MÜASİR AZƏRBAYCAN DİLİ. MORFOLOGİYA

×

QARŞILIQ NÖV FELLƏR

İşin müxtəlif subyektlər tərəfindən qarşılıqlı (və ya müştərək) icra olunduğunu bildirən fellərə qarşılıq növ fellər deyilir.

Felin qarşılıq növü iş və hərəkətin bir neçə subyekt arasında qarşılıqlı şəkildə icra olunduğunu bildirir. Məsələn, Cavanşir qoca atasının bu sözlərindən daha da ruhlandı: -Uğurumuz xoş olarsa, yenə burada görüşərik, ata,- dedi.(M.H) Misaldakı görüşərik sözündən aydın olur ki, iş ən azı iki şəxs – ata ilə oğul arasında qarşılıqlı şəkildə icra olunacaqdır.

Qarşılıq növ fellər başlıca olaraq təsirli fellərdən düzəlir. Morfoloji əlaməti -ış,-iş,-uş,-üş;-aş,-əş;-ş şəkilçisidir. Məs.: yazmaq – yazışmaq, görmək – görüşmək, sevmək – sevişmək, döymək – döyüşmək, didmək – didişmək, qarşılamaq – qarşılaşmaq və s.

Təsirli fellər qarşılıq növün şəkilçisini qəbul etdikdən sonra təsirsiz felə çevrilir.

Bilirik ki, fel təsirli olduqda onun həm subyekti, həm də obyekti olur: Dostlar keçmiş yoldaşlarını gördülər. Qarşılıq növün şəkilçisini artırdıqda kənar obyektə ehtiyac qalmır, subyektlər bir-biri üçün obyekt vəzifəsini görür: Dostlar görüşdülər.

Bu xüsusiyyət bütün qarşılıq növ fellərə aiddir; məs.:
Səbri təhsildən qayıtdığı gündən iki il keçirdi, amma yoldaşı Ədhəmlə birinci dəfə görüşürdü.(M.H.)

Sən belorus torpağına uzatdıqca qardaş əli Səhər ilə salamlaşır qardaşlığın pak əməli. (S.V.)

Analar süddən kəsib öz əziz körpəsini, Döyüşür ucaldaraq cəbhələrdə səsini. (S.R.)

Hərəkətsiz qalıb məstan pişiklə xeyli müddət gözləşdi.(M.H.)

Cəfər kürəkəni ilə əl tutuşaraq: -Bir az tez gəlmiş olsaydın, səni quzuqulağı dovğasına qonaq edərdim, dedi. (İ.Ə.)

Elə hey vuruşdun, barışdın yenə, Heç vaxt bilinmədi dostun, düşmənin. (B.V.)

Zabitlərin kefi pozuqdusa da, ələ keçən qəniməti həvəslə bölüşdürürdülər.(M.C.)

Bu quyu başındaca onlar sevişmişdilər, Bir-birinin əlindən su alıb içmişdilər. (Ə.C.)

Dostlar, yenə görüşərik, qucaqlaşarıq.(Ə.C.)

Onlar Mikola ilə qarşılaşanda qəribə bir ifadə ilə «Salam!» deyirdilər. (İ.Ə.)

Qarşılıq növ mənası aşağıdakı hallarda da ifadə olunur:

1.Sonu -ış-aş şəkilçisi ilə qurtaran, lakin kök və şəkilçiyə ayrıla bilməyən sözlərlə; məs.: yarışmaq, barışmaq, güləşmək və s.

2. şəkilçisinin (-ış növ şəkilçisinin) -la,-lə şəkilçisinə daşlaşması ilə düzələn -laş,-ləş şəkilçili bir sıra fellərlə; məs.: köməkləşmək, şərtləşmək, dostlaşmaq, sözləşmək , məsləhətləşmək, dilləşmək, ağızlaşmaq və s.

Belə sözlərin bir qismində növ şəkilçisinin ayrıla bildiyi də müşahidə olunur: gözləmək – gözləşmək, ayaqlamaq – ayaqlaşmaq və s.

Bəlkə də bunlar -la+ş şəkilçiləri ilə deyil, birbaşa -laş şəkilçisi ilə düzəlmişdir.

Az bir qrup fel var ki, işin qarşılıqlı deyil, müştərək şəkildə icra olunduğunu bildirir. Bunlar təsirsiz fellərdən düzəlir və birgəlik bildirən fellər adlandırılır; məs.:

Quzular mələşir
Quşlar uçuşur
Bekarlar əsnəşir
Hamı gülüşdü

İnsanlar qaynaşır
Uşaqlar qışqırışır
Uşaqlar qaçışdılar
Qarğalar qarıldaşır

Birgəlik bildirən fellər təsirsiz olaraq qalır.

Fellər -lar,-lər şəkilçisini qəbul etdikdə də işin bir neçə şəxs tərəfindən birlikdə icra olunduğu ifadə olunur: getdilər, vurdular, oxudular, anladılar və s. Lakin bu cür fellər qarşılıq növ mənası ifadə edə bilmir və qarşılıq növdə olmurlar.

Qarşılıq növ fellərlə bunların aşağıdakı fərqləri var:
1. Qarşılıq növ fellərin əsas səciyyəvi cəhəti işin müxtəlif subyektlər arasında qarşılıqlı şəkildə icrasıdır. Məs.: vuruşduq, görüşdük, yazışdıq, qucaqlaşdıq, salamlaşdıq və s. -lar, -lər şəkilçili fellərdə isə iş müxtəlif şəxslər tərəfindən birlikdə, paralel icra olunur: yazdılar, oxudular, aldılar və s.

2. -lar,-lər şəkilçili fellər yalnız 3-cü şəxsdə olur: gəldilər, bildilər, işlədilər, gördülər və s. Qarşılıq növ fellər isə hər üç şəxsdə olur:

Mən görüşdüm
Sən görüşdün
O görüşdü

Biz görüşdük
Siz görüşdünüz
Onlar görüşdülər

3. -lar,-lər şəkilçili fellər həm təsirli, həm də təsirsiz fellərdən ibarət olur. Qarşılıq növ mənası isə bir sıra istisnalarla yalnız təsirli fellərdən düzəlir: görmək – görüşmək, vurmaq – vuruşmaq, döymək – döyüşmək və s.

Nəhayət, qarşılıq növün: -ış,-iş,-uş,-üş;-aş,-əş;-ş şəkilçilərindən ibarət xüsusi morfoloji əlaməti var. Bu şəkilçilər işin iki və ya daha çox şəxs tərəfindən qarşılıqlı şəkildə icra olunduğunu bildirir.

Qarşılıq növ fellərin əsas xüsusiyyətlərindən biri də budur ki, bu cür fellərin işləndiyi cümlələrdə subyektlər adətən bərabərhüquqlu olur. Məsələn, Vaqif ilə Mir Əli Məhəmməd ağa burada görüşmüşdür – cümləsində subyektlər eyni hüquqludur. Əgər bu cümləni Vaqif Mir Əli Məhəmməd ağa ilə burada görüşmüşdür – şəklinə salsaq, birinci subyekt (Vaqif) fəal olaraq qalır, ikincisi passivləşir.

Qarşılıq növ fellər bir neçə mənanı özündə birləşdirə bilir. Məsələn, yazışdılar feli felin mənası ilə bağlı işi, işin icrasında bir neçə subyektin iştirakını, subyektlərin işi eyni zamanda və eyni dərəcədə qarşılıqlı şəkildə icra etdiklərini bildirir. Qarşılıq növ fel olan cümlələrdə «bir-biri ilə» sözləri işlənə bilər.

Qarşılıq növün -ış şəkilçisi feldən isim düzəldən -ış şəkilçisi ilə omonimdir. Bunları qarışdırmaq olmaz. Məsələn:
Öz atanla, ananla qucaqlaşıb öpüşdün.(S.R.)
Bu iniltili çağırışa cavab verən olmadı. (M.H.)

- cümlələrindən birincisində işlənmiş qucaqlaşmaq, öpüşmək sözləri qarşılıq növ feldir, ikinci misaldakı çağırışa sözü düzəltmə isimdir.

Qarşılıq növün -ış şəkilçisi əsasən təsirli fellərə artırılır; məs.: görüşmək, sevişmək, deyişmək və s. İsimdüzəldən -ış şəkilçisi üçün felin təsirli və ya təsirsiz olmasının əhəmiyyəti yoxdur; məs.: gülüş, yeriş, yatış, səsləniş, oxunuş, görüş, baxış və s.

Növ şəkilçili söz təsdiq və inkar olur, məsdər şəkilçisi qəbul edərək dəyişir: görüşmək – görüşməmək - görüşdürməmək, deyişmək – deyişməmək, sevişmək – sevişməmək. İsimdüzəldən -ış şəkilçisindən sonra inkarlıq və məsdər şəkilçisi işlənməz. Sözün -ış şəkilçisi ilə tamamlanan forması oxşar olur. Bunlar cümlə daxilində fərqlənir; məs.: Mən müəllimlə görüşürəm. Mən görüşü pis keçirmədim. Göründüyü kimi, qarşılıq növ şəkilçili fel zamana, şəxsə görə də dəyişir, isimdüzəldən -ış şəkilçili sözlər isə mənsubiyyət, kəmiyyət, hal şəkilçiləri qəbul edir.