MÜASİR AZƏRBAYCAN DİLİ. MORFOLOGİYA

×

ƏVƏZLİK.

ÜMUMİ MƏLUMAT

Şəxs, əşya, əlamət, kəmiyyət, hərəkət bildirən sözləri ümumi və ya qeyri-müəyyən şəkildə əvəz edən, yaxud sadəcə olaraq onlara işarə edən sözlərə əvəzlik deyildir.

Əvəzliklər leksik-qrammatik səciyyəsinə, morfoloji xüsusiyyətlərinə, sintaktik vəzifəsinə görə fərqlənən oricinal bir kateqoriya, xüsusi bir söz qrupudur. Əvəzlik lüğəvi mənasına görə olduqca mücərrəd, konkret mənadan uzaq bir nitq hissəsidir. Əvəzlik öz mənasını yalnız cümlə içərisində, başqa sözlərlə əlaqədə tapa bilir. Təklikdə götürdükdə konkret olaraq heç bir məna ifadə etmir. Bütün 1-ci şəxslərə «mən», istənilən əşya və hadisələrə «bu» demək mümkündür. Bu cəhətini nəzərə alaraq V.İ.Lenin qeyd edirdi ki, «bu» ən ümumi sözdür». Heç bir şəxsi və ya əşyanı nəzərə almadan «bu» və ya «mən» desək, əslində, həmin sözlər heç bir konkret məna ifadə etməmiş olur. Beləliklə, əvəzliklər konkret şəxs, əşya, əlamət, hadisə, kəmiyyət, hərəkət və s. bildirən sözlərlə əlaqələndikdə müəyyən məna ifadcə edə bilir. 
Əvəzliklərin şəxs, əşya, hadisə, əlamət bildirən sözlərlə əlaqəsi də müxtəlif şəkildə olur. Bəzən əvəzliklər şəxsi, əşyanı, əlaməti adlandırmadan sadəcə olaraq ümumi və qeyri-müəyyən şəkildə onların adları əvəzində işlənir. Bəzən də şəxsi, əşyanı, əlaməti adlandırmadan yalnız onlara işarə edir. Nəticə etibarilə əvəzliklər vasitəsilə ya şəxs, əşya, əlamət haqqında ümumi və qeyri-müəyyən şəkildə məlumat verilir, yaxud da onlara yalnız işarə edilir, yaxud da danışan şəxs üçün aydın olmaq üçün onlara sual verilir və faktik olaraq danışan şəxs üçün məlum olmayan fakt, hadisə və əlamətin aydınlaşdırılması lazım bilinir. Misallara diqqət yetirək:
Aşiqin üzünə gülməsə vüsal,
Ona təsəllidir yuxuyla xəyal. (N.)

Birisi, görürsən, sübhdən axşamadək qarışqa kimi çalışır, vuruşur, pul qazanır. (Ə.H.)

-Ay nənə, o kimdir elə pəncərəni bərk vurur?
-Heç kim deyil, yat, ay bala, yeldir, qarı sovurur.(Ə.C.)

-Mənim qoca dostum, yaşın neçədir?
-Altmış beşdir, - dedi usta yaşını. (S.V.)

Bu qırğın, bu hücum, bu ölüm, bu qan
Tutub əsrlərin daş yaxasından
Cavab istəyəcək... (S.V.)

Birinci misalın ilk misrasında konkret şəxs bildirən aşiq sözü ümumi şəkildə o (ona) əvəzliyi ilə əvəz edilmişdir. İkinci misalda şəxsin adı əvəzində qeyri-müəyyən şəkildə birisi sözü işlənmişdir. Üçüncü misalda ümumi və qeyri-müəyyən şəkildə ifadə olunmuş şəxsi (o sözü) müəyyənləşdirmək üçün kim? sual əvəzliyindən istifadə edilmişdir; qapını döyənin yanlış olaraq şəxs olduğunu güman edən uşağın sualına nənə şəxsin qeyri-müəyyən olduğunu deyil, qeyri-real olduğunu bildirmək üçün heç kim əvəzliyini işlətməli olmuşdur. Dördüncü misalda danışan şəxs neçədir? sual əvəzliyi ilə qeyri-müəyyən kəmiyyəti (65 ədədini) müəyyənləşdirmək istəmişdir. Bu sözlərin (ona, birisi, o, kimdir, heç kim, neçədir) hamısında əvəzlik şəxsin, əşyanın adını ümumi və qeyri-müəyyən şəkildə, sual şəklində əvəz etmiş, bəzən də şəxsin, əşyanın olmadığını bildirmək üçün işlədilmişdir. Son misalda bunlardan fərqli olaraq, bu əvəzliyi şəxsə, əşyaya yalnız işarə etmək səciyyəsinə malikdir.

Misallar aydın şəkildə göstərir ki, əvəzliklər ümumi və qeyri-müəyyən şəkildə olsa da, ad bildirən sözlərin (isim, sifət, say, zərf və s.) əvəzində işlənir, yaxud da əvəz etmədən onlara işarə edir. İsimlər ən çox şəxs əvəzlikləri, qeyri-müəyyənlik, inkarlıq bildirən əvəzliklər və sual əvəzlikləri ilə əvəz olunur, sifət, say, zərflər, fellər sual əvəzlikləri ilə. İşarə əvəzlikləri isə adətən konkret şəxs, əşya bildirən sözlərə – isimlərə və isimləşmiş sözlərə işarə edir.

Beləliklə, əslində, əvəzliklər mənaca boş sözlərdən ibarətdir. Əvəzliklər bir növ ad və hərəkət bildirən sözlərin əvəzində işlənmək üçün hazır qəlibdir. Yalnız şəxs, əşya, əlamət, kəmiyyət və hərəkət bildirən sözlərin əvəzində işləndiklə məna qazanmış olur. Elə buna görə də əvəzliklərin dildə böyük əhəmiyyəti var. Bir söz qrupu, bir nitq hissəsi kimi əvəzlik olmasa idi, insan ünsiyyəti çətin və yeknəsəq olardı. Bütün əşya və hadisələri öz adı ilə söyləmək lazım gələrdi. İndiki halda əvəzliklər saysız əşya və hadisələri, əlamət və kəmiyyətləri ümumiləşdirərək bir sözlə ifadə etməyə imkan verir. Bütün canlı və cansız varlıqları «bu», «o», «kim», «nə» sözləri ilə ümumiləşdirmək olur, o sözü ilə bütün kainatı nəzərdə tutmaq mümkündür. Əvəzlikdə konkret məna yoxluğu hər cür əşya və hadisələri ifadə etmək imkanı yaradır, fikir ifadəsi üçün öz geniş imkanları ilə, öz ümumiləşdirmə gücü ilə bütün nitq hissələrinin fövqündə durur. Nəticə etibarilə qeyd edə bilərik ki, əvəzliklər insan təfəkkürünün, insan ağlının yüksək dərəcədə mücərrədləşdirməsi məhsuludur. Abstrakt təfəkkür fikir ifadəsinin yığcamlığı, asanlığı, intensivliyi, çevikliyi üçün dilin hər tərəfə qol-qanad açmasına imkan yaratmışdır.

Təbii ki, əvəzliklərin bir nitq hissəsi kimi özünə məxsus morfoloji əlamətləri də yoxdur. Əvəzlik hansı nitq hissəsinin əvəzində işlənirsə, onun morfoloji əlamətlərini də bu və ya digər dərəcədə qəbul edir. Məsələn, isimləri əvəz etdikdə isim kimi hallanır, isim kimi kim? nə? suallarına cavab verir. Neçə? sualı ilə sayın əvəzində işlənir, sıra saylarının şəkilçisini qəbul edir (Neçənci sinifdə oxuyursan?). İşarə əvəzlikləri işarə məqsədilə işləndikdə sifəti xatırladır, hansı? sualına cavab verir. Hərəkəti müəyyənləşdirmək üçün işləndikdə universal etmək, eləmək felləri ilə birlikdə zaman, şəkil əlamətləri qəbul edir və şəxslərə görə dəyişir: nə edir? nə etməlidir? nə edəsidir? nə etsə? və s.

Əvəzliyin sintaktik vəzifəsi də onun əvəz etdiyi nitq hissələrinin sintaktik vəzifəsindən asılıdır. Hansı nitq hissəsini əvəz edirsə, onun sintaktik vəzifəsini daşıyır. İsmin əvəzində işləndikdə isim kimi cümlədə mübtəda, tamamlıq vəzifələrində çıxış edir. Məsələn, Sərvər gəldi – cümləsində Sərvər ismi mübtəda vəzifəsində olduğu kimi, O gəldi. Kim isə gəldi. Kim gəldi? Heç kim gəlmədi – cümlələrində o, kim isə, kim, heç kim əvəzlikləri də mübtəda vəzifəsindədir. Sərvəri çağırdılar – cümləsində Sərvəri sözü tamamlıq olduğu kimi, Onu çağırdılar. Kimi isə çağırdılar, Kimi çağırdılar? Heç kimi çağırmadılar – cümlələrində onu, kimi isə, kimi, heç kimi sözləri də tamamlıq vəzifəsindədir. Mən evə gedirəm – cümləsində evə ismi yer zərfliyi olduğu kimi, Mən hara gedirəm? – cümləsində hara sözü də yer zərfliyidir. Mən çox oxuyuram – cümləsində adverbial çox sözü kəmiyyət zərfi sayıldığı kimi, Mən nə qədər oxuyuram? – cümləsində nə qədər sözü də kəmiyyət zərfliyidir. İşarə əvəzlikləri sifəti xatırlatdığından cümlədə substantivləşmədikdə təyin vəzifəsində işlənir: Mən bu kitabı çox sevirəm – cümləsində bu sözü kimi.

Say kimi, əvəzliklər də tarixən bəzən isimlərlə, bəzən sifətlərlə qarışdırılmış, bəzən də əvəzlik olmayan sözlər əvəzliklər sırasında verilmişdir. İsimləri əvəz etdiyi üçün əvəzliklərin xeyli hissəsi bir vaxtlar «ismi-zəmir» (əvəzlik-isim) adı altında isimlər sırasına daxil edilmiş, işarə əvəzlikləri isə «təyini sifət» adı ilə sifətlərlə birgə verilmişdir. (3, 79) Tarixən əvəzliklər əvəzlik şəklində işlənməklə yanaşı, şəkilçiləşərək xəbərlik, şəxs, mənsubiyyət şəkilçilərinin yaranmasına səbəb olmuşdur. Həmin şəkilçilərdə əmələ gəldikləri əvəzliklərin məna xüsusiyyətləri qaldığı üçün bəzən bu şəkilçilər də əvəzliklər sırasında verilmişdir. Odur ki müxtəlif vəsaitlərdə əvəzliklərin mənaca müxtəlif şəkildə təsnifinə rast gəlmək olur.

Əvəzliklərin aşağıdakı məna növləri var:
1.Şəxs əvəzlikləri;
2.Qayıdış əvəzliyi;
3.Sual əvəzlikləri;
4.Qeyri-müəyyənlik bildirən əvəzliklər;
5.İnkar əvəzlikləri;
6.Nisbi əvəzliklər;
7.İşarə əvəzlikləri.

Bu əvəzliklərdən əvvəlki altısı şəxs, əşya, hadisə, əlamət, kəmiyyət, hərəkət bildirən sözləri əvəz edir, sonuncusu şəxs, əşya adlarına işarə məqsədi ilə işlədilir.