MÜASİR AZƏRBAYCAN DİLİ. MORFOLOGİYA

×

Çoxaltma dərəcəsi.

Sifətin çoxaltma dərəcəsi əlamətin, keyfiyyətin adi dərəcədən çox olduğunu, artıq olduğunu bildirir.

Bu dərəcə əlamət və keyfiyyətin son həddini göstərir, lakin maddi varlığın özü kimi, əlamət, keyfiyyət də hüdudsuz olduğundan «son hədd» anlayışı nisbi sayılır.

Əlamətin, keyfiyyətin çox olduğunu, adi normadan artıq olduğunu ifadə etmək üçün də iki üsuldan istifadə olunur:
1. Fonosintetik üsul;
2. Sintaktik üsul.

1. Fonosintetik üsulla əlamətin, keyfiyyətin çox olduğunu bildirmək üçün sifətin ilk iki səsinə (bir samit, bir sait) m, p, s, r səslərindən biri əlavə edilir və sifət yenidən bütövlükdə təkrar olunur. Məs.: qırmızı - qıpqırmızı.

Qeyd edilən samitlərdən ikisi – sr samitləri məhdud işlənir və cəmi bir neçə sözdə özünü göstərir: təmiz - tərtəmiz, qoca - qosqoca, doğru - dosdoğru.

Mp samitləri nisbətən çox işlənir. Bunların işlənməsində qayda vardır. Söz saitlə bitdikdə p samitindən istifadə edilir:
sarı – sapsarı
qırmızı – qıpqırmızı
qara – qapqara
balaca - bapbalaca

Sifət samitlə bitdikdə m samitindən istifadə olunur:
yaşıl – yamyaşıl
göy – gömgöy
nazik – namnazik
böyük – bömböyük
gödək - gömgödək

Bu qaydanın pozulduğu hallara da rast gəlmək olur: isti – imisti, soyuq – sopsoyuq. İki cür işləndiyi hallar da var. Məs.: yazıçı İ.Əfəndiyev dupduru əvəzinə dumduru işlətmişdir: Mən yerə çöküb bulağın dumduru və buz kimi soyuq suyundan iki qoşa ovuc içdim. (İ.Ə.) ( sözü ağ-ap-ağ – ağappaq şəklində dəyişir.)

Sintaktik üsulda aşağıdakı qüvvətləndirici ədatlardan istifadə edilir: Ən ədatının sifətlərdən əvvəl işlədilməsi ilə: ən gözəl, ən yaxşı, ən dadlı, ən münasib, ən kamil, ən əziz və s.
Ən ədatı xalis Azərbaycan sözü olub, qədim Şumer – Aratta göy allahı An`ın adındandır.

Daha ədatının sifətlərdən əvvəl işlədilməsi ilə: Daha səmimi, daha düzgün, daha real, daha açıq, daha çətin, daha istəkli.

Lap ədatının sifətlərdən əvvəl işlədilməsi ilə: lap gözəl, lap əziz, lap mehriban, lap üstün, lap təsirli, lap aydın.

Qeyd. Lap ədatı başqa nitq hissələrinə də aid olur; məs.: O, Təbrizə gələcəkdi, lap elə həşt-behişti fəth edəcəkdi. (Elçin)

Daha ədatında əlamətin üstünlüyü mənası da güclüdür. Bəzən əlamət da ədatının artırılması ilə daha da gücləndirilmiş olur: daha da gözəl, daha da ləyaqətli, daha da çirkin.

Çox sözünün sifətlərdən əvvəl işlədilməsi ilə: çox uca, çox düzgün, çox alçaq, çox soyuq, çox tutarlı, çox mədəni, çox rahat.

Düm ədatının sifətlərdən əvvəl işlədilməsi ilə: dümağ, dümyaşıl, dümqırmızı, dümsarı.

Tünd sözünün sifətlərdən əvvəl işlədilməsi ilə: tünd qırmızı, tünd yaşıl, tünd qara, tünd narıncı.

-ca ədatının sifətlərə artırılması ilə: bolluca, yaxşıca, körpəcə, aydınca, ehmalca.: Sağıcı Bağdagül bacını tanımırsan? Nazikcə bir arvaddır.(İ.Ə.)

Prof. Ə.Dəmirçizadə göstərir ki, «Ümumiyyətlə, bu və ya digər dərəcə anlayışını ifadə etmək üçün bəzi tərkib və cümlələrdən də istifadə olunur: olduqca böyük, son dərəcə azğın, dedikcə qəşəng, gözəldən də gözəl, ceyran kimi gözəl, arslan kimi qüvvətli, nə gözəl, nə xoş, nə qədər səfalı, necə də ahəngdar...» (5, 67) Bunların bir çoxu, əslində, miqdar-dərəcə zərflərinin və bir sıra digər zərflərin əlamət bildirən sözlərə artırılmasından ibarətdir. Lakin faktik olaraq eyni zamanda əlamətin gücləndirilməsi, şiddətləndirilməsi vasitələridir.

Misallar:
Birdən-birə dünyanın ən dəhşətli, ən müdhiş bir xəbəri çağa səsi gələn otaqdan həyətə yayıldı. (Elçin)
Başı, saqqalı, sinəsinin, qollarının tükləri ağappaq idi. (Elçin)
Ceyranı Təbriz saraylarına yaxınlaşdıran dümdüz, hamar yolun başlanğıcı idi. (Elçin)
O, dünyanın daha böyük şəhərlərini arzulayırdı. (Elçin)
Kitabların söylədiyi aləmdə yaşamaq bomboş, qupquru yumurtanın içində yaşamaq imiş.(Elçin)
Qəmərbanu özünü dünyanın ən ləyaqətsiz anası hesab etdi.(Elçin)
Göy, elə bil, çox güclü bir ahənrüba idi. (Elçin)
Mahmudun solğun bənizi pəncərədən düşən ay işığında o qədər işıqlı, o qədər nurlu idi ki. (Elçin)
O məhz bu anda mənə fövqəladə dərəcədə gözəl göründü. (İ.Ə.)
Nəhayət, qarı əriyib getmiş güneylərdə təzə-təzə baş qaldıran yamyaşıl otlar göründü. (İ.Ə.)
Dan yeri qızarır, gömgöy səma işıqlanırdı. (İ.Ə.)
Güləbətinin çiyinlərinə qədər çılpaq qolları həddindən artıq qəşəng idi.(İ.Ə.)
Uşaqlar kəhrəba kimi balı olan sapsarı şanılardan hərəsi birini götürüb yeməyə başladı. (İ.Ə.)
Mən son dərəcə əzgin idim. (İ.Ə.)
Əl vuranda kağız kimi xışıldayan bəmbəyaz süfrəni görəndə Xankişi bu qənaətə gəldi ki, doğrudan da, gərək bura pul verib girəsən. (İ.M.)
Sual o qədər yersiz, mənasız idi ki, kişi toyuğun budunu boşqaba qoydu.(İ.M.)
Qartallı dərənin adamları olduqca zehinli və tez başa düşəndirlər.(İ.Ə.)

Sifətlər adverbiallaşdıqda yenə dərəcə əlamətini saxlaya bilir; məs.:
Oğlan qıpqırmızı qızardı və nəzərləri Güləbətinə zillənib qaldı. (İ.Ə.)
Onun bu hərəkəti Səliməyə həmişə çox məzəli görünürdü. (İ.Ə.)
Bu vaxt Camaatın arasından pırpızaqlı saçları ağappağ ağarmış bir qarı ortaya yüyürdü.(Elçin)