MÜASİR AZƏRBAYCAN DİLİ. MORFOLOGİYA

×
XƏBƏR ŞƏKLİNİN MÜRƏKKƏBİ

Qeyd etdiyimiz kimi, felin şəxsli formaları sadə və mürəkkəb olur. Bu xüsusiyyət felin əmr şəklindən başqa, bütün şəkillərinə aiddir. Əmr şəklinin məzmununda bir qətilik olduğu üçün hekayə və rəvayət əlamətlərini qəbul etmir.

Fel zamanlarının sadəsi fel kökü və ya əsasına zaman və şəxs şəkilçilərinin artırılması ilə düzəlir. Mürəkkəbi isə idi, imiş zaman ədatlarının iştirakı ilə formalaşır. İdi zaman ədatı xəbər şəklinin hekayəsini, imiş – rəvayətini düzəldir.

İdi, imiş, isə, ikən köməkçi sözləri tarixən imək felinə şühudi və nəqli keçmişin, şərt şəklinin əlamətinin (-sa,-sə) və -kən şəkilçisinin artırılması ilə düzəlmişdir. İdi, imiş öz funksiyası etibarilə yaxın olub isəikən köməkçi sözlərindən fərqlənir və dildə zaman anlayışına xidmət edir.

Qeyd. İdi, imiş köməkçi sözləri leksik mənadan tam məhrumdur. Yalnız qrammatik mənaları vardır. Dilçilik ədəbiyyatında isə köməkçi sözünə «şərt ədatı» deyildiyi hallar var (9,140) Xarakterlərini nəzərə alaraq biz idi, imiş köməkçi sözlərini «zaman ədatları» adlandırmağı müvafiq bildik.

İdi, imiş zaman ədatları və onların şəkilçiləşmiş forması (-dı,-di,-du,-dü, -mış,-miş,-muş,-müş) şühudi keçmişdən başqa, bütün zamanlarla işlənir və hər üç zamanı keçmiş zaman müstəvisinə keçirir, (7, 265) xəbər şəklində həm bitişik, həm də fellərdən ayrı yazılır. Məs.:

yazmış idim, yazmış imişəm
yazır idim, yazır imişəm
yazacaq idim, yazacaq imişəm
yazar idim, yazar imişəm

yazmışdım, yazmışmışam
yazırdım, yazırmışam
yazacaqdım, azacaqmışam
yazardım, yazarmışam

İdi, imiş köməkçi sözlərinin zamanlardan sonra sözə bitişik yazılması daha müvafiqdir. Bunun üçün əvvəlcə söz kökü və ya əsası, təsirlik, növ, inkarlıq və zaman şəkilçiləri, sonra idiimiş zaman ədatlarının ixtisar şəkli və şəxs şəkilçisi işlənməli olur.

Qeyd. Nəqli keçmiş, indiki, qəti və qeyri-qəti gələcək zamanlarda bəzən şəxs şəkilçisi ilə imiş zaman ədatının ixtisar şəkli yerini dəyişə bilir:
yazmışmışam – yazmışammış
yazırmışam – yazırammış
yazacaqmışam – yazacağammış
yazarmışam – yazarammış

Bu şəkildə rəvayət məzmunu bir qədər də güclənmiş olur.