MÜASİR AZƏRBAYCAN DİLİ. MORFOLOGİYA

×

ŞƏXSSİZ NÖV FELLƏR

Subyekti olmayan və təsəvvür edilməyən fellərə şəxssiz növ fellər deyilir.

Xəbəri şəxssiz fellərdən ibarət olan cümlələrdə danışan şəxsi işin icraçısı maraqlandırmır. İşin icraçısı ümumi və qeyrimüəyyən olur. Onun sözlərinə əhəmiyyət verilmədi – cümləsində əhəmiyyət verilmədi feli şəxssiz növdədir və subyekt təsəvvürü yoxdur.

Dilimizdə az da olsa, bir qrup fel var ki, təsirsiz fel olduğu halda, -ıl,-il,-ul,-ül, -ın,-in,-un,-ün şəkilçilərini qəbul edir və şəxssiz növ fellər düzəldir.

Bilirik ki, məlum növ təsirli fellərin həm subyekti, həm də vasitəsiz tamamlığı – müstəqim obyekt bildirən sözü olur. Məsələn, Qoşun çayı keçdi – cümləsində qoşun – subyekt, çayı – obyekt bildirən söz, keçdi – təsirli məlum növ feldir. Əgər bu felə -ıl şəkilçisini artırsaq, subyekt (qoşun) fəallığını itirəcək, obyekt bildirən söz (çayı sözü) onun yerinə keçəcək, yenə də cüttərkibli – şəxsli (mübtədalı) cümlə alınacaqdır: Çay keçildi. Buradakı fel məchul növdədir.

Təsirsiz fellərin isə müstəqim obyekti olmur. Yalnız subyekti olur. Odur ki belə fellərə -ıl şəkilçisini artırdıqda onun yeganə subyekti də öz fəallığını itirir, yerinə keçə biləcək obyekt bildirən söz olmadığından şəxssiz, yəni mübtədasız cümlə yaranır; məsələn:
Əhməd kəndə getdi – Kəndə gedildi. Qız məktublara baxdı – Məktublara baxıldı. Ənvər kağızlara diqqət yetirdi – Kağızlara diqqət yetirildi. Aslan yeni bir arxiv sənədinə təsadüf etdi – Yeni bir arxiv sənədinə təsadüf edildi. Nigar bu müqəddəs kitablara iman gətirdi – Bu müqəddəs kitablara iman gətirildi. Fazil yenə əlyazmalara nəzər saldı – Yenə əlyazmalara nəzər salındı. Səlim sənədlərdən lazımınca istifadə etmədi - Sənədlərdən lazımınca istifadə edilmədi.

Əhəmiyyət verilmədi, diqqət yetirildi, təsadüf edildi, iman gətirildi, nəzər salındı, istifadə edildi, hücum edildi, rast gəlindi, yürüş edildi, fikir edildi, təəssüf edildi, qulaq asıldı, qulaq verildi, fikir verildi tipli fellərdən aydın olur ki, şəxssiz fellər əksəriyyət etibarilə daxili obyektli fellərdən ibarətdir. Vermək, yetirmək, etmək, gətirmək, salmaq, asmaq fellərinin ilkin inkişaf mərhələsində, fellər hələ yarımmüstəqil şəklə düşmədiyi dövrdə onlara aid olan əhəmiyyət, diqqət, təsadüf, yürüş, fikir, təəssüf, qulaq tipli sözlər xalis müstəqil obyekt bildirən söz kimi işlənmiş, tədricən hər iki tərəf müstəqilliyini itirərək birləşmiş, təsirsiz, daxili obyektli fellər yaranmışdır.

Getmək, baxmaq kimi bir sıra sadə fellər isə tarixən məna dəyişikliyinə uğramışdır. Get(mək) felinin son samiti t təsirlik şəkilçisinin sözə daşlaşmış formasıdır. Deməli, getmək feli tarixən təsirli olmuşdur, sonralar təsirsiz felə çevrilmişdir. Baxmaq feli isə, çox qəribədir ki, hər cəhətdən görmək felinə müvafiqdir, yalnız təsirlik halda obyekt tələb edə bilməməsinə görə fərqlənir. Bunlar göstərir ki, şəxssiz növ fellər tarixi inkişaf prosesində məchul növ fellərdən təcrid olunmuşdur.

Dilimizdə bu cür fellər nisbətən azdır. Felin bu növü, əsasən, «hərəkət (hücum edilmək, yürüş edilmək, yanaşılmaq, gedilmək və s.), təfəkkür (fikir edilmək, təəssüf edilmək, inanılmaq, daşınılmaq və s.), eşitmə prosesi ilə bağlı olan (qulaq asılmaq, qulaq verilmək, fikir verilmək və s.) felləri»ni əhatə edir. (3, 261)

Şəxssiz fellər təsirsiz fellərdən düzəldiyi kimi, təsirsiz olaraq da qalır.

Şəxssiz fellər sintaksisdə şəxssiz – mübtədasız təktərkibli cümlələrin yaranmasına səbəb olur.

Qeyd. Elmi ədəbiyyatda şəxssiz fellərin məsdər formasında işlənmədiyi və yalnız -ıl,-il,-ul,-ül şəkilçisi vasitəsilə düzəldiyi barədə fikir vardır.(3, 260-261) Fikir doğru deyil, çünki elə həmin vəsaitdən gətirdiyimiz sitatda şəxssiz fellər məsdər formasında verilmişdir. Şəkilçiyə gəldikdə, doğrudur, -ın şəkilçisi nisbətən az işlənir, lakin bu şəkilçi ilə düzələn şəxssiz növ fellər vardır. Elə həmin kitabda deyilir: Qrammatik zamanın ümumi türk dillərində ifadə üsul və vasitələri, keçmiş, indiki, gələcək zamanların daxili bölgülərinin sayı və s. haqqında dilçilikdə hələ vahid fikrə gəlinməmişdir. İ.Əfəndiyevdə: Oğlan ürkərək ətrafına baxındı. -ın şəkilçisi əsasən qayıdış növə, -ıl məchul növə xidmət edir və bu hal bir daha təsdiq edir ki, şəxssiz fellər daha çox məchul növ fellər əsasında təşəkkül tapmışdır.