MÜASİR AZƏRBAYCAN DİLİ. MORFOLOGİYA

×

İCBAR NÖV FELLƏR

Subyektin tapşırığı, əmri, xahişi, göstərişi ilə işin, hərəkətin başqasına icra etdirildiyini bildirən fellərə icbar növ fellər deyilir.

Qarşılıq növ fellərdə olduğu kimi, icbar növ fellərdə də işin iki və daha çox icraçısı olur. Lakin qarşılıq növ fellərin subyektləri işi bərabər hüquq əsasında, qarşılıqlı şəkildə icra etdikləri halda, icbar növ fellərin subyekti bir-birindən asılı olur, subyektlərdən birinin – cümlədə zahir olanın tapşırığı, göstərişi ilə işi o biriləri icra edir (icbar – ərəb sözü olub, bir işi zorla gördürmə, bir işə vadar etmə mənasındadır, cəbr, məcbur sözləri ilə bir kökdəndir). Lakin icbar növ fellərdə həmişə məcburiyyət olmur, xahiş, məsləhət mənaları da mühüm rol oynayır.

Oğlunun toyuna hazırlıq görən Səlimnaz arvad təzə yorğan salmaq üçün yun didirdi (M.H.) – cümləsində Səlimnaz arvad subyekt, yun sözü obyekt bildirən söz, didirdi isə məlum növ təsirli feldir. Cümlədən aydın olur ki, işi icra edən (yun didən) Səlimnaz arvad özüdür. Əgər biz bu cümlədəki təsirli feli (didirdi-dir şəkilçisi ilə diddirirdi şəklinə salsaq, görəcəyik ki, artıq işi icra edən Səlimnaz arvad özü deyil, iş onun xahişi, məsləhəti ilə başqaları tərəfindən icra edilir. Həm də aydın olur ki, işin icraçısı (və ya icraçıları) bir subyekt kimi özünü cümlədə göstərə bilmir. Səlimnaz arvad əsas subyekt olaraq qalır. Məlum növ fel -dir şəkilçisi ilə dəyişərək icbar növə çevrilmiş olur.

İcbar növ fellər təsirli fellərə -dır,-dir,-dur,-dür-t şəkilçisinin artırılması ilə düzəlir. Bunlar aşağıdakı qayda ilə fellərə artırılır.

a) fel qapalı hecalı olduqda -dır şəkilçisi işlənir:
bölmək – böldürmək
qazmaq – qazdırmaq
yazmaq – yazdırmaq
almaq – aldırmaq
danışmaq – danışdırmaq
əymək – əydirmək
gəzmək – gəzdirmək
düzmək – düzdürmək

b) fel açıq hecalı olduqda -t şəkilçisi işlənir:
saxlamaq – saxlatmaq
dinləmək – dinlətmək
gözləmək – gözlətmək
oxumaq – oxutmaq
yoxlamaq – yoxlatmaq

Göründüyü kimi, icbar növün şəkilçiləri təsirli fel düzəldən -dır,-dir,-dur,-dür-t şəkilçisi ilə eynidir. Bunları fərqləndirmək üçün söz köklərinə diqqət yetirmək lazımdır. Bu şəkilçilər təsirsiz fellərdən təsirli fel düzəldir. Yalnız təsirli fellərə artırıldıqda onları icbar növ felə çevirir. Məs.:
Elə məharətlə yeyib-yedirtmişdi ki, heç bir yoxlama əleyhinə bir şey tapa bilməmişdi.(M.İ.)

Ana onu tək buraxmaq istəmədi, yola düşməmiş, Səkinəni çağırtdırdı.(M.İ.)

Tovlayıb azdırdın sən o baxtsızı. (S.V.)

Bu hadisədən xəbər tutan Əzizbəyov çoxdan tanıdığı keşikçini göndərib Bayramı yanına çağırtdırdı. (M.H.)

Üç günlük qırğından sonra şah şəhərdən çıxıb yaşıl bir təpə üstündə çadırlar qurdurdu.(İ.Ə.)

Mən bütün gücümü sərf edib səni, sənin sahibkar dostlarını yedirdən, geydirən sadə adamlara kömək edəcəyəm.(M.H.)

Əhəd təzə məhlə yeri götürə bilərdi, daş ev tikdirə bilərdi.(İ.M.)

Ölməsə, Əmir Teymur bu türbəyə biyət eləyəcək, onu dağıtdırmayacaqdı.(F.K.)

Bu səs hamının ürəyini açırdı, hamıya dərdini-sərini unutdururdu. (Elçin)

Mən qonşulardan əlavə stullar gətirtmişdim.(İ.Ə.)

Bu misallardakı yeyib-yedirtmişdi, çağırtdırdı, qurdurdu, yedirdən, geydirən, tikdirə bilərdi, dağıtdırmayacaqdı, unutdururdu, gətirtmişdim fellərinin hamısının əsası (yemək, çağırmaq, qurmaq, geymək, tikmək, dağıtmaq, unutmaq, gətirmək) təsirli feldir, ona görə də həmin fellər -dır-t şəkilçilərinin (bəzən hər ikisinin – çağırtdırmaq) köməyi ilə icbar növə çevrilmişdir.

Bəzən təsirli felə -dır və ya -t şəkilçisini artırdıqda icbar növ üçün səciyyəvi olan ikinci subyekt hiss olunmur. Məsələn, qazmaq felini qazdırmaq şəklinə saldıqda ikinci subyekt – icbar məna aydın hiss olunur, lakin bilmək felini bildirmək şəklinə saldıqda (Mən əhvalatı olduğu kimi bildirdim) icbar məna hiss olunmur. Bu cür hallarda dil imkan verir ki, icbarın ikinci şəkilçisindən istifadə edilsin: Mən əhvalatı olduğu kimi bildirtdim (bildirtdirdim). Bu cür hallarda təsirli felə -dır şəkilçisindən sonra -t şəkilçisini artırmaq mümkün olduğu kimi, -t şəkilçisindən sonra da -dır şəkilçisini artırmaq olar: oxutmaq – oxutdurmaq.

Təsirsiz felləri icbar növə çevirmək üçün onları əvvəlcə təsirli felə çevirmək, sonra icbar növ üzrə dəyişmək mümkündür:

Təsirli fel
yanmaq – yandırmaq
ölmək – öldürmək
solmaq – soldurmaq
qocalmaq – qocaltmaq
ucalmaq – ucaltmaq
düzəlmək – düzəltmək
çoxalmaq – çoxaltmaq
gülmək – güldürmək

İcbar növ
yandırmaq – yandırtmaq
öldürmək - öldürtmək
soldurmaq - soldurtmaq
qocaltmaq - qocaltdırmaq
ucaltmaq – ucaltdırmaq
düzəltmək – düzəltdirmək
çoxaltmaq – çoxaltdırmaq
güldürmək – güldürtmək


Bəzən icbar növ fellərə əlavə olaraq yenə icbar növün şəkilçisini artırmaq olur və bu zaman subyektlər silsiləsi yaranır:
güldürmək – güldürtmək – güldürtdürmək
yandırmaq – yandırtmaq – yandırtdırmaq

İcbar növ fellər yalnız təsirli felin tələb etdiyi obyekt bildirən sözlə kifayətlənmir, işin kimin vasitəsilə icra olunduğunu bildirən qeyri-müstəqim obyekt də tələb edir. Məsələn, Mən yeni bir kitab aldım – cümləsi yalnız nə? sualını tələb edirsə, Mən yeni bir kitab aldırdım – cümləsi həm də kimə? kimin vasitəsilə? suallarını tələb edir: Mən dostumun vasitəsilə kitab aldırdım.

İcbar növ fellər təsirli fellərdən düzəlir və yeganə bir məna növüdür ki, təsirli olaraq da qalır. Məs.:
Düşmənlərinə, əsirlərinə verdirtdiyi işgəncələr zamanı min bir nalə eşitmiş Zəfər Kələntərin də ürəyi bərk döyündü.(Elçin)

Hatəm Məlik Tahir Mirzənin dilini dibindən çıxartdırdı, on barmağının onunu da dibindən kəsdirdi.(Elçin)

Süleyman belə hesab edirdi ki, özününkülər oğul tərbiyə edib böyütməlidir. (Elçin)

Qocanın saçları və bığı qar kimi ağ idi, üzünü təmiz qırxdırmışdı (İ.Ə.)

– cümlələrində icbar növdə olan verdirtdiyi, çıxartdırdı, kəsdirdi, qırxdırmışdı felləri təsirli fellərdir.