MÜASİR AZƏRBAYCAN DİLİ. MORFOLOGİYA

×
İNDİKİ ZAMANIN MÜRƏKKƏBİ

İndiki zamanın mürəkkəbi də idi, imiş zaman ədatlarının iştirakı ilə düzəlir. Adətən, həm bitişik, həm də ayrı işlənən formasında idi, imiş və onların ixtisar şəkli şəxs şəkilçilərindən əvvəl yerləşir. Məs.:

yazırdım
yazırdın
yazırdı
yazırdıq
yazırdınız
yazırdılar

gəlir idim
gəlir idin
gəlir idi
gəlir idik
gəlir idiniz
gəlir idilər

yazırmışam
yazırmışsan
yazırmış
yazırmışıq
yazırmışsınız
yazırmışlar

gəlir imişəm
gəlir imişsən
gəlir imiş
gəlir imişik
gəlir imişsiniz
gəlir imişlər

Hekayə formasında gözlə görmə, şahidlik, rəvayətdə rəvayət, başqasından eşitdiyini söyləmə məzmunu vardır. Məsələn:
Mahmud uğunub gedən bu adamlara baxa-baxa, ağlaya-ağlaya danışırdı.(Elçin)

Adamlar qəddar idi, acgöz idi, qan tökürdü, anlamırdı. (Elçin)

Yox, Mahmud səhv edirmiş, Mahmudun bütün varlığı insanlara can atırmış. (Elçin)

Hisslər aldadırmış, hisslər gəldi-gedərmiş.(Elçin)

Süleyman yenə baxdı və gülümsədi: məcnunluq ancaq şairlərin əsərlərində olurmuş. (Elçin)

Bayaq Güləbətin bizi yoncalı bulağın yanında görürmüş. Özü də durbinlə baxırmış. (İ.Ə.)

Onlar uzaqlarda – Gülnisənin görmədiyi, bilmədiyi yerlərdə də beləcə yatırmışlar. (İ.Ə.)

Nəbi, yatmamısan? Sayıqlayırmış. (S.R.)

O burada Babək adı ilə yaşayırmış.

Bəzən imiş zaman ədatının ixtisar şəkli şəxs şəkilçisindən sonra işlənir. Bu hal sadə məişət dilində daha çox müşahidə olunur; məs.:
Deyirlər qoca generallar, marşallar ondakı ciddiyyətə, qətiyyətə heyran olurlarmış.(İ.Ə.)

Miko, sən traktor sürməyi də bilirsənmiş, - deyə o mənə baxıb gülümsədi.(İ.Ə.)

Keçmiş zamanın rəvayəti ilə indiki zamanın rəvayətində mühüm fərq var: keçmiş zamanın (nəqli keçmişin) rəvayəti keçmişdə müşahidə edilərkən artıq işin başa çatmış olduğunu bildirir, indiki zamanın rəvayəti isə keçmişdə müşahidə olunan işin davam etməkdə olduğunu göstərir. Bu son xüsusiyyət indiki zamanın hekayəsinə də aiddir.