MÜASİR AZƏRBAYCAN DİLİ. MORFOLOGİYA

×

MODAL SÖZLƏR.

MODAL SÖZLƏR HAQQINDA ÜMUMİ MƏLUMAT

Danışanın söylədiyi fikrə, obyektiv reallığa münasibətini bildirən sözlərə modal sözlər deyilir.

Modallıq məntiqi və qrammatik kateqoriyadır. Qrammatik modallıqda ifadə olunan fikir ya real, ya da qeyri-real, mümkün və ya qeyri-mümkün olur, arzu olunur, ehtimal edilir, sıralanır, ümumiləşdirilir, obyektiv və subyektiv olmaqla fərqlənir. Obyektiv modallıqda söylənilən fikrin obyektiv aləmə münasibəti, subyektiv modallıqda danışanın söylədiyi fikrə münasibəti ifadə olunur.

Danışan şəxs cümlə vasitəsilə müəyyən bir fikir söyləyərkən, eyni zamanda, söylədiyi fikrə, obyektiv reallığa münasibət də bildirir, müəyyən bir mühakimənin, hökmün kerçəkliyini, doğruluğunu, həqiqiliyini təsdiq etmiş olur, ona gümanlı münasibət bildirir, həmin fikirdən nəticə çıxarır. Bu hal dildə modallığın yaranmasına səbəb olur. Bir qədər də konkret desək, bizim nitqimiz iki qatdan ibarət olur: həm bir şey haqqında məlumat veriririk, bir şey soruşuruq, bir işə təhrik edirik, həm də istər-istəməz söylədiklərimizə münasibət bildirmiş oluruq. Bunlardan birincisi kommunikativlik (dil vahidləri vasitəsilə müəyyən məlumat vermə, ünsiyyət), ikincisi modallıqdır (modallıq latınca modalis sözündən olub, vasitə, üsul deməkdir).

Modallığın dildə ifadə vasitələri çoxdur. İntonasiya ilə, söz sırası, ədatlar, felin şəkilləri və s.-lə ifadə oluna bilir. İntonasiya vasitəsi ilə fikrə hər cür çalarlar (məhəbbət, hörmət, səmimiyyət, əsəbilik, qəzəb, kinayə, istehza, məsxərə və s. ) vermək mümkündür. Bunlarla yanaşı, dilimizdə elə bir söz qrupu da var ki, onlar təbiət etibarilə yalnız modallığın ifadəsi üçün təşəkkül tapmışdır. Bunlar modal sözlərdir.

Modal sözlər də leksik-qrammatik və morfoloji səciyyəsi, sintaktik vəzifəsi ilə fərqlənərək dildə ayrıca bir nitq hissəsi kimi özünü göstərir.

Modal sözlər ümumiləşmiş qrammatk mənası olan sözlərdir. Leksik mənadan məhrumdur. Lakin başqa köməkçi nitq hissələrindən fərqli olaraq, leksik məna izlərini daha çox saxlamış olur və bu cəhətdən qoşma və bağlayıcılara, ədatlara nisbətən, əsas nitq hissələrinə daha yaxındır. Morfoloji əlaməti yoxdur. Cümlədəki sözlərlə, yəni cümlə üzvləri ilə sintaktik əlaqəyə girə bilmir, yalnız ümumiləşmiş qrammatik mənası ilə əlaqələnir. Ona görə də cümlə üzvü ola bilmir, sintaksisdə ara söz vəzifəsi daşıyır. Onu da qeyd etməliyik ki, bütün modal sözlər cümlədə ara söz olduğu halda, bütün ara sözlər modal söz deyildir. Ara sözlərin ifadə imkanları genişdir. Modal sözlərlə ara sözlərin münasibətini mübtədə ilə ismin münasibəti əsasında izah etmək olar: bütün isimlər mübtəda ola bildiyi halda, bizim cümlələrimizdə işlətdiyimiz hər mübtəda isimlə ifadə olunmur – mübtəda bütün nitq hissələri və söz birləşmələri ilə ifadə oluna bilir. Modal sözlərlə ara sözlərin nisbəti də belədir. Məs.:
Ağadan təvəqqəm budur ki, əgər iltifatınız olsa, bəndəyə bir yabı əta eləyəsiniz (Ə.H.) – cümləsində iltifatınız olsa sözləri ara sözdür, lakin modal söz deyildir.

Modal sözlər əsas nitq hissələri içərisində zərflərə daha yaxındır. Ona görə də əvvəllər zərflərlə qarışdırılmışdır. Lakin modal sözlərlə zərfləri fərqləndirən əlamətlər çoxdur. Zərflər hərəkətin və əlamətin əlamətini bildirdiyi halda, modal sözlər aid olduğu cümlənin məzmununa münasibət bildirir. Zərflər cümlədə vəzifə daşıyır, aid olduğu cümlənin üzvləri ilə sintaktik əlaqədə olur, modal sözlər isə bu cür imkanlardan məhrumdur və cümlə üzvləri ilə sintaktik əlaqəyə girə bilmir.

Modal sözlər ədatlara da yaxındır. Modal sözlər təcrid olunduğu sözlərin məna izlərini saxlamış olur, xalis ədatlarda isə məna izləri də müşahidə edilmir. Modal sözlər cümlə üzvlərindən fasilə ilə ayrıldığı, sintaktik əlaqədən tam məhrum olduğu halda, ədatlarda həmin ayırıcı fasilə olmur və ədatlar aid olduğu sözlə fasiləsiz tələffüz olunmaqla modal sözlərdən fərqlənir. Bunlar həcm etibarilə də fərqlənir: modal sözlər əsas nitq hissələrinə aid olan söz-formalara quruluşca daha yaxın olduğu halda, ədatlar sıxılmış, kiçilmiş, əksərən səs tərkibi az olan sözlərdir. Məs.:
Bir göz ki ağlamaz bədbəxt el üçün, O lap əvvəldən də kor deyilmi bəs? (B.V.)

Görünür, bizim nazirlikdən gəlib (M.H.)
– cümlələrindən birincisində işlənmiş ki, lap, -mi, bəs ədatları ilə ikinci cümlədə işlənmiş görünür sözünün müqayisəsi də bunu aydın göstərir. Modal söz ədatlara nisbətən, cümlənin məzmununa daha ciddi təsir edir. Modal söz atılarsa, bəzən cümlənin məzmunu dəyişə bilər. Məs.:
Elə bil, kişini birdən-birə silkələyib oyatdılar – cümləsindən elə bil modal sözünü atsaq, cümlədəki qeyri-real şəxs anlayışı real, lakin qeyri-müəyyən şəxs anlayışı ilə əvəz olunar.
Qoy göyün ulduzu göyə nur saçsın, Yerin də arzusu yerdə gül açsın – (S.V.) –misralarındakı qoy ədatının belə bir təsir gücü yoxdur.

Modal sözlər və ədatlar müstəqil sözlərdən əmələ gəlsələr də, bu sahədə də fərqlənirlər. Modal sözlər əsas nitq hissələri ilə əlaqəni daha çox və aşkar saxladıqları halda, ədatlar şəkilçiləşməyə doğru inkişaf edir.

Qeyd etdiyimiz kimi, modallıq həm fəlsəfi-məntiqi, həm də qrammatik kateqoriyadır. Qrammatik modallıq məntiqi-fəlsəfi modallığın dildə ifadəsidir. Modal sözlər isə həmin ifadə vasitələrindən biridir. Məntiqi modallıq konkretdir: burada hökm ya müsbət, ya da mənfi planda iqrar edilir, ya təsdiq, ya da inkar olunur. Qrammatik modallığın isə məna imkanları çox genişdir: yəqinlik, güman, şübhə, ehtimal, ümumiləşdirmə, fikrin mənbəyi və s. kimi qrammatik mənalar ifadə edir.

Modal sözləri təcrid olunduğu nitq hissələrinə görə iki qrupa ayırmaq olar:
a) adlardan əmələ gələn modal sözlər;
b) fellərdən əmələ gələn modal sözlər.

Adlardan təcrid olunan modal sözlərə aşağıdakı misalları göstərmək olar.

İsimlərdən: qərəz, nəhayət, xülasə, güman;
Sifətlərdən: şəksiz, şübhəsiz, sözsüz, məlum, müxtəsər, yaxşı;
Saylardan: əvvələn, ikincisi, üçüncüsü;
Əvəzliklərdən: məncə, səncə, nə isə, nədənsə;
Zərflərdən: həqiqətən, doğrudan, adətən, beləliklə, ümumiyyətlə.

Məs.:
Yaxşı, onda Sultan razılıq versə, bu qışı Qarabağda qalar, yazda Diyarbəkrə qayıdarıq. (F.K.)

Salmanın könlündən, doğrudan da, müavinlik keçirdi. (M.İ.)

Xülasə, axşam çıraq yanan vaxtda Məstəli şah gərək bizim evdə hazır olsun. (M.F.)

Düzü, uşaqlıqdan molla deyənə Heç inanmamışam. (S.V.)

Doğrudan da, Məmdəli, qeyrət həlal olsun sənə! (S.)

Fellərdən təcrid olunan modal sözlər. Bu qrupa görünür, elə bil, elə bil ki, sanki, olsun ki, sən demə, demək ki, tutaq ki və s. sözlər daxildir. Məs.:
Tutaq ki, İldırım, Teymur, Çingiz xan –
Hamısı mənəmmiş, nə olsun sonu!? (S.V.)
 

Kim, görəsən, qürbəti icad edib?
Hər kim edib, mən kimi bimar ola.(Möc.)


Görəsən, adamlar bunun nəyinə hörmət eləyirlər? (İ.M.)

Bəbirin gəlişi, elə bil, məclisdəkilərin əl-qolunu bağladı.(İ.M.)

Felin şəkilləri ilə ifadə olunan modallığa nisbətən, modal sözlərlə ifadə olunan modallıq daha güclü hesab olunur. Belə ki felin şəkilləri ilə ifadə olunan modallığı modal sözlər dəyişə bilir. (6, 463) Məs.:
Mən bu gün kəndə getsəm, yaxşı olar – cümləsinə güman ki modal sözünü artırsaq (Mən bu gün kəndə getsəm, güman ki, yaxşı olar), cümlənin qətilik məzmunu gümanlı, şübhəli məzmunla əvəz edilmiş olur.

Modal sözlər quruluşuna görə fərqli olur. Bu cəhətdən onları üç qrupa ayırmaq olar:
Sadə modal sözlər: əlbəttə, xülasə, yaxşı, təəssüf, yəqin və s.
Düzəltmə modal sözlər: doğrusu, düzü, məncə, bizcə, sözsüz, şübhəsiz, əvvələn və s.
Mürəkkəb modal sözlər: sanki, doğrudan-doğruya, elə bil ki, bəlkə də, ehtimal ki, daha doğrusu, yəqin ki, tutaq ki, doğrudan da və s.

Modal sözlər şərti olaraq sadə, düzəltmə və mürəkkəb hesab olunur. Çünki həmin sözlər olduğu kimi, yəni şəkilçilərlə birlikdə modallaşmışdır, modallaşaraq şəkilçi qəbul etməmişdir. Mürəkkəb modal sözlərin isə bir qismi mütəhərrikliyə malikdir, əsas sözün yanındakı ədatlar olmadan da işlənə bilir: əlbəttə – əlbəttə ki, şübhəsiz – şübhəsiz ki, doğrudan – doğrudan da, elə bil – elə bil ki və s.

Modal sözləri inkişafının xarakterinə görə iki qrupa ayırmaq olar:
Sabitləşmiş modal sözlər;
qeyri-sabit modal sözlər.

Sabitləşmiş modal sözlər o modal sözlərdir ki, onlar artıq modal söz kimi inkişafını başa çatdırmışdır, dildə yalnız modal söz kimi işlənir və heç bir nitq hissəsi ilə ortaqlı münasibəti yoxdur. Bu qrupa: yəqin ki, bəlkə də, sanki, əlbəttə, əlbəttə ki və s. modal sözlər daxildir. Məs.:
Əlbəttə, bəzən dala qaldığı, büdrədiyi hallar da olmuşdur. (M.İ.)

-Anan indi deyir görən qızım haradadır.
-Yəqin ki.(İ.Ə.)


Bu arıq, yanıq oğlandan sanki hamı utanıb-çəkinirdi.(İ.M.)

Hörmət, əlbəttə ki, lazımdır.(M.İ.)

Qeyri-sabit modal sözlər. Modal sözlərin əksəriyyəti əsas nitq hissələri ilə əlaqəni kəsməmişdir və həm əsas nitq hissələrinə daxil olan sözlər kimi, həm də modal söz kimi işlənir. Bu, əsas nitq hissələrinin modallaşması, modal xüsusiyyət qazanması, konversiyasıdır. Bu yolla tədricən bir sıra sözlər modal sözə çevrilir.

Bu qrupa görünür, deməli, deyəsən, sözsüz, şübhəsiz, birincisi, nəhayət, beləliklə və s. kimi sözlər daxildir.

Fel kimi: Uzaqdan bir qaraltı görünür.
Modal söz kimi: Görünür, kişilər canlarının qədrini bilirmişlər.(İ.Ə.)

Fel kimi: Gərək kəndə gedəndə bizimkiləri də görəsən. 
Modal söz kimi: Görəsən, bu qar neçə gün yerdə qalar?(İ.Ə.)

Fel kimi: İndi demək, danışmaq, gülmək çağıdır.
Modal söz kimi: Demək, həmişə təmiz havada imiş. (İ.Ə.)

Fel kimi: Deyirsən yaxındır sənin köç yolun,
Köçünü bağlayıb bu bədbəxt oğlun.(N.)
Modal söz kimi: Deyirsən bəs, maraldır.(İ.Ə.)

Fel kimi: Belə yerdə gərək bir söz deyəsən, bir fikir söyləyəsən.
Modal söz kimi: Deyəsən, vəzirimiz məşhur nəsildəndir.(F.K.)

Sifət kimi: Bunlar yaxşı materiallardır.
Modal söz kimi: Yaxşı, Alıhüseyn, bundan sonra sən də gündə üç dəfə pəncərəni açıq qoyarsan.(İ.Ə.)

Sifət kimi: Doğru-dürüst, şübhəsiz sənədləri bir yerə yığmaq lazımdır.
Modal söz kimi: Bu qarlı qış günündə onun bu cür geyinməsi, şübhəsiz, səbəbsiz deyildi.(İ.Ə.)

Sifət kimi: Sözün düzü büdur ki, mən bu fikirlə razılaşa bilmirəm.
Modal söz kimi: Düzü, səninlə başqa bir işdən ötrü məsləhətləşməyə gəlmişəm.(F.K.)

İsim kimi: Onlar hər şeydən – həqiqətdən, doğrudan da qorxurdular.
Modal söz kimi: Onlar, doğrudan da, qorxurdular.

Bəzən mübahisəli görünsə də (6, 463) demək, deməli, demək ki, ümumiyyətlə, bir sözlə, müxtəsər, beləliklə, nəhayət, deməli ki, xülasə, qərəz, ümumən, məncə, bizcə tipli sözləri qrammatik əlaqənin xarakterinə, hadisəyə münasibət bildirmə xüsusiyyətlərinə və yerinə görə modal sözlərə daxil etmək olar.