MÜASİR AZƏRBAYCAN DİLİ. MORFOLOGİYA

×

SAYLARIN ORFOQRAFİYASI

1. Miqdar sayları həm hərflərlə, həm də rəqəmlərlə yazılır; məs.: iyirmi dörd – 24, yüz qırx beş – 145, iki yüz on iki – 212, iki min üç yüz əlli dörd - 2354 və s.

2. Tərkibi sayların tərəfləri ayrı yazılır; məs.: əlli beş, səksən dörd, iki yüz otuz iki, üç min beş yüz əlli altı və s.

3. Şəkilçilər miqdar saylarının son sözünə artırılır; məs.: iyirmi dörddən – 24-dən (4-ünü çıxmaq), əlli beşi – 55-i (5-ə bölmək), on ikini – 12-ni (3-ə bölmək) və s.

4. Saylar müasir dilimizdə iki cür – həm ərəb rəqəmləri ilə (1, 3,12, 15), həm də rum rəqəmləri ilə (V, X, XV və s.) yazılır.

5. Ərəb rəqəmləri daha çox miqdar saylarını bildirir. Sıra sayı kimi işləndikdə onlardan sonra -cı,-ci,-cu,-cü şəkilçisi yazılır: 6-cı, 1-ci, 5-ci, 10-cu, 80-ci, 3-cü.

Bu cür yazılışda –ıncı şəkilçisinin -ın hissəsi nəzərə alınmır.

Ərəb rəqəmlərindən aşağıdakı hallarda sıra sayı kimi istifadə etmək olur: Rəqəmlər yazılır və nöqtə qoyulur. Sıra ilə gələn sözlərin baş hərfi böyük yazılır:
1. Əli Əhmədov.
2. Həsən Kərimov.

Rəqəmlər yazılır, tire çəkilir, xüsusi ad deyilsə, sözlər kiçik hərflə başlanır:
1 – isim
2 – sifət

Rəqəmlər mötərizədə yazılır, sözlər xüsusi ad deyilsə, kiçik hərflə başlanır:
1) mübtəda
2) xəbər

Tərkibi sayların bir hissəsi hərflərlə, bir hissəsi rəqəmlə yazıla bilər; məs.: 200 min, 550 min və s.

6.Rum rəqəmləri sıra saylarını bildirir. Onlardan sonra heç bir şəkilçi işlənməz. Məs.: V sinif, VII sıra, X adam və s.

Rum rəqəmləri aşağıdakılardan ibarətdir:

I - 1
V - 5
X - 10
L - 50

C - 100
D – 500
M – 1000

Bu rəqəmləri müxtəlif şəkildə birləşdirməklə hər cür kəmiyyəti ifadə etmək olur.

Kiçik rəqəm böyük rəqəmdən sonra işləndikdə toplanır:

VI=6
VII = 7
VIII = 8
XV = 15
XVI = 16
XVII = 17
XVIII = 18
LX = 60
LXX = 70

LXXX = 80
CXXX = 130
CL = 150
CLXX = 170
DC = 600
DCCC = 800
MD = 1500
MDCCC = 1800

Misallardan göründüyü kimi, toplama zamanı bir rəqəm üç dəfədən artıq işlənə bilməz.

Kiçik rəqəm böyükdən əvvəl işləndikdə böyükdən çıxılır:
IV = 4 (5-1 = 4)
IX = 9 (10-1 = 9)
XL = 40 (50-10 = 40)
XC = 90 (100-10 = 90)
CD = 400 (500-100 = 400)
CM = 900 (1000 - 100 = 900)
MCMLXIX = 1969 (M – 1000 + CM = 900 + LX = 60+ IX = 9)

Kiçik rəqəm böyükdən əvvəl yalnız bir dəfə işlənə bilər.

Məs.:
3 yazmaq üçün I rəqəmi üç dəfə təkrar olunur: III.
4 yazmaq üçün 5-dən bir çıxılır: IV.
30 yazmaq üçün X rəqəmi üç dəfə təkrar olunur: XXX.
40 yazmaq üçün 50-dən on çıxılır: XL və s.