MÜASİR AZƏRBAYCAN DİLİ. MORFOLOGİYA

×

İSİM.

ÜMUMİ MƏLUMAT

Əşya adı bildirən sözlərə isim deyilir.

Azərbaycan dilində əsas nitq hissələrindən biri, həm də lüğət ehtiyatının zənginliyinə görə birincisi isimdir (isim – ərəbcə ad deməkdir).

İsim əşya adı bildirir, cəmlənir, hallanır, mənsubiyyət şəkilçiləri qəbul edərək dəyişir, konkret və mücərrəd, xüsusi və ümumi olmaqla fərqlənir; lüğət ehtiyatının zənginliyi ilə ünsiyyəti təmin edən ən mühüm vasitə kimi çıxış edir. Maddi varlığı təşkil edən hər cür əşya və hadisələrin adları, mücərrəd məfhum bildirən bütün sözlər, elmin, incəsənətin, təsərrüfatın bütün sahələrinə məxsus terminlər, xüsusi sahə sözləri isimlərdən ibarət olmaqla lüğət tərkibinin böyük bir hissəsini əhatə edir. Zəngin sözdüzəldicilik əlamətlərinə malikdir, cümlədə sifət vasitəsilə təyinlənir, ən çox mübtəda və tamamlıq vəzifələrində işlənir, atributivləşərək təyin, adverbiallaşaraq zərflik vəzifəsində, predikativlik əlamətləri ilə xəbər vəzifəsində işlənir.

Qeyd etdiyimiz kimi, isimlərə, adətən: Əşya adı bildirən sözlərə isim deyilir - şəklində tərif verilir. Məlumdur ki, «əşya» dedikdə maddi varlıq, obyektiv aləmdəki konkret cisimlər, gözlə görünən, əllə toxunula bilən şeylər nəzərdə tutulur. Bu cəhətdən daş, divar, şüşə, ağac, kitab, gəmi, maşın, at, dəvə sözlərinin hər biri konkret bir maddi varlığın adını bildirir və ismin tərifinə uyğun gəlir. Lakin dilimizdə fikir, xəyal, səadət, xasiyyət, gözəllik, zəriflik, tale, yaxşılıq tipli çoxlu söz də var ki, bunların maddi-əşyavi forması yoxdur. Bunlar əşyanın özünü, maddi varlığı deyil, onun geniş mənada əlamətini, insan düşüncəsinin məhsulu olan keyfiyyətləri ifadə edir. Bu cür sözlər də isim hesab olunur. Bunlar mənəvi və mücərrəd anlayışların adlarını bildirən sözlərdir. Deməli, «əşya adı» sözləri şərti qrammatik bir termindir və «isimlər əşya adı bildirən nitq hissəsidir» dedikdə həm həqiqi mənada əşya adı bildirən sözlər, həm də maddi varlıqların əlamətini, xassəsini, mənəvi varlıqların adlarını bildirən sözlər nəzərdə tutulur.

Mənəvi və mücərrəd anlayışların adlarını bildirən sözlər sifətlərə yaxındır və hətta bir qismi sifətlərdən sözdüzəldici şəkilçilər vasitəsilə yaranmışdır. Məsələn, yaxşılıq, gözəllik, boşluq, çirkinlik, ağırlıq tipli isimlər sifətlərdən düzələn isimlərdir. Belə sözləri sifətlərdən fərqləndirmək asandır. Sifətlər adətən özündən sonra əşya bildirən söz tələb edər: yaxşı adam, gözəl insan, boş yer, çirkin məxluq, ağır təbiət. Lakin qeyd etdiyimiz sözlər bu cür isimlər tələb etmir. Əksinə, bir isim kimi, onların sifətlərlə təyin olunmasına ehtiyac olur: əvəzsiz yaxşılıq, heyrətamiz gözəllik, böyük boşluq, dəhşətli çirkinlik, təbii ağırlıq. Sifətlər dərəcə əlaməti qəbul etdiyi halda, qeyd etdiyimiz qrupdan olan isimlər dərəcələr üzrə də dəyişmir və ismin suallarına cavab verir. Bu cür sözlər insan şüurunun abstraktlaşdırma müvəffəqiyyətləri ilə bağlı yaranmışdır.

İsim leksik-qrammatik mənasına, morfoloji əlamətinə və sintaktik vəzifəsinə görə başqa nitq hissələrindən fərqlənən və morfologiyanın bel sütununu təşkil edən iki böyük nitq hissəsindən biridir.

Leksik-qrammatik mənasına görə isimlər ümumən ad bildirir – maddi aləmin əşya və hadisələrini adlandırır; məs.:

Qılınclar, nizələr, oxlar, ağır toplar pas atmışdır,
Kamalın hüsni-eşqilə bəşər cənnət yaratmışdır (S.V.) –

misralarındakı qılınc, nizə, ox, top, pas, kamal, hüsn, eşq, bəşər, cənnət sözlərinin hər biri konkret və ya mücərrəd bir əşyanın, anlayışın adını bildirir, bunları birləşdirən, bir qrupa – isimlər sırasına daxil edən mühüm bir cəhət vardır ki, o da bu cür sözlərin hamısının ümumən əşya adı bildirməsidir.

İsimlər kim? nə? hara? suallarına cavab verir və lüğəvi mənasına görə iki qrupa ayrılır:

  1. Canlı varlıqların adlarını bildirən isimlər;

  2. Cansız varlıqların adlarını bildirən isimlər.

Birinci qrupa daxil olan isimlərə insan, heyvan və quş adları daxildir. İkinci qrupa cansız varlıqların, mənəvi və mücərrəd anlayışların adları daxildir. Canlı varlıqların adlarını bildirən bütün isimlər deyil, yalnız insan məfhumu bildirən isimlər kim? sualına cavab verir. Canlı varlıqların adlarını bildirən qalan isimlər (heyvan və quş adları) və bütün cansız varlıq adları nə? sualını, məkan məzmunlu bəzi isimlər həm də hara? sualına cavab verir.

Canlı və cansız varlıqların adlarını bildirən isimlər iki qrupa ayrılır: xüsusi isimlər, ümumi isimlər.

Xüsusi isimlər varlığı tək olan əşyanın adını bildirir.

Bu qrupa daxil olan isimlər bir şəxsi, əşyanı başqasından fərqləndirmək üçün verilən adlardır. İnsan adları - soy adları, ata adı, ləqəb, təxəllüs bildirən sözlər, dağ, çay, göl, şəlalə, bulaq, dərə adları, kitab, qəzet, curnal adları, tək-tək heyvanlara, əşyalara qoyulan adların hamısı (Alapaça, Qırat, Pələş, Bozdar, Məstan, Aynalı və s.) xüsusi isimlərdir. Xüsusi isimlərin baş hərfi dilimizin orfoqrafiya qaydalarına əsasən böyük hərflə yazılır.

Ümumi isimlər eyni cinsli əşyaların ümumi adını bildirir.

Məsələn: şəhər dedikdə böyüklüyündən və kiçikliyindən, qədim və ya müasir olmasından, əhalisinin çox və ya az olmasından asılı olmayaraq, hər cür mədəni yaşayış yerləri nəzərdə tutulur; kitab sözü bədii, elmi, publisistik kitabların, dərs kitablarının ümumi adını bildirir; adam sözü qadın, kişi, uca, gödək, cavan, yaşlı olmasından asılı olmayaraq hər cür adama aiddir. Eləcə də ev, su, çörək, paltar, dağ, çöl, meşə, çəmən, çiçək sözləri ümumi isimlərdir. Ümumi isimlər olmasa idi, hər bir əşya, hadisə, varlıq bir sözlə adlandırılsa idi, ünsiyyət çox çətin olardı. Ümumi isimlər insan ağlının ümumiləşdirməsi məhsuludur və ünsiyyətin əsas dil materialını əhatə edir. Hər bir bəddi, elmi mətnin aparıcı leksik kütləsini daha çox ümumi isimlər təşkil edir; məs.:

Alovu, atəşi yalnız yerdə yox,
Qanında bəsləyir bu el, bu məkan.
Babəklər yetirmiş Azərbaycanın
Başqa bir adı da Azərbabəkan. (X.R.)

Bir fəhlə öz əli, öz zəhmətiylə
Mədən də axtarır, şaxta da qazır.
Həyata, insana məhəbbətiylə
Mismar da düzəldir, şeir də yazır (S.V.) –

misralarında əksər isimlər - alov, atəş, yer, qan, el, məkan, ad, fəhlə, əl, zəhmət, mədən, şaxta, həyat, insan, məhəbbət, mismar, şeir sözləri ümumilik bildirən isimlərdir. Yalnız birinci bənddə Babək, Azərbaycan, Azərbabəkan kimi xüsusi isimlər işlənmişdir.

Xüsusi isimləri aşağıdakı qruplara ayırmaq olar:

  1. Antroponimlər – insan adları: şəxsin öz adını, atasının adını, soy adını, təxəllüsünü, ləqəbini bildirən isimlər: İsmayıl, İlyas, Xətai, Füzuli, Sabir, Qövsi, Abbas, Tusi və s. Bədii əsərlərdə yaradılan bir sıra satirik adlar: Əli Əyrizadə, Fağır Bağırov (Anar), Anket Anketov, Əntərzadə (Mir Cəlal) və s.

  2. Toponimlər – qitə, ölkə, vilayət, şəhər, rayon, inzibati ərazi adları: Avropa, Rusiya, Hindistan, Bakı, Qarabağ, Qarayazı, Dilican, Quba, Qəbələ, Sibir və s.

  3. Ktematonim, kosmonim və hidronimlər (Araz, Kür, Xəzər, Ceyran bulağı, Diri dağları, Sultanbud meşələri, Yupiter, Saturn və s.)

  4. Xrematonimlər – maddi-mədəniyyət əşyalarının adları, kitab, qəzet, curnal adları; almaz adı: «Qartal»; qızıl külçəsi: «Dəvə»; S.Vurğunun, N.Nərimanovun, M.F.Axundovun və b. böyük sənət ustalarının, alimlərin ev muzeyindəki ayrı-ayrı şeylərin hər birinin adı xrematonim sayılır.

Orfoqrafiya qaydalarına əsasən xüsusi isimlərin baş hərfi böyük yazılır.

Ümumi isimləri daha çox qrupa ayırmaq olar:

  1. Yaxınlıq, qohumluq, dostluq tipli əlaqə və münasibətləri bildirən sözlər: əmi, dayı, qardaş, bacı, xala, bibi və s.

  2. Heyvan adı bildirənlər: qoyun, maral, cüyür, it, aslan, pələng, ilan və s.

  3. Quş adları bildirənlər: tovuz, göyərçin, turac, kəklik, durna və s.

  4. Cansız əşya adlarını bildirənlər: su, torpaq, qapı, kitab, qələm, stol və s.

  5. İctimai hadisə adlarını bildirənlər: inqilab, üsyan, müharibə, qələbə, mübarizə, məğlubiyyət və s.

  6. Təbiət hadisələrinin adlarını bildirənlər: yağış, tufan, qar, boran, fırtına, külək, meh, ildırım, duman və s.

  7. Zaman adları bildirənlər: ay, gün, il, həftə, zaman, fəsil, bahar, yay, qış, payız və s.

  8. Məkan adları bildirənlər: şəhər, kənd, düz, tarla, çöl, səhra və s.

  9. Elm adlarını bildirənlər: dilçilik, darvinizm, tarix, biologiya, qrammatika, morfologiya, kimya, riyaziyyat və s.

  10. Əlamət, keyfiyyət, vəziyyət adlarını bildirənlər: gözəllik, pislik, yaxşılıq, zəiflik, halsızlıq, dəlilik və s.

  11. Bədən üzvlərinin adlarını bildirənlər: baş, əl, boyun, ayaq, barmaq, bel, sinə, bilək, göz, qaş, burun və s.

  12. Mənəvi və mücərrəd anlayışların adlarını bildirənlər: şadlıq, sevinc, təmkin, məhəbbət, mələk, pəri, şeytan və s.

Dildə tədricən xüsusi isimlər ümumi isimlərə, ümumi isimlər xüsusi isimlərə çevrilə bilir. Aslan, Göyərçin, Ceyran, Mirvari, Turac, Durna kimi şəxs adları ümumi isimlərdən – apelyativ leksikadan, om, amper tipli alınma ümumi isimlər xüsusi isimlərdən yaranmışdır.

Morfoloji əlamətinə görə isimlər feldən sonra ən zəngin nitq hissəsidir. İsmin kəmiyyət, mənsubiyyət, hal kateqoriyaları var. Yəni isimlər kəmiyyət şəkilçiləri, mənsubiyyət və hal şəkilçiləri qəbul edərək dəyişir, müxtəlif formalara düşür. Bunlardan əlavə, dilimizdə zəngin isimdüzəldən şəkilçilər vardır, həmin şəkilçilər isimlərdən və başqa nitq hissələrindən yeni sözlər düzəldərək isimlərin bir kateqoriya kimi zənginləşməsində mühüm rol oynayır.

Sintaktik vəzifəsinə görə isimlərin cümlədə əsas vəzifəsi mübtəda və tamamlıqdır. Məs.: Kələntərli daxili işlər idarəsinin binası qarşısında xidməti maşınını saxladı. (T.K.) Bəs Arifə niyə kömək etməmisiniz? (T.K.) Ceyran nə üçün bu iki misranı xatırladı? (Elçin) Hava buludlu idi. Kəndin üstündə topa-topa buludlar hərəkət edirdi. Külək çöllərdən qalxan tüstüdumanı cənuba aparırdı. (M.İ.) Geniş çöllərin qoynundakı kəndləri, çılpaq ağaclarla dolu bağçaları, payızlıq taxıl zəmilərini bir qaranlıq örtürdü. (M.İ.)

Bu misallarda Kələntərli, Ceyran, hava, buludlar, külək, qaranlıq sözləri adlıq halda, mübtəda vəzifəsində, maşınını, Arifə, misranı, tüstünü, dumanı, kəndləri, bağçaları sözləri, isimlərdən ibarət olan taxıl zəmilərini birləşməsi tamamlıq vəzifəsindədir.

İsimlər xəbər vəzifəsində də çox işlənir və bu zaman onun mənası əksərən ümumiləşir. Məsələn, Müəllim gəldi – cümləsi ilə Gələn müəllimdir – cümləsində müəllim sözlərində fərq vardır. Birinci misalda müəllim sözü konkret adam bildirdiyi halda, ikinci misalda peşə, sənət bildirir.

Adlandırdıqları əşya və anlayışların səciyyəsinə görə isimlər iki qrupa ayrılır:

a) konkret maddi varlıqların adlarını bildirən isimlər;
b) mənəvi və mücərrəd anlayışları bildirən isimlər.

Konkret isimlər maddi varlıqların adlarını bildirən isimlərdir.

Dilimizdəki isimlərin böyük bir qrupu konkret varlıqların adlarını bildirir. Bu cür isimlər tələffüz edilərkən biz həmin ismin məzmunu ilə bağlı müəyyən əşyanı, bu və ya digər maddi varlığı xatırlayırıq. Məs.: çöl, yamac, ot, yarpaq, budaq, qala, torpaq, ağac və s. Bu cür isimlər adlıq halda, kəmiyyət şəkilçisi olmadıqda eyni cinsli əşyalardan birini bildirir. Cəm şəkilçisi qəbul etdikdə eyni cinsli əşyaların çox olduğunu göstərir; məs.:

Günəşlər, aylar, ulduzlar vüqar ilə dolandıqca,
Müzəffər ordumuz hər gün dənizlər, dağlar aşdıqca,
Yerin qəlbində tufanlar, təlatümlər coşub çağlar,
Səadət al geyindikcə, fəlakət yas tutub ağlar.(S.V.)

Bu misralarda işlənmiş günəş, ay, ulduz, ordu, dəniz, dağ, yer, qəlb, tufan, təlatüm sözlərinin hər biri müəyyən bir varlığı yada salır. Odur ki bu cür isimlər dilçilikdə konkret məna ifadə etdiyi üçün konkret isimlər adlandırılır. Bu cür isimlər tarix etibarilə ən qədim isimlərdir. İnsan göz açıb bunları görüb, ilk növbədə bunlara ad verib.

Mücərrəd isimlər maddi varlığın özünü deyil, onunla bağlı mənəvi anlayışların adlarını bildirir.

İsimlərin bir qrupu mənəvi və mücərrəd anlayışların adlarını əhatə edir. Bunların ifadə etdiyi anlayışın maddi varlıq forması yoxdur. Bu cür isimlər birinci qrup isimlərdən sonra yaranmışdır, insan təfəkkürünün mücərrədləşdirməsi məhsuludur. İnsan maddi varlığın özünü dərk etmək və adlandırmaqla yanaşı, tədricən onun bir sıra əbədi xüsusiyyətlərini də duyub anlamış və onlara ad vermişdir. Yuxarıdakı misalda vüqar, səadət, fəlakət sözləri, eyni zamanda qardaşlıq, məhəbbət, şüur, kamal, arzu, istək, mələk, pəri, səxavət, insanlıq, düşüncə tipli sözlər bu qrupa daxildir.

Konkret varlıqların adlarını bildirən isimlər nitqimizi təşkil edən cümlələrdə mənəvi və mücərrəd anlayışları bildirən isimlərə nisbətən daha çox işlənir. Bu cəhətdən aşağıdakı misallara diqqət yetirmək kifayətdir:

Gah onu dara çəkdirib, özü dar ağacı altında saçları ağarıncaya qədər otururdu, gah onu doğratdırıb son nəfəsində şairin başını dizi üstünə alır, qara saçlarını onun yaralı sinəsinə dağıdırdı, gah da onun qəlbini iti bir oxla deşdirib demək istəyirdi: «Mənim məhəbbətim üçün çırpınmayan ürəklərin hərəkət etməyə ixtiyarı yoxdur». (Ordubadi)

Yağışda, tufanda, boranda, qarda
Cəsarət heç nəyi almır eyninə.
Mənə elə gəlir, mağaralarda
Pələnglər dağları geyr əyninə. (X.R.)

Bu misallarda saç, nəfəs, şair, baş, diz, saç, sinə, qəlb, ox, ürək, yağış, tufan, boran, qar, mağara, pələng, dağ, əyin sözlərinin hər biri konkret bir əşyanın adını bildirir, məhəbbət, ixtiyar, cəsarət sözləri maddi varlığa məxsus keyfiyyətləri ifadə edir.

Beləliklə, əşya adı bildirən sözlər ümumi və xüsusi, konkret və mücərrəd olmaqla fərqlənir. Başqa nitq hissələrinə nisbətən, isimlər çox sürətlə dəyişir, arxaikləşmə daha çox isimlər sırasında olduğu kimi, neologizmlər də daha çox isimlərə aid olur, alınma sözlər ilk növbədə isimlərdən ibarət olur.