MÜASİR AZƏRBAYCAN DİLİ. MORFOLOGİYA

×
VACİB ŞƏKLİ

Felin vacib şəkli işin icrasının vacib olduğunu bildirir.

Vacib şəkli modallığın mühüm ifadə vasitələrindən olub, fel kökü və ya əsasına -malı,-məli şəkilçisinin və şəxs şəkilçilərinin artırılması ilə düzəlir; odur ki vacib şəklini belə ümumiləşdirmək olar:

Vacib şəkli = fel kökü və ya əsası + -malı,-məli + şəxs şəkilçisi.

Məs.:
Ürək təmiz olmalıdır bulaqların suyu kimi,
Bəzisinin vicdanısa qaralmışdır quyu kimi.(S.V.)

Süleyman belə hesab edirdi ki, özününkülər oğul tərbiyə edib böyütməlidir, döşlərinin südü ilə balalarına qədim və şərəfli tarixlərinə hörmət, məhəbbət aşılamalıdır.(Elçin)

Mən doğulub böyüdüyüm üçün yaşamalıyam. Həyatda mənə xoş gələn nə varsa, götürməliyəm və ya götürməyə çalışmalıyam. Mən unutmamalıyam ki, biz müvəqqəti olaraq düşünən, hiss edən bir ovuc torpaqdan başqa bir şey deyilik.(İ.Ə.)

Zərif çiçəklər qayaları deşib günəş işığına çıxa bildiyi halda, mən niyə qorxmalıyam? Niyə çəkinməliyəm? (İ.Ə.)

Atalarımızdan belə görmüşük, övladlarımız da bizdən belə görməlidir.(F.K.)

Felin vacib şəklində işlənən şəxs şəkilçiləri bunlardır:

I ş. tək:-am,-əm
II ş. tək: -san, -sən
III ş. tək: -dır,-dir

cəm: -ıq,-ik
cəm: -sınız,-siniz
cəm: -dırlar, -dirlər

Birinci şəxsin tək və cəmində şəxs şəkilçisindən əvvəl «y» bitişdiricisi işlənir. Məs.:

Mən yazmalıyam
Sən yazmalısan
O yazmalıdır
Biz yazmalıyıq
Siz yazmalısınız
Onlar yazmalıdırlar

Mən gəlməliyəm
Sən gəlməlisən
O gəlməlidir
Biz gəlməliyik
Siz gəlməlisiniz
Onlar gəlməlidirlər

Vacib şəklinin inkarı -ma,-mə şəkilçisi ilə düzəlir; məs.:
Əhəd həyət-bacaya fikir verən deyildi, bəhanəsi də bu idi ki, guya onun mövqeyində olan adam kənar işlərə baş qoşmamalıdır. (İ.M.)

Birinci niyyəti bu idi ki, Şeyx Əli məni qarşılamağa çıxmamalıdır.(F.K.)

Vacib şəkilçisindən əvvəl, söz kökü və ya əsasına təsirlik, növ, inkarlıq şəkilçiləri artırıla bilər:
Gülməliyik – güldürməliyik – güldürülməliyik – güldürülməməliyik; qopmalıdır – qoparmalıdır – qoparılmalıdır – qoparılmamalıdır; görməlisiniz – görüşməlisiniz – görüşdürməlisiniz – görüşdürülməməlisiniz.

Bunlar vacib şəklinin sadəsidir. Vacib şəklinin sadəsi gələcək zaman məzmununa malik olur; məs.:
Bu qız mənim tacımın ən qiymətli daşına dönməlidir. (F.K.)

Sən çox vacib iş görməlisən.(F.K.)

Onun öz başı bədənindən ayrılmalıdır. (F.K.)

Müridləri çayın kənarı ilə yuxarı aparmalıyıq. (F.K.)

Əmirə burada dağ keçisinin südündən aş bişirib verməlidirlər. (F.K.)

Şeyx Əliyə bir cam şərbətin içində zəhər verilməlidir. (F.K.)

Vələd başını aşağı salıb balalarını saxlamalıdır. (İ.M.)

O necə qarşılayıbsa, biz də elə etməliyik.(F.K.)

Deməyiblər ki, Xorasanın, Məvərənnəhrin, İranın yarısının hökmdarının qarşısında torpağı öpməlisiniz? (F.K.)

-malı,-məli bəzən ümumi zaman çalarına malik olur:
Birlik eyni zamanda ürəklərdə olmalıdır.(İ.Ə.)

Mənim də anam bilməlidir ki, onun oğlu heç kəsin kölgəsində yatmaz! (İ.Ə.)

Sən camaatın sözünü eşitməlisən.(İ.Ə.)

Bir gün yaranan bir gün ölməlidir. (F.K.)

Sən onun arzusu ilə hesablaşmalısan. (İ.Ə.)

Vacib şəklinin mürəkkəbi idi, imiş zaman ədatlarının və onların şəkilçiləşmiş formasının sadə vacib şəklinə artırılması ilə düzəlir. Vacib şəklinin və eyni zamanda lazım, arzu, şərt şəkillərinin mürəkkəbində qayda üzrə idi, imiş zaman ədatları feldən ayrı yazılmalıdır. Vacib şəklində:

Mən gəlməli idim
Sən gəlməli idin
O gəlməli idi


Sən gəlməli imişsən
Onlar gəlməli idilər
Siz gəlməli imişsiniz

Biz gəlməli idik
Siz gəlməli idiniz
Mən gəlməli imişəm


O gəlməli imiş
Biz gəlməli imişik
Onlar gəlməli imişlər

Lakin bədii dildə, mətbuat dilində bu qaydaya əməl olunmur. Dilin yığcamlığa daimi meylini nəzərə aldıqda bu cəhət təbii görünür. Beləliklə, vacib şaklinin hekayə və rəvayətində idi, imiş həm ayrı, həm də şəkilçiləşərək felə bitişik yazılır. Bitişik yazılarkən idiimiş zaman ədatlarının şəkilçiləşmiş formasından əvvəl bütün şəxslərdə «y» samitindən istifadə olunur.

Vacib şəklinin hekayəsində şəxs şəkilçiləri şühudi keçmişdə, rəvayətində isə nəqli keçmişdə olduğu kimidir:

Mən yazmalıydım
Sən yazmalıydın
O yazmalıydı


Biz yazmalıydıq
Siz yazmalıydınız
Onlar yazmalıydılar

Mən yazmalıymışam
Sən yazmalıymışsan
O yazmalıymış


Biz yazmalıymışıq
Siz yazmalıymışsınız
Onlar yazmalıymışlar

Vacib şəklində də idi, imiş hekayə və rəvayət çaları ilə fərqlənir. Bundan əlavə, hər iki halda işin nəticəsindən xəbərsizlik anlayışı ifadə olunur. İşin nəticəsi haqqında məlumat sonrakı bir sözlə və ya mətnə əsasən müəyyənləşə bilir. Məsələn, Mən o vaxt bu məktubu yazmalıymışam, ona görə də vaxtında yazmışdım. Mən o vaxt bu məktubu yazmalı idim, buna məcbur idim.

İdi, imiş zaman ədatları işin icrasının vacib olduğunu keçmiş zamana köçürür, keçmişlə bağlayır. İşin icrasının vacib olduğunu bildirdiyi kimi, vacib olmadığını da bildirir; məs.:

Mən gülməməli idim
Sən gülməməli idin
O gülməməli idi

Biz gülməməli idik
Siz gülməməli idiniz
Onlar gülməməli idilər

Bəzən icra edilmiş işə haqq qazandırmaq üçün vacib şəklinin hekayəsindən istifadə edilir; məs.: Mən bunu gec-tez deməli idim, Gülnisə xalanın mənə qarşı apardığı gizli mübarizə aşkara çıxmalı idi.(İ.Ə.)

Qeyd. Vacib şəklinin təsrif forması -malı şəkilçili substantiv feli sifətin təsrif forması ilə omonimdir. İnkar formaları fərqlənir. Belə ki felin inkarı -ma-mə şəkiləisi ilə düzəldikdə vacib şəkli, deyil ədatı ilə düzəldikdə substantiv feli sifət hesab olunur. Məs.:
Mən gülməməliyəm, danışmamalıyam – vacib şəkli;
Mən gülməli, danışmalı deyiləm – feli sifət forması.

Təsdiq formaları bu cəhətdən fərqlənmir. Mən gülməliyəm – dedikdə həm mən mütləq gülməliyəm mənası (vacib şəkli), həm də mən gülməli adamam mənası (feli sifət) ifadə olunur. Bunları suallarına görə fərqləndirmək olar: vacib şəkli nə etməlidir?, feli sifət necədir? sualına cavab verər.