MÜASİR AZƏRBAYCAN DİLİ. MORFOLOGİYA

×

İNKAR ƏVƏZLİKLƏRİ

Əşyanın, əşyaya məxsus əlamətin olmadığını bildirən əvəzliklərə inkar əvəzlikləri deyilir.

İnkar əvəzliklləri əşyanın, əlamətin, kəmiyyətin, xüsusiyyətin olmadığını, qeyri-real olduğunu bildirir. Çoxişlənən inkar əvəzlikləri bunlardır: heç kim, heç kəs, heç biri, kimsə, heç kimsə, heç nə, heç şey, bir kimsə və s. Məs.:
Mən bu iztirablar üçün anamın heç kimi təqsirləndirmədiyini, kimsədən bir təmənnası olmadığını hiss edirdim.(İ.Ə.)

Axı Şah heç nəyin barəsində danışmır.(İ.Ə.)

Mən bu barədə Şaha heç nə demirdim. (İ.Ə.)

Səlimə heç bir zaman heç bir şeyi inkar etmirdi. (İ.Ə.)

Yolda onlardan başqa, heç kim yox idi. (İ.M.)

Heç kəs yerindən tərpənmirdi.(İ.M.)

Qoca elə ustalıqla havanı dəyişdi ki, heç kim heç nə başa düşmədi.(Elçin)

Di gəl ki, heç kəs yerindən tərpənmirdi.(İ.M.)

Amma Məlik heç kimdən çəkinmir, qorxmur. (İ.M.)

–Nə olub, Səlimə, niyə cavab vermirsən?
Heç bir şey olmayıb. (İ.Ə.)

Mikoya kənddən heç nə gəlmirdi. Çünki heç kəsi yox idi. (İ.Ə.)

İnkar əvəzlikləri daha çox isimləri əvəz edir, isim kimi hallanır, mübtəda, tamamlıq vəzifələrində işlənir. Məsələn:
Sanki heç şey onun vecinə deyildi. (M.İ.)

Bir kimsə qalmamış onun qaydına. (M.M.)

Kimsə anasına əl uzatmadı, Fəryada yetmədi, dada çatmadı. (M.M.)

Deyərsən ki, xəstənin halı ağırdır, burada da heç şey yoxdur. (M.İ.)

Heç kim Baba Keşişi izləmirdi, təqib etmirdi.(Elçin)

Heç kəs bu dünyada məni Marqo qədər əzizləməmişdi. Heç kəs mənə onun kimi mehriban sözlər deməmişdi.(İ.Ə.)

Əsgər əvvəlcə zil qaranlıqdan başqa, heç nə görmədi.(M.H.)

Biz ki heç kəsə yamanlıq etməmişik, yolumuzu kəsmə, qoy gedək. (M.H.)

İçəri doluşan milislər otaqda heç kimi tapa bilmədilər. (M.H.)

Kimsəyə yox dəxli ki, biz işrəti Xoşlayırıq, boşlayırıq külfəti. (S.)

Misallarda inkar məna ifadə edən heç şey, bir kimsə, kimsə, heç şey, heç kim, heç kəs əvəzlikləri mübtəda, heç nə, heç kəsə, heç kimi, kimsəyə əvəzlikləri tamamlıq vəzifəsindədir.

Bəzən ismi birləşmə tərkibində üzv olur: Bir allah bilir ki, Gülnisə heç kəsin toyuğuna kiş deməyib. Heç kəsin pis gününü istəməyib.(İ.Ə.)

Qeyri-müəyyənlik bildirən əvəzliklərlə inkar əvəzlikləri – biri təsdiq, digəri inkar məna ifadə etsə də – mənaca yaxın əvəzliklərdir