MÜASİR AZƏRBAYCAN DİLİ. MORFOLOGİYA

×

NİTQ HİSSƏLƏRİNİN TƏSNİFİ

Leksik-qrammatik mənasına, morfoloji əlamətinə və sintaktik vəzifəsinə görə fərqlənən söz qruplarına nitq hissələri deyilir.

Başqa sözlə, nitq hissələri dilimizin lüğət tərkibinə daxil olan sözlərin məna, forma və qrammatik cəhətdən qruplaşmasından ibarətdir.

Nitq hissələri termini yunan dilindən latın dilinə və oradan rus dilinə kalka edilmişdir. Latın dilində partes orationis, rus dilində части речи şəklində işlənən bu terminin qarşılığı bizim dilimizdə rus dilinə əsasən müəyyən edilmişdir.

Nitq hissələrinin düzgün, elmi izahı, onlardan birini digərindən fərqləndirən əlamətlərin dəqiq müəyyənləşdirilməsi dilin qrammatik quruluşunun öyrənilməsini asanlaşdırır. Lakin tarixən sözlərin nitq hissələri şəklində təsnifinə dilçilər müxtəlif prinsiplə, müxtəlif meyarla yanaşmış və lüğət tərkibinə daxil olan sözləri müxtəlif şəkildə təsnif etmişlər.

Nitq hissələri ümumi qrammatik kateqoriyadır. Sözlərin nitq hissələri üzrə bölgüsünün tarixi çox qədimdir. Əflatunun (e.ə. 427-348) qeydlərinə görə, hələ e.ə.V əsrdə yunan alimləri adlarla felləri fərqləndirirmişlər. Onların fikrinə görə, cümlə adlarla fellərin əlaqəsindən yaranır. Əflatun özü də adlarla felləri fərqləndirmiş, cümlədə mübtəda vəzifəsində işlənən sözləri adlara, xəbər vəzifəsində işlənənləri fellərə daxil etmişdir. (7, 195)

Aristotel (e.ə.384-322) yunan dilində üç nitq hissəsi – adlar, fellər və bağlamalar (bağlayıcı, artikl, əvəzlik) olduğunu qeyd edirdi. Onun adlara və fellərə yanaşma tərzi də maraqlı idi. Onun fikrincə, ad zaman anlayışı bildirməyən, fel zaman anlayışı bildirən müstəqil sözlərdir. Həm də adlar o sözlərdir ki, adlıq halda, feller o sözlərdir ki, indiki zamanın 1-ci şəxs təkində işlənir. Sözlərin bu normadan fərqli halları kənara çıxma hallarıdır. (7, 195)

Qədim İskəndəriyyə dövrü qrammatikalarında (e.ə.III-II əsrlər) artıq 8 nitq hissəsi müəyyən edilmişdi: ad, fel, feli sifət, artikl, əvəzlik, zərf, qoşma, bağlayıcı. Sonralar Roma dilçiləri bu sıradan artiklı çıxarmış (onların dilində artikl yox idi), əvəzində nidaları daxil etmişlər. İskəndəriyyə qrammatikləri nitq hissələri adı altında cümləni təşkil edən sözləri nəzərdə tuturdular. Ona görə də həmin termini «nitq hissələri» termini ilə yanaşı, «cümlənin hissələri» şəklində də tərcümə etmək olar. (7, 195)

XIX əsrdə dillərin morfoloji quruluşu daha çox öyrənilməyə başlayır və daha çox dil əhatə olunur. Bu dövrdə sözlərin nitq hissələri üzrə təsnifi üçün morfoloji prinsip ön plana çəkilir. Sözün sözdəyişmə formalarına malik olub-olmaması əsas götürülürdü. Bu prinsipin ən məşhur nümayəndələrindən biri F.F.Fortunatov idi. Sözlər aşağıdakı qruplara ayrılırdı: hallanan sözlər, təsriflənən sözlər, hallanmayan və təsriflənməyən sözlər. Bu prinsip tam təminedici deyildi. Morfoloji əlaməti əsas götürdükdə zərflər, ədatlar, nidalar kənarda qalırdı. Digər tərəfdən, bütün morfoloji kateqoriyalar da hər dildə yoxdur. Məsələn, bizim dildə cins kateqoriyası yoxdur, rus dilində var. Bizim dildə sifətin morfoloji əlaməti yoxdur, rus dilində var. Bir sıra dillərdə morfoloji əlamət zəif inkişaf etmişdir. Morfoloji əlamət yeganə prinsip kimi əsas götürüldükdə belə çıxırdı ki, bir sıra dillərdə, məsələn, Çin dilində, bir sıra Uzaq Şərq dillərində, Vetnam dilində nitq hissəsi yoxdur. Qeyd olunur ki, bu dillərdə eyni sözlər həm isim, həm fel, həm də sifət kimi işlənir.

Beləliklə, Hind-Avropa dillərində, Sami dillərində, türk dillərində nitq hissələrini morfoloji prinsip əsasında təsnif etmək mümkün olsa da, bu prinsipi hər dilə tətbiq etmək olmur. Nəticədə sintaktik prinsip ortaya çıxır. Yəni nitq hissələri cümlə üzvləri əsasında müəyyənləşdirilir. Hər bir nitq hissəsinin özünəməxsus sintaktik vəzifəsi nəzərə alınır. Məsələn, isim - cümlədə mübtəda, sifət – təyin, fel – xəbər vəzifəsində.

Lakin bu bölgüdə də mübahisə doğuran məsələlər ortaya çıxır. Mübahisə daha çox isimlərlə zərflər, sifətlərlə zərflər, saylarla zərflər arasındadır. Bu nitq hissələrində oxşar cəhətlərin olması onların müstəqil nitq hissəsi kimi fərqləndirilməsi işini çətinləşdirir. Bu cür çətinliklər qrammatika kitablarımızda hazırkı dövrdə də qalmaqdadır.

Heç şübhəsiz, sözlərin nitq hissələri üzrə təsnifi üçün ilk növbədə onların leksik-qrammatik mənası nəzərə alınmalıdır. Bu prinsipə əsasən sözlərin əşya bildirməsi, əlamət, keyfiyyət bildirməsi, iş, hərəkət bildirməsi əsas götürülür.

Beləliklə, indi sözlər üç prinsip əsasında nitq hissələri üzrə qruplaşdırılır:

  1. Leksik-qrammatik mənasına görə;

  2. Morfoloji əlamətinə görə;

  3. Sintaktik vəzifəsinə görə.

Təbii ki, lüğət tərkibindəki sözlər nitq hissələri üzrə qruplaşdırılarkən dilin öz xüsusiyyətlərindən çıxış etmək lazımdır. Həm də yuxarıda qeyd etdiyimiz prinsiplər ayrılıqda deyil, birlikdə nəzərə alınmalıdır.

Onu da qeyd etməliyik ki, bu prinsiplərin üçü də nitq hissələrinin təsnifi üçün eyni qiymətə malik deyildir. Bunlardan əvvəlki ikisi, yəni leksik-qrammatik məna və morfoloji əlamət əsas götürülür, sintaktik vəzifə köməkçi prinsip hesab olunur. Lakin bəzi nitq hissələri, məsələn, zərflər müəyyənləşdirilərkən sintaktik prinsip üstün mövqe tutur.

Bir prinsip kimi, məna dedikdə leksik məna deyil, ümumiləşmiş, mücərrədləşmiş qrammatik məna nəzərdə tutulur. Heç şübhəsiz, qrammatik məna da hər bir nitq hissəsi üzrə leksik mənaya əsaslanır. Məsələn, dağ, meşə, şəkil, dairə, insan, çəmən, çiçək sözlərinin hər biri bir əşyanın adını bildirir. Bu sözləri birləşdirən, bir qrupa daxil edən əsas cəhət odur ki, bunların hamısı ümumiyyətlə ad bildirir. Ad bildirmə onların ümumiləşmiş qrammatik mənasıdır. Əgər bu sözləri öz konkret lüğəvi mənasına görə qruplara ayırmaq lazım gəlsə idi, onda hər bir ad bildirən söz bir qrup təşkil edərdi. Eləcə də qırmızı, yaşıl, gözəl, isti, sərin, gizli, uca sözlərinin hər biri əşyaya məxsus bir əlamət, keyfiyyət bildirir. Bunları ümumiləşdirən, bir qrupa daxil edən cəhət bu cür sözlərin hamısının ümumən əşyaya məxsus əlamət, keyfiyyət bildirməsidir. Gəl, get, otur, dur, bax, bil, gəz, yat sözlərinin hər biri bir işi, bir hərəkəti bildirir, ümumiləşmiş halda bunların hamısı iş, hal, hərəkət bildirir. Sözlər məna qruplarına bu cür ümumiləşmiş məna əsasında ayrılır. Misallardan göründüyü kimi, bir nitq hissəsinə daxil olan sözlər leksik mənasına görə fərqlənsə də, qrammatik mənasına görə eyni olur.

Bir mühüm cəhət də bundan ibarətdir ki, qrammatik mənasına görə fərqlənən və fərqli qruplara ayrılan sözlərin o biri qrup sözlərdən fərqli morfoloji əlamətləri olur. Məsələn, ad bildirən sözlər cəmlənir, mənsubiyyət şəkilçiləri qəbul edir, hallanaraq dəyişir; əlamət, keyfiyyət bildirən sözlər dərəcə əlamətləri qəbul edərək dəyişir; iş, hərəkət bildirən sözlər təsirlik, növ, inkarlıq, zaman, şəkil, şəxs əlamətləri qəbul edərək dəyişir və s. Bunlar morfoloji əlamətlərdir. Nitq hissələri üzrə təsnifat aparılarkən bunlar da nəzərə alınır. Lakin nitq hissələrində morfoloji əlamət eyni dərəcədə inkişaf etməmişdir. Morfoloji cəhətdən ən zəngin nitq hissəsi iş və hərəkət bildirənlər, yəni fellərdir, sonra ad bildirənlər – isimlər. Əşyanın və hərəkətin əlamətini bildirən söz qruplarında - sifət, say və zərflərdə morfoloji əlamət o qədər də inkişaf etməmişdir.

Morfoloji əlamət dedikdə nitq hissələrinə məxsus qrammatik kateqoriyalarla yanaşı, hər bir nitq hissəsinə məxsus olan sözdüzəldicilik vasitələri də nəzərdə tutulur.

Lüğət tərkibindəki sözlərin nitq hissələri üzrə təsnifində üçüncü prinsipin – sintaktik vəzifənin nəzərə alınması da vacibdir. Sintaktik vəzifə iki cür başa düşülür: hər bir söz qrupu hansı cümlə üzvü vəzifəsində işlənir və hansı söz qrupu ilə daha çox bağlı olur. Söz qruplarını bu cəhətdən nəzərdən keçirdikdə aydın olur ki, ad bildirənlər cümlədə daha çox mübtəda və tamamlıq vəzifələrində, iş və hərəkət bildirənlər xəbər vəzifəsində, əşyaya məxsus əlamət, keyfiyyət, kəmiyyət bildirənlər təyin vəzifəsində, hərəkətin əlamətini bildirənlər zərflik vəzifəsində işlənir.

Sintaktik vəzifə dedikdə söz qrupları arasındakı əlaqələr də nəzərdə tutulur. Söz qrupları arasında əlaqələr də onların hər birinin fərdi səciyyəsindən irəli gəlir. İsimlər əksərən fellərlə, sifətlər, saylar isimlərlə, zərflər fellərlə bağlı olur.

Qeyd etdiyimiz nitq hissələri öz əsas sintaktik vəzifəsini dəyişdikdə, onların mənasında da müəyyən dəyişiklik yaranır.

Məsələn, isim təyin vəzifəsində işləndikdə mənasında atributivlik əmələ gəlir, sifət mübtəda vəzifəsində işləndikdə substantivləşir, sifət zərflik vəzifəsində adverbiallaşır, fel təyin vəzifəsində işlənmək üçün feli sifət şəkilçisi, zərflik vəzifəsində işlənmək üçün feli bağlama şəkilçisi, mübtəda, tamamlıq vəzifələrində işlənmək üçün məsdər şəkilçisi qəbul edir.

Bu üç prinsipin vəhdəti əsasında dilimizdə aşağıdakı nitq hissələri formalaşır: Əşya adı bildirənlər – isimlər;

Əşyaya məxsus əlamət, keyfiyyət bildirənlər – sifətlər;

Əşyaya məxsus miqdar, sıra bildirənlər – saylar;

Əşyanın hərəkətini bildirənlər – fellər;

Hərəkətin əlamətini bildirənlər – zərflər.

Nitq hissələri üzrə bölgü dildə olan bütün sözləri əhatə edir və bu bölgüdə sözün öz leksik təbiətini dəyişmədiyi hallar əsas götürülür. (8, 85)

Dilimizdə bu nitq hissələrinin hamısından fərqlənən bir nitq hissəsi də vardır: əvəzlik. Əvəzliyin özünəməxsus mənası, morfoloji əlaməti və sintaktik vəzifəsi yoxdur. Yuxarıdakı nitq hissələrinin əvəzində işlənir və hansı nitq hissəsini əvəz edirsə, onun mənasını, morfoloji əlamətini və sintaktik vəzifəsini daşıyır. Məsələn, isimlərin əvəzində işləndikdə şəxs, əşya bildirir, isim kimi hallanır, cümlədə isim kimi mübtəda və tamamlıq vəzifələrində işlənir. Buna görə də əvəzlik əsas nitq hissələrinə daxil edilir.

Qeyd etməliyik ki, dilimizin lüğət tərkibindəki sözlərin hamısı bu prinsiplər əsasında bölgüyə cavab vermir. Lüğət tərkibindəki sözlərin əsas kütləsi həm leksik, həm də qrammatik mənaya malik olduğu, morfoloji cəhətdən dəyişdiyi, sintaktik vəzifə daşıdığı halda, bir qrup söz yalnız qrammatik mənaya malik olmaqla bu əlamətlərdən məhrumdur. Odur ki lüğət tərkibindəki sözlər iki qrupa ayrılır:

a) tammənalı sözlər;
b) natamam mənalı sözlər.

Qeyd etdiyimiz nitq hissələri tammənalı sözlərdən ibarətdir. Bunlar əsas nitq hissələri adlanır. Natamam mənalı sözlər köməkçi nitq hissələri üzrə qruplaşır. Köməkçi nitq hissələri leksik mənadan məhrumdur. Bir qismi yalnız zəif şəkildə leksik məna izlərini mühafizə etmiş olur. Köməkçi nitq hissələri cümlə üzvü vəzifəsi daşımır və morfoloji cəhətdən dəyişmir. Bu qrupa: qoşmalar, bağlayıcılar, ədatlar və modal sözlər daxildir. Bunlar özləri də qrammatik məna yaxınlığına görə iki qrupa ayrılır:

  1. qoşmalar, bağlayıcılar;

  2. ədatlar, modal sözlər.

Qoşma və bağlayıcılar cümlə üzvləri, cümlənin və mətnin tərkib hissələri arasında əlaqə yaradır, ədatlar və modal sözlər sözün, ifadənin, cümlənin məna çalarına təsir edir.

Bunlardan əlavə, köməkçi nitq hissələrinə yaxın mövqedə nidalar, təqlidi və vokativ sözlər haqqında da məlumat verilir.

Bunlar müəyyən dərəcə məna ifadə etməsinə görə əsas nitq hissələrinə, morfoloji cəhətdən dəyişmədiyi, sintaktik vəzifə daşımadığı üçün köməkçi nitq hissələrinə yaxındır.

Nitq hissələrinin tarixən necə əmələ gəldiyi də maraqlıdır. Bəzi dilçilərin fikrincə, tarixən ilk sözlər fellərdən ibarət olmuşdur. Məsələn, alman alimi Maks Müller bu fikirdə idi. O bu fikrə Hind-Avropa dillərində söz köklərinin analizi əsasında gəlmişdir.

Tədqiqatçıların qeydlərinə görə, Hind-Avropa dillərində söz kökləri əksərən fellərdən ibarətdir.

N.Y.Marr ilkin sözlərin isimlərdən ibarət olduğunu göstərirdi. Bəzi rus dilçiləri isə (A.A.Potebnya və b.) ilkin söz köklərinin hərəkətdə olan əşyanı bildirdiyini göstərmişlər.

Belə bir fikir də var ki, ilkin mərhələdə cümlə, söz, səs fərqlənməmiş, tədricən cümlələr sözlər, sözlər səslər şəklində üzvlənmişdir.