MÜASİR AZƏRBAYCAN DİLİ. MORFOLOGİYA

×

NÖV KATEQORİYASI

Təbii ki, iş, hal, hərəkət obyekt ilə və həmin işi, hərəkəti icra edən subyekt ilə bağlı olur. İşin icraçısı - subyekt bəzən fəal, bəzən qeyri-fəal olur; bəzən işi müəyyən bir obyekt üzərində, bəzən də öz üzərində icra edir; bəzən iş bir neçə subyekt tərəfindən icra olunur. Bu cür hallarda subyektlər işi ya qarşılıqlı şəkildə icra edirlər, yaxud da iş bilavasitə subyektin özü tərəfindən deyil, onun xahişi, məsləhəti, tapşırığı ilə başqası tərəfindən yerinə yetirilir. Bütün bunlar xüsusi şəkilçilər vasitəsilə fellərdə öz ifadəsini tapır, bir sistem təşkil edir və birlikdə felin növ kateqoriyasının yaranmasına səbəb olur.

Qeyd etdiyimiz kimi, növ müxtəlifliyi fellərdə morfoloji yolla, xüsusi şəkilçilər vasitəsilə yaranır. Lakin bəzən müxtəlif növlərin şəkilçiləri (məsələn, məchul növ ilə qayıdış növün) formaca fərqlənmədiyi kimi, bəzən də bir neçə şəkilçi eyni bir növ mənasının yaranmasına səbəb olur. Bu hal göstərir ki, fel növlərindən danışarkən təkcə şəkilçiyə əsaslanmaq olmaz. Felin hansı növdə olduğunu dəqiq müəyyənləşdirmək üçün mənasına da diqqət yetirmək lazımdır.

Müasir Azərbaycan ədəbi dilində növ mənası yaradan və növləri bir-birindən fərqləndirən şəkilçilər bunlardır: -ıl,-il,-ul, -ül; -ın,-in, -un,-ün; -ış,-iş,-uş,-üş,-aş,-əş; -dır,-dir,-dur,-dür, -t.

Dildə əsas qayda ondan ibarətdir ki, bu şəkilçilər təsirli fellərə artırılır. -ıl,-il,-ul,-ül; -ın,-in,-un,-ün; -ış,-iş,-uş,-üş,-aş, -əş şəkilçiləri artırıldığı təsirli felləri təsirsiz felə çevirir; -dır, -dir,-dur,-dür,-t şəkilçiləri isə təsirli fellərə artırılır və həmin fellər təsirli olaraq da qalır.

-ıl,-il,-ul,-ül; -ın,-in, -un,-ün şəkilçiləri qayıdış və məchul növ mənaları, -ış,-iş,-uş,-üş qarşılıq növ, -dır,-dir,-dur,-dür, -t icbar növ mənası yaradır.

Məlumat üçün. Bizim dilçiliyimizdə növ kateqoriyası ilə bağlı mühüm bir məsələ həll olunmamış qalır. Təsirlik və növ şəkilçiləri adlandırdığımız şəkilçilər, bir tərəfdən, feldən fel düzəldən şəkilçilər kimi, digər tərəfdən, felin təsir və növ kateqoriyalarına məxsus morfoloji əlamət kimi öyrənilir. Bir tərəfdən, qaçmaq, qaçırmaq, qaçırtmaq, qoparmaq, qopartmaq, qopartdırmaq, çıxarmaq, çıxartdırmaq, yandırmaq, yandırtmaq, yandırtdırmaq, öldürtmək, öldürtdürmək, öldürtdürülmək tipli sözlərdəki -ır, -ar, -dır, -t, -ıl şəkilçiləri felin təsirlik və növ kateqoriya əlamətləri hesab edilir, həmin kateqoriyalar bu şəkilçilər əsasında öyrənilir, digər tərəfdən, bu şəkilçilər feldən fel düzəldən şəkilçi kimi verilir və yuxarıdakı tipdən olan bütün sözlər söz əsası kimi orfoqrafiya lüğətinə daxil edilir.

Necə olur ki, eyni şəkilçilər həm leksik şəkilçi, həm də qrammatik şəkilçi kimi işlənə bilir?

Həmin şəkilçilərin sözdüzəldicilik imkanlarına malik olduğunu göstərən əlamətlər çoxdur. Kateqoriya şəkilçiləri - hal, mənsubiyyət, kəmiyyət, şəxs, zaman, inkarlıq əlamətləri bir kateqoriyadan olan bütün sözlərə artırıla bilir. Məsələn, hal şəkilçisini qəbul etməyən isim, zaman şəkilçisini qəbul etməyən fel olmaz. Lakin növ şəkilçiləri adlandırdığımız bu şəkilçiləri hər felə artırmaq olmaz; bildi, bilindi, bildirdi deyilir, bilişdi deyilmir; yazdı, yazıldı, yazdırdı deyilir, yazındı deyilmir; vurdu, vuruşdu deyilir, vurundu deyilmir və s. Bu hal göstərir ki, bu şəkilçilər xarakter etibarilə sözdüzəldici şəkilçilərə yaxındır.

Dilin tarixinə nəzər saldıqda aydın olur ki, növlərin tarixi çox qədimdir. Qayıdış və icbar növ mənaları, bəlkə də, bəşərin dil açdığı ilkin mərhələnin məhsuludur. Lakin həmin mərhələdə fellərdə bu mənalar qayıdış və icbar növ mənası kimi deyil, daha çox ümumi hərəkət – yaxınlaşdırmaq və ya uzaqlaşdırmaq mənaları ifadə etmişdir. Məsələn, sonu «l» samiti ilə bitən: almaq, bilmək, gəlmək, qalmaq, olmaq, ölmək, qılmaq, bölmək, dalmaq, dəlmək, yolmaq, gülmək,solmaq... fellərinin hamısında işin, hərəkətin subyektin özünə tərəf və ya öz üzərində icrası mənası vardır. Bundan fərqli olaraq, sonu «t» samiti ilə bitən: get, öt, at, bat, bit, yat, sat, it, tut, üt, et fellərində özündən aralamaq, dəyişmək, uzaqlaşdırmaq mənaları vardır. İnsanın qədim və təbii ibtidai məqsədi növ yaratmaq olmadığından sonu «l» samiti ilə bitən sözlərin bir qismi təsirsiz (gəlmək, qalmaq, olmaq, ölmək, dalmaq, dolmaq, gülmək, solmaq), bir qismi təsirlidir (almaq, bilmək, qılmaq, bölmək, dəlmək, yolmaq). Bu xüsusiyyət sonu «t», «ş», «ç» samitləri ilə bitən sözlərdə də vardır.

Bu hal göstərir ki, -l-t ən qədim şəkilçilərdəndir. Lakin bu şəkilçilər indiki şəkildə birdən-birə diferensiallaşmamışdır, -t şəkilçisi uzun inkişaf yolu keçərək təsirlik və icbar şəkilçisi kimi formalaşmış, -l şəkilçisi isə qayıdış növ mənasını genişləndirməklə yanaşı, subyektin qeyri-fəal olduğunu göstərən bir növün – məchul növün şəkilçisi kimi də təşəkkül tapmışdır. Aşmaq, düşmək, bişmək, daşmaq, deşmək, qoşmaq, eşmək və açmaq, biçmək, qaçmaq, içmək, köçmək, saçmaq, uçmaq kimi sonu «ş» və «ç» samitləri ilə bitən sözlərdə özünə doğru hərəkət, indi dediyimiz kimi, «qayıdış növ» mənası vardır. Aydın hiss olunur ki, «ç» samiti «ş» samitinin refleksii kimi yaranmışdır. «Ş» samiti isə türk dillərində l~ş dialekt fərqi ilə eyni funksiyanı yerinə yetirmişdir. Ona görə də hətta müasir dildə də -ış şəkilçisi büzüşmək, yığışmaq tipli bir sıra fellərdə qayıdış növ mənası ifadə edir. Yaxud fel düzəldən -laş,-ləş şəkilçisinin son ş səsinin həmin şəkilçinin daşlaşmış forması olduğu şübhəsizdir. Deməli, bu şəkilçinin yaratdığı müştərək (birgəlik) və qarşılıq növ mənaları nisbətən sonralar formalaşmışdır.

Misallardan belə nəticəyə gəlmək olur ki, -l, -t, -ş şəkilçiləri uzun inkişaf yolu keçmişdir. Bu şəkilçilər dildə qrammatik növ kateqoriyasının yaranmasına səbəb olduğu kimi, uzun inkişaf yolu keçməklə, lüğət tərkibində fellərin həm formaca, həm də mənaca genişlənməsinə, inkişafına, zənginləşməsinə səbəb olmuşdur.

Bu şəkilçilərin tarixən söz köklərinə və ya müxtəlif şəkilçilərdən sonra gələrək sözə daşlaşması, sözün həcmini genişləndirməsi də onların sözdüzəldicilik imkanlarından xəbər verir; məsələn: seyrəlmək, kiçilmək, yüksəlmək, islanmaq, öyrənmək sözlərində qayıdış növ mənası aşkar olsa da, həmin sözlərdən -l şəkilçisini ayırmaq olmur; yarışmaq, barışmaq, toqquşmaq, güləşmək sözlərində qarşılıq növ mənası olsa da, şəkilçi söz kökündən ayrılmır.

Və, nəhayət, növ şəkilçiləri, hətta təsirlik şəkilçiləri iştirak edən sözlər bizim lüğətlərdə düzəltmə söz kimi verilir. «Azərbaycan dilinin orfoqrafiya lüğəti»ndə verilən və yalnız «a» hərfi ilə başlayan bir sıra fellərə diqqət yetirmək kifayətdir: acmaq, acıxmaq, acıtdırmaq, acışmaq, açdırılmaq, açdırtdırmaq, açdırmaq, açdırtmaq; açmaq, açılmaq, açılışmaq; addamaq, addatmaq; addımlamaq, addımlatmaq; adlandırmaq, adlandırılmaq, adlanmaq; ağaclamaq, ağaclaşmaq, ağaclanmaq; ağardılmaq, ağarışmaq, ağartmaq, ağartdırmaq; ağırlaşmaq, ağırlatmaq; ağlamaq, ağlatmaq, ağlaşmaq, ağlaşdırmaq; ağnamaq, ağnaşmaq, ağnatmaq; ağrımaq, ağrıtmaq; ağulamaq, ağulanmaq; ahəngdarlaşmaq, ahəngdarlaşdırmaq, ahəngdarlaşdırılmaq; axmaq, axışmaq, axıtmaq, axıtdırmaq; axtalamaq, axtalanmaq, axtalaşmaq, axtalatdırmaq, axtalatmaq; axtarmaq, axtarışmaq, axtarılmaq, axtartdırmaq; aktivləşmək, aktivləşdirmək, aktivləşdirilmək; alacalanmaq, alacalandırmaq; alaqlamaq, alaqlanmaq; alçaqlaşmaq, alçaqlanmaq, alçaqlaşdırılmaq, alçaqlatmaq, alçalmaq, alçaldılmaq, alçaltdırmaq; aldatmaq, aldanmaq, aldanılmaq, aldadılmaq; almaq, aldırmaq, aldırtmaq, aldırılmaq; alışmaq, alışdırmaq, alışdırılmaq; alovlanmaq, alovlandırmaq, alovlandırılmaq və s.

Sadə fellər kimi, düzəltmə fellər də növ müxtəlifliyi yarada bilir. Bu cəhətdən -la,-lə şəkilçisi fel yaradan həqiqi şəkilçi hesab oluna bilər. Adlardan düzəltdiyi fellər həm təsirli, həm də təsirsiz olur; məs.: hamarlamaq, gözləmək, zəifləmək, irəliləmək, geriləmək. -la,-lə şəkilçisindən düzələn -lan,-lən; -laş,-ləş şəkilçilərinin son -n samitləri qayıdış növ şəkilçisinin qalığıdır; məs.: arlanmaq, dillənmək, allanmaq, xumarlanmaq; yaxşılaşmaq, gözəlləşmək, arxayınlaşmaq, bədbinləşmək kimi fellər də bunu təsdiq edir. Məchul və qarşılıq növlər də bunlardan ayrılmışdır. -al,-əl-ar,-ər şəkilçiləri əksəriyyət etibarilə qayıdış növ mənası yaradır: incəlmək, boşalmaq, sağalmaq, qocalmaq; ağarmaq, bozarmaq, yaşarmaq və s.

-ar,-ər şəkilçisinin səs fərqləşməsi yolu ilə -al,-əl şəkilçisindən düzəldiyini güman etmək olar. -al,-əl şəkilçisi isə qayıdış növün -ıl şəkilçisi ilə bir kökdəndir, düzəltdiyi sözlər (qocalmaq, ucalmaq, çoxalmaq) qayıdış növ mənası ifadə edir. -ı,-i,-u,-ü şəkilçisi əksərən təsirsiz (turşumaq, bərkimək, təngimək, genimək, nəmimək, bayatımaq), -a,-ə şəkilçisi isə həm təsirli, həm də təsirsiz fel (qanamaq, sanamaq, gözəmək, diləmək, yaşamaq) düzəldir. -ılda,-ildə,-ulda,-üldə şəkilçisi, göründüyü kimi, qayıdış növ şəkilçisinin iştirakı ilə formalaşmışdır: guruldamaq, nərildəmək, xoruldamaq, sızıldamaq kimi sözlərdə qayıdış növ mənası aşkardır. Qalan qeyri-məhsuldar şəkilçilərdən -ıq,-ik,-ux,ük; -an,-ən təsirsiz, -xa,-xala,-ğa,-ğala şəkilçisi təsirli fel düzəldir.

Deməli, əslində, düzəltmə fellərdə də növ anlayışı ifadə olunur.

Bütün bunlarla yanaşı, dilçiliyimizdə növ anlayışı feldən fel düzəldən şəkilçilərlə bağlı izah olunur. Əgər geniş mənada götürsək, hər bir felin nəzərdə tutulan məna növlərindən hansına xidmət etdiyini müəyyənləşdirmək olar və bunun tədqiqi mümkündür, lakin tədris üçün çətindir. Odur ki biz də əvvəl qeyd etdiyimiz şəkilçilərin yaratdığı məna növlərindən danışacağıq.

Felin məna növlərini subyektin vəziyyətinə görə iki qrupa ayırmaq olar: 1.Subyekti məlum və fəal olan fellər;
2.Subyekti qeyri-fəal olan fellər.

Birinci qrupa növ şəkilçisi olmayan felləri, qayıdış, qarşılıq və icbar növ anlayışları bildirən felləri daxil etmək olar. Bu cür fellərin subyekti fəal olur. Bunların özlərini də subyektin vəziyyətinə görə bir neçə qrupa ayırmaq olar:
1) işin, hərəkətin çıxış, başlanğıc nöqtəsini bildirənlər; Mən Sərvəri gördüm.
2) işin iş görənin öz üzərində icra olunduğunu bildirənlər; Mən Sərvərə göründüm.
3) işin qarşılıqlı icrasını bildirənlər. Mən Sərvərlə görüşdüm.
4) işin məcburi icrasını bildirənlər. Mən bu işi Sərvərə gördürdüm.

İikinci qrupa subyekti qeyri-fəal olan və ümumən subyekti olmayan fellər daxildir. Məs.: Sərvər məktub yazdı – Məktub yazıldı – Məktub Sərvər tərəfindən yazıldı – subyekt qeyri-fəaldır. Sərvər kitablara baxdı – Kitablara baxıldı – subyekt yoxdur.

Misallardan göründüyü üzrə, Məktub yazıldı cümləsi ilə Kitablara baxıldı cümləsi subyektin varlığı baxımından fərqlidir. Birinci cümlənin subyekti (Sərvər tərəfindən) qeyri-fəal olsa da, təsəvvür olunur, ikinci cümlədə subyekt təsəvvürü yoxdur. 

Subyektin fəal və ya qeyri-fəl mövqeyi obyekt ilə bağlıdır. Cümlədə obyekt bildirən söz olduqda o, subyekti əvəz edə bilir, olmadıqda və təsirsiz felin mövcud subyekti də öz fəallığını itirdikdə şəxssiz cümlə yaranır. Yanmaq təsirsiz felinin müstəqim obyekti yoxdur. Odur ki yalnız başlanğıc növ (məlum növ) fel forması vardır: Mən yandım. Dəyişikliyə uğramadan (təsirli felə çevrilmədən) bu fel başqa növ mənalarını ifadə edə bilmir. Amma təsirli felə çevirdikdən sonra bəzi növlər üzrə dəyişə bilir: O, işığı yandırdı. O yandırıldı. O yandırtdırıldı.

Subyekti məlum və fəal olan, ümumən olmayan və ya qeyri-fəal olan felləri aşağıdakı məna növləri üzrə qruplaşdırmaq olar:

Məlum növ fellər;
Məchul növ fellər;
Qayıdış növ fellər;
Qarşılıq növ fellər;
İcbar növ fellər;
Şəxssiz növ fellər.

Qeyd. Ənənəvi olaraq dilçiliyimizdə felin məlum növ, məchul növ, qayıdış növ, qarşılıq növ, icbar növ, şəxssiz növ kimi növləri göstərilir. Bu növ adları rus dilindən kalka edilmişdir. «Məlum növ fel», «məchul növ fel» terminləri fikri düzgün ifadə etmir. Bunları «aktiv növ», «passiv növ» fellər kimi izah etmək daha düzgün olardır. Lakin biz mahiyyəti aydınlaşdırmaqla, terminləri saxlamağı lazım bildik.