soyunub yerinə girdi. (İ.Ə.)

Bəndalı indi yatdıqları otaqda oturub yoldaşları ilə çörək yeyirdi. (İ.Ə.)

Səhər tezdən mal fermasına gedərkən Telli arvad pis xəbər söylədi. (M.İ.)

O çeşmənin, o kölgənin yanından kövrəlmədən ötüb-keçdiyim olmayıb.(Ə.Ə.)

Bir də onu bilirəm ki, o dağlar dünya durduqca gülümsəyəcəkdir.(Ə.Ə.)

Bu misallarda feli bağlama ilə onların əlaqələndiyi felləri qarşı-qarşıya aşağıdakı kimi qeyd etmək olar:
deyəndə – (sevinc) yağırdı (demək – yağmaq);
soyunub – (yerinə) girdi (soyunmaq – yerinə girmək);
işığı keçirərək – (yerinə) girdi (keçirmək –girmək);
oturub – yeyirdi (oturmaq – yemək);
gedərkən – xəbər söylədi (getmək –söyləmək);
kövrəlmədən – ötüb-keçdiyim(kövrəlmək – ötüb-keçmək).

Feli bağlama cümlədə hər cür fellə – həm şəxsli, həm də şəxssiz fellə - feli sifət, məsdər, hətta başqa bir feli bağlama ilə əlaqələnir. Məs.:
Səhvlərin sənin gözünü elə bağlayacaq ki, ayılanda hansı dərədə olduğunu da bilməyəcəksən. (M.İ.)

Trubkanı sümürüb, stəkanda buğlanan çaya baxaraq fikrə getmək başqa bir aləm idi. (M.İ.)

Bağdagül bacının iri bir inəyin yanında dayanaraq, onun boynunu əli ilə oxşaya-oxşaya oxuduğunu gördülər. (İ.Ə.)

Yoldaşları yüyürüb tüfənglərini götürəndə Bəndalı qoymadı. (İ.Ə.)

Birinci misalda ayılanda feli bağlaması şəxsli felə (bilməyəcəksən) aiddir. İkinci misalda feli bağlamalar məsdərlə bağlıdır: sümürüb fikrə getmək., baxaraq fikrə getmək.

Üçüncü misalda feli bağlamalar feli sifətə aiddir: dayanaraq oxuduğunu, oxşaya-oxşaya oxuduğunu.

Son misalda isə feli bağlama feli bağlamaya aiddir: yüyürüb götürəndə. Və hər ikisi birlikdə şəxsli felə aiddir: yüyürüb götürəndə qoymadı.

Feli bağlama da felin hibrid formasıdır. Fellər feli bağlama şəkilçiləri qəbul edərək öz əsas xüsusiyyətlərini saxlamaqla yanaşı, zərf xüsusiyyətləri də qazanır və adverbiallaşır. Felin zərflə konversiyası feli bağlama şəkilçiləri vasitəsilə yaranır.

Fellər feli bağlama şəkilçilərini qəbul etdikdən sonra həmin formada (feli bağlama formasında) təsrif olunmaq imkanlarını itirir. Lakin bir fel kimi, aşağıdakı əsas xüsusiyyətlərini saxlamış olur:

1. Fel iş, hal, hərəkət bildirir. Bu xüsusiyyət şəxsli fellərlə yanaşı, feli bağlamada da olur və fel öz iş, hərəkət məzmununu adverbial şəkildə də saxlayır; məs.:
Onlar ayaqlarının qarını çırparaq içəri girdilər. (İ.Ə.)

Maya üşüməyə başladığını hiss edərək daha artıq Qaraşa qısıldıqda bədəni məstedici bir hərarətlə qızındı (M.İ.)
– cümlələrində çırparaq, hiss edərək, qısıldıqda feli bağlamalarında adverbial şəkildə olsa da, çırpmaq, hiss etmək, qısılmaq fellərinin ifadə etdiyi iş, hərəkət mənası qalmaqdadır.

2. Felin mühüm xüsusiyyətlərindən biri idarə və yanaşma yolu ilə öz ətrafına söz toplamasıdır. Felin idarə etmə imkanları genişdir. Sözləri idarə etmək və ya özünə yanaşdırmaqla cümlənin genişlənməsinə, zənginləşməsinə səbəb olur. Bu cəhət dəyişən fellərlə yanaşı, feli bağlamaya da aiddir. Lakin fərqləri burasındadır ki, şəxsli fellərlə əlaqə nəticəsində predikativ birləşmələr, feli bağlama ilə əlaqə nəticəsində qeyri-predikativ birləşmələr – söz birləşmələri, yəni tərkiblər əmələ gəlir. Məs.:
Sara xatun sultanın taxtı yanında qoyulmuş kürsüdə oturmağa gedəndə Əbu Səid uşaq sifətli Şeyx Heydərə baxdı. (F.K.)

Uzun Həsən başını əyib alaçıqdan girəndə yan-yana iki gözəl dayanmışdı. (F.K.)

Payızda Muğana, Milə yağış yağanda ot cücərir, göbələk də çıxırdı.(F.K.)

Qazlar uçub onların başı üstünə gələndə arxasında lələk olan oxlar yaylardan ayrıldı. (F.K.)

Sara xatun danışığın gedişini olduğu kimi danışdıqca oğlu əsəbiləşirdi. (F.K.)

3. Fel təsirli və təsrsiz olur. Bu xüsusiyyət eyni dərəcədə həm şəxsli fellərlə, həm də feli bağlamaya aiddir. Məs.:
Novruzgülü, qarçiçəyi çıxanda,
Ağ buludlar köynəklərin sıxanda
Bizdən də bir yad eyləyən sağ olsun. (Ş.)


Ümidinin alovunda kədərini yandıraraq ürəyini polad elə! (R.R.)

İki atlı dağlardan enib Ərdəbilə gedirdi. (F.K.)

Səlcuqşahbəyim qızıllarını - qolbağ, zərnişan, bilərzik, sinəbənd, xalxallarını cingildədə-cingildədə ayağa durdu.(F.K.)

Rüstəm kişi trubkasını tüstülədə-tüstülədə var-gəl eləməyə başladı.(M.İ.)

O qayıdıb yerində oturdu, trubkasını alışdırıb sümürərək xoş xəyallara getdi.(M.İ.)

Bu misallarda sıxanda, yandıraraq, cingildədə-cingildədə, tüstülədə-tüstülədə, alışdırıb, sümürərək feli bağlamaları təsirli, çıxanda, enib, qayıdıb təsirsizdir.

4. Felin əsas xüsusiyyətlərindən biri də müxtəlif növ şəkilçiləri qəbul edərək dəyişməsi, subyekt – obyekt münasibətlərini nizama salmasıdır. Bu xüsusiyyət də hər cür felə – həm şəxsli, həm də şəxssiz fellərə aiddir. Məs.:
aldıqda – alındıqda – aldırıldıqda
yazdıraraq – yazışaraq – yazılaraq
görərək – görüşərək – görünərək

5. Fellər təsdiq və inkar olur. Bu xüsusiyyət şəxsli fellərlə yanaşı, feli bağlamaya da aiddir. Məs.:
Nəzərlərini onun üzündən çəkməyərək cavab verdi. Mən şad olanda, deyib-güləndə, zarafat eləyəndə görürəm bunların da kefi açılır.(İ.Ə.)

Pərşan yerində otura bilməyərək ayağa durdu və arxadan atasının boynunu qucaqlayaraq qulaq asdı. (M.İ.)

Doğrudan da, iki dəqiqə keçməmiş, eyvanda ayaq səsi eşidildi. (M.İ.)

Salman Səkinədən cavab alaraq tələsmədən Qaraşa və Mayaya yaxınlaşdı. (M.İ.)

Misallarda şad olanda, deyib-güləndə, zarafat eləyəndə, cavab alaraq feli bağlamaları təsdiq, çəkməyərək, otura bilməyərək, keçməmiş, tələsmədən feli bağlamaları inkar şəkildə olan feli bağlamalardır.

Hətta feli bağlama şəkilçilərinin bir qismi felin inkar şəkilçisinin iştirakı ilə yaranmışdır. Buraya -madan,-mədən, -ar-maz, -ər-məz, ma-mış,-mə-miş şəkilçiləri daxildir.

Qeyd etdiyimiz kimi, feli bağlamalar felin adverbial formasıdır, ona görə də feli bağlamalarda zərf xüsusiyyətləri güclüdür.

Feli bağlamalarda zərflərə aid aşağıdakı xüsusiyyətlər olur:

1. Zərflər fellərdən əvvəl işlənib felə aid olduğu, onu müxtəlif cəhətdən izah etdiyi kimi, feli bağlamalar da şəxsli fellərə, feli sifət, feli bağlama və ya məsdərə aid olur. Məs.:
Soltan xəfifcə gülümsədi. (İ.Ə.)

Qız birdən-birə ruhdan düşdü. (İ.Ə.)

Evə gələn kimi görəcəksən qapı-pəncərəni taybatay açıb.(İ.Ə.)

Oğlan qaranlıqda təəccüblə yanakı ona baxdı (İ.Ə.)
- misallarında xəfifcə gülümsədi, birdən-birə ruhdan düşdü, taybatay açıb, təəccüblə baxdı, yanakı baxdı birləşmələrindəki zərflər hərəkətin icra tərzini bildirir.

Şahlarla qız tövlələrə baxıb çıxanda Qartallı Dərənin evlərindən zəif işıqlar gəlirdi. (İ.Ə.)

Qaranlıqda bir atlı onlara salam verib keçdi.(İ.Ə.)

Taxt-taca sahib olanda fikirləşmişdi ki, xoşbəxtlik gəlib çıxdı.(F.K.)

Dədə bəy atını çapa-çapa gəldi. (F.K.)

Uzaqdan maşın səsi gəldikdə hamısı birdən boylanıb baxdı (M.İ.)
– misallarında isə tövlələrə baxıb çıxanda gəlirdi, onlara salam verib keçdi, taxt-taca sahib olanda fikirləşmişdi, atını çapa-çapa gəldi, uzaqdan maşın səsi gəldikdə baxdı, boylanıb baxdı birləşmələrində feli bağlamalar şəxsli fellərlə əlaqələnmiş, felləri zaman və tərz baxımından izah etmişdir..

2. Zərf cümlədə tərz və zaman bildirdiyi, necə? nə zaman?, bəzən də nə səbəbə? suallarına cavab verdiyi kimi, feli bağlamalar da zaman bildirir, hərəkətin tərzini, icra səbəbini aydınlaşdırır; məs.:
Şirzad nə isə demək istədikdə gözü Pərşanın gözünə sataşdı.(M.İ.)

Qapı bir daha döyüləndə Sultanəli də qalxdı. (F.K.)

Birinci dəfə kiprik qırpmadan qızın gözlərinin içinə baxdı (M.İ.)
- cümlələrindən əvvəlki ikisində feli bağlama tərkibləri zaman, sonuncuda tərz bildirir.

3. Zərflər kimi, feli bağlama və feli bağlama tərkibləri də cümlədə zərflik vəzifəsində – zaman, tərz və səbəb zərflikləri vəzifəsində işlənir. Məs.:
Bu dəfə gözünü açanda başının üstündə gözəl bir sima gördü. (F.K.)

Köhnə dəyirmanın yanına çatanda gördü ki, cinə-şəyatinə oxşayan bir məxluq dayanıb. (F.K.)

Dilavər oğlanların neçəsi yaraqlanıb-yasaqlanıb daha uzaq obalara at sürmüşdülər. (F.K.)

Mustafa çiyinlərini çəkib çölə çıxdı.(F.K.)

Səkinə sazı döşünə basıb mizrabı cəsarətlə simlərə vurdu.(F.K.)

Onlar yalvara-yalvara, dua oxuya-oxuya qalxdılar. (F.K.)

Hərdən ona acığı tutub deyindi də
- cümlələrindən əvvəlki ikisində feli bağlama tərkibləri zaman zərfliyi, sonrakılarda tərz zərfliyi, sonuncuda səbəb zərfliyi vəzifəsində işlənmişdir.

Hətta bir sıra feli bağlamalar zərfə doğru inkişaf edərək zərfə çevrilmişdir. Məsələn, istər-istəməz sözü artıq feli bağlama deyil, zərf hesab olunur. Getdikcə, dedikcə, dönə-dönə sözləri də belədir:
Rüstəm kişi getdikcə içəridən daha çox yanırdı. (M.İ.)

Çox toxtaq, dedikcə səbirli halda təklifini verib Əliqulunun üzünə baxdı.(Ə.V.)

Xasayın xətrini çox istəyir və ona inanırdı, amma yenə dönə-dönə soruşdu: -Əminsənmi? (H.M.)

Qeyd. Getdikcə, dedikcə, dönə-dönə sözləri həqiqi mənada feli bağlama kimi də işlənməkdədir:
Arabalar getdikcə yol qısalırdı. 

Mən sənə bu sözləri dedikcə sən özünü eşitməzliyə vururdun.

Mən küçəni dönə-dönə yanımdakı yoldaşdan soruşdum
– cümlələrində getdikcə, dedikcə, dönə-dönə sözləri feli bağlamadır.

-araq,-ərək şəkilçili çaparaq, qaçaraq sözləri vurğudan asılı olaraq feli bağlama və zərf kimi işlənə bilir. Vurğu bu şəkilçinin birinci hecasına düşdükdə feli bağlama, ikinci hecasına düşdükdə söz zərf olur:
Şirzad onlara çatmaq üçün çaparaq` yeridi (M.İ.)
– cümləsində çaparaq` sözü cəld mənasındadır və zərfdir.
Axşam bir qaçaraq` bizə dəyərsən.
– cümləsində qaçaraq` sözü də zərfdir.

Şirzadın atı olsa idi və ata işarə ilə: Şirzad çapa`raq onlara çatmaq istədi - deyilsə idi, söz feli bağlama olardı.
Gənc çoban qaça`raq ağıllardan birinə getdi (M.İ.)
– cümləsində də feli bağlamadır.

Dildə baxmayaraq sözü də artıq feli bağlama kimi çox nadir hallarda işlənir. O oturanların üzünə baxmayaraq keçb getdi – cümləsində feli bağlamadır. O çəkdiyi bütün əziyyətlərə baxmayaraq, indi özünü xoşbəxt hiss edirdi. (İ.Ə.) – cümləsində xüsusiləşdirən qoşmalaşmış sözdür.

Olduqca sözü feli bağlamadan çox, ədat kimi işlənməkdədir:
Salman xüsusi bir diqqətlə Mayanın açıq çəhrayı ipək paltarda olduqca yaraşıqlı görünən gərdəninə baxdı (M.İ.)
– cümləsində sifətin çoxaltma dərəcəsinə xidmət edir. Asılı olaraq, fərqli olaraq, yanaşı olaraq, əlaqədar olaraq tipli sözlər feli bağlama kimi əhəmiyyətini itirməkdə, qoşmalaşmaqdadır.

Əksər feli bağlamaların özünə məxsus subyekti olur:
Bu heyvanın bu gündən sabaha çıxmağa ümidi var ki? Mən naxoşlayanda o məni aparır, o naxoşlayanda mən onu. (F.K.)

Gün əyiləndə, axşam namazının vaxtı çatanda Cibo Səfər dayandı. (F.K.)

Madyan Alapaçaya yaxınlaşdıqda Dədə bəyin ürəyi partlamaq dərəcəsinə gəlirdi. (F.K.)

Bu misallarda feli bağlamaların öz, şəxsli felin öz subyekti var:

mən naxoşlayanda
o naxoşlayanda
gün əyiləndə
axşam namazının vaxtı çatanda

o aparır
mən (aparıram)
Cibo Səfər dayandı
Dədə bəyin ürəyi partlamaq dərəcəsinə gəldi

-ıb-araq şəkilçili feli bağlamaların yalnız şəxsli fellə birgə – müştərək subyekti olur. Məs.:
Tapdıq atı dirəyə bağlayıb ağanın yanına gəldi. (İ.Ş.)

Qoca başını divara söykəyib gözlərini yumdu.(F.K.)

Bu misallarda Tapdıq sözü həm bağlayıb, həm də gəldi sözü ilə, qoca sözü həm söykəyib, həm də yumdu sözü ilə bağlıdır.

Digər feli bağlamalar da 3-cü şəxsdə şəxsli fellə eyni subyektə aid ola bilər; məs.:
Ağam bir yandan bağlayanda bir yandan açar. (F.K.)
– cümləsində həm bağlayanda, həm də açar felləri ağam subyekti ilə bağlıdır, subyektləri müştərəkdir. Lakin başqa feli bağlamaların, məsələn, -anda şəkilçili fellərin əksərən müstəqil subyekti olur; məs.: O hirslənəndə alnındakı çapıq qanla dolub qızarırdı. (F.K.) Bu imkan -ıb-araq şəkilçili feli bağlamalarda yoxdur.

Faktlardan aydın olur ki, feli bağlama bəzən başqa predikativ sözlərə – ismi xəbərə də aid ola bilir. Bu cür hallarda predikativlik bildirən əsas elementin düşmüş olduğunu düşünmək mümkündür. Məs.:
Cibo Səfərin əli Dədə bəyin iri əllərinin arasında yoxa çıxanda o artıq atın tərkindəydi (F.K.)
– cümləsində yoxa çıxanda feli bağlaması atın tərkindəydi ismi xəbərinə aiddir. Burada atın tərkindəydi birləşməsi atın tərkində oturmuşdu mənasında başa düşülür.

Dilimizdə feli bağlama şəkilçiləri zəngin olub, hal-vəziyyət, tərz, zaman, bəzən də səbəb bildirir. Feli bağlamanın zamanı çox vaxt şəxsli felin zamanından asılı olmur, şəxsli fellə eyni zamanda olan işi bildirdiyi kimi, bəzən ondan əvvəl və ya ondan sonra baş verən işi də bildirir. Məsələn, Məhəmmədhüseyn səhər tezdən cibindən bir abbası çıxarıb, bir rusca, bir azərbaycanca qəzet alardı (M.C.) - cümləsində feli bağlamanın (çıxarıb) ifadə etdiyi iş xəbərdəki işdən (alardı) əvvələ aiddir.

Zərfliklər zaman bildirdikdə onların ifadə etdiyi iş zaman şəkilçili şəxsli felin ifadə etdiyi işlə tam üst-üstə düşmür, çox zaman onun bir kəsiyində, konkret bir müddətdə görülən işi bildirir, feldəki zamanı dəqiqləşdirir. Bu xüsusiyyət zaman bildirən feli bağlama və feli bağlama tərkiblərinə də aiddir. Həm də məlumdur ki, feli bağlamalar tərz və səbəb də bildirir, odur ki onlarda həmişə zaman axtarmaq da lazım gəlmir.

Dilimizdə aşağıdakı feli bağlama şəkilçiləri işlənir:
-ıb,-ib,-ub,-üb şəkilçisi.

Bu şəkilçi dilimizdə ən fəal feli bağlama şəkilçisidir. Əksərən aid olduğu şəxsli feldəki işdən əvvəl baş verən işi bildirir. Həm də canlı danışıq dilində nəqli keçmiş zamanın şəkilçisi kimi işlənir (bu barədə zaman kateqoriyasına baxmalı).

Feli bağlama şəkilçisi kimi daha çox tərz, bəzən də zaman zərfliyinin ifadəsinə xidmət edir; məs.:
Gördüm Qasım əmi bir daş üstündə əyləşib deyir. (Ə.H.)

Arıq traktorçu nə isə deyinə-deyinə düşüb maşının arxasına keçdi. (M.İ.)

Maya tünd ətri otağı bürümüş ağ nərgiz dəstəsini alıb sevinclə təşəkkür etdi. (M.İ.)

Buz layları onun ayaqları altında parçalanıb səslənirdi. (İ.Ə.)

Bir dağ keçisi başını qaldırıb onu gördü və var gücü ilə tullanıb qaçdı.(F.K.)

O mücrünü gətirib onun qabağında açdı. (F.K.)

Qoca başını divara söykəyib gözlərini yumdu. (F.K.)

Ona elə gəldi ki, şirin duyğu və xəyalların təsirindən bihuş olub yıxılacaqdır. (M.İ.)

Kişi qaşlarını çatıb ciddi ifadə ilə cavab verdi. (İ.Ə.)

Səbəb zərfliyi vəzifəsində işlənir; məs.:
Əhməd bəy bundan da diltəng olub altı-yeddi sənə evindən çıxmadı. (Ə.H.)

Bəzən həmcins zərflik kimi çıxış edir:
Hər sübh Gülsüm xala Şeyx Şəbandan tez oyanıb, yerindən qalxıb, samovar hazır edərdi. (Ə.H.)

-ıb şəkilçili feli bağlama başqa bir feli bağlama (və ya feli sifət, məsdər) tərkibinə düşərək müstəqilliyini itirə bilir; məs.:
Oğlan dala baxıb peyin zolağını gördükdə qızardı. (M.İ.)

Rüstəm kişi peyinlənib şumlanan bostanlıqların arasına girəndə nəfəsindən buğ çıxan at tövşüyüb yavaşıdı. (M.İ.)

Onlar qayıdıb idarəyə gələndə beş-altı nəfər kəndli gurhagur yanan sobanın ətrafında halay vurub oturmuşdu. (İ.Ə.)

Səlimə kətil götürüb kəndlilərin yanında oturmaq istəyəndə hamı stullarını geri çəkərək sobanın yanında qıza yer verdi. (İ.Ə.)

-araq,-ərək şəkilçisi. Bu şəkilçi ilə düzələn feli bağlamaların ifadə etdiyi iş, hal, hərəkət şəxsli feldəki iş və hərəkətdən əvvəl baş verir. -araq şəkilçili feli bağlamalar aid olduğu feldəki işin, hərəkətin nə tərzdə, hansı vəziyyətdə, necə icra olunduğunu bildirir və cümlədə əksərən tərz zərfliyi vəzifəsində işlənir. Məs.:
Qətibə nazlanaraq sual verdi. (O.)

Dünyanın qeydini tamam ataraq
Qeydsiz bir həyat sürürdü ancaq. (N.)


Komissar yaxına gələrək bu an
Öpdü tərlanımın açıq alnından.(S.V.)

Uzunboğaz çəkmə geymiş oğlan ayaqlarını üzəngiyə dirəyərək yəhərdə qıs-qıvraq oturmuşdu. (İ.Ə.)

İnək asta-asta gövşəyərək sanki arvadın mahnısına qulaq asırdı. (İ.Ə.)

Çallaşmış başını qaldıraraq daş kimi lal-dinməz oturmuşdu. (M.İ.)

Cümlənin səbəb zərfliyi vəzifəsində işlənə bilir; məs.: Oğlunun bu axşam evə gəlməyəcəyini düşünərək kədərləndi.

-ıb-araq şəkilçili feli bağlamalar məna və vəzifəcə yaxın olan sinonim feli bağlama şəkilçiləridir. Bir-birini asanlıqla əvəz edə bilir.
Hamı dinməz-söyləməz dayanaraq başçılarının əmrini gözləyirdi (M.H.)
– cümləsindəki dayanaraq feli bağlamasını dayanıb şəklinə salsaq, məna fərqi yaranmaz.

Cümlədə həm -ıb, həm də -araq şəkilçili feli bağlama olduqda adətən əvvəl -araq, sonra -ıb işlənir; məs.: Döyüşçülər silahlara əl ataraq səngərdən çıxıb hücuma keçdilər.

-dıqda,-dikdə,-duqda,-dükdə şəkilçisi. Bu şəkilçi ilə düzələn feli bağlamalar əsas feldəki işin başlanma anını göstərir. Cümlədə daha çox zaman zərfliyi vəzifəsində işlənir. Məs.:
Gördükdə mən eyləyən vəfayı,
Bildikdə sən eyləyən cəfayı,
Aya, kimə bivəfa deyərlər,
Kimin işini xəta deyərlər? (F.)


Rayon mərkəzinə çatdıqda Adil düşüb öz idarəsinə getdi. (İ.Ə.)

Yalnız üç il əvvəl atasının bəraət kağızını aldıqda sevinib üzü açıldı. (M.İ.)

Rüstəm kişi bu darvazadan içəri girdikdə gözü önündə yeni böyük bir zavodun mənzərəsi açıldı. (M.İ.)

Məlumat üçün. -dıqda şəkilçisi etimoloci cəhətdən -dıq feli sifət şəkilçisi ilə yerlik hal şəkilçisindən ibarətdir. Başqa feli sifət şəkilçilərindən fərqli olaraq, -dıq şəkilçisi müstəqil işlənə bilmir. Ya mənsubiyyət şəkilçiləri ilə birlikdə feli sifət kimi çıxış edir (-dığı, -diyi, -duğu,-düyü... şəklində), yaxud da yerlik və çıxışlıq hal şəkilçiləri ilə (-dıqda,-dıqdan şəkillərində) işlənir. Yerlik hal statik haldır, hərəkət tələb etmir və qoşma qəbul etmir. Ona görə də -dıq-da şəkilçiləri birləşərək feli bağlama şəkilçisi kimi formalaşmışdır: aldıqda, gəldikdə, bildikdə, oxuduqda və s. Bu şəkilçi (-dıq feli sifət şəkilçisi) substantiv planda -dan çıxışlıq hal şəkilçisini də qəbul edir və bu zaman sonra qoşmasını tələb edir. -dıqdan sonra strukturunun ifadə etdiyi iş icra olunub qurtardıqdan sonra şəxsli feldəki iş başlanır. Məs.:
Tez yatmağa adət etdiyinə görə çay içildikdən sonra Pərşan əsnəməyə başladı. (M.İ.)

Qatarlaşan furqonlar tozlu-torpaqlı yollarla bir neçə gün yol getdikdən sonra taxıl zəmilərinin ətrafında dayandı. (İ.Ş.)

Təsərrüfatı planlaşdırmaqda kəndlərin özünə böyük ixtiyar verildikdən sonra bağ-bostana diqqəti xeyli artırmışdılar.(M.İ.)

Müəllim məsələsində ümidi kəsildikdən sonra Rüstəm kişi maşın-traktor stansiyasına yollandı. (M.İ.)

-dıqdan sonra strukturunu feli bağlama hesab etmək olmaz. Çünki qoşma feli bağlamaya qoşula bilməz, hallanan sözə, hal şəkilçili sözlərə qoşular. Digər tərəfdən, qoşmalar özləri qoşulduğu sözlə birlikdə feli bağlamanın ifadə etdiyi mənaya bərabər məna ifadə edir. Deməli, təhlil zamanı -dıqdan şəkilçi kompleksini feli sifət (müstəqil işlənə bilmədiyini qeyd etməklə) və hal şəkilçisinə ayırmaq lazımdır. dıqdan sonra tərkibi substantivləşmiş feli sifət, hal şəkilçisi və qoşmadan ibarətdir.

-anda,-əndə şəkilçisi. Bu şəkilçi ilə düzələn feli bağlamalardakı iş davam etdiyi zaman əsas feldəki – şəxsli feldəki iş başlanır və icra olunur. Bu şəkilçi ilə yaranan feli bağlama və feli bağlama tərkibi cümlədə zaman zərfliyi vəzifəsində işlənir. Məs.:
Həyətə çıxanda karvan adamları yükləri yerbəyer eləyirdilər. (F.K.)

Xidmətçilər Şeyx Heydərin dalınca gedəndə Sara xatun üç çadırdan hansına gedəcəyini fikirləşdi. (F.K.)

Dədə bəy kor-peşman qayıdanda obanın kişilərinin atlanıb gəldiyini gördü. (F.K.)

Köhnə dəyirmanın yanına çatanda gördü ki, cinəşeytana oxşayan bir məxluq dayanıb. (F.K.)

Çırağı başının üstünə qaldıranda qolu-qıçı bağlı bir adam gördü. (F.K.)

Səngərlər susanda, vuruş bitəndə, Bir böyük şəhərdə, bir göy çəməndə Onu qarşılarıq tər gül içində. (M.R.)

Sən boy atıb qalxanda zindanlara atıldın.(S.V.)

Məlumat üçün. -anda şəkilçisi etimoloci cəhətdən -an feli sifət şəkilçisi ilə yerlik hal şəkilçisindən ibarətdir.

Bu feli bağlama -andan,-əndən şəklində də işlənir. -an feli sifət şəkilçisi çıxışlıq hal şəkilçisi ilə birləşərək -andan şəklinə düşmüşdür. Bu morfem həm qoşmasız, həm də qoşmalarla işlənir. Hər iki halda əsas feldəki işin başlanma zamanını bildirir.

Qoşmasız:
Bu var-dövləti toplayandan onun bir yetim quzusunu nə oğru aparmış, nə qurd-quş dağıtmışdı.(F.K.)

Taxta oturandan hələ heç bir iş görməyən bu on yaşlı uşaq dəbdəbə və hərəmxana barəsində düşünürdü. (F.K.)

Qoşmalarla:
Top-tüfəng səsləri kəsəndən bəri
Gəzir qayalarda dağ keçiləri. (S.V.)


Gədik qurtarandan sonra yenə də vadi başladı. (İ.Ə.)

Sultan Əbu Səid dəri cildli kitabı dodaqlarına yaxınlaşdırandan sonra onu Şeyx Heydərə verdi. (F.K.)

Şeyx Heydər Quranı öpüb gözünə qoyandan sonra qızıl qabına saldı. (F.K.)

Aşbazlar gedəndən sonra kiprikləri əyilib sifətinə kölgə salan rumlu qız şüşə qabdan kasaya şərbət süzdü.(F.K.)

Oturandan sonra söhbəti özü açdı.(F.K.)

Qoşmalı formanı feli bağlama hesab etmək olmaz. -dıqda şəkilçisindən danışarkən qeyd etdiyimiz kimi, feli bağlamaya qoşma artırılmaz. -andan şəkilçi kompleksini -an feli sifət və -dan çıxışlıq hal şəkilçilərinə ayırmaq olar. Qoşmasız forma haqqında feli bağlama kimi düşünmək mümkündür. Dediyimiz kimi, qoşma qoşulduğu sözlə birlikdə feli bağlamanın ifadə etdiyi mücərrəd zaman mənasına müvafiq məna ifadə edir. Deməli, dil mücərrədləşdirmə üçün müxtəlif vasitələrdən istifadə edir. Bir forma qoşmalı formadırsa, biri də feli bağlamadır. Bu var-dövləti toplayandan onun bir yetim quzusunu nə oğru aparmış, nə qurd-quş dağıtmışdı - cümləsindəki toplayandan sözü həqiqi mənada «var-dövlət toplayan adamdan» mənası verməli idi, lakin mücərrədləşərək zaman mənası ifadə edir. Deməli, -andan şəkilçi birliyi qoşmanı itirərək feli bağlamaya çevrilmə prosesi keçirir.

-dıqca,-dikcə,-duqca,-dükcə şəkilçisi. Bu şəkilçi ilə düzələn feli bağlamaların ifadə etdiyi iş vəhərəkət şəxsli feldəki işin davam etmə müddətini göstərir. Cümlədə zaman zərfliyi vəzifəsində işlənir; məs.:
Bu söz parladıqca bir şimşək kimi,
Açıldı rəngimiz bir çiçək kimi. (S.V.)
 

Dərələr yuxarı qalxdıqca bir yerdə düyünlənirdi. (F.K.)

Yüngül meh vurduqca ağacın yarpaqlarının arxası gümüş kimi parıldayırdı. (F.K.)

Onlar yeridikcə ayaqlarının altında kövrək qarın yumşaq xışıltısı eşidilirdi. (İ.Ə.)

Tülkü daha tez-tez ləhlədikcə, qəfəsin içində o baş-bu başa vurnuxduqca birdən-birə Qəmərbanuya elə gəldi ki, bu dəm qotur tülkü qəfəsdən çıxıb onu parçalayacaq. (Elçin)

Muğan isə bu qədər gözəldir, baxdıqca ürək açılır! (M.İ.)

Ağ sinən üstündə od qalandıqca, Eşqin, məhəbbətin tapdalandıqca, «Möhnət çəmənindən gül dərə-dərə», Ucaldı, şairim, ahın göylərə.(S.V.)

Baxdıqca hüsnünə doymayır gözüm.(S.R.)

-ınca,-incə,-unca, -üncə şəkilçisi. -ınca şəkilçili feli bağlamalar əsas, yəni şəxsli feldəki işin davam etmə müddətini göstərir. Cümlədə zaman zərfliyi vəzifəsində işlənir. Məs.:
Şirin çıxmayınca o daş qəfəsdən
Dava paltarını soyunmaram mən. (S.V.)


Yüz il ömrün qış keçincə, bir il olsun! (R.R.)

Bəzən şəxsli feldəki işin başlama zamanını bildirir; məs.:
Səməd yaxında güllə səsi eşidincə yerə yatdı.
 Şair qəlbi bu səhnədən ilhamını alınca:
-Yaşa,-dedi, -ey qəhrəman, -yaşa,-dedi, ey Vətən! (S.V.)

Məlumat üçün. -ınca şəkilçisi də feli bağlama kimi formalaşma prosesi keçirir. Hiss olunur ki, -ınca şəkilçisinin birinci elementi -ın feli sifət şəkilçisidir və ola bilər ki, -an feli sifət şəkilçisinin qədim qapalı saitli variantıdır. Həm də -anda şəkilçili feli bağlamalarda olduğu kimi, substantiv vəziyyətdədir. Bu şəkilçi yiyəlik hal şəkilçisi ola bilməz. Ona görə ki -ınca şəkilçili fel hallanır və hətta yönlük halda qoşma qəbul edir: Boz ürgə dərəyə enib gözdən itincəyə qədər Güləbətin onu və sahibini nəzərləri ilə müşaiyət etdi.(İ.Ə.)

Deməli -ınca şəkilçi birliyi hallanma və qoşma qəbul etmə xüsusiyyətlərini itirərək feli bağlamaya çevrilmə prosesi keçirir.

-madan,-mədən şəkilçisi. Əsas feldəki işin davam etmə müddətini göstərir. Daha çox tərz bildirir. Məs.:
Görmədən, duymadan o böyük günü,
Yüz il yaşasam da, ölməyəcəyəm. (S.V.)


Kələntər lələşə yaxınlaşmadan otağın ortasında dayandı. (M.İ.)

Belə sinəyə baş qoyan həyatın fırtınaları qarşısında qorxu bilmədən azad yaşaya bilər. (M.İ.)

Oğlan gözlərini qırpmadan baxırdı. (İ.Ə.)

Qəlyanını ağır-ağır tüstülədən yaşlı bir kişi kimsənin üzünə baxmadan danışdı. (İ.Ə.)

-caq,-cək şəkilçisi-caq,-cək şəkilçili feli bağlamanın ifadə etdiyi işin icrası təzəcə başlandığı vaxt şəxsli feldəki iş başlanır. -caq şəkilçili feli bağlama və feli bağlama tərkibləri zaman zərfliyi vəzifəsində işlənir; məs.:
Canım üzülür əldəki qalxanına baxcaq,
Qəlbim alışır beldəki patranını görcək. (S.)

-alı,-əli şəkilçisi. Bu şəkilçi ilə düzələn feli bağlamalar şəxsli feldəki işin çıxış, başlanğıc nöqtəsini bildirir və cümlədə zaman zərfliyi vəzifəsində işlənir. Məs.:
Əlindən gedəli yarı, yoldaşı,
Yanır od içində bağrının başı. (M.R.)
 

Qəmərbanu bu yaz gələli Mahmudun çöllərə, dağlara gəzintiyə çıxmasına da sevinmişdi.(Elçin)

a – a, ə – ə şəkilçisi. Bu şəkilçi şəxsli feldəki işlə eyni vaxtda baş verən işi bildirir. Məs.:
Üfüqlər qızarıb güləndə səhər
Bülbül öpə-öpə oyatsın gülü. (S.V.)


Əli çənəsində ellər gözəli
Dinləyə-dinləyə «Oxaylar!» deyir.(S.V.)


Qayğanaq mizin üstündə soyuya-soyuya qaldı. (M.H.)

Göydən hərlənə-hərlənə ağ bir lələk düşdü. (F.K.)

Lələyi tulladı. Lələk uça-uça harasa getdi.(F.K.)

Lal yenə əcaib səslər çıxara-çıxara, tüksüz əlini-qolunu oynada-oynada Ziyad xanı otaqdan çıxartdı. (Elçin)

Qəmərbanı bütün bədəni ilə çırpına-çırpına Ziyad xana sığınmışdı. (Elçin)

Qəmərbanu qışqıra-qışqıra otaqdan çıxdı. (Elçin)

O, biləklərindəki zəncir yerlərini ovuşdura-ovuşdura oturdu.(F.K.)

Onlar yalvara-yalvara, dua oxuya-oxuya qalxdılar.(F.K.)

Bu şəkilçi ilə düzələn sözlər tərz zərflərinə çox yaxındır. Fel təsirsiz olduqda bu cəhət daha artıq müşahidə olunur. Lakin üçüncü, dördüncü misallardan göründüyü kimi, idarəetmə, öz ətrafına söz toplama xüsusiyyəti vardır və bu cəhətdən zərflərdən fərqlənir.

ar - maz, ər - məz şəkilçisi. Bu şəkilçi ilə düzələn feli bağlamadakı iş əsas feldəki işin başlama anını göstərir. Feli bağlama zaman zərfliyi vəzifəsində işlənir; məs.:
O məni görər-görməz sözə başlardı. Bahar buludu çəkilər-çəkilməz kəndin üstünü boz duman alardı. Bəbir on dəqiqə gözləmək fikrində deyildi, elə artırmaya qalxar-qalxmaz soruşdu.(İ.M.)

Gülüş səsləri kəsər-kəsməz, təkrar Qaradonlunun səsi eşidildi. (İ.H.)

Hava işıqlaşar-işıqlaşmaz yola düşmüşdülər. (F.K.)

-mış,-miş,-muş,-müş şəkilçisi. Şəxsli feldəki iş hələ başlamamış, -mış şəkilçili feli bağlamanın ifadə etdiyi iş icra edilmiş (və ya edilməmiş) olur. Feli bağlama və tərkibi cümlənin zaman və tərz zərfliyi vəzifəsində işlənir. Məs.:
Pəri xala hələ təntənəli iclasa yarım saat qalmış, gəlib yan localardan birində öz yerini tutdu. (M.İ.)

Bu şəkilçi inkar şəkilçisi ilə birlikdə daha çox işlənir:
Yolçular yay günü bu bulaqdan içməmiş, əl-üzünü yumamış ötməzdilər. (M.C.)

Kövşənə çatmamış, dəmirtikanlığa düşdü. (F.K.)

Neçə dəfədir, xərac verməmiş ötürdün. (F.K.)

Ta qədim zamandan kəndin gözəl bir adəti var: gecə ertədən yatmaq, səhər gün doğmamış durmaq.(M.İ.)

Əvvəlcə idarəyə tərəf yollandı, lakin atı bir neçə addım sürməmiş fikrini dəyişdi.(M.İ.)

Axıra qədər düşünüb nəticə çıxarmamış, sədr üçüncü dəfə zəngi basdı. (M.İ.)

-arkən, -ərkən, -ırkən,-irkən şəkilçisi. Bu şəkilçi ilə düzələn feli bağlamalar şəxsli feldəki işlə eyni vaxtda icra olunan işi bildirir. Məs.:
Şərəfoğlu ölümcül halda xəstəxanada yatırkən döyüşdən göz açmayan Rüstəm onu unuda bilmirdi.(M.İ.)

Qıza hədsiz dərəcədə yaraşan mavi ipək koftanın düymələrini açarkən Maya onun əlini sinəsinə sıxdı.(M.İ.)

Rüstəm kişi atı qurumuş yol qırağı ilə sürərkən peyin daşıyan adamlar tez-tez gözünə dəyirdi. (M.İ.)

Biləklərin zəncirdə olarkən sənin xeyirxah əməllərin kimə lazımdır? (F.K.)