MÜASİR AZƏRBAYCAN DİLİ. MORFOLOGİYA

×
ARZU ŞƏKLİ

Felin arzu şəkli iş və hərəkətin icrasının gərəkli olduğunu, arzu olunduğunu bildirir.

Fellərə -a,-ə şəkilçisini və şəxs şəkilçilərini artırmaqla düzəlir. Məs.:
Düşmən acdır, deyirlər, onu gərək doyduraq,
Qarnına qurşun tökək, ağzına da mis vuraq. (R.R.)

Daş tövlə tikməklə məsələ qurtarmır. Gərək qoyuna can yandırasan, gecə-gündüz uşaq təkin qulluğunda durasan, dilinisirrini biləsən onun.(İ.M.)

Hələ bu ölkənin günəşi batmayıb ki, burnu selikli oğlunun başına tac qoyasan. (F.K.)

Cavan oğlansan, sədrin yerini sənə tapşırdıq ki, ağıllı dolanasan. Camaatı yola verəsən. (İ.Ə.)

Gərək elə Sevdimalının arıxanasını dağıdasınız? (İ.Ə.)

Ancaq yaxşı olar ki, sən özünü düzəldəsən, hövsələli olasan. (İ.Ə.)

Mən istəyərdim ki, babam Teymurla baban Şeyx Əlinin arasındakı o möcüzəli əhvalatı danışasan.(F.K.)

Başına o cür oyun açıblar, sənin ürəyin gəlmir onların cəzasını verəsən? (F.K.)

Arzu şəklində işlənən şəxs şəkilçiləri bunlardır:

I ş. tək: -m
II ş. tək: -san,-sən
III ş. tək: -

cəm: -q,-k
cəm: -sınız, -siniz
cəm: -lar, -lər

Arzu şəklinin sadəsi gərək, bəzən də nola, kaş, barı və s.

ədatlarla birgə işlənir; məs.:

Mən gərək al-a-m
Sən gərək al-a-san
O gərək al-a
Biz gərək al-a-q
Siz gərək al-a-sınız
Onlar gərək al-a-lar

Mən gərək ged-ə-m
Sən gərək ged-ə-sən
O gərək ged-ə
Biz gərək ged-ə-k
Siz gərək ged-ə-siniz
Onlar gərək ged-ə-lər

Felin bu şəklində də qayda üzrə fel kökü və əsası ilə arzu şəkilçisi arasında təsirlik, növ, inkarlıq şəkilçiləri işlənə bilir:

Mən gərək yan-dır-am
Sən gərək yan-dır-a-san
O gərək yan-dır-a
Biz gərək yan-dır-a-q
Siz gərək yan-dır-a-sınız
Onlar gərək yan-dır-a-lar

Mən gərək gör-üş-ə-m
Sən gərək gör-üş-ə-sən
O gərək gör-üş-ə
Biz gərək gör-üş-ə-k
Siz gərək gör-üş-ə-siniz
Onlar gərək gör-üş-ə-lər

Arzu şəklinin inkarı -ma,-mə şəkilçisi ilə düzəlir, işin arzu olunmaz olduğunu bildirir:

Mən gərək getməyəm
Sən gərək getməyəsən
O gərək getməyə

Biz gərək getməyək
Siz gərək getməyəsiniz
Onlar gərək getməyələr

Arzu şəklinin sadəsi işin icrasının gələcək zamana aid olduğunu bildirir. Məs.:
Şah, indi ki sən bizim işlərimizlə belə maraqlanırsan, gərək tez-tez gələsən.(İ.Ə)

İstəyirəm ki, mən eşitdiklərimi sən də biləsən.(İ.Ə.)

Sən gərək qocalmayasan. Dünənin uşağı deyilsənmi? (İ.Ə.)

Bəzən arzu şəklində olan fel bütün zamanlara aid işi bildirir; məs.:
Belə də iş olar: cavanlığında gündə yüz yol ölümün gözünə baxasan, onunla gizlənpaç oynayasan, sonra da əlli beş yaşında, dünyanın qulağıdinc vaxtında qəflətən öləsən? Ədalətsizliyə bir bax! Kimə giley eləyəsən, kimdən kimə şikayətlənəsən? (İ.M.)

Sən gərək səmimi olasan, yalandan, boğazdan yuxarı hörmət göstərməyəsən. Sözü açıq və aydın deyəsən. (M.İ.)

Sən gərək işində lap düz olasan, hamıya nümunə olasan.

Arzu şəklinin mürəkkəbi idi, imiş zaman ədatlarının iştirakı ilə düzəlir. İdi – arzu şəklinin hekayəsini, imiş – rəvayətini bildirir. Məs.:
Bir gəzəydim dağ-dərələr uzunu,
Oxuyaydım: «Çoban qaytar quzunu». (Ş.)

«Gəl mənə bir koma tikək, qardaş!» - kaş Əhəd belə deyəydi. Vələd də qollarını çırmalayıb daş daşıyaydı, qum ələyəydi, yer qazaydı, dili ağzından çıxanacan işləyəydi. (İ.M.)

Sənə demişdim axıg Gərək kişiyə teleqram vuraydın, gərək təbrik eləyəydin onu.(İ.M.)

Mən gərək o vaxt heç kimlə görüşməyəymişəm.

Arzu şəklinin də inkarı -ma,-mə şəkilçisi ilə düzəlir:
Gərək günəş dağları aşıb sönməyəydi,
Gərək mənim dönmüş taleyim dönməyəydi. (C.C.)

Sədr gərək əvvəldən işini o yerə çatdırmayaydı.(İ.Ə.)

Bu enişli-yoxuşlu dolaylar heç qurtarmayaydı.(İ.Ə.)

İdi, imiş köməkçi sözləri arzu şəklində fellərdən həm ayrı, həm də fellərə bitişik yazılır. Hər iki halda şəxs şəkilçiləri zaman ədatlarından və onların ixtisar şəklindən sonra işlənir.

Bitişik yazıldıqda idi, imiş şəkilçiləşir və onlardan əvvəl «y» bitişdiricisi işlənir:

Hekayəsi

Mən gərək gedəydim
Sən gərək gedəydin
O gərək gedəydi
Biz gərək gedəydik
Siz gərək gedəydiniz
Onlar gərək gedəydilər

Rəvayəti

Mən gərək gedəymişəm
Sən gərək gedəymişsən
O gərək gedəymiş
Biz gərək gedəymişik
Siz gərək gedəymişsiniz
Onlar gərək gedəymişlər

Arzu şəklinin hekayə və rəvayətinin təsdiqi ilə inkarı əks mənalar ifadə edir. Təsdiqdə işin icra olunmadığını və buna görə də danışanın təəssüfünü bildirir:
O gərək oxuyaydı. Biz gərək işləyəydik.
O gərək oxuyaymış. Biz gərək işləyəymişik.

İnkarı isə işin icra olunduğunu və icra olunduğu üçün danışan şəxsin təəssüfünü bildirir:
Mən gərək yatmayaydım. Sən gərək gözləməyəydin.
Mən gərək getməyəymişəm. Sən gərək bilməyəymişsən.

İdi, imiş ədatları işin arzu olunduğunu bütövlükdə keçmiş zamana köçürür. Məs.:
O barədə burada danışmaq fikriniz var idi, əvvəldən mənə deyəydiniz. Mən də ölçüb-biçəydim, bir qərara gələydim. (M.İ.)

Vələd hardan biləydi ki, Şəfiyevin könlünü xoş eləmək üçün Əhəd özünü əldən-dildən salır. (İ.M.)

Arzu şəklinin üslubi işlənmə halları məlumdur. Tarixi inkişaf prosesində daha çox şərt şəkli məqamında işlənmişdir. Məs.:
İndi onu kəndə göndərməyib, lap Mazandarana göndərəsən, genə ondan adam olmaz . (Ə.H.)

Bu cəhət canlı danışıq dilində indi də müşahidə olunur.