MÜASİR AZƏRBAYCAN DİLİ. MORFOLOGİYA

×

MÜƏLLİFDƏN

60-cı illərin ortalarından dilimizin morfoloji quruluşu ilə bağlı apardığım mühazirə və seminarlar prosesində saysız suallarla qarşılaşmalı olmuşam. Tələbələrimin sualları da bura qarışmışdır. Lakin uzun müddət morfologiyaya aid müşahidələrimi qələmə almaq imkanım olmamışdır. Slavyan Universitetində morfologiyadan mühazirələr oxuduğum dövrdə bu sahəyə təşəbbüs etsəm də, cəmi 36 səhifəlik giriş hissəsini yaza bilmişdim. Axır ki bu il fevral ayında mənə tapşırılmış «Üzeyir Hacıbəyovun publisistika dili» mövzusunu mart ayında tamamlayıb, bir sıra cari yazılar istisna olmaqla, bütün fikrimi bu sahəyə topladım və bu işi başa çatdırdım. Təbiətin buna imkan yaratdığını təşəkkürlə qeyd etdim. «Sintaksis» dərsliyini 2000-ci ildə təzələdikdən sonra daim belə bir arzumun reallaşması haqda düşünmüşəm.

Mübahisəli məsələlərə münasibətimi əksərən «qeydlər» və «məlumat üçün» başlıqları altında vermişəm. Ali məktəb proqramına müvafiq yazıldığı üçün, təbii ki, bizdən əvvəl bu sahəyə qələm çalmış hörmətli müəllimlərimizdən, tədqiqat əsərlərindən öyrəndiklərimiz də əhatə olunmuşdur. Adlara məxsus kateqoriyalarla, fel kateqoriyaları ilə, zərf və köməkçi nitq hissələri ilə bağlı bir sıra mübahisəli məsələlərə mövcud kitablar cavab verə bilmir. Doğrudur, o məsələlərin bir qismini indiki halda da həll etmək çətindir, lakin dürüstləşdirilməsi mümkün olan morfoloji hadisələr də çoxdur. İstifadədə olan dərslik və monoqrafiyalar 50-60 il əvvəl yazıldığından yeni tələblərlə səsləşmir. Misallar da köhnəlmişdir. Sözdüzəldicilik sistemində, ayrı-ayrı kateqoriyaların izahında yanlış mülahizələr də var. Fellərdə təsirlik, növ və sözdüzəldicilik vasitələri, fel şəkillərinin mürəkkəbinin fikrin zəngin çalarlarla ifadəsində rolu, şəxssiz fel formalarının substantivləşmə, atributivləşmə, adverbiallaşma imkanları ilə bağlı dəqiqləşdirilməli məsələlər belə bir addımı atmağımız üçün əsas oldu.

Əsər haqqında qeyd və təkliflərini verəcək yoldaşlara əvvəlcədən təşəkkürümüzü bildiririk.

Prof.Q.Ş.KAZIMOV
26.09.2010