MÜASİR AZƏRBAYCAN DİLİ. MORFOLOGİYA

×

SİFƏT.

SİFƏT BİR NİTQ HİSSƏSİ KİMİ

Maddi varlığın əlamətini, keyfiyyətini bildirən sözlərə sifət deyilir.

Sifət yanaşma yolu ilə əşya adı bildirən sözlərlə bağlı olur. Sözdüzəldici şəkilçilər sistemi vardır və mühüm morfoloji xüsusiyyət kimi, dərəcə əlamətlərinə malikdir. İsimləşərək kəmiyyət, mənsubiyyət və hal şəkilçiləri qəbul edir, əlamət, keyfiyyət məzmunu ilə yanaşı, maddi varlıq, əşya məzmunu qazana bilir, cümlənin mübtəda və tamamlığı olur. Fellərlə əlaqələnərək adverbiallaşır və zərflik vəzifəsində işlənir. Əsas sintaktik vəzifəsi təyindir. Xəbər vəzifəsində işləndikdə gizli substantivləşmə keçirir. Maddi varlığın xarici cismani əlamətlərini və daxili aləmini, mahiyyətini əks etdirir.

Sifət əşyanın əlamətini və ya keyfiyyətini bildirən bir söz qrupu kimi, başqa nitq hissələrindən mənasına, morfoloji əlamətinə və sintaktik vəzifəsinə görə fərqlənir. Sifətlər konkret lüğəvi mənasına görə əlamət və ya keyfiyyət bildirdiyi kimi, ümumiləşmiş qrammatik mənasına görə də əlamət, keyfiyyət bildirir və bu cəhət onu başqa nitq hissələrindən – əşya adı bildirən isimlərdən, əşyanın miqdar və ya sırasını bildirən saylardan, əşyanın hərəkətini bildirən fellərdən, hərəkətin əlamətini bildirən zərflərdən ayırmağa imkan verir.

Sifətin bir nitq hissəsi kimi formalaşması idrakımızda əşya ilə onun keyfiyyətini, əlamətini fərqləndirmə imkanının yarandığı dövrdən başlanmışdır.(5, 47) İnsan təbiəti tədricən dərk etmə prosesində ayrı-ayrı əşyalarla yanaşı, onların hər cür əlamət və xüsusiyyətlərini də dərk edərək adlandırmış və tədricən sifət adlandırdığımız söz kateqoriyasının yaranmasına səbəb olmuşdur. Odur ki sifətin əsas xüsusiyyəti onun cümlə daxilində bir isimlə yanaşı işlənməsidir; məs.: Möhkəm dəzgah, şirin əmək, inci tər
Hələ qarşımızdadır!
Ay işığı, dolu ürək, yaşıl bağ,
Qızğın günəş, sərin çeşmə, qarlı dağ
Hələ qarşımızdadır! (M.M.)

Misaldan göründüyü kimi, sifətlər normal təbii funksiyasında isimlərlə birləşərək möhkəm dəzgah, şirin əmək, dolu ürək, yaşıl bağ, qızğın günəş, sərin çeşmə, qarlı dağ kimi yanaşma əlaqəli birləşmələr yaradır.

Bir sıra dillərdə sifətlər başqa nitq hissələrindən morfoloji əlamətlərinə görə fərqləndiyi halda, bizim dilimizdə sifətlər zahiri cəhətinə görə başqa söz qruplarından, o cümlədən isimlərdən fərqlənmir. Ona görə də Azərbaycan dilində daş, ağac, çöl, gül, ütü sözləri ilə ağ, sarı, gen, hündür, bərk, isti, güclü sözləri qrammatik formasına görə deyil, lüğəvi mənasına görə fərqlənir və birinci qrupa aid olan sözlər əşya adı bildirərək isimlər sırasına, ikinci qrup sözlər əşyaya məxsus əlamət, keyfiyyət bildirərək sifətlər sırasına daxil olur. Deməli, sifətləri başqa nitq hissələrindən fərqləndirən mühüm bir cəhət onun leksik-qrammatik mənasıdır, əlamət, keyfiyyət bildirməsidir.

Məna dedikdə ümumiləşmiş qrammatik məna nəzərdə tutulur. Qeyd etdiyimiz ağ, sarı, gen, hündür, bərk, isti, güclü sözlərinin hər biri konkret bir əlaməti və ya bir keyfiyyəti ifadə edir. Ümumiləşmiş qrammatik məna ondan ibarətdir ki, bu cür sözlərin hamısı bir sistem şəklində ya əşyaya məxsus əlamət, ya da keyfiyyət bildirir.

Sifətlər əşyanın əlamətini, keyfiyyətini bildirdiyindən bilavasitə isimlə bağlı olur, isimlə yanaşma əlaqəsində olur, ismə yanaşır. Cümlədə işlənib-işlənməməsindən asılı olmayaraq, isimsiz sifət təsəvvür olunmaz. Əşya yoxdursa, onun əlaməti də yoxdur və əşya bildirən söz yoxdursa, onun əlamətini bildirən söz də yoxdur.

Əlamət, keyfiyyət anlayışlarını da fərqləndirmək lazımdır.

Əlamət əşyanın zahiri görünüşü, forması ilə bağlıdır: yumru, böyük, uzun, sarı, qırmızı, göyçək sözləri əşyanın zahiri cəhəti ilə bağlı olub əlamət bildirir.

Keyfiyyət isə əşyanın məzmunu, mahiyyəti, daxili aləmi ilə bağlı olur: acı, şirin, turş, dadlı, isti, soyuq və s. kimi sözlər daxili məzmun, keyfiyyət bildirir.

Qırmızı alma dedikdə almanın əlaməti, şirin alma dedikdə keyfiyyəti nəzərdə tutulur.

Bəzən eyni bir söz həm əlamət, həm də keyfiyyət bildirə bilər. Məsələn, nəhəng adam birləşməsindəki nəhəng sifəti həm insanın dahi şəxsiyyət olduğunu, həm də yekəpər adam olduğunu – bədən quruluşunu göstərə bilər. Birinci halda keyfiyyət, ikinci halda əlamət bildirir. Və ya gözəl insan birləşməsində gözəl sözü həm insanın daxili-mənəvi aləminə, həm də zahiri əlamətinə aid ola bilər.

Əlamət bildirən sifətləri üç qrupa ayırmaq olar:

1. Rəng bildirənlər: qırmızı, sarı, yaşıl, ağ, qara, çəhrayı, gümüşü və s.

2. İnsanın və başqa canlı və cansız varlıqların xarici, cismani xüsusiyyətlərini bildirənlər: lal, kar, kor, topal, çolaq, daz, çirkin, şikəst, gözəl, qəşəng və s.

3. Həcm, ölçü bildirənlər: dar, gen, uzun, gödək, alçaq, qəlbi, böyük, yaxın, uzaq, hündür və s.

Keyfiyyət bildirən sifətləri də bir neçə qrupa ayırmaq olar:

1. Dad bilmə, eşitmə, duyğu, lamisə üzvləri ilə dərk edilən keyfiyyətləri bildirənlər: şirin, turş, acı, isti, dadlı, soyuq, ağır, yüngül və s.

2. Xasiyyət, psixoloci vərdiş və vəziyyət bildirənlər: ağıllı, dəli, tənbəl, xəsis, lovğa, küt, qəzəbli, acıqlı, cəsur, sanballı, axmaq, ədəbsiz və s.

3. Ümumi keyfiyyət, hal-vəziyyət bildirənlər: yaxşı, pis, yaman, rahat, narahat, normal, mağmun, bədbəxt və s.

Beləliklə, sifətləri başqa nitq hissələrindən fərqləndirən mühüm bir cəhət onun mənasıdır. Belə ki hər bir sifət maddi varlığa məxsus konkret bir əlaməti, keyfiyyəti bildirdiyi kimi, sifət qrupuna daxil olan bütün sözlər ümumiləşmiş qrammatik mənasına görə də əşyaya məxsus əlamət, keyfiyyət bildirir.

Sifətlər morfoloji əlamətinə görə də başqa nitq hissələrindən fərqlənir. Dilimizdə zəngin sifətdüzəldən şəkilçilər sistemi vardır: əzgin, qızğın, süzgün, bilici, qırıcı, dondurucu, duzlu, qılıqsız, çalışqan və s. kimi sözlərdə -ğın, -ğın, -ıcı,-ucu, -lu, -sız, -qan belə şəkilçilərdəndir. Dilimizdə sözlərin müxtəlif şəkildə birləşməsi yolu ilə də sifətlər yaranır. Bunlarla yanaşı, sifəti başqa nitq hissələrindən fərqləndirən dərəcə əlamətləri kimi mühüm əlamət vardır. Sifətlər əşyaya məxsus əlamətin, keyfiyyətin az və ya çox olduğunu ifadə edə bilmək imkanı ilə morfologiyada xüsusi fərqli mövqeyə malikdir. Maddi aləmin özündən gələn bu xüsusiyyətin sifətlərdə olması təbiidir. Çünki hər bir maddi varlıqda da eyni əlamət eyni keyfiyyətdə olmur.

Sintaktik vəzifəsinə görə də spesifik səciyyə daşıyan sifətlərin əsas sintaktik vəzifəsi təyindir. Sifətlər əşya adı bildirən sözlərlə yanaşma əlaqəsində olub təyin vəzifəsində işlənir; məs.:
Mədəniyyət evinin işıqlıböyük zalı adamla qaynaşırdı. (M.İ.)
Bu sonsuz fəzalar bizimdir, ey dost!
Bu dərin dəryalar bizimdir, ey dost! (M.M.)
Qoxusuz lalədir mənasız şeir,
Qanadsız bir quşdur xülyasız şeir,
Gözəlsiz, çalğısız məclisə bənzər
Məzmunsuz, ahəngsiz, ədasız şeir. (M.M.)
Sonra balaca otların içində ağ, qırmızı, sarı, çəhrayı çiçəklər göründü.(İ.Ə.)
Hara baxırdın, qara, qırmızı, ağ mərmər idi. (İ.M.)

Sifət xəbər vəzifəsində də işlənir. Bu zaman sifətlərdə bir növ gizli substantivləşmə baş verir. Sifət aid olduğu isimlə öz sintaktik yerini, vəzifəsini dəyişmiş olur; məs.:
Bülbülüm, köksünün altı sarıdır,
Gözəldir səndəki bu söz, bu sənət,
Mehriban yaratmış səni təbiətg(S.V.)
Azaddır quşların xoş nəşidəsi,
Azaddır yaşamaq, gülmək həvəsi.(S.V.)
Aygün hələ soyunmamış toy paltarını,
Hələ şaddır, bəxtiyardır dünyalar qədər. (S.V.)

Aygün şaddır, bəxtiyardır – cümləsində isimlə sifətin təbii yerini müəyyənləşdirmək istəsək, «şad, bəxtiyar Aygün» birləşməsi alınar.

Sifətlər başqa sintaktik vəzifələrdə işləndikdə ya substantivləşmiş, ya da adverbiallaşmış olur.

Sifət necə? nə cür? hansı? suallarına cavab verir. Lakin bu suallara cavab verən hər sözü sifət hesab etmək olmaz. Möhkəm divar, hündür divar birləşmələrindəki möhkəm, hündür sözləri necə? nə cür? suallarına cavab verdiyi kimi, daş divar, kərpic divar birləşmələrindəki daş, kərpic sözləri də necə? nə cür? suallarına cavab verir. Təyin vəzifəsində işlənən bu sözlərin hamısını (möhkəm, hündür, daş, kərpic) sifət hesab etmək olmaz. Belə sözlərin sifət olub-olmadığını yoxlamaq üçün bir neçə üsuldan istifadə etmək mümkündür. Bu cür sözlərə həm ayrılıqda, həm də xəbər vəzifəsində sual vermək olar. Ayrılıqda sual verdikdə möhkəm, hündür sözləri necə? nə cür? suallarına, daş, kərpic sözləri nə? sualına cavab verəcəkdir. Həmin sözləri xəbər vəzifəsində işlədərək də sual vermək olar: Divar möhkəmdir. Divar hündürdür. Bu, daşdır. Bu, kərpicdir. Möhkəmdir, hündürdür – sözləri necədir? nə cürdür?, daşdır, kərpicdir - sözləri nədir? sualını tələb edəcəkdir. Aydın olur ki, daşkərpic tipli sözlər bir isimdən əvvəl gəldikdə atributivləşmiş və sifət funksiyası qazanmış olur, lakin sifətə çevrilmir. Möhkəm, hündür sözləri isə sifət funksiyasını saxlayır. Həmin sözləri dərəcə əlamətləri artırmaqla da yoxlamaq olar. Möhkəm, hündür sözlərinə dərəcə əlaməti artırmaq və həmin sözləri lap hündür, daha möhkəm şəklində işlətmək olar, isimlərə (daş, kərpic) belə əlamətlər artırmaq olmaz. (5, 52-55)

Sifətlər isimdən əvvəl işləndiyi kimi, isimlərdən əvvəl başqa isimlər də işlənə bilir və yuxarıdakı misallardan göründüyü kimi, bu məqamda onlarda atributivlik əmələ gəlir. Sifətlə atributiv ismin bir mühüm fərqi də burasındadır ki, isimdən əvvəl gələn sifət isimlə ifadə olunan əşyanın əlamətini, keyfiyyətini bildirdiyi halda, isimdən əvvəl işlənən isim aid olduğu ismi material, rütbə, titul cəhətdən təyin edir və ya milli, cinsi mənsubiyyət bildirir; məs.: şüşə qab, şair Nəbi, professor Səlim, qadın həkim, qonşu ölkə və s.

Sifət kimi, zərflər də necə? nə cür? suallarına cavab verir. Bütün başqa cəhətlərlə yanaşı, onları fərqləndirmək üçün adi halda aid olduqları üzvə baxmaq lazımdır: sifət əşya məzmunlu üzvlərlə bağlı olur, zərflər isə hərəkətin əlamətini bildirir. Məs.:
Həmişə əl-üzünüzü gözəl sabunla yumusunuz... Gözəl-gözəl ətirlər vurursunuz. Gözəl-gözəl paltarlar geyirsiniz.(İ.Ə.)
Sarı Məhəmməd baltasını gah şaquli, gah çəpəki, gah bərk, gah da yavaş endirməklə yerə yıxılmış ağacı qol-budaqdan təmizlədi. (E.M.)
O, qaşlarını çatıb xeyli susdu, monra təkrar başını qaldırıb mənə acıqlı-acıqlı nə isə dedi. (İ.Ə.)

Birinci misaldakı gözəl, gözəl-gözəl sözləri ilə yanaşı, ikinci misaldakı şaquli, çəpəki, bərk, yavaş sözləri də necə? nə cür? suallarına cavab verir. Gözəl, gözəl-gözəl sözləri sabun, ətir, paltar sözlərinə aid olduğu halda, şaquli, çəpəki, bərk, yavaş sözləri endirmək, acıqlı-acıqlı sözü dedi feli ilə bağlıdır. Bu cəhət onları sifət və zərf kimi fərqləndirən əsas əlamətdir.