MÜASİR AZƏRBAYCAN DİLİ. MORFOLOGİYA

×

KÖMƏKÇİ NİTQ HİSSƏLƏRİ.

ÜMUMİ MƏLUMAT

Köməkçi nitq hissələri müstəqil lüğəvi mənaya malik olmaması, yalnız ümumiləşmiş qrammatik məna daşıması ilə əsas nitq hissələrindən fərqlənir. Əsas nitq hissələri nominativ mənaya malik olduğu halda, köməkçi nitq hissələri nə əşya adı, nə əlamət, nə kəmiyyət, nə də hərəkət bildirir. Bunlar yalnız sözlər, ifadələr, cümlələr və bəzən də mətnin hissələri arasında müxtəlif əlaqələr yaradır, sözlərin, ifadə və cümlələrin mənasına müxtəlif çalarlar əlavə edir.

Köməkçi nitq hissələri əsas nitq hissələrindən morfoloji əlamətlərinin olmamasına görə də fərqlənir. Köməkçi nitq hissələri morfoloji cəhətdən dəyişmir, sözdüzəldicilik prosesində iştirak etmir, sözdəyişdiricilik əlamətlərinə malik deyil. Bu və ya digər əsas nitq hissəsinin tədricən öz lüğəvi mənasını itirməsi və köməkçi sözlərə çevrilməsi yolu ilə yaranır. Odur ki köməkçi nitq hissələri tarixən əsas nitq hissələrindən sonra yaranmışdır.

Elə buna görə də qədim dövrlərə getdikcə köməkçi nitq hissələrinə daxil olan sözlərin sayı azalır. Məsələn, «Kitabi-Dədə Qorqud»un dilində, təkrarlar nəzərə alınmazsa, cəmi 76 köməkçi söz işləndiyi müəyyən edilmişdir.

Köməkçi nitq hissələri sintaktik vəzifə baxımından da əsas nitq hissələrindən fərqlənir. Bu qrupa daxil olan sözlər sintaktik əlaqələrə girmək və cümlə üzvü olmaq imkanından məhrumdur. Bu cəhətdən yalnız qoşmalar fərqlənir. Qoşmalar qoşulduğu sözün müəyyən halda olmasını tələb edir və qoşulduğu sözlə birlikdə cümlə üzvü olur.

Köməkçi nitq hissələrinin təsnifində müxtəliflik vardır.

Bəzi dilçilər köməkçi nitq hissələri dedikdə, qoşma, bağlayıcı və ədatları nəzərdə tutur, əsas və köməkçi nitq hissələri arasında köməkçi adlar, bağlayıcı sözlər və modal sözlər haqqında ayrıca məlumat verməyi məsləhət bilirlər.

Köməkçi nitq hissələrini qrammatik mənasına və vəzifə yaxınlığına görə iki qrupa ayırmaq olar:

1.Köməkçi nitq hissələrinin bir qismi sözlər, cümlələr və mətnin tərkib hissələri arasında əlaqə yaradır, sözləri, cümlələri, mətnin hissələrini bir-biri ilə əlaqələndirir. Bu qrupa qoşmalar və bağlayıcılar daxildir. Qoşmalar cümlə daxilində iş görə bilir. Bağlayıcıların imkanları çox genişdir. Onlar mətnin tərkib hissələri ilə yanaşı, mətnin ayrı-ayrı parçalarını da əlaqələndirməyə xidmət edir.

2.Köməkçi nitq hissələrinin bir qismi cümlədə söylənilən fikrə münasibət bildirir, cümlədə emosional və ekspressiv təsiri gücləndirir, sözlərə, ifadə və cümlələrə müəyyən çalarlar verir. 
Bu qrupa ədatlar və modal sözlər daxildir. Ədatlar son dərəcə cansızlaşmış, lakin qrammatik cəhətdən çox ümumiləşmiş dil vahidləridir. Modal sözlər isə əsas nitq hissələrinə nisbətən yaxın olub, aşkar modal münasibət ifadə edir.

Bunlarla yanaşı, əsas nitq hissələrinə nisbətən köməkçi nitq hissələrinə daha yaxın olan, köməkçi nitq hissələri dairəsində nisbi müstəqilliyə malik bir nitq hissəsi kimi öyrənilən nidalar da vardır. Nidalar hiss və həyəcan bildirdiyi üçün lüğəvi mənalı sözlərə - əsas niq hissələrinə yaxındır, lakin hiss və həyəcanı bilavasitə ifadə etdiyi, adlandıra bilmədiyi, morfoloji əlaməti olmadığı, sintaktik vəzifə daşımadığı üçün köməkçi nitq hissələrinə yaxındır. Ona görə də köməkçi nitq hissələrinə yaxın mövqedə xüsusi bir nitq hissəsi kimi öyrənilir. Yamsılamalar, vokativ sözlər isə nidalara daha yaxın söz qruplarıdır.