MÜASİR AZƏRBAYCAN DİLİ. MORFOLOGİYA

×
FELİN ZAMANLARI

İş, hal, hərəkət müəyyən məkan daxilində icra olunduğu kimi, həm də zamanla əlaqədar olur, müəyyən zaman daxilində baş verir. Zaman anlayışı obyektiv və qrammatik olmaqla fərqlənir. Dialektik materializm öyrədir ki, zaman bizdən asılı olmayaraq obyektiv aləmin özündə mövcuddur. Filosofların qeyd etdiyi kimi, «Hərəkət edən materiya ancaq məkan və zaman daxilində hərəkət edir».

Zaman birölçülüdür, yəni o, keçmiş, indiki və gələcək zamanları əhatə edir. Zaman dönməzdir, yəni o, daim irəliyə gedir və heç vaxt geri qayıtmır. Zaman sonsuzdur, yəni onun nə əvvəli, nə də sonu vardır.

Bunlar obyektiv zamanın xüsusiyyətləridir.

Qrammatik zaman bizdən asılı olmayaraq obyektiv aləmin özündə mövcud olan zamanın insan təfəkküründə təzahürünün dildəki ifadəsidir. Başqa sözlə, qrammatik zaman obyektiv zamanın dildə qrammatik yolla təzahürüdür.

Qrammatik zamanla obyektiv zaman arasında fərqlər var.

Obyektiv zaman bütün xalqlarda eynidir, yəni bütün xalqlarda keçmiş, indiki və gələcək zaman eyni cür dərk olunur. Qrammatik zaman isə müxtəlif xalqların dillərində müxtəlif şəkildə ifadə olunur.

Obyektiv zaman (Zo) keçmiş (K), indiki (İ) və gələcək (G) zamanlardan ibarət olduğu üçün bu şəkildə düsturlaşdırılır:

Zo = K + İ + G

Qrammatik zaman isə bizim dilimizdə şühudi (), nəqli (Kn1) + (Kn2), İndiki zaman (İ), qəti gələcək (Gq) və qeyri-qəti gələcək (Gqq.) şəkillərində ifadə olunur. Yəni:

Zqr.=Kş+Kn1+Kn2 + İ+ Gq+Gqq. (bax: 4)

Zaman anlayışı fellərdə mühüm yer tutur, kateqoriyanın əlamətləri vasitəsilə işin, hərəkətin keçmiş, indiki və gələcək zamanlarda icra vəziyyəti (icra olunub-olunmadığı, icra olunubolunmayacağı) bildirilir.

Keçmiş və gələcək zamanların əsas ölçüsü indiki zamandır. Keçmiş və gələcək zaman anlayışları indiki zamanla müəyyənləşdirilir.

Zaman kateqoriyası iki işin icrası arasındakı müddəti bildirir. Yəni icra olunmuş, icra olunmaqda olan və icra olunacaq işlə həmin işin icrası haqqında xəbər verilən zaman arasındakı vaxtı əhatə edir. Mən oxumuşam – cümləsində oxumuşam feli iki işi bildirir: 1) oxumaq işinin icra olunduğunu; 2) həmin iş haqqında indi məlumat verildiyini. Keçmiş zaman həmin iki iş arasındakı müddəti əhatə edir. Mən oxuyacağam – cümləsində isə indi xəbər verilən vaxtla gələcəkdə icra ediləcək iş arasındakı zaman əhatə edilir. Mən oxuyuram – dedikdə isə bir işin icra olunmaqda olduğu və eyni zamanda həmin iş haqqında məlumat verildiyi ifadə olunur.

Fellərin zamanlar üzrə dəyişməsi xüsusi şəkilçilərin iştirakı ilə baş verir. Həmin şəkilçilərə zaman kateqoriyası şəkilçiləri və ya sadəcə zaman şəkilçiləri deyilir.

Felin üç zamanı vardır:
keçmiş zaman;
indiki zaman;
gələcək zaman.