MÜASİR AZƏRBAYCAN DİLİ. MORFOLOGİYA

×

İŞARƏ ƏVƏZLİKLƏRİ

Şəxsin, əşyanın adını əvəz etmədən onlara işarə edən əvəzliklərə işarə əvəzlikləri deyilir.

İşarə əvəzlikləri əvəz etmə yox, işarə etmə məqsədi daşıyır. Əvəzliyin digər növləri əsas nitq hissələrini əvəz edib, onların yerində işləndiyi və eyni zamanda, onlara işarə etdiyi halda, işarə əvəzlikləri öz təbii funksiyasında, yəni substantivləşmədikdə, adverbiallaşmadıqda heç bir nitq hissəsini əvəz etmir, yalnız başqa nitq hissələrinə işarə məqsədilə işlədilir.

İşarə əvəzlikləri bunlardır: o, bu, elə, belə, həmin (haman).

İşarə əvəzlikləri nitq hissələri içərisində sifətlərə daha yaxındır; məs.:
Həyatım olduqca bu dünyada mən
Böyük kommunanın – o gələcəyin
Yolunda qurbanam. (S.V.)

Bu misalın birinci misrasındakı bu, ikinci misradakı o əvəzliklərini böyük sifəti ilə müqayisə etmək olar: böyük sözü kimi, bu, o sözləri də sifətin hansı? sualına cavab verir; böyük sözü kimi, bu, o sözləri də əşya məzmunlu sözə aiddir: böyük kommuna, bu dünya, o gələcək; böyük sözü kimi bu, o sözləri də tərkib daxilində deyilsə, müstəqil təyin vəzifəsində işlənir. Lakin bu oxşarlıqlarla yanaşı, sifətlərlə işarə əvəzliklərinin mühüm fərqləri var. Sifətlər müəyyən bir konkret əlaməti, keyfiyyəti bildirir, işarə əvəzlikləri isə heç bir xüsusi məna ifadə etmədən yalnız aid olduğu sözə işarə edir, onu fərqləndirmək, müəyyənləşdirmək üçün işlədilir, buna görə də sifətlərdən fərqli olaraq, işarə əvəzlikləri dərəcələr üzrə dəyişmir.

İşarə əvəzlikləri içərisində bu, o sözləri daha çox işlənir.

Lakin bunlar da mənaca fərqlənir. Bu sözü danışanın mikromühitinə, o sözü kənara işarə edir. Bu xüsusiyyət beləelə işarə əvəzliklərinə də aiddir.

İşarə əvəzlikləri öz həqiqi mənalarında işləndikdə yalnız təyin vəzifəsində çıxış edir. Məs.:
Gecənin sarvanı o ulduz, o ay Gözümdə qalmışdır ömrüm uzunu. (S.V.)

Yazığım o qaynanaya gəlir ki, qapısından içəri sənin kimi dəli girəcək. (M.İ.)

Oyanmış bu günəş, bu yer, bu insan, Artıq nə qamçı var, nə qara zindan. (S.V.)

Bu dünya sərgidir, ömür tamaşa. (S.V.)

Yox, deyəsən, elə iş deyil, istəyir, ferma uşaqlarını oxutsun. (M.İ.)

Sənəti də elə sənət idi ki, onu daim camaat içinə çəkəcəkdi. (M.İ.)

Belə gözəl gəlin sadəcə ev arvadı olub qalsaydı, göydəndüşmə olardı. (M.İ.)

Bu cür düşündüyünə baxmayaraq, Şirzad daxilində, harada isə çox dərinlərdə küt bir təlaş, anlaşılmaz bir həyəcan duyurdu. (M.İ.)

Onun iri göy gözlərində elə bir ifadə var idi ki, Süleyman paşanın fikirləşdiklərinin əksini deyirdi.(Elçin)

Baba Keşiş bu müsəlman törəməsinin gözündə belə bir təmizlik gördü. Zorakı bir dinsizin gözlərində bu cür təmizlik olmamalı idi.(Elçin)

Məryəm həmin soyuğu bütün bədəni ilə hiss edirdi.(Elçin)

İşarə əvəzlikləri asanlıqla isimləşə bilir. İsimləşdikdə kəmiyyət, mənsubiyyət və hal şəkilçilərini qəbul edir, mübtəda, tamamlıq, xəbər vəzifələrində işlənir. Yalnız o, bu, elə, belə işarə əvəzlikləri substantivləşir. Məs.:
Bu nə fikirlərdir, keçir başımdan! (M.M.)

Bu da bir əməkdir, bu da bir işdir. (M.M.)

Deyəsən, maarif müdiri bunu yaxşı tanıyıb. (M.İ.)

Rüstəm dayı, Kələntər olmasın, lap dədəsi olsun, sən duran yerdə mən elələrinə əyilmərəm. (M.İ.)

Bir neçə belələri ilə dost olub birləşsək, kənddə çox iş görmək olar.(M.İ.)

Bunu yaxın-uzaq bütün kənd bilir.(M.M.)

Nə yanğın, nə ölüm törətmədik biz, Bunları nəhy edir bizə firqəmiz. (S.V.)

Gərək bunları bir sərin yerə aparaydılar.(İ.M.)

Bunu eşidən ağsaqqal qalxdı, onun adamları da durdular. (F.K.)

Həmin sözü öz əsas funksiyasını ifadə edir və isimləşmir; məs.:
Bu kəllələrdən hər birinin sahibi də insan idi və həmin insanların da ürəyinin sevinci var idi, dərd-səri var idi, həmin insanların da övladı var idi, atası-anası var idi və həmin insanlar da bu göyün altında yaşayırdı, bu günü, bu ayı, bu ulduzları görürdü. (Elçin)

Bu işarə əvəzliyi substantivləşərək hallandıqda bütün hal şəkilçilərindən əvvəl bərpaedici n samitini qəbul edir:
Bu
Bu(n)un
Bu(n)a
Bu(n)u
Bu(n)da
Bu(n)dan

Elə, belə əvəzlikləri də substantivləşərək kəmiyyət, mənsubiyyət şəkilçiləri qəbul edərək (eləsi, beləsi, elələri, belələri) hallanır:

eləsi
eləsinin
eləsinə
eləsini
eləsində
eləsindən

elələri
elələrinin
elələrinə
elələrini
elələrində
elələrindən

beləsi
beləsinin
beləsinə
beləsini
beləsində
beləsindən

belələri
belələrinin
belələrinə
belələrini
belələrində
belələrindən

İşarə əvəzliklərindən elə, belə sözləri asanlıqla adverbiallaşa da bilir, tərkib daxilində olmadıqda cümlədə tərz zərfliyi vəzifəsində işlənir. Məs.:
Müavinliyə belə başlasan, vay halımıza! (M.İ.)

Belə getsə, südəcər olar, yanıb qaralar. (M.İ.)

Belə düşünəndə Rüstəm kişi tanıdığı fəal qadınları nəzərinə gətirirdi. (M.İ.)

Çoban Kərəm elə basdırar ki, bir çöp də tapılmaz. (M.İ.)

Məlumat üçün. İşarə əvəzliklərinin isimləşməsindən danışarkən 3-cü şəxsin təkini bildirən o şəxs əvəzliyi ilə o işarə əvəzliyini xüsusi qeyd etmək lazım gəlir. Bunlar səs tərkibi və mənşə etibarilə eyni əvəzliklərdir. Eyni səs tərkibinə malik olub şəxsi, əşyanı bildirən o şəxs əvəzliyi olduğu üçün o işarə əvəzliyinin substantivləşməsindən danışmağa ehtiyac qalmır. Deməli, əslində, tarixən dilimizdə o işarə əvəzliyi vardır və həmin əvəzlik substantiv formada şəxs əvəzliyi kimi çıxış edir. O kitab Mənsurundur – əvəzinə O, Mənsurundur – desək və burada o işarə əvəzliyinin isimləşmiş olduğunu qeyd etsək, o zaman şəxs əvəzliyi o itmiş olur. Bunun əsas səbəbi odur ki, tarixən şəxs əvəzlikləri işarə əvəzliklərindən yaranmışdır. Danışanın mikromühitini bildirən bu əvəzliyindən (tarixən əsli bi) mənbiz sözləri (təklik bildirən -n, qoşalıq, çoxluq bildirən -z şəkilçisi ilə), kənara işarə edən şu əvəzliyindən sənsiz sözləri yaranmışdır. 3-cü şəxs isə an(e) işarə əvəzliyindən yaranmışdır (an və tədricən olo şəklində dəyişmələrlə).

Şəxs əvəzliklərində işarə çaları indi də qalmaqdadır və işarə adətən cestlərlə, baş, əl hərəkətləri ilə edilir.

Üçüncü şəxsin təkini bildirən o şəxs əvəzliyi ilə o işarə əvəzliyi eyni kökdəndir. Bu əvəzlik şəxsi, əşyanı bildirdikdə şəxs, işarə məqsədilə işləndikdə işarə əvəzliyi kimi çıxış edir.

O sözünün şəxs və ya işarə əvəzliyi kimi işləndiyini mətnə əsasən müəyyən etmək olur:
O, həkimdir.
Məni müalicə edən o həkimdir.

Birinci misalda o şəxs əvəzliyi, ikincidə işarə əvəzliyidir.

Bunların aşağıdakı fərqləri var:
1. O – şəxs əvəzliyi kimi işləndikdə işarə məzmunu ilə yanaşı, şəxs, əşya bildirir; lakin işarə əvəzliyi kimi çıxış etdikdə şəxs, əşya məzmunundan məhrum olur, yalnız işarə etmə imkanına malik olur.

2. Şəxs əvəzliyi kimi işləndikdə ondan sonra aydın fasilə olur, işarə əvəzliyi sonrakı sözlə bir sintaqm şəklində – fasiləsiz tələffüz edilir.

3. Şəxs əvəzliyi mübtəda vəzifəsində, işarə əvəzliyi təyin vəzifəsində işlənir.

4. Şəxs əvəzliyi cəmlənir, hallanır, işarə əvəzliyi hallanmaz, cəmlənməz.

5. Yazıda şəxs əvəzliyindən sonra (isim, sifət, say və zərfdən əvvəl) vergül qoyulur, işarə əvəzliyindən sonra vergül qoyulmaz.