MÜASİR AZƏRBAYCAN DİLİ. MORFOLOGİYA

×

MİQDAR ZƏRFLƏRİ

Miqdar zərfləri hərəkətin miqdarını, əlamətin dərəcəsini bildirir.

Zərflərin bir qismi hərəkətin miqdarını, əlamətin dərəcəsini bildirir. Mənasına, ifadə vasitələrinə görə çox yaxın olduğundan bu cür zərfləri birlikdə miqdar-dərəcə zərfləri də adlandırmaq olar. Məsələn, Məhsulumuz bu il birə-beş artacaqdır – cümləsində birə-beş sözü nə qədər? sualına cavab verir və hərəkətin kəmiyyətini bildirir. Qurd dedi: Çox-çox yanıram halına (A.S.) – misra-cümləsində çox-çox sözü «artıq dərəcədə» mənasındadır və hərəkətin dərəcəsini bildirir. O, fikir verdi ki, qadın çox gözəldir – cümləsində isə çox sözü əlamətin dərəcəsini (çox gözəl) bildirir.
Ziyad xanın başı o qədər qarışıq idi ki, saray hiylələri onu o qədər məşğul edirdi ki, Mahmud haqqında fikirləşməyə macalı yox idi (Elçin) – cümləsində o qədər sözlərindən birincisi əlamətin (o qədər qarışıq idi), ikincisi hərəkətin miqdarını, dərəcəsini (o qədər məşğul edirdi) bildirir.

Miqdar zərfləri neçə? nə qədər? nə dərəcə? suallarına cavab verir.

Miqdar-dərəcə zərfləri də quruluşca sadə, düzəltmə və mürəkkəb olur.

Sadə miqdar zərfləri az, çox, xeyli, tamam sözlərindən ibarətdir. Bunlardan əvvəlki üçü həm miqdar sayı, həm də miqdar zərfi kimi işlənir. Əşya bildirən sözdən əvvəl işləndikdə say, feldən, feli sifət və sifətdən əvvəl zərf hesab olunur. Məs.:
Söz açma mənə çox çalışıb, az yeməyindən. (S.)

Hinində daldalanma çox, həyətdə də dolanma çox,
Yiyəndəki bıçağa bax, o tiği-abdarı gör.(S.)
 

Günəş üfüqdən xeyli yüksəlmişdi.(İ.Ə.)

Bəli, biz alim deyilik, biz az bilirik.(M.C.)

Gülümsəmək Baba Keşişin sifətinə çox yaraşırdı.(Elçin)

Seyid dünyanı tamam unutdu, sonra saqqalından bir tük qoparıb Qəmərbanuya verdi. (Elçin)

Əmək günüm azdır, az da götürəcəyəm.(İ.Ə.)

Əgər artelin gəliri çox olsa, əmək gününə çox şey düşsə, belə deməz.(İ.Ə.)

İşığın sönməyinə azca qalmış Surət bacı yaşıl donunu dartıb başından çıxarırdı. (Ə.Ə.)

Rüstəm dayıdan az yazmayıblar.(M.İ.)

Qeyd. 1. Əslində, az, çox, xeyli sözləri bir nitq hissəsi kimi saydır. Lakin iş, hal, hərəkət bildirən sözlərlə – fellərlə əlaqələndikdə adverbiallaşmış olur.

2. Azca düşünüb əlavə etdi:
– Deyəsən, sədrin gəlininə göz dikən çoxdur. (M.İ.)

Danışdıqca azca əvvəlki buludlar onun üzündən çəkilirdi (M.İ.)
– cümlələrində azca sözündəki -ca dərəcə əlamətidir.

Düzəltmə miqdar zərfləri azdır və başlıca olaraq, ilə qoşmasının şəkilçiləşmiş formasının iştirakı ilə yaranır. Tamamilə, bütünlüklə, dəfələrlə tipli sözlər, -ınca şəkilçili lazımınca, qədərincə, bəsdideyincə sözləri düzəltmə zərflərdir. Məs.:
Həmin satqın adamı lazımınca döydülər. (A.Ş.)

Hava tamamilə aydınlaşmışdı. Bu xəbəri dəfələrlə eşitmişdik. Qıza elə gəldi ki, o, bütün insanlardan ayrılaraq tamamilə yad bir yerə düşmüşdür. (İ.Ə.)

Mürəkkəb miqdar zərfləri sözlərin müxtəlif şəkildə birləşməsi yolu ilə yaranır.

1.Azçox sözlərinin ayrılıqda təkrarı və ya birlikdə işlənməsi ilə: az-az, çox-çox, az-çox. Məs.:
Əl çək, bala, dövlətlilərə xidmətin olsun,
Az-çox sənə verdiklərinə minnətin olsun.(S.)

2.Bir sözünün az, çox, xeyli, qədər sözləri ilə birləşməsi yolu ilə: bir az, bir çox, bir xeyli, bir qədər. Məs.:
Oxucum, qəm yemə, qəlbini sıxma,
Bir az səbrini bas, özündən çıxma.(S.R.)


Bir az gəzəndən sonra kişilərdən biri deyir ki, daha bəsdir. (İ.Ə.)

Qafarı bir az da acıqlandırmaq üçün Vələd dediklərini təkrar elədi.(İ.M.)

Ver bir az sürüm, bir-iki dövrə vurum. (İ.M.) 

Bir az da qızışanda xitabət kürsüsündən çıxıb səhnənin qırağına gəldi. (M.İ.)

Bir qədər söhbət edib ayağa durdular.

Yerinə görə bir tikə, bir boy, bir ağız, bir damcı tipli sözlər də mürəkkəb miqdar-dərəcə zərfi kimi işlənir. Məs.:
Elə bil, çiçəklər su içdikcə bir boy qalxırdı.

3. O, bu, nə sözlərinin qədər sözü ilə birləşməsi yolu ilə: o qədər, bu qədər, nə qədər. Məs.:
Bəzən mən kinonun təsirinə o qədər qapılırdım ki, bir azdan tacir Əsgərin oxuya-oxuya görünəcəyini zənn edirdim. (Ə.Ə.)

Salmanın adı çəkiləndə o qədər də həvəs göstərməmişdi.(M.İ.)

Tamamilə ağarmış qaşlarının altındakı duru gözlərinə baxan nə qədər həyəcanlı olduğunu duya bilərdi. (M.İ.)

Cavanşir xanla Ziyad xan o qədər bir-birlərinə oxşayırdılar ki, elə bil, bir almanı yarı bölmüsən.(Elçin)

O qədər gözlədilər ki, gün tamam qaraldı. Bu qədər yatmaq olmaz, yoldaş.

4. Yönlük halda bir sözü ilə adlıq halda başqa bir sayın birləşməsi yolu ilə: birə-beş, birə-yüz, birə-min. Məs.:
Kağızımı ver, haqqını da birə-beş alarsan.(R.S.)

5. Miqdar saylarının dəfə, kərə sözləri ilə birləşməsi yolu ilə: bir kərə, beş kərə, bir dəfə, on dəfə. Məs.:
Bir kərə qan müxtəsər, oxutmuram, əl çəkin. (S.)

On dəfə demişəm bayaqdan bəri, sözümə baxmırsan. (B.V.)

Vur-tut iki ildə üç dəfə qəzetə yazıblar.(M.İ.)

Qəmərbanu iki dəfə özü Mahmudun yataq otağına getdi. İki dəfə də Sofini göndərdi. (Elçin)

Bunlardan əlavə, qat-qat, dönə-dönə, az-maz, azdan-çoxdan kimi mürəkkəb miqdar-dərəcə zərfləri də vardır. Məs.:
Mən də az-maz başa düşürəm, azdan-çoxdan bu adamlara bələdəm, dönə-dönə yoxlamışam.

Qeyd. Dönə-dönə sözünün feli bağlama kimi işləndiyi halları bununla qarışdırmamalı. Məs.
Maşın küçəni sağa dönə-dönə sürücü bizə əl elədi – cümləsində dönə-dönə feli bağlamadır.

Miqdar zərflərinin bir qismi əlamətin miqdarını-dərəcəsini bildirir. Bu cür hallarda miqdar zərfləri sifətlərə, zərflərə və ya feli sifətlərə aid olur. Məs.:
Bibim olduqca xoşbəxt görünürdü.(Ə.Ə.)

Ayaqlarını azca aralı qoyaraq durduğundan möhkəm kök atmış haça çinar kimi görünürdü. (M.İ.)

Maşın məsələsində sədr çox laqeyddir.(M.İ.)

Araz bir az da bulanıq görünür.(M.İ.)

Yastı yerişi isə o qədər yastı idi ki, kənardan baxan onun yeridiyini və ya suda üzdüyünü birdən-birə ayırd edə bilməzdi.(M.İ.)

Nəcəf azca tutqun halda bu tərəfə çevrildi.(M.İ.)

Elə adam tapım ki, bir az təpərli olsun. (M.İ.)

Gözü açıqdır, təsərrüfatı bilir – bunlar hamısı çox gözəldir.(M.İ.)

Səni bir qədər dinləyən səndən əl çəkməz.

Bu misallarda olduqca, azca, çox, bir az, o qədər, bir qədər sözləri əlamət bildirən xoşbəxt, aralı, laqeyd, bulanıq, yastı, tutqun, təpərli, gözəl, dinləyən sözlərinin dərəcəsini bildirir.

Qeyd. Olduqca sözündə -duqca şəkilçisi artıq feli bağlama keyfiiyyətini tam itirmiş və söz zərfə çevrilmişdir.

Məlumat üçün. Bəzi vəsaitlərdə səbəb zərfləri haqqında da məlumat verilir. Lakin səbəb zərfləri dilimizdə hələ təşəkkül tapa bilməyib. Səbəb zərflikləri və onların zəngin ifadə vasitələri var. Lakin bir nitq hissəsi kimi səbəb bildirən leksik vahidlər – zərflər yoxdur. Bir sıra sözlər cümlədə daha çox -dan, -dən şəkilçisi vasitəsilə səbəb mənası qazana bilir: qorxudan, pərtlikdən, susuzluqdan, istidən, heyrətdən və s. Məs.:
Adi adamlar kimi susuzluqdan yanırdı və bu yanğı Məryəmin də sinəsini yandırıb-yaxırdı. (Elçin)

Kəniz-qaravaş hamısı heyrətdən yerində donub qaldı. (Elçin)

İri qayanın yanına yığılan ilxının atları istidən başlarını yelləyirdi.(F.K.)

Məmi pərtlikdən gözlərini döyə-döyə qaldı.(İ.M.)


Qorxudan arvadın boğazı qurumuşdu.(İ.M.)


Əhd-peymana xəyanətdən bu günə düşmüşük.

Fikrimizcə, bunlar söz köklərinin mənasından irəli gələn bir haldır və dilimizdə səbəb zərfləri formalaşmayıb. Lakin -dan, -dən şəkilçisinin zərfin başqa növlərini (tərz, zaman və s.) düzəltməsindən güman etmək olar ki, bu tipli sözlər zərf kimi təşəkkül tapma istiqamətində inkişafdadır. Aşağıdakı cümlələrdə fərqləndirilmiş sözlərdə də səbəb mənası vardır. Lakin həmin sözlərdə kəmiyyət və mənsubiyyət şəkilçiləri onların isim kimi hələ güclü olduqlarını göstərir:
Yəqin xəcalətlərindən səslərini udublar.(İ.M.)

Hirsindən Tanrıqulunun içinə əsməcə düşdü.(İ.M.)

Şikəstə başa düşdü ki, acığından ağlaya bilmir.(İ.M.)

Elə bilərlər, Şikəstə yandığından, acığından oxuyur. (İ.M.)