MÜASİR AZƏRBAYCAN DİLİ. MORFOLOGİYA

×

FEL.

FEL BİR NİTQ HİSSƏSİ KİMİ

Əşyanın hərəkətini bildirən sözlərə fel deyilir.

Fel ərəb sözü olub, iş, hərəkət, əməl deməkdir və şəxsin, əşyanın işini, hərəkətini, hal-vəziyyətini bildirən söz qrupudur. Zəngin kateqoriyalar sisteminə malikdir və bu cəhətdən heç bir nitq hissəsini onunla müqayisə etmək olmaz. Şəxsli və şəxssiz formalarda ünsiyyətə xidmət edir. Təsirli və təsirsiz olur. İşin icra olunduğunu bildirdiyi kimi, icra olunmadığını da bildirir. Növ şəkilçiləri qəbul edərək subyektlə obyekt arasındakı əlaqə və münasibəti üzə çıxarır. Müxtəlif təsrif formaları vardır: zamana, şəkil əlamətlərinə və şəxsə görə dəyişir. Məsdər şəkilçisi qəbul edərək hərəkətin adını bildirir. Feli sifət şəkilçiləri ilə atributivlik, feli bağlama şəkilçiləri ilə adverbiallıq qazanır. Şəxsli forması cümlədə xəbər, adyektiv forması təyin, adverbial forması zərflik, nominativ forması mübtəda və tamamlıq vəzifələrində işlənir. Zəngin sözdüzəldicilik imkanlarına malikdir. Dilimizin milli oricinallığının qorunmasında fəal mövqeyi ilə seçilir.

Fellərdə iş, hal, hərəkət mənası qarışıq olur, lakin bu mənalardan biri həmişə üstünlük təşkil edir. Məs.:
Tonqallar yandı, lopalar söndü, fişənglər öləzidi. Səs-küy azaldı. Hamı evə çəkildi. Pakizəni də çağırdılar. Qız getmədi (İ.Ş.) – cümlələrində işlənmiş çağırdılar felində iş, getmədi felində hərəkət, yandı, söndü, öləzidi, azaldı, çəkildi sözlərində hal-vəziyyət mənası daha çox nəzərə çarpır. Lakin bunların hər birində iş də var, hal-hərəkət də. Eləcə də yonmaq, doğramaq fellərində iş, qaçmaq, yüyürmək fellərində hərəkət, mürgüləmək, gözəlləşmək fellərində hal-vəziyyət mənası daha üstündür.

Beləliklə, felləri başqa nitq hissələrindən fərqləndirən ən mühüm əlamətlərdən biri onun mənasıdır. Hər bir fel konkret lüğəvi mənasına görə bir iş, hərəkət bildirdiyi kimi, ümumiləşmiş qrammatik mənasına görə də iş, hal, hərəkət bildirir.

Fellər zəngin lüğəvi məna xüsusiyyətlərinə malikdir və lüğəvi mənasına görə aşağıdakı qruplara ayrılır:

İş felləri. Fellərin bu qrupu şəxsin, əşyanın işini, hərəkətini, məşğuliyyətini bildirir. İş fellərinin ifadə etdiyi işin icrası nəticəsində obyektdə ciddi dəyişikliklər əmələ gəlir. İş fellərinə aşağıdakıları misal göstərmək olar: sökmək, tikmək, qazmaq, uçurmaq, əkmək, kəsmək, yığmaq, əymək, bükmək, boğmaq, yonmaq, doğramaq, xırdalamaq, qurdalamaq, od vurmaq, divan tutmaq, dara çəkmək, hazırlıq görmək və s. İş fellərinin əksəriyyəti təsirli olur.

Hərəkət felləri. Bu qrupa daxil olan fellər insanın və başqa canlı və cansız varlıqların hərəkətini bildirən sözlərdir; məs.: getmək, yerimək, yüyürmək, addımlamaq, gəlmək, uçmaq, çapmaq, üzmək, dırmanmaq, sürüşmək, yomalanmaq, var-gəl etmək, dığırlanmaq, avar çəkmək, yan almaq, yola düşmək, baş çəkmək və s.

Nitq felləri. Bu qrupa daxil olan fellər insanın nitq fəaliyyəti, başqa canlı və cansız varlıqların nitqləndirilməsi ilə bağlı işlənən sözlərdən ibarətdir; məs.: danışmaq, demək, söyləmək, qışqırmaq, bağırmaq, dinmək, dillənmək, çağırmaq, tərifləmək, lənətləmək, pıçıldamaq, böyürmək, mələmək, kişnəmək, anqırmaq, qaqqıldamaq, xoruldamaq, boşboğazlıq etmək, gopa basmaq, lağlağı eləmək, səs-küy salmaq, çığır-bağır salmaq, salam vermək, dilə basmaq, layla çalmaq, and içmək, dilə gəlmək, dua etmək, özünü öymək, yaltaqlanmaq və s.

Təfəkkür felləri. Qeyd edilən fellər insanın ağıl, düşüncə, təfəkkür tərzi ilə bağlı işlənən lüğəvi vahidlərdir. Başqa canlı və cansız varlıqlar şəxsləndirildikdə onlara da aid ola bilir; məs.: düşünmək, anlamaq, xatırlamaq, duymaq, dərk etmək, başa düşmək, fikirləşmək, fikrindən keçirmək, fikir eləmək, qərara gəlmək, təsəvvür etmək, xəyala getmək, xəyallanmaq, arzulamaq, yada salmaq, təsəvvürə gətirmək, yadında saxlamaq, qulağına sırğa eləmək və s.

Görmə felləri. Fellərin bu qrupu görmə prosesi ilə bağlı olan sözlərdən – fellərdən ibarətdir, insanlara və başqa canlı varlıqlara aiddir; məs.: baxmaq, görmək, zilləmək, diqqət yetirmək, nəzər salmaq, seyr etmək, göz qoymaq, gözdən qaçırmamaq, gözləmək, gözə gəlmək, gözdən keçirmək, göz dikmək, göz-qulaq olmaq, gözünü çəkməmək, göz açmaq, tamaşa etmək və s.

Eşitmə felləri – bunlar eşitmə prosesi ilə bağlı olub, eşitmə orqanları ilə qəbul edilən məfhumları bildirən fellərdir; məs.: eşitmək, dinləmək, qulaq asmaq, qulaq vermək, qulaqardına vurmaq, qulağına dəymək və s.

Hal-vəziyyət felləri. Bunlar şəxsin, əşyanın hal-vəziyyətini bildirən fellərdir; məs.: qıvrılmaq, ağarmaq, qızarmaq, saralmaq, azarlamaq, sağalmaq, arıqlamaq, kökəlmək, laxlamaq, hirslənmək, acıqlanmaq, ətə-qana gəlmək, turşumaq, kifirləşmək, avazımaq, qıcıqlanmaq, yaxşılaşmaq, pisləşmək, öləzimək, iyimək, soluxmaq, qocalmaq, köhnəlmək, kiflənmək, təzələnmək, üzülmək və s.

Fellər dildə iki işlək formada çıxış edir:
Şəxsli formada;
Şəxssiz formada.

Ona görə də dilçilikdə şəxsli fellər, şəxssiz fellər terminləri çox işlənir.

Şəxsli fellər dedikdə fellərin (fel əsaslarının) zaman, şəkil, şəxs əlamətləri qəbul edərək dəyişməsi, müxtəlif şəkillərə düşməsi, təsrifi nəzərdə tutulur. Fellərin zaman, şəkil, şəxs şəkilçiləri qəbul edərək dəyişməsinə feli təsrif deyilir. Məs.:
Qarı dinmədi. Onun bu dünyada heç kəsi qalmamışdı. Murad isə uşağın ağıllı gözlərinə baxdı. Birdən-birə tanıdı. Əlini qaldırıb işarə elədi ki, Uba qarı qulağını ona yaxınlaşdırsın:
- Tanıdım uşağı, Şeyx Heydər oğlu İsmayıldıg (F.K.) 

Loğmandan soruşublar ki, dünyada ən böyük bədbəxtlik nədir? Loğman cavab verib ki, ən böyük bədbəxtlik odur ki, qanan olasan, qanmaz buyruğuna baxasan. (İ.M.)

Bu misallardan birincisində dinmədi, qalmamışdı, baxdı, tanıdı, yaxınlaşdırsın, tanıdım felləri şəxsli formalardadır. Zaman və şəxs şəkilçiləri qəbul edərək dəyişmişlər. Sonuncu fel (tanıdım) 1-ci şəxsin təkində, qalanı 3-cü şəxsin təkindədir. 2-ci misalda soruşublar, cavab verib felləri zaman və şəxs, olasan, baxasan felləri arzu və şəxs şəkilçisi qəbul edərək dəyişmiş, təsriflənmişdir.

Şəxssiz fellər məsdər, feli sifət və feli bağlama şəkilçiləri qəbul etdikdən sonra ikili xüsusiyyət qazanan, təsrif olunma imkanını itirən fellərdir. Bunlar məsdər, feli sifət və feli bağlamadan ibarətdir. Məsdər, feli sifət və feli bağlama felə məxsus əsas xüsusiyyətləri saxlamaqla, başqa nitq hissələrinin də xüsusiyyətlərini qəbul etmiş olur. Məsdərdə isim xüsusiyyəti, feli sifətdə sifət xüsusiyyəti, feli bağlamada zərf xüsusiyyəti olur; məs.:
Xürrəm sevinə-sevinə ona tərəf yeriyən adamları tanıya bilmədi. Heç salam verməyə, söz soruşmağa macal da tapmadı, kişi Xürrəmi qucaqlayıb basdı bağrına. (İ.M.)

Bu misalda məsdər şəkilçili salam vermək, soruşmaq felləri yönlük halın şəkilçisini qəbul etmiş və isim xüsusiyyəti qazanmışdır. Yerimək feli -an,-ən feli sifət şəkilçisini qəbul edərək, sifət kimi isimdən əvvəl işlənərək atributiv rəng almışdır.

Sevinmək feli a-a şəkilçisini, qucaqlamaq feli -ıb şəkilçisini qəbul edərək bir hərəkəti özündən sonra gələn başqa bir hərəkətlə bağlamış, zərf xüsusiyyəti qazanmışdır: sevinə-sevinə yeriyən, qucaqlayıb bağrına basdı. Fellərin düşdüyü bu formalar şəxssiz formalardır, çünki bu şəkilçilərdən sonra fel artıq zaman, şəkil və şəxs şəkilçiləri qəbul edə bilmir.

Qeyd. Dərslik və vəsaitlərdə əksərən şəxsli fellər əvəzinə təsriflənən fellər, şəxssiz fellər əvəzinə təsriflənməyən fellər terminləri işlədilir. Təsriflənməyən fel yoxdur. Təsriflənmə dedikdə, felin kökü və ya əsası nəzərə alınır. Fel kökləri və əsasları içərisində təsriflənə bilməyəni yoxdur. Lakin felin aldığı müvəqqəti şəxssiz forma onun təsriflənməsinə imkan vermir. Odur ki təsriflənməyən fellər termini məntiqsizdir.

Fel nitq hissələri içərisindən morfoloji cəhətdən ən zənginidir. Bu zənginlik onun kateqoriyalar sistemi ilə bağlıdır.

Felin aşağıdakı qrammatik kateqoriyaları var:
Təsir kateqoriyası;
Növ kateqoriyası;
İnkarlıq kateqoriyası;
Tərz kateqoriyası;
Zaman kateqoriyası;
Şəxs kateqoriyası;
Şəkil kateqoriyası.

Bunların hər birinin özünə məxsus morfoloji əlamətləri vardır. Yəni bu kateqoriyaların hər biri morfoloji əlamətlər sistemi əsasında formalaşır.

Bunlardan zaman, şəkil və şəxs kateqoriya əlamətləri şəxsli formanın yaranmasına səbəb olur. Məsələn: yaz-ım, yaz-ır-am, yaz-malı-yam, gərək yaz-a-m, yaz-ası-yam, yaz-sa-m və s.

Təsirlik, növ və inkarlığın morfoloji əlamətləri isə həm şəxsli, həm də şəxssiz fellərə aiddir. Bunlar fellərin əsas əlamətləridir və hər cür (həm şəxsli, həm də şəxssiz formalı) fellərə aiddir. Bunların möhkəm sırası var. Fellərin kök və əsasından sonra həm şəxssizlik əlamətlərindən (feli sifət, məsdər və feli bağlama şəkilçilərindən), həm də zaman, şəkil və şəxs şəkilçilərindən əvvəl daim üç pozisiya boş olur və həmin üç pozisiya təsirlik, növ, inkarlıq şəkilçiləri üçündür. Ciddi sıra ondan ibarətdir ki, fel kökünə və ya əsasına əvvəl təsirlik, sonra növ, axırda inkarlıq şəkilçisi artırıla bilir. Fellər təsrif olunarkən və ya hibrid formaları alarkən bu şəkilçilərə ehtiyac olmaya da bilər; məs.:
gəlirəm, başlayıram, görürəm; gəlməliyəm, başlamalıyam, görməliyəm; gələn, gəlmək, gələndə; başlayan, başlamaq, başlayanda; görən, görmək, görəndə və s. Fel təsirlidirsə, təsirlik şəkilçisinə ehtiyac olmadan növlər üzrə dəyişə bilər: yazmaq – yazışmaq - yazılmaq – yazdırmaq və s. İnkar məna lazımdırsa, növdən sonra -ma,-mə işlənə bilər: yaz-dır-maq – yaz-dır-mamaq, yaz-ış-maq – yaz-ış-ma-maq və s.

Təsirlik və növ şəkilçiləri qəbul edərək dəyişmə xüsusiyyəti yalnız fellərə aiddir. İnkarlıq – təsdiq və inkar olmaq fellərlə yanaşı, adları da əhatə edir, fərq burasındadır ki, fellərdə inkarlığın xüsusi şəkilçisi (-ma,-mə) var.

Zaman və şəxs anlayışları da həm fellərə, həm də adlara aiddir. Adlarda – isimlərdə zaman bildirən sözlər var. Zərflərin zaman zərflərindən ibarət məna növü var. Adlara məxsus zaman bildirən sözlər fel zamanları ilə birlikdə işlənir və fel zamanlarını dəqiqləşdirməyə, konkretləşdirməyə xidmət edir. (bax: 8,110146) -acaq, -əcək şəkilçisi hüdudsuz bir gələcəyi bildirir. Lakin: Mən sabah şəhərə gedəcəyəm – dedikdə həmin hüdudsuz zaman son dərəcə konkretləşmiş olur.

Zaman anlayışı adlarda xəbərlik şəkilçiləri ilə ifadə olunur. Xəbərlik şəkilçiləri indiki zaman mənası yaradır. İdi, imiş zaman ədatlarından istifadə edildikdə hadisə və əlamət keçmiş zamana aid olur. Adların gələcək zamanı fellərin köməyi ilə yaranır.

Məs.: Saday Şikəstənin tayıdır bəyəm? Şəkli jurnalların, qəzetlərin bəzəyidir. (İ.M.)

Sofi baxıb gördü ki, bura qoyun-quzunun yaylaq yeridir, bir də bir çoban var burda, lap törpü dəyməmiş çobandır.(Elçin)

Elə bil ki, bu səs Qarabağdan gətirilmiş o cavan xanəndənin səsi idi.(Elçin)

O gecələr nurlu bir yuxu imiş.(İ.M.)

Şəxs əlamətləri adlarda və fellərdə əsasən eynidir:

qardaş-am
qardaş-san
qardaş-dır
qardaş-ıq
qardaş-sınız
qardaş-dırlar

baxır-am
baxır-san
baxır-
baxır-ıq
baxır-sınız
baxır-lar

Ənənəvi olaraq bu şəkilçilər adlarla işləndikdə xəbərlik, fellərlə işləndikdə şəxs şəkilçiləri adlandırılır.

Zaman, inkarlıq, şəkil, şəxs, feli sifət, feli bağlama, məsdər şəkilçiləri bir kateqoriyadan olan bütün sözlərə, yəni bütün fellərə artırıla bilir, ona görə də bunların hamısı sözdəyişdirici şəkilçilərdir. Lakin felin təsirlik və növ şəkilçilərini hər felə artırmaq olmur, bu şəkilçilər sözdüzəldicilik xüsusiyyətinə malikdir. Onların artırıldığı sözlər əksəriyyət etibarilə sözün başlanğıc forması kimi lüğətlərə düşür. Odur ki təsirlik və növ şəkilçilərini qismən sözdüzəldici şəkilçilər saymaq olar.

Fellər sintaktik vəzifəsinə görə də başqa nitq hissələrindən fərqlənir. Şəxsli fellər cümlədə xəbər vəzifəsində işlənir; məs.:
Biz ayrılan zaman demişdin ki, sən:
-Bir də bu yerlərə gələcəkmisən? (S.V.)

Sofi əzab çəkir, Sofi qorxur, Sofi yorulur. (Elçin)

O torpağın üstündə nə ot bitirdi, nə tikan cücərirdi; bircə nar kolu vardı, o da qüssədən böyümürdü. (Ə.Ə.)

Şəxssiz fellər əlavə olaraq hansı nitq hissəsinin xüsusiyyətini qazanmışsa, həmin nitq hissəsinin sintaktik vəzifəsində işlənir: məsdər isim kimi mübtəda, tamamlıq, feli sifət sifət kimi təyin, feli bağlama zərf kimi zərflik vəzifəsində çıxış edir; məs.:
Yaqub gələndə hələ Mərcan xala evə qayıtmamışdı.(İ.M.)

«Yeni həyat»ın maşını yaxınlaşdıqda sürətini azaltdı. (M.İ.)

Şirzad rəyasət heyətində şax oturmuş Rüstəm kişiyə baxdı. (M.İ.)

Belə bir gündə özünü gözdən salmaq kimə lazımdır? (M.İ.)

- cümlələrində Yaqub gələndə feli bağlama tərkibi və yaxınlaşdıqda feli bağlaması zaman zərfliyi, rəyasət heyətində şax oturmuş feli sifət tərkibi təyin, özünü gözdən salmaq məsdər tərkibi mübtəda vəzifəsindədir.

Fellər çoxişlənən və daha çox məcaziləşmiş nitq hissəsidir. Dilimizin frazeoloci tərkibinin zənginləşməsində fellərin rolu böyükdür. Fel çoxkateqoriyalı olduğundan sadə fellər sırasına alınma sözlər daxil ola bilmir. Alınmalar yalnız düzəltmə və mürəkkəb söz şəklində – xalis Azərbaycan dili şəkilçisi və ya ikinci tərəfi Azərbaycan dilinə məxsus fel olmaqla (olmaq, etmək, eləmək sözləri ilə, məcaziləşmiş fellərlə) fellər sırasına daxil ola bilir. Ona görə də dilimizin milli oricinallığını qorumaq sahəsində fellərin rolu böyükdür. Xalq şairi B.Vahabzadə də bu cəhəti yaxşı duymuş və yazmışdır:
Öz dostu var,
Düşməni var dilin də.
İsim, sifət döyüşlərdə çox zaman
Karıxır...
Fellərsə həmişə
Döyüşdə qalib çıxır.
Çox sevirəm igid kimi döyüşən
Kəlməni mən, sözü mən,
Fel olmaq istəyirəm, düzü, mən!