MÜASİR AZƏRBAYCAN DİLİ. MORFOLOGİYA

×

TƏYİNİ ƏVƏZLİKLƏR

Şəxsə, əşyaya, hadisəyə kəmiyyət, əhatə dairəsi baxımından işarə edən əvəzliklərə təyini əvəzliklər deyilir.

Təyini əvəzliklər bütün, hər, hər bir, filan, eyni, bəzi sözlərindən ibarətdir.

Təyini əvəzliklər mahiyyət etibarilə işarə əvəzliklərinə çox yaxındır. Hər ikisi təyinetmə xüsusiyyətinə malikdir və cümlədə təyin vəzifəsində işlənir. Əsas fərqləri orasındadır ki, işarə əvəzlikləri sadəcə olaraq əşya və hadisələrə işarə edir, aid olduğu sözün məzmun və həcm məsələlərinə qarışmır; məs.: O səsi, o izi bir an içində Silir göy üzündən zaman küləyi (V.B.) –misralarındakı o işarə əvəzliyi səs, iz isimlərinin mənasına müdaxilə etmir, həd, hüdud qoymur, sadəcə onlara işarə edir. Lakin təyini əvəzliklər, hər şeydən çox, aid olduğu ismin məna hüdudunu, dairəsini şərtləndirir. Məs.:
Hər ömür başlayır,çatır axıra,
Ya ağac, ya çiçək, insan adında.(V.B.)

Bütün bunlar mümkün olmayan bir xəyal deyil,sadə, adi və real arzular idi (M.İ.)

– cümlələrində hərbütün sözləri aid olduğu anlayışlara kəmiyyət hüdudu qoyur. Əslində, hər iki sözün məna tələbi eynidir: hər dedikdə nəzərdə tutulan eynicinsli əşyaların hər biri fərdi şəkildə, amma əslində, toplu halda nəzərdə tutulduğu kimi, bütün sözü də başqa bir yöndən hər bir fərdin daxil olduğu bütövü əhatə edir. Bu cəhətdən hər bir sözü də hər sözü ilə eyni semantikaya malikdir. Eyni sözü də eynicinslilərin hamısını əhatə etmə baxımından bunlara yaxındır. Lakin filanbəzi sözləri bunlardan fərqlənir. Filan sözü qeyri-müəyyən şəkildə konkretlik bildirir. Bəzi sözü bu cəhətdən sözlərin hamısından fərqlənir və məhdudlaşdırma, istisnaetmə çaları ilə seçilir.
Bilirəm, dünyanın qocadır yaşı, Qanlı bir imza var hər varağında (S.V.) – cümləsindəki hər sözünü hər birbütün sözləri ilə əvəz etmək olar. Lakin bunları bəzifilan sözləri ilə əvəz etsək, əvəzliklərin kəmiyyət baxımından əhatə dairəsi məhdudlaşar və misranın poetik tutumu zəifləyər. Hər, hər bir əvəzlikləri eyni fikri təsdiq, heç bir əvəzliyi inkar məqamında iqrar edir:
Heç bir qız Şirzad kimi cəsur, qoçaq bir adamı qoyub onu seçməzdi.(M.İ.)

Özü də heç bir işi görməkdən çəkinməzdi. (M.İ.)

Hər bir dərdə əlac var idi. (Elçin) Məryəmin təmiz bədəni heç bir din düşməninin, heç bir nəfskarın gözünə görünməyəcəkdi.(Elçin)

Altmış dörd il üç ay yeddi gün ömrünü ibadətdə keçirmiş qoca heç bir hazırlıqsız bircə anın içində dərk etdi ki, bütün ömrü hədər gedib. (Elçin)

O bu sadə sarayın hər bir işıltısına, buradakı hər şeyə nifrət edirdi.(Elçin)

Həmin bir ovuc işıq hər addımbaşındadı, bütün dünyadadı.(Elçin)

Bəs sənin anan nə üçün gəlib demir ki, filan oğlandan gözünü çək, filankəsə get. (İ.Ə.)

O, hər əlində iki pudluq daş qaldıran bir oğlan idi.(İ.Ə.)

Qeyd. Əslində, filan sözü təyini əvəzliklərlə uyuşmur və işarə əvəzliklərinə daha çox uyğun gəlir. Lakin bir qədər qeyri-müəyyənlik bildirməsi ilə işarə əvəzliklərindən də fərqlənir. Müqayisə et: o adam, bu adam, filan adam.