MÜASİR AZƏRBAYCAN DİLİ. MORFOLOGİYA

×

FELİ İSİM

Feli isimlər də məsdərlər kimi, hərəkətin adını bildirir.

Feli isimlər məsdərlərə yaxın olub, məsdərdən daha artıq isimlik xüsusiyyətinə malikdir. Felin substantiv forması olub, fel kökü və ya əsasına -ma,-mə şəkilçisinin artırılması ilə düzəlir.

Məs.:
Salatının səhənginə güllə dəyməsi, gecə ot tayalarına od vurulması təsadüfi deyildi. (İ.Ş.)

Oğlunun bu çovğunlu gecədə indiyə qədər gəlməməsindən təşvişə düşərək yatmayan Gülnisə ayaq tappıltıları eşidib çölə yüyürdü. (İ.Ə.)

Qospitaldan qospitala köçmək yaramın tez sağalmasına mane olurdu.(Ə.V.)

Pərşanın açıq ürəkli, sözü üzə deyən bir qız olması Mayanın xoşuna gəlirdi. (M.İ.)

Məryəm burasını bilmirdi ki, anası hər gün atası ilə söhbət edir, Məryəmin boya-başa çatmasına sevinir. (Elçin)

İndi elatın yaylağa köçməsi ilə əlaqədar olaraq belə qaçaq dəstələri də dağlara qalxmışdılar (İ.Ə.)
– cümlələrindəki dəyməsi, vurulması, gəlməməsindən, sağalmasına, olması, boya-başa çatmasına, köçməsi sözləri feli isimlərdir.

Feli isim şəkilçisi məsdər şəkilçisinin son samitinin düşməsi ilə yaranmışdır. Ona görə feli isimlər də ikili xüsusiyyətə malikdir – fel xüsusiyyətlərini saxlamaqla yanaşı, isimlərə məxsus əlamətlərə də malikdir.

Feli isimlər fel kökü və əsası ilə -ma,-mə şəkilçisi arasında təsirlik, növ, inkarlıq pozisiyalarını daim mühafizə edir, təsirli və ya təsirsiz, təsdiq və ya inkar olur, növlər üzrə dəyişir. Yuxarıdakı misallarda dəyməsi, vurulması, gəlməməsi, sağalması, olması sözləri təsirsiz fellərdir, vurulması sözü məchul, qalan sözlər məlum növdədir; gəlməməsindən sözü inkar, qalanı təsdiq feldir.

Bu morfemin adı «feli isim» yox, «ismi fel» olmalı idi, çünki haqqında danışdığımız morfem feldən isim düzəltmir, isim xüsusiyyəti olan fel düzəldir. Yəni fel fel olaraq qalır, lakin onda isim xüsusiyyəti yaranır. İsim xüsusiyyəti yarandığı üçün -ma, -mə şəkilçisi üçüncü şəxsin mənsubiyyət şəkilçisini qəbul edərək ismi birləşmələr üçün zəmin yaradır: qapının açılması, yolun sahmana salınması, məclisin idarə edilməsi, işlərin başlanması, məktəblərin açılması və s. Birləşmənin tərəfləri birlikdə üzv olur, müxtəlif vəzifələrdə işlənir.

Yiyəlik birləşməsi yaratmaq sahəsində çox fəal olduğundan bu şəkilçinin fellik xüsusiyyətləri çox zaman unudulur. Sözün əsası fel olduğundan o, təsirlik, növ, inkarlıq əlamətləri ilə yanaşı, idarəedicilik, öz ətrafına söz toplama xüsusiyyətini də saxlamış olur. Məs.:
Şahın Gülnisə xalaya suçlu-suçlu baxması, ondan çəkinməsi mənim üçün tamamilə yeni bir aləm idi (İ.Ə.)
– cümləsində baxması, çəkinməsi sözləri feli isimdir. Bunlar hər şeydən əvvəl, ismi birləşmə yaratmışlar: Şahın baxması, Şahın çəkinməsi. Baxması, çəkinməsi sözləri kök etibarilə (və -ma,-mə şəkilçisi ilə də) fel olduğundan ətrafına söz toplama, idarəetmə imkanı da var. Ona görə də birləşmələrin tərəfləri arasına idarə və yanaşma əlaqəli sözlər daxil olmuşdur:

Bu xüsusiyyət məsdərə və feli sifətlərə də aiddiir; məs.:
Şahın Səlimə ilə evə getməyi heç kimə təəccüblü gəlmədi.

Mənim ali məktəbdə oxuyanım yoxdur.

İsmi birləşmə yaratmadıqda, adi halda işləndikdə də feli isimlər adları lazımi şəkildə idarə etmə imkanına malikdir.
Sevindikdən təvvəqqe elədim ki, Nuru üçün kağız versin ki, onu məktəbdən çıxarmasınlar (İ.Ə.)
- cümləsində çıxarmasınlar feli ismi onuməktəbdən sözlərini idarə etmişdir.

Eyni xüsusiyyət idarəedicilik imkanı olduqda başqa ifadə vasitələrində də ola bilər. Məs.:
mənim yaxşılığım – mənim sənə yaxşılığım;
mənim tələblərim – mənim səndən tələblərim və s.
Bu cür hallarda yenə fel düşünülür, felin ellipsisi nəzərə çarpır:
mənim səndən etdiyim tələblər, mənim sənə etdiyim yaxşılıqlar və s.

Feli isimlər hərəkətin adını bildirdiyi üçün kəmiyyət, mənsubiyyət və hal şəkilçiləri qəbul edərək isimlər kimi dəyişir, cəmlənir, hallanır. Məs.:
Bir müddət bundan əvvəl Qəmərbanu Mahmudun adamlardan qaçmasını kitabları çox oxumağı ilə yozurdu.(Elçin)

Qəmərbanu bu yaz gələli Mahmudun çöllərə, dağlara çıxmasına da sevinmişdi.(Elçin)

Talıbgilin otaq bəhanəsilə onu məhkəməyə vermələri Anaqızı sarsıtmışdı (Ə.V.)
– cümlələrində qaçmasını feli ismi təsirlik, çıxmasına feli ismi yönlük, məhkəməyə vermələri – adlıq haldadır; hər üç söz üçüncü şəxsin mənsubiyyət şəkilçisini qəbul etmişdir; əvvəlki ikisi tək, sonuncusu cəmdir.

İsim xüsusiyyəti və mənsubiyyət şəkilçisi qəbul edə bilməsi feli isimlərin qarşılıqlı tabelilik əlaqəsində olan ismi birləşmələr yaratması üçün geniş imkan verir. Məs.:
Çöllərin oyanmasını, günəşin munis şüaları altında yerdən duman və buğ qalxmasını, ağacların çiçəkləməsini, quşların civildəşməsini gözləyirdi (M.İ.)
– cümləsində çöllərin oyanmasını, ağacların çiçəkləməsini, quşların civildəşməsini kimi uzlaşma-idarə əlaqəli, duman və buğ qalxmasını kimi yanaşma-uzlaşma əlaqəli ismi birləşmələr vardır və bu birləşmələrin ikinci komponentləri feli isimlərdən ibarətdir.

-ma,-mə şəkilçisi feli isimlər düzəltdiyi kimi, fellərə artırılaraq düzəltmə isimlər də əmələ gətirir. Odur ki feli isimlərlə feldən -ma,-mə şəkilçisi ilə düzələn isimləri eyniləşdirmək olmaz. Feli isim şəkilçisi qrammatik şəkilçidir, nə qədər isim xüsusiyyəti yaratsa da, fellik xüsusiyyətlərini saxlamış olur və iş, proses, hərəkət məzmununa malik olur. Feldən isim düzəldən şəkilçi isə leksik şəkilçidir, əşya adı bildirir, felə aid xüsusiyyətləri (təsirlik, növ, inkarlıq, idarəedicilik) itirmiş olur. Məs.: qazma, tikmə, hörmə, yazma, bölmə, vurma sözləri feldən düzəlmiş isim, yanma, yandırma, gülmə, güldürmə, qarşılaşma, gözəlləşdirmə, vuruşdurulma, qorunulmama sözləri feli isimlərdir. Düzəltmə isimlərdən fərqli olaraq, feli isimlər təsirli və təsirsiz olur, növlər üzrə dəyişə bilir, təsdiq və inkar olur, idarəedicilik xüsusiyyəti daşıyır.

Feli isimlərin -ma,-mə şəkilçisi felin inkar şəkilçisi ilə də omonimdir. Feli isim və feldən isim düzəldən -ma,-mə bir kökdəndir, məsdər şəkilçisindən əmələ gəlmişdir. Onların inkar şəkilçisi ilə omonimliyi -maq,-mək şəkilçisindən son səslərin düşməsi nəticəsində yaranmışdır. Feli isim (və həmçinin feldən isim düzəldən) -ma,-mə şəkilçisi vurğulu, inkar şəkilçisi vurğusuzdur. Ona görə də bunlar dildə vurğuya görə fərqlənən, lakin yazılış etibarilə eyni olan omoqrafların yaranmasına səbəb olur.

Məs.: dinləmə` – dinlə`mə, salamlaşma` – salamlaş`ma, qarşılama` – qarşıla`ma, vərəqləmə` – vərəqlə`mə, düşündürmə` – düşündür`mə və s.

Təsirlik və növ şəkilçiləri kimi, inkar şəkilçisi də feli isim şəkilçisindən əvvəl işlənir. Odur ki, təbii olaraq, sözdə iki -ma, -mə şəkilçisi olduqda əvvəlki inkar, sonrakı feli isim şəkilçisidir: uşağı oxutdur`maması, vəziyyəti yaxşılaşdır`maması, vəziyyətlə maraqlan`maması, yoldaşlarla salamlaş`maması və s.

Məsdər şəkilçisindən sonra saitlə başlayan şəkilçi gəldikdə məsdərin son samiti cingiltiləşir: k – y-ya, q (x) – ğ-ya çevrilir. Feli isim şəkilçisi saitlə qurtardığından, yəni açıq hecalı olduğundan ondan sonra saitlə başlayan şəkilçi gəldikdə bitişdirici samitə ehtiyac olur. Bu cür hallarda məsdər ilə feli isim asan fərqlənir; belə ki məsdərin ğy samitlərinə çevrilən son səsindən fərqli olaraq, feli isimlərdə mənsubiyyət şəkilçisindən əvvəl (3-cü şəxsdə) «s» bitişdiricisi tələb olunur; məs.:

Məsdər
onun oxumağı
onun oxumağının
onun oxumağına
onun oxumağını
onun oxumağında
onun oxumağından

Feli isim
onun oxuması
onun oxumasının
onun oxumasına
onun oxumasını
onun oxumasında
onun oxumasından

Sintaktik təhlil prosesində, məlumdur ki, ismi birləşmə formasında tərəflər birlikdə üzv olur. Məs.:
Onun bu adətimi unutmaması mənə çox təsir elədi (İ.Ə.)
– cümləsi təhlil edilərkən, təbii ki, onun unutmaması birləşməsi birlikdə mübtəda kimi izah edilməlidir. Birləşmənin tərəfləri arasındakı sözlər necə olmalıdır?

Cümlədəki bu adətimi sözləri birləşmənin tərəfləri arasındadır. Onu birləşmədən xaricə də çıxarmaq olar: Bu adətimi onun unutmaması mənə çox təsir elədi. Unutmaması sözü fel olduğu üçün «bu adətimi» sözlərinin xəbərlə əlaqələnməsinə imkan vermir, həmin sözlər feli isim tərkibi daxilində qalır və birlikdə bir üzv olur. Aşağıdakı misallarda bir üzv kimi çıxış edən feli isim tərkibləri də bu cür izah olunur:
Camaatın bu oğlanları sevməsində, oxşamasında bir möcüzə hissi də baş qaldırmağa başlayırdı. (Elçin)

Vaxtilə bir yerdə əsgər olmuş bu üç dostun təkrar bu cür görüşmələri mənə fövqəladə dərəcədə xoş gəlirdi.(İ.Ə.)

Vaxtında yaxşı tədbir görülməməsi, silosun pis qoyulması onu yandırıb tökürdü.(İ.Ə.)

Bağdagül bacının bizim Ukrayna ilə maraqlanması, hər dəfə bunlar barədə bir söz soruşması məni ona yaman bağlamışdı.(İ.Ə.)

Bəlkə Səlimənin eldən-obadan uzaq bu Qartallı Dərədə səhərdən-axşamacan ora-bura qaçması, inəklərlə-buzovlarla əlləşməsi, Sevdimalı əmi ilə çənə-boğaz olması, yem bazası düzəltmək üçün qabıqdan çıxması mənasız işlərdirg(İ.Ə.)

Sara xatun o biri gəlinlər kimi, Dəspinə xatunun onun əlindən öpməsinə icazə vermirdi.(F.K.)

Biz daim feli birləşmələrlə ismi birləşmələri ayırmışıq. Məsdərin, feli isim və isimləşmiş feli sifətlərin fel xüsusiyyətləri onların idarə etmə imkanlarına, isim xüsusiyyətləri ismi birləşmələr yaratmasına əsams verdiyi üçün bu üç söz qrupu feli və ismi birləşmələri bir vahid şəklində birləşdirə bilmişdir.