MÜASİR AZƏRBAYCAN DİLİ. MORFOLOGİYA

×

Azaltma dərəcəsi.

Sifətin azaltma dərəcəsi əlamət və keyfiyyətin adi dərəcədən az və aşağı olduğunu bildirir. Azaltma dərəcəsi əlamətin kiçik deyil, az olduğunu göstərir, odur ki onu kiçiltmə dərəcəsi deyil, azaltma dərəcəsi adlandırmaq daha doğrudur. (5, 66) Sifətin azaltma dərəcəsi iki üsulla əmələ gəlir:
1 .Morfoloji üsulla;
2. Sintaktik üsulla.

1. Morfoloji üsul dedikdə, azaltma dərəcəsinin, yəni əlamət və keyfiyyətin adi normadan az olduğunun morfoloji yolla ifadəsi nəzərdə tutulur. Azərbaycan dilində bir sıra şəkilçilər var ki, onları sifətlərə artırmaqla əlamətin, keyfiyyətin adi normadan az olduğunu ifadə etmək olur. Bu şəkilçilər leksik-qrammatik şəkilçilərdir, çünki müəyyən dərəcə sifətlərin mənasına da təsir edir. Digər tərəfdən, leksik şəkilçilər kimi, bunları da bir kateqoriyadan olan bütünq sözlərə – sifətlərə artırmaq olmur.

Azaltma dərəcəsi aşağıdakı şəkilçilərin vasitəsilə yaranır:
-ımtıl, -imtil, -umtul, -ümtül şəkilçisi; məs.: qırmızımtıl, ağımtıl, sarımtıl, bozumtul, göyümtül və s.

-ımtraq, -imtraq, -umtraq, -ümtraq şəkilçisi; məs.: ağımtraq, sarımtraq, qırmızımtraq, bozumtraq, göyümtraq.

Rəng bildirən sifətlərə artırılan bu şəkilçilərin hər ikisi saitlə bitən sözlərdə ilk saitini itirir: qırmızı-mtıl, sarı-mtıl; sarı-mtraq, qırmızı-mtraq.

-ımsov, -ümsov şəkilçisi: ağımsov, göyümsov.

-sov şəkilçisi: dəlisov, uzunsov.

-şın şəkilçisi: qaraşın, sarışın.

-raq, -rək şəkilçisi: tösmərək, gödərək, yaxşıraq.

Qeyd. Şivələrdə gödək əvəzinə, güdə sözü işlənməkdədir. Lakin bu söz gödəkrək şəklində də təsəvvür edilə bilər.

Göründüyü kimi, bu şəkilçilər çox məhdud şəkildə, hər biri bir neçə sifətlə işlənməkdədir. Hər sifətin də bu cür şəkilçiləri qəbul edərək dəyişməsi mümkün deyildir. Məsələn, -raq şəkilçisi XIX əsrdə məhsuldar bir şəkilçi kimi işlənmişdir: Elmü kamalın təhsilini hamı işlərdən əzizraq say, ondan ötrü ki hamı işlər onun vasitəsilə müyəssər olar. (A.Bakıxanov)

Şəkilçi indi məhdudlaşaraq bir neçə sözdə qalmışdır.

2. Sintaktik üsulla sifətlərin azalma dərəcəsini ifadə etmək üçün aşağıdakı vasitələrdən istifadə edilir:
Az, bir az, bir qədər dərəcə zərflərinin sifətlərdən əvvəl işlədilməsi ilə; məs.: az maraqlı, az yaxşı, bir qədər sarı, bir az isti, bir qədər soyuq, bir az naxoş.
Ala sözünün sifətlərin əvvəlinə artırılması ilə: ala-çiy, alayarımçıq, ala-sütül, ala-babat, ala-açıq, ala-sarı, ala-qırmızı.
Açıq sözünün sifətlərin əvvəlinə artırılması ilə: açıq sarı, açıq qırmızı, açıq yaşıl, açıq narıncı, açıq göy.
Təhər sözünün sifətlərə əlavə edilməsi ilə: sarı təhər, qırmızı təhər, ağ təhər, babat təhər, yaşıl təhər.

Misallar: Mirzə minnətdarlıq yağan baxışlarını Qədirin qaramtıl üzündə gəzdirdi. (İ.M.)
Onda da hava bir az sərintəhər idi.(İ.M.)
Belə fikirləşəndə alaqaranlıq zal Xankişinin başına fırlandı. (İ.M.)
Mirzənin sağ yanındakı partada alagöz, sarışın bir qız oturardı.(İ.M.)
Onun əynində qolları çiyninə qədər açıq, qaramtıl don var idi.(İ.Ə.)
Onların oturduğu yer bir az hündür idi .(İ.M.)
Onda da hava sərintəhər idi, yer-yurd xəzəllə dolu idi. (İ.M.)