MÜASİR AZƏRBAYCAN DİLİ. MORFOLOGİYA

×

NİSBİ ƏVƏZLİKLƏR

Mənşə etibarilə sual əvəzliklərindən ibarət olub, sual bildirməyən, tabeli mürəkkəb cümlədə bağlayıcı vasitə kimi işlənən əvəzliklərə nisbi əvəzliklər deyilir.

Nisbi əvəzliklər: kim, nə, hara, neçə, nə qədər, necə, nə cür, hansı, haçan, nə zaman sözlərindən ibarətdir. Mənşə etibarilə sual əvəzliklərindən ibarət olduğu üçün formaca onlardan fərqlənmir. Lakin bunlar sual əvəzliyindən fərqli olaraq, cümlə daxilində sual bildirmir. Məs.: Kim danışmaq istəyirdi, o da danışdı – cümləsində kim sözü nisbi əvəzlikdir. Kim sözü bu cümlədə adi nəqli cümlə intonasiyası ilə budaq cümləni baş cümləyə bağlamışdır. Ona görə də nisbi əvəzliklər sintaksisdə bağlayıcı söz adlanır.

Bağlayıcı sözlər bağlayıcılardan fərqlidir. Bağlayıcı köməkçi nitq hissəsi, bağlayıcı söz əsas nitq hissəsidir – əvəzlikdir. Bağlayıcı cümlə üzvü olmur, bağlayıcı söz üzv olur. Qeyd etdiyimiz cümlədəki kim sözü budaq cümlənin mübtədasıdır.

Bağlayıcı söz – nisbi əvəzlik çox zaman ki ədatı, hər sözü və s. ilə birgə işlənir (işlənməyə də bilir); məs.:
Kim ki danışmaq istəyirdi, o da danışdı
Hər kim danışmaq istəyirdi, o da danışdı
Hər kim ki danışmaq istəyirdi, o da danışdı

Ki ədatı olmadıqda budaq cümlənin sonunda -sa,-sə şəkilçi-ədatı ola bilər (olmaya da bilər); məs.:
Kim danışmaq istəyirdi, o da danışdı

Bu cür cümlələrin baş cümləsində qarşılıq bildirən söz (korrelyat) olur. Tabeli mürəkkəb cümlənin növünü həmin korrelyat əsasında müəyyənləşdirmək olur. Verdiyimiz cümlədə o sözü baş cümlədə mübtəda vəzifəsindədir. Deməli, cümlə mübtəda budaq cümləli tabeli mürəkkəb cümlədən ibarətdir: Danışmaq istəyən danışdı.

Aşağıdakı cümlələrdə də nisbi əvəzlik-bağlayıcı söz müvafiq qarşılıq bildirən sözlə əlaqəli işlənmişdir:
Kimi deyirsən, (onu) çağırım. Nəyi deyirsən, (onu) gətirim. Biz desək, camaat da onu deyəcək. (M.İ.)

Necə gəldi, ürəyimi kəs eylə.(M.A.)

əkərsən, onu biçərsən. Nə qədər ki bahar, yaz donundasan, (o vaxtadək) Başını çiçəklər, güllər qatacaq. (Ə.Q.)

Arvadlar necə qəfil gəlmişdilərsə, eləcə də yoxa çıxdılar. (İ.M.)

Bu ikisinin birliyindən yaranan nə qədər ataya oxşayırsa, bir o qədər də anaya oxşayacaq.(F.K.)

Baba Keşiş hara aparırdısa, Məryəm ora gedirdi.(Elçin)

Harada bir adlı-sanlı at varsa, onun balalarını tapmışıq, almışıq. (F.K.)

Nə qədər çox gəlsəniz, o qədər şad olarıq.(İ.Ə.)

Sənə kim pis deyirsə, onun özü pisdir.

Nisbi əvəzliklər çox zəman kim ki, hər nə ki, kimə ki, kimi ki, nə qədər ki, necə ki, harada ki, haçan ki və s. şəkillərdə işlənir.