MÜASİR AZƏRBAYCAN DİLİ. MORFOLOGİYA

×

ƏDATLARIN MƏNACA NÖVLƏRİ

Ədatları aşağıdakı məna növlərinə ayırmaq olar:
1. Qüvvətləndirici ədatlar;
2. Təsdiq ədatları;
3. İnkar ədatları;
4. Sual ədatları;
5. Təkid bildirən ədatlar;
6. Fərqəndiricə, istisnaedici ədatlar.
7. Emosionallıq bildirən ədatlar.
8. Zaman ədatları;
9. Şərt ədatı.

Qüvvətləndirici ədatlar. Ədatların bu qrupuna ən, lap, daha, daha da, bir daha, düm, ha, yenə sözlərini daxil etmək olar. Bu ədatlar aid olduğu sözün, ifadənin, birləşmə və cümlənin mənasını gücləndirir, hərəkətin, əlamətin təsirini artırır. Bu ədatlar həm də dərəcə əlaməti kimi nəzərdən keçirilir, lakin ümumən ədatların növlərindəndir. Bunlar təkcə sifətlərə deyil, başqa nitq hissələrinə də aid olur. Məs.:
Əziz adamla lap kimsəsiz adada da yaşamaq olar.(İ.M.)

Bu işdən əl çəkən deyiləm, lap haracan olsa, gedəcəyəm.(İ.M.)

Bu söz Nəcəfi daha da qızışdırdı. (M.İ.)

Bu ilin təbii imkanları onun inamını daha da möhkəmləndirirdi.(M.İ.)

Gözəlliyi ilə Təbrizi, lap elə Həşt-behişti fəth edəcəkdi.(Elçin)

Hünərdir ən böyük gözəlliyimiz. (S.V.)

Daha yemək istəməyərək süfrəmi yığışdırmadan qalxıb artırmaya çıxdım.(i.Ə.)

Neçə vaxt idi ki, Yavər daha evlənməkdən söhbət salmırdı.(İ.M.)

Ələm fikrini ha cəmlədi, yaddaşına ha güc verdi, xeyri olmadı.(İ.M.)

Orxan ha baxdı, ha diqqət verdi, Yavərin sifətini bütöv görmədi.(İM.)

Sarıbəniz cavan oğlan barmaqlarının bütün gücü ilə şirmayı dilləri ha döyəcləyirdi, özünü kətilə ha çırpırdı – pianonun səsi eşidilmirldi ki, eşidilmirdi.(İ.M.)

Şahlar yenə kabab çəkib ocağa qoydu.(İ.Ə.)

– Beş sətir yazıda bu qədər səhvin çıxıb?
– Beş sətir? Düz iyirmi sətirdir! (İ.Ə.)

Bu ədatların hamısının cümlədə rolu var. Məsələn, Bu ilin təbii imkanları onun inamını daha da möhkəmləndirirdi – cümləsindən daha da ədatını çıxarsaq, belə çıxar ki, haqqında danışılan şəxsdə inam indi möhkəmlənməyə başlayır, ədat olduqda bilinir ki, onun inamı var, hadisə (bu ilin təbii imkanları) onun bu inamını daha da möhkəmləndirir. Gözəlliyi ilə Təbrizi, lap elə Həşt-behişti fəth edəcəkdi – cümləsində lap ədatını ixtisar etsək, Təbrizi fəth etməklə öz əlçatmazlığı ilə fərqlənən Həşt-behişti fəth etmək arasında fərq aradan qalxacaqdır.

Təsdiq ədatları: bəli, hə, bəli də. Bu ədatlar əksərən dialoqun qarşılıqlı replikalarından əvvəlkində söylənmiş fikri müxtəlif çalarda təsdiq edir. Eyni zamanda monoloci nitqdə də işlənə bilirlər. Məs.:
–Söhbət uzundur?
Bəli.(F.K.)


–Dədə bəyin obası buradır?
Bəli, düz gəlmisiniz.(F.K.)


–Deyirsən Şamaxıdansan?
, başına dönüm. (F.K.)


–Deməli, nənən şuşalıdır, dədən muğanlı?
Bəli, atam buralı, anam şuşalı idi. (M.İ.)


Bəli, bəli, düz sözə nə deyəsən, düzdür də...(M.İ.)

, de görək sən hara, bura hara? (M.İ.)

,-deyə arvad məmnun halda dilləndi. (İ.Ə.)

Bəli də, əl-əli yuyar.

İnkar ədatlaprı: yox, xeyr, heç, heç də, əsla. Bu ədatlardan əvvəlki ikisi dialoqun qarşılıqlı replikasındakı fikri inkar edir. Heç ədatı cümlədə müxtəlif məqamlarda, cümlənin müxtəlif yerlərində işlənir, az da olsa, bir qədər, əsla çalarlarında fikrə təsir edir. Məs.:
–Sənin haran qocadır, ay Dədə bəy?
Yox, belədir, mən hiss eləyirəm. (F.K.)


–Bəlkə qorxutdum sizi?
–Xeyr, əsla.
–Bizim tərəflərə necə, heç bələdçiliyin var, ya yox?
Xeyr, ömrümdə Muğana ayağım dəyməyib. (M.İ.)


–Bəs fikrin nədir, elə evdə oturacaqsan?
Xeyr, fikrim işləməkdir.(M.İ.)


Mənim şeylərim rayon mərkəzində qalıb, heç bilmirəm nə olacaq.(İ.Ə.)

Sual ədatları: axı, bəs, məgər, yoxsa, olmaya, görəsən, yəni, -mı,-mi,-mu,-mü və s. Bunlardan -mı,-mi,-mu,-mü ədatı müstəqil sual yaradır, digər ədatlar sual mənasını gücləndirir. Bunlarla yanaşı, bu ədatlar etiraz, narazılıq, xatırlatma, nəsihət, təəccüb, məzəmmət, xahiş, yalvarış çalarlarına da malikdir. Məs.:
Yoxsa üstümüzü unlu görüb adımızı dəyirmançı çağırırsan? Bəyəm indi belədir? Bəyəm min il bundan qabaq belə olmayıb? Bəyəm belə olmayacaq min ildən sonra? Bəyəm yaşadan da, öldürən də təbiət deyil? (Elçin)

Tarix utanmaz yaratdığından? Dönüb keçmişinə baxmaz İran? (S.V.)

Axı sənin gətirdiyin otun xeyir-bərəkəti olar? (İ.Ə.)

Yəni, ay Rüstəm, sən bu camaatı məndən yaxşı tanıyırsan? (M.İ.)

Bəs mən gedim çöldə neyləyim? (İ.M.)

Ziyad xan yoxsa yenə də bu söhbətlərdən qaçmaq istəyir? Bəs görmür ki, bıçaq sümüyə dirənib daha? (Elçin)

Bəs məni niyə xilas edən yoxdur? (Elçin)

Olmaya, sən də bizimlə getmək istəyirsən? Bacıqızı, yəni havanın da təmizi, natəmizi olur? (İ.Ə.)

Axı asan işimizi qoyub, özümüzü niyə dağa-daşa salmalıyıq? (İ.Ə.)

Təsdiq və inkar ədatları da sual məqamında işlənə bilir; məs.:
Sonra mənimlə gedərik oynamağa, ? Alver eləmirsənsə, bəs bu qədər pul səndə haradandı? ? (İ.M.)

Mənimlə oynamağa getmirsən? Yoox?

Təkid bildirən ədatlar: qoy, qoysana, bax, gəl, gəlin, gör, görək, görüm, di və s. Bu ədatlar sözə, ifadəyə, cümləyə diqqəti artırmaq üçün işlədilir, təkid, tələb, arzu, istək, çağırış çalarlarına malikdir. Məs.:
Ana, gör necə oxuyuram? (F.K.)

Deyirəm, gör kimin yerinə kim gəlir. (F.K.)

Nə tələsirsən, hələ tezdir, qoy hamı yığışsın.(M.İ.)

Qoy başqaları mənim dalımca gəlsin.(İ.Ə.)

Gəl çıxaq seyrinə uca dağların! (H.A.)

Fikirləşdim ki, görək bunun xeyri nədir, zərəri nə? (İ.Ə.)

Sözümün kütahı odur ki, gəlin qızın dediklərini bir təcrübə eləyək.(İ.Ə.)

Bura bax görüm,- deyə Tükəzban xala öz məarizinə qahmar çıxdı.(İ.Ə.)

Di ver cavabını, nə durmusan, din! (S.V.)

Bircə məni başa sal görüm.(İ.Ə.)

Bu ədatların bir qismi cümlədə işlənməyə də bilər. İşlənmədikdə onların ifadə etdiyi təkid, arzu, istək çalarını intonasiya əvəz edir. Məs.:
Ana, gör necə oxuyuram? (F.K.)  – Ana, necə oxuyuram?

Amma bir qismi cümlədə adətən işlənməli olur. Məs.:
Gəl çıxaq seyrinə uca dağların! (H.A.)
– misrasından gəl sözünü atdıqda cümlədə müəyyən dərcə çatışmazlıq hiss olunur ki, onu şifahi nitqdə yalnız intonasiya ilə aradan qaldırmaq olur.

Fərqləndirici, istisnaedici ədatlar: amma, ancaq, yalnız, fəqət, təkcə, bircə və s. Bunlar fərqləndirmə, ayırma, istisnaetmə, məhdudlaşdırma mənası yaradan ədatlardır. Məs.:
Rüstəm kişinin sözündən istifadə edən bircə Salman oldu. (M.İ.)

Adının Yastı Salman çağrılmağına da səbəb təkcə xasiyyəti deyildi. (M.İ.)

Bu halda o hamıya inanır, hamıda ancaq yaxşı sifətlər görürdü.(M.İ.)

Mirzə Salmana yalnız Ziyad xan hirsli vaxtlarında «qoca» deyə müraciət edirdi. (Elçin)

Bədənində sonsuz bir yorğunluq var idi və bu yalnız həmin bəd səhərin yorğunluğu deyildi. (Elçin)

Bu ədatlar fərqləndirici, məhdudlaşdırıcı ədatlardır. Mənasında bu cəhət aydın görünür:
Rüstəm kişinin sözündən istifadə edən bircə Salman oldu (M.İ.)
– cümləsindəki bircə sözündən aydın olur ki, Rüstəm kişinin ətrafında adam çoxdur, lakin onun sözündən yalnız Salman istifadə edir. Amma bu sözlər inkar cümlələrdə işləndikdə, məhdudlaşdırma mənasının əksinə olaraq, genişləndirmə, ümumiləşdirmə mənası yaranır:
Adının Yastı Salman çağrılmağına da səbəb təkcə xasiyyəti deyildi. (M.İ.)

Emosionallıq bildirən ədatlar: kaş, barı, ki, təki, belə, məhz, gərək, ha, axı, odur və s. Ümumən ədatların hamısında az-çox emosionallıq olur. Lakin qeyd etdiyimz ədatlarda emosionallıq nisbətən güclü olur və bunlar aid olduğu sözə, ifadəyə emosional çalar verir. Məs.:
Gənclərin də nəzərini cəlb edən məhz onun bu cür duruşu idi. (M.İ.)

Onda gərək biz təsərrüfatı buraxıb belə şeylərlə məşğul olaq. (İ.Ə.)

Elə bircə gündə öyrəndin? (F.K.)

Şeyx, sən ki dünyanın gərdişini yaxşı bilirsən.(F.K.)

Kaş Əhəd bu dəfə başqa iş üçün çağırmış olaydı Vələdi. (İ.M.)

İndi də gərək başqalarının dərdinə qalaq.(M.İ.)

Bıy! Bu lap maraqlıdır ki. (M.İ.)

Ağlayanda gərək yaş çıxsın gözdən? (Elçin)

Barı siz yemisinizmi?(M.İ.)

Nişanlım olanda nə olar ki? (İ.Ə.)

Əcəlim çatmayıb ha.(M.İ.)

Yavər yazıq pis söz demədi ha.(İ.M.)

Axı gərək o da kömək eləsin, canını işə versin.(İ.Ə.)

Odur, bizdən aşağı Sabir adına arteldə hər bir işi maşınlarla görürlər. (İ.Ə.)


– Siz «yaman» sözünü pis mənada başa düşməyin.
Təki olsun. (İ.Ə.)


Sevdimalı uşaq-zad deyil ki...(İ.Ə.)

Mən ki damdan, bacadan baxmaz idim... (S.)

Bu cür sözlərdə emosionallıq diqqəti artırma, gərəklilik çalarını gücləndirmə yolu ilə olur.
Gənclərin də nəzərini cəlb edən məhz onun bu cür duruşu idi (M.İ.)
– cümləsində məhz sözü diqqəti «onun bu cür duruşu» sözləri üzərinə daha təkidli və emosional yönəldir.
Elə bircə gündə öyrəndin? (F.K.) – cümləsi ilə Bircə gündə öyrəndin? (F.K.) – cümləsində fərq var: sonrakı cümlədə təəccüb hissi zəifdir. Əcəlim çatmayıb ha (M.İ.) – cümləsi ilə Əcəlim çatmayıb (M.İ.) – cümləsində də aydın fərq var.

Birinci cümlədə oyuna girməmək, oyundan qaçmaq mənası, ikincisində qəti inam ifadə olunmuşdur.

Zaman ədatları. Bu qrupa idi, imiş köməkçi sözləri və onların şəkilçiləşmiş formaları (-dı,-di,-du,-dü; -mış,-miş,-muş, -müş) daxildir. Bunlar həm müstəqil, həm də şəkilçiləşmiş ədat kimi işlənərək, həqiqi – hekayə eləmə və güman – rəvayət modallığı, predikativlik yaratmaqla bütün hadisəni keçmiş zaman sferasına ötürür. Məs.:
Amma bir məsələdən gizli gözətçilərin də xəbəri yox idi. Mahmud nəsə gözləyirdi. Mahmud nəyinsə ərəfəsində idi. (Elçin)

Tənəklər yaşa dolanda onların məhsulunu yığıb-yığışdırmaq olmazmış. (M.İ.)

Qeyd. İdi, imiş, isə köməkçi sözləri dilçiliyimizdə müxtəlif adlarla – «köməkçi fel», «köməkçi söz», «bağlama» və s. adlandırılmışdır. Bunlarda fellik xüsusiyyətləri qalmamışdır. Eyni zamanda «bağlama» sözünün nə mənada işləndiyi də bilinmir. İdi, imiş leksik mənadan məhrumdur, morfoloji əlamət daşımır. Sözlərə artırılaraq predikativlik və modallıq yaradır, bir sistem şəklində hadisələrin zamanını keçmişə köçürür. İdi köməkçi sözündə həqiqi, imiş-də ehtimali modallıq vardır. (6, 472) Zaman bildirmə baxımından güclü olduğu və hətta ismi xəbərlərdə keçmiş zamanı bildirmək üçün əsas vasitə olduğu üçün biz idi, imiş hissəciklərini zaman ədatları adlandırmağı daha münasib bildik. Eyni vəziyyətdə olan isə köməkçi sözü şərt çalarına malikdir, ona görə də bu sözü, dilçilik ədəbiyyatında olduğu kimi, şərt ədatı adlandırmaq olar.

Şərt ədatı. Bura isə köməkçi sözü və onun şəkilçiləşmiş forması (-sa,-sə) daxildir. Bu ədat özündən əvvəlki sözə şərt çaları əlavə edir, kinayə, etiraz, münasiblik, qaşılaşdırma kimi çalarlar yaradır. Adlarla və felin zaman, şəkil əlamətlərindən sonra işlənir. Məs.:
Bu gülüşməyə haradansa iki-üç adam özünü təpdi içəri.(İ.M.)

Çıraq dayının qızı əgər şəkildəki kimidir, çox gözəldir. (İ.Ə.)

Mən onu yana-yana, qəzəblə öpürdüm. Sanki kimdən isə qisas alırdım.(İ.Ə.)

Bir vaxt anasının ürəyi necə vururdusa, Məryəmin də bütün bədəni eləcə vurur.(Elçin)

Ədatların məna bölgüsü şərti xarakter daşıyır. Bir ədat müxtəlif məna növlərinə xidmət edə bilir. Məs.: təkid bildirən di ədatı emosionallınq bildirir, təsdiq və inkar ədatları eyni zamanda sual bildirə bilir və s.