MÜASİR AZƏRBAYCAN DİLİ. MORFOLOGİYA

×

MÜƏYYƏNLİK BİLDİRƏN MİQDAR SAYLARI

Miqdar saylarının bu növü əşyanın müəyyən, konkret miqdarını bildirir.

Müəyyənlik bildirən miqdar sayları 1-dən başlayaraq sonsuzluğa doğru artır və ya sonsuzluqdan 1-ə doğru azalır.

Müəyyənlik bildirən miqdar sayları sadə (əsli) və tərkibi olmaqla quruluşca iki növə ayrılır. Başqa nitq hissələrindən say düzəlmir.

Müəyyənlik bildirən sadə miqdar sayları bir kökdən, bir morfemdən ibarətdir. Dilimizdə 22 müəyyənlik bildirən sadə miqdar sayı var: bir, iki, üç, dörd, beş, altı, yeddi, səkkiz, doqquz, on, iyirmi, otuz, qırx, əlli, altmış, yetmiş, səksən, doxsan, yüz, min, milyon, milyard. Bunlardan iyirmisi xalis Azərbaycan sözü, son ikisi alınmadır. Bunlardan əlavə, dilimizdə yüksək astronomik saylar da var, lakin onlar dildə az işlənir.

Göründüyü kimi, onluqlar da sadə miqdar saylarına daxildir, çünki tarixən mürəkkəb söz şəklində yaranmış olsalar da, artıq onları kök morfemlərə ayırmaq qeyri-mümkündür.

Sadə sayların birləşməsindən tərkibi saylar əmələ gəlir. Bu 22 sayın müxtəlif şəkildə birləşməsi yolu ilə dildə hər cür kəmiyyəti ifadə etmək olur. Müəyyənlik bildirən sadə sayların tərkibi say kimi birləşməsinin 10-dan 100-ə qədər bir üsulu, 100dən yuxarı başqa üsulu var.

10-dan 100-ə qədər əvəlcə onluqlar, sonra təkliklər işlənir: on beş, iyirmi altı, otuz səkkiz, qırx beş, əlli üç, yetmiş iki, doxsan dörd və s. 100-dən yuxarı əvvəlcə təklik, sonra yüzlük və ya minlik, sonra onluq və təklik işlənir:
iki yüz əlli beş
üç yüz otuz səkkiz
iki min üç yüz altmış iki
beş min beş yüz əlli yeddi
iki milyon üç min iki yüz qırx iki
dörd milyard üç milyon beş min iki yüz səksən səkkiz

Tərkibi saylar yanaşma üsulu ilə yaranır. Belə saylar ona görə mürəkkəb deyil, tərkibi say hesab olunur ki, mürəkkəb söz hüduduna sığmır. Doğrudur, iki sözdən də ibarət olanları vardır (onluq sayları), lakin yüzdən yuxarı getdikcə daha çox sözü əhatə edir. Digər tərəfdən, bunların sabit modeli yoxdur: onluqlar bir cür, yüzdən yuxarı başqa cür əlaqələnir və sonda onluqlar təkrar olunur. Çox maraqlıdır ki, tərkibi saylarda hər cütlük ayrıca sintaqm vurğusu ilə tələffüz olunur: iki min/ üç yüz/ əlli beş, beş milyon/ altı min/ üç yüz/ otuz səkkiz. Bu cəhət göstərir ki, cütlüklər arasında yanaşma (birinci tərəfin ikinciyə yanaşması) daha möhkəmdir, sintaqmlar arası əlaqə ona nisbətən zəifdir.

Müəyyənlik bildirən miqdar sayları isimlərdən əvvəl işləndikdə sayla isim arasında numerativ (ədədi) sözlər işlənir: cüt, baş, dəst, parça, nəfər, dənə, ədəd, tikə, nüsxə, cild, qatar, qətrə, top, göz, para və s. Bu sözlər bir qədər müstəqilliyini itirmiş isimlərdən ibarətdir. Əksəriyyəti müstəqil isim kimi də işlənir.

Bunların hər birinin işlənmə məqamı var: Onun üç göz otağı var. Mən bir cüt ayaqqabı aldım. Bir tikə çörək yedim. Bir dəst göyərti aldım. Bir nəfər qonaq gəldi. Beş baş malımız var. Bu sözlər əşyanın kəmiyyətinə təsir etmir. Yalnız cüt sözü müstəsnadır.

Müəyyənlik bildirən miqdar sayları içərisində dildə ən çox işlənəni bir sözüdür. Bir sözü müxtəlif məqamlarda işlədilir:
1. Əşyanın konkret və dəqiq miqdarını, miqdar saylarının birincisini bildirir: Mən iki kitab yox, bir kitab istədim. Sənə min söz yox, bir söz dedim.

2. Qeyri-müəyyənlik bildirən ədat kimi işlənir və bu məqamda ingilis dilindəki a artıklını xatırladır: Sənə bir söz demədilər ki? Mənə bir kitab ver.

3. Qüvvətləndirici ədat kimi, sifətlərdən sonra işlənərək onların təyinlik dərəcəsini gücləndirir: Böyük bir həyətdə iclasımız var. (S.V.)

4. Zərflərdən sonra təkid bildirən ədat kimi işlənir: Axşam bir bizə gəl.

5. Az, çox, xeyli, qədər, neçə sözləri ilə birləşərək qeyrimüəyyənlik bildirən say düzəldir, qeyri-müəyyən miqdarı azaldır və ya çoxaldır: bir az, bir çox, bir xeyli, bir qədər, bir neçə və s.

6. An, vaxt, zaman, gün, ay, dəfə sözləri ilə birləşərək zaman zərfləri əmələ gətirir: bir an, bir vaxt, bir zaman, bir saat, bir gün, bir dəfə və s.

7. Təhər, sayaq, cür sözləri ilə birləşərək tərz zərfləri əmələ gətirir: bir təhər, bir cür, bir sayaq və s.

Bir sözü bəzən -ca,-cə ədatı ilə birgə işlənir:
Bütün bu müddət ərzində Məryəm bircə dəfə keçmişi xatırladı.(Elçin)

Sən ananın gözünün ağı-qarası bircə oğlusan.(İ.Ə.)

Mahmudun da elə bircə sözü var idi.(Elçin)